"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid
13 oktyabr 2025
# 11:12

Kulis.az Vüqar Vanın Naiq Babayevin yeni çapdan çıxmış “Atmosferə uyğun mahnı qoy” romanı haqqında təəssürat yazısını təqdim edir.

Naiq Babayevin “Atmosferə uyğun mahnı qoy” romanını oxuyandan sonra düşündüm ki, görəsən, mən Naiqin imzasını ilk dəfə harda görüb tanımışam? Hansısa dostum tövsiyə edib, ya kitab mağazasında kitabı qarşıma çıxıb? Bəlkə, mətbuatdan, ya da sosial şəbəkələrin birindən? Yəqin, bunların hamısı vaxtilə olub. İntəhası, xeyli düşünəndən sonra tapdım ki, Naiqi bir imza kimi ilk dəfə mənə Parlaq İmzalar Nəşriyyatı tanıdıb. Yəni belə demək mümkündürsə, Naiq Babayev imzasını bir oxucu kimi mənim qabağıma – istər sosial şəbəkələrdə, istər mətbuatda, istər kitab mağazalarında – Parlaq İmzalar Nəşriyyatı çıxarıb.

Bu mənada Naiq Babayev və Parlaq İmzalar Nəşriyyatının arasında olan peşəkar münasibət, yanılmıramsa, ölkədə son zamanların ən uğurlu yazıçı-nəşriyyat münasibətinə nümunə kimi çəkilə bilər. Nəşriyyatın bir yazıçını yetişdirməyini, onu redaktə və çap edib, həm ədəbiyyat elitasına, həm də oxucu qarşısına çıxarmasını hələlik Naiq Babayev və Parlaq İmzalar Nəşriyyatının timsalında görürük. Hətta bəzi ədəbiyyatşünas, tənqidçi, yazıçı dostlardan eşitmişəm ki, nəşriyyat Naiqin birinci romanını birbaşa onların evinə hədiyyə göndərib. Təqdirəlayiq addımdır, bir nəşriyyatın yerli yazıçıya qarşı bu cür peşəkar münasibəti şəxsən məni çox sevindirir.

Bizim nəşriyyatların yerli yazıçılarla iş prinsipi Allahın dəvədəlləyinə də aydın olan bir həqiqətdir, dastan açmağa, məncə, ehtiyac yoxdur. Prinsip çox sadədir: ya hazır və məşhur imzanın üstünə qonub onun şirəsini sorursan, ya ümumiyyətlə yerli yazıçını çap etmirsən, ya da pulla 200-300 tiraj çap edib, anbarlarda, kitab mağazalarının ən axırıncı, az qala döşəmədəki rəflərində çürüdürsən. Qonorardan da, şübhəsiz, söhbət belə gedə bilməz.

Düzdür, nəşriyyatların və nəşriyyat etiketlərinin yaratdığı imzaların bir çoxu mənasız yazıçılar olur, misal, son dövrlər adı dillər əzbəri olan, Snapchat dövrünün Selinceri dedikləri Salli Runi kimi. Mən bu irland xanımın iki romanını oxudum, – nəşriyyat oxutdurdu, bəli – bu xanımın romanları, yumşaq desək, heç kimin xətrinə dəyməsək, Kamal Sunalın sosial məzmunlu, qətiyyən gülməli olmayan filmləri kimidir, Şaban estetikasındadır, hətta ondan da zəifdir. Hazırda nəşriyyatlar Şabanlardan Selincerlər düzəldib millətə sırıyırlar. Şəxsən mən, əslən Lerik rayonundan olan, hazırda Bakı şəhərində yaşayan Vüqar Babazadə (Van) bu tora düşüb nəşriyyatın mənə sırıdığı irland Şabanın iki romanını oxudum. Yəni hər bir halda nəşriyyat istədiyinə nail oldu.

Sözümün canı var, əslində, hazırda böyük problemlərdən biri də nəşriyyatların hesabına yazıçı olan Şabanlardır. Ancaq mən Naiqin və Parlaq İmzalar Nəşriyyatının işini qətiyyən bu konteksdə dəyərləndirmirəm, əksinə təqdir edirəm, bu həm Parlaq İmzaların, həm də Naiqin uğurudur.

Müqəddimə çox uzandı, keçək mətləbə.

Naiqin ikinci romanı “Atmosferə uyğun mahnı qoy”u oxumayan oxucular üçün bir abzaslıq xırda bir xülasə verməli olsaq, romanın annotasiyasında yazılıb:

Reallıqla virtuallığın sərhədlərini itirən bir reklamçı ona heç nə demədən gedən həyat yoldaşını axtarmağa başlayır. Saxta profildən müəmmalı linklər. Oğurlanan playlist. Sakitlik axtarışında olan bir troll. Həyatın musiqisini itirən bir qadın. Gündəm dəyişmək üçün paylaşılan ifşa videoları. Baş qəhrəmanın günləri labirintə çevrilən sosial şəbəklərdə və Bakı küçələrində keçir, hər addımda təhlükə artır. “Atmosferə uyğun mahnı qoy” romanı qəhrəmanların alt-üst olan həyatlarını pandemiyadan post-müharibə dövrünə qədər izləyən bir hekayədən bəhs edir. Roman eşq, peşmanlıq və mahnıların gücü haqqındadır.

Annotasiya kifayət qədər iddialıdır. Annotasiyanı oxuyandan sonra adamın hətta bir az gözü də qorxur.

Sözün düzü, kitabı çox çətinliklə, əzab-əziyyətlə oxuyub bitirdim. Çünki əksər cümlələri birinci oxunuşda başa düşmürdüm, mütləq təkrar-təkrar oxuyandan sonra cümlələrin mənası mənə çatırdı. Hətta bəzən elə olurdu ki, təkrar-təkrar oxusam belə, yenə də heç nə anlamırdım. Nədir bunun səbəbi? Naiq çox mürəkkəb yazıb, ya problem məndədir?

Çox düşünəndən sonra cavabı tapdım. Sən demə, cümlələr Azərbaycan dilinin sintaksisində yox, türk dilinin sintaksisində yazılıb.

Romanın təsadüfi səhifəsindən təsadüfi bir abzas:

“Bar masasının ətrafına başqaları da gəlib. Arzu Ha onlara da xidmət edir, arada onlarla da danışır, tez-tez masanı silib qabları yuyaraq özünü məşğul edir. Neçə dəfə tualetə getdiyimi xatırlamıram. Telefonum audiojecdən çıxarılıb; müştərilər başqa mahnılar istəmişdilər. Yüzlərlə zövq var, mən də onların dinlədiklərini bəyənmirəm. Bar yenə qaranlığa bürünüb. Səhnədə musiqiçi yoxdur, hərəkətli səhnə işığı da. Məkanı yalandan aydınladan bir işıq var, amma mənbəyini görmürəm. Qaranlıqda oturmuşam, ala-qaranlıqda Arzu Ha var”.

İlk baxışdan, ola bilər, sizə heç nə qəribə gəlməsin. Hamısı normal, adi cümlələrdir. Amma bir də diqqətlə oxuyanda görürsən ki, dilin ritmi, intonasiyası, rabitəsi yoxdur. Dil ölüb. Sözlər arasında elə bil əlaqə itib, bir cümlədə başqa şeydən danışılır, digər cümlədə tamamilə başqa şeydən. Cümlələr axmır, fikir halına gəlib adamın beyninə girmir. Mən dilçi olmadığım üçün bunun elmi izahını verə bilmirəm, sadəcə intuitiv hiss edirəm. Amma hər bir halda nümunə ilə göstərməyə cəhd edəcəyəm.

Gəlin məhz bu abzasın türk dilinə hərfi tərcüməsinə baxaq. Bir daha qeyd edirəm, hərfi tərcüməsinə. Özümdən heç bir söz artırmayacam, sözlərin orijinaldakı sırasını, yerini dəyişməyəcəm, sadəcə hər sözün türk dilindəki qarşılığını yazacağam. Baxaq görək, nə olur, tərcümə alınırmı?

"Bar masasının etrafına başkaları da geldi. Arzu Ha onlara da servis ediyor, arada onlarla konuşuyor, sık sık masayı siliyor, bardakları yıkayarak kendini meşgul ediyor. Kaç kere tuvalete gittiğimi hatırlamıyorum. Telefonum audiojack’ten çıkarılmış; müşteriler başka şarkılar istemiş. Yüzlerce zevk var, ben de onların dinlediklerini beğenmiyorum. Bar yeniden karanlığa büründü. Sahnede müzisyen yok, hareketli ışığı da. Mekânda belli belirsiz aydınlatan bir ışık var, ama kaynağını göremiyorum. Karanlıkta oturuyorum, alaca karanlıkta Arzu Ha var".

Heç bir sözün yerini dəyişmədən tərcümənin mümkün olduğunu görürsünüz? Bir mətni tərcümə edərkən həmin mətni tərcümə olunacaq dilin sintaksisinə uyğunlaşdırmaq lazımdır. Bu mətndə isə sözlərin yerini dəyişmədən təkcə türk dilindəki qarşılığını yazanda, tərcümə baş tutur. İstənilən, təsadüfi bir absazdır. Hardan istəyirsən, götürüb bu cür yoxlamaq olur. Başınızı ağrıtmaq istəmirəm, yəqin, fikrimi izah edə bildim.

Dəhşətdir. Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil. Bəla burasındadır ki, heç türk dilində də gözəl deyil. Bunun adı nədir?

Bilmirəm.

Roman Azərbaycan dilində yazılıb Azərbaycan dilində olmadığı üçün kitabı çox çətinliklə, əzab-əziyyətlə oxudum.

Dialoqlar quru və qondarmadır. Ümumiyyətlə, Naiqin dialoqları adamı məyus edir. Qəhrəmanlar elə bil laldır, hər kəsin yerinə Naiq özü danışır, özü ağlayıb-gülür, temperatur sıfırın altına düşür. Kimsə zarafat etdiyimi və ya şişirtdiyimi fikirləşə bilər. Amma, doğrudan da, dialoqlar adamı məyus edir, bir qram ironiya, yumor, kolorit yoxdur.

Sujet bir yerdən sonra adamı sıxır. Həyat, ölüm, sevgi kimi ağır mövzular haqqında çox məsuliyyətsiz və yeniyetmələrə xas “fəlsəfi” qənaətlər var.

Kitabı açıb danışmaq istəmirəm, amma strukturda ciddi boşluqlar, problemlər gördüm. Romanın bir yerində qəhrəman itkin düşən həyat yoldaşının (Orhan Pamuk – Qara kitab) harda qeydiyyatda olduğunu polisdən öyrənir və öz-özünə deyir ki, "həə, qeydiyyatını dəyişməyibmiş".

Bu nə deməkdir? Niyə qəhrəman əvvəldən polisə getmirdi, arvadının qeydiyyatda olduğu ünvanı bilirdisə, nə üçün ora bir neçə dəfə baş çəkməmişdi?

Yaxud qəhrəmanın qəribə bir xüsusiyyəti var, evini, qaldığı hotelləri içdiyi pivə butulkaları ilə doldurur. Evdə elədin, başa düşdük, bir təhər inandıq. Axı buna hansı hoteldə icazə verərlər? Özü də Bakıda. Qaldığın otağın döşəməsini başdan-ayağa pivə butulkalarıyla doldurmaq nə qədər inandırıcıdır? Üstəlik, qəhrəmanın bu hərəkətinə də əsaslı, ciddi bir psixoloji səbəb tapılmayıb. Hər şey sönük və qondarmadır. Pol Osterin açıq-aşkar təsiri və təqlidi hiss olunur.

Yəqin, müəllifin bu suallara cavabı var və izah etsə, başa düşərəm. Dediyim kimi, onsuz da xeyli mürəkkəb strukturu olan bu roman Azərbaycan dilində olmadığı üçün əsəri yaxşı başa düşmədim.

Hər şeyin başında bayaqkı ölü dil problemi dayanır. Materialın pisdirsə, nə düzəldirsən, düzəlt, alınmır.

Yaxşı cəhətlərdən isə ən birincisi odur ki, romanın mövzusu orijinaldır. Xüsusən, bizim ədəbiyyatda işlənməmiş mövzudur. İnternet xəfiyyəçiliyi, bir reklamçının həyatı və gördüyü işlər yeni, müasir və maraqlıdır.

Uğurlu təsvirlər var. Həmin uğurlu təsvirlərdən yazıçının nəfəsi, bədii təfəkkürü hiss olunur.

Mahnıların bütün mətn boyu yayılması yaxşı alınıb. Ümumiyyətlə, mahnılardan alət kimi yaxşı istifadə edə bilib Naiq. Bu, doğrudan da, yazıçıdan sənətkarlıq tələb edən işdir.

Naiqin bir yazıçıya lazım olan hüdudsuz təxəyyülü var. Bu da çox gözəldir.

Çox istəyərdim ki, roman haqqında yalnız xoş sözlər deyim. Bilirəm, romanını kimsə pisləyəndə nə qədər fikir verməməyə çalışırsan, çalış, adamın qanı qaralır.

Bütün mənfi cəhətlərinə baxmayaraq, yeni mövzulara marağı olan, detektiv janrını sevən, fərqli bir dünya kəşf etmək istəyən və yerli yazıçıları oxumaq həvəsində olan oxuculara kitabı ürəkdən tövsiyə edirəm.

Bu da olmalıdır və yaxşı ki var.

Naiqə yaradıcılığında uğurlar arzulayıram.


# 426 dəfə oxunub

Oxşar xəbərlər

"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

15:00 12 oktyabr 2025
Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

15:20 9 oktyabr 2025
"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

11:30 7 oktyabr 2025
"Kruq ədəbiyyatı"

"Kruq ədəbiyyatı"

12:00 4 oktyabr 2025
Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

13:00 3 oktyabr 2025
"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

11:47 3 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər