Yazıçılar arasında homoseksualizm savaşı başlandı

Yazıçılar arasında homoseksualizm savaşı başlandı
28 yanvar 2015
# 10:26

Kulis.Az yazıçı Alpay Azərin “Homoseksualizm - OK, bəs uşaqbazlıq” məqaləsinə Leyla Nənənin cavab yazısını təqdim edir.

"Homoseksuallara tolerantlıq məsələsinə gəldikdə isə sual meydana çıxır: biz nəyə tolerant olmalıyıq, bu fenomenin mövcudluğuna, təbliğatına, yoxsa homoseksual evliliyin leqallaşmasına? Hələ ki, Azərbaycanda leqallaşma məsələsi heç ictimai müzakirə səviyyəsinə belə çıxarılmayıb"

Alpay Azər

Alpay bəy, elə homoseksuallara qarşı tolerant olsaq, "homoseksuallığın təbliğatı" kimi qəbul etdiyiniz homoseksualların yaşama haqqına da, cinsəl seçimləri ənənəvi olmayan minlərlə insanın evliliyinə də tolerant yanaşmış olacağıq.

Dəhşətli bir məsələymiş kimi, "Amma kim qarantiya verə bilər ki, tolerantlığı tələb edənlərin istəkləri başqa iyrənc formada həyata keçməyəcək. Məsələn, bəzi Qərb ölkələrini misal çəkərək, bunun az qala dəyər kimi orta məktəb dərsliklərinə salınması tələbləri irəli sürülməyəcək" - yazmısınız. Qorxulu olan bu barədə, "olmaz", "tabu" deyə dəyərləndirdiyiniz məsələlərin məktəblərdə keçirilməsi deyil, keçirilməməsidir. "Olmaz"ları nə qədər gün işığına çıxartmasan, onun haqqında insanları maarifləndirməsən, sabah həmin olmazın üstünə düşən kiçik günəş işığında həmin "olmaz" sizin kimi başqalarında da aqressiya, qorxu yaradacaq. Onu şiddətlə, aforoz etməklə "kökündən" həll etməyə çalışacaqlar. Amma insan bilmədiyindən qorxur və bu zaman konspirologiyalarla çıxış edir.

Yüz minlərlə insan yaşadığı cəmiyyətin cinsi qaydalarına riayət etməməyin bədəlini həyatları ilə ödəyir. Eşcinsəl davranışlara verilən cəzalara çox vaxt xüsusi nifrət, bu gün “homofobiya” adını verdiyimiz ifrat reaksiya da ona yoldaşlıq edir, deyir Venessa Baird “Cinsel Çeşitlilik” kitabında. 1960-cı illərdə ortaya çıxan homofobiyaya Corc Veynberq, “eşcinsəllərlə eyni mühitdə olmaq qorxusu”, Mark Fredman isə “Eşcinsəllərə qarşı ifrat qəzəb və qorxu” tərifini verib. A.Lord isə 1978-ci ildə bu terminə daha geniş tərif verib: “İnsanın həmcinsindən birinə qarşı hiss etdiyi sevgidən qorxmağı və buna görə də başqalarında bu hissi görəndə nifrətlə qarşılamağı”. Elizabet Yonq isə cinsiyyətçilik, irqçilik, anti-semitizm və homofobiyanı “başlıca önyarğılar” olaraq adlandırıb və bunların obssesiv, isterika və narsistliyin fərqli kombinasiyalarından olduğunu deyir. Onun tərifinə görə, isterik önyarğı, nifrət etdiyi adamları aforoz edir, aşağılayır və cinsəl açıdan qorxulu görür. Narsistik önyarğısı olan kəslər isə özlərinə oxşamayan insanların varlığına dözə bilmir. Homofobiya isə bu kateqoriyaraların hamısına daxildir (V.Baird – Cinsəl Çeşitlilik. s. 72).

Homofobiya tarix boyu qadınlardan çox kişilərə qarşı sərgilənib. Bunun səbəbi lezbiyanları qəbul etdiklərinə görə deyil, əksinə, qadını yox saydıqlarına, qadını həmişə ikinci planda gördüklərinə, “penis yoxdursa, seks də yoxdur” fikrində olduqlarına və qadını cinsəl nəsnə kimi gördüklərinə, insan kimi görməzdən gəldiklərinə görə olub. Homofobiya üçün göstərilən ən böyük səbəblərdən biri homoseksuallığın təbiətə zidd olduğudur. Eşcinsəllərə göstərilən şiddətin səbəbi o qədər bəsit olur ki, adam söz tapa bilmir. V.Bairdin “Cinsel çeşitlilik” kitabında bu cür nümunə verilib: San-Fransiskoda gənclərdən ibarət qrupdan homoseksualları niyə döydüklərini soruşanda onlar buna cavab olaraq bu cür də səbəb göstəriblər: “Birlikdə başqasına hücum etməkdən həzz aldıqlarını və həyəcanlandıqlarını” deyiblər. Homoseksualları döyəndə cəza almaqdan canlarını qurtara bilirlər, çünki onları döymək cəmiyyət tərəfindən yadırğanmırdı. Amma qadınları və zənciləri döymək isə onlara cəza gətirə bilərdi.

Məktəblərdə homoseksuallıq barədə dərslər keçirilməlidir ki, həmin məktəblilər homoseksual olduğunu bildiyi o "bilinməz insanlar"dan qorxub onları öldürməsin, ya da zorlamasın. Məktəblilərə adına "xəstəlik", "lənət" və hər nə dediyiniz bu tabu haqqında bilgi verilməlidir ki, homoseksual insanlara qarşı müdhiş aqressiya sərgiləməsinlər. Heç olmasa məktəblərdəki maariflənmə uşaqları bu kimi mövzularda bizim şiddət dolu fikirlərimizdən qorusun. Bu gün yüzlərlə homoseksualın müsahibəsi var və oxusanız onların zorlanma ilə üz-üzə gəldiyini görəcəksiniz. Bilirsiniz niyə? Çünki homoseksualları aşağılayan biz böyüklər uşaqlara onları pis, qorxulu, lənətlənmiş kimi tanıtdığımız, uşaqların yanında onları aşağıladığımız üçün. Amma normal olan hansıdır - zorlanan, ya zorlayan tərəf? Sizcə, homoseksualların zorlanması normaldır? "Normal deyil əlbəttə" deyirsinizsə, elə buna görə məktəblərdə bu mövzuda maariflənmə olmalıdır. Uşaqlar nə qədər çox maarifləndirilsə, heç olmasa bu mövzuda cinayət və zorlamaların sayı o qədər azalar.

İkinci bir məsələ, Alpay bəy, homoseksuallarla bağlı yazınızda pedofiliya müqayisə aparırsınız. Sizcə, bu, normaldır? Homoseksuallıqla pedofiliya necə müqayisə edilə bilər?! Homoseksuallığı pedofiliya ilə eyniləşdirmək və ya onlar arasında assosiasiya yaratmaq, normal cinsi münasibətlə zorlamanı eyniləşdirmək kimidir. “Madam zorlamalar olur, onda cinsi münasibətlər qadağan olunsun” deməklə, “madam pedofiliya var, onda homoseksuallıq da ləğv olunsun” demək eynidir.

Sosioloq Frank Furedi "Qorxu kültürü" kitabında pedofiliyaya dair yazır ki, 10-20 il əvvəl insanların bir-birinə bu qədər şübhə və qorxu ilə yanaşması belə yayğın deyildi. Amma indi valideynlər uşaqlarını bağçaya, məktəbə aparanda belə oradakı müəllimlərdən şübhə edir. Uşaqdakı bir cızıq belə bağça və məktəblərdəki müəllimin ana-atadan şübhələnməsinə səbəb yaradır. Valideynlər də uşaqlarını qucaqlayan insanlardan şübhə duymağa başlayıb. "Sevginin məsumluğu" şübhə oyadır. Məktəblərdə 5-6 yaşlı uşaqlara həmişə "tətikdə" olmaları öyrədilməsiylə yanaşı onların güvən problemləri yaransa da, bütün bu kimi problemlər mütəxəssislər tərəfindən kontrol altına alınır. Uşağın həm özünü qoruması, həm də güvənin sarsılmamasına dair ciddi işlər görülür. Uşaqlara olan təcavüzlərə görə sözlər, davranışlar öncə ən neqativ halı ilə dəyərləndirilir. Bu, uşağı qorumaq üçündür. Əvvəllər çılpaq uşaq fotoları sevgi və məsumiyyəti simvolizə edirdisə, indi bu cür şeylər valideynlərin uşağı təhlükəyə atması səbəbiylə məhkəməyə verilməsinə səbəbdir.

Harvardda fotoqrafiya təhsili alan Toni Maria Angel, 1995-ci ildə, oğlunun lüt şəkillərini çəkdiyi üçün başqa bir fotoqraf tərəfindən şəkillərdə pornoqrafiya iddiası ilə həbs etdirilir.

Somerville hadisəsini yəqin ki, bilirsiz. İngiltərədə Culia Somervillenin sevgilisi ilə 1995-ci ildə çəkdirdiyi şəkillərin yuyulması nəticəsində həmin şəkillərin azyaşlı qız uşağına aid olduğunu görürlər. Həmin uşağın hamamda 28 şəkli çəkilib. Buna görə Somerville ilə sevgilisi polis tərəfindən nəzarətə alınmışdı. Bu məsələ ölkədə səs-küy yaratsa da, bəzi insanlar bunun, bir çox valideynin uşaqlarının bağçada, hovuzda, oynayan yerdə çəkdiyi şəkillərdən fərqi olmadığını desə də polisə şikayət edən Dikson, bu şəkillərdən şübhələnməsinin səbəbini, onların iki nüsxə istənilməsini və sayının normadan çox olduğunu göstərmişdi. O zamanlarda Somerville məşhur olduğu üçün bu xəbər ölkədə səs-küyə səbəb olmuşdu. Və İngilis "Uşaqları qorumaq İnstitutu" Somerville hadisəsini uşaqları qorumaq adına müsbət addım kimi dəyərləndirdi. Uşaqları Pis Davranışlardan Qoruma Dərnəyi (NSPCC - National Society for the Prevention of Cruelty to Children) Diksonun bu şübhəsinin yerində olduğunu və bu cür tədbirlərin bir ziyanı olmadığını açıqlamışdı.

Uşaqların istismarına, zorlanmasına, təhlükədə olmasına dair minlərlə belə örnək vermək olar. Somerville hadisəsinin səs-küy qopartması, Somervillin məşhur olması ilə də əlaqəli idi. Amma ailəsi məşhur olmayan minlərlə uşağın qarşılaşdığı təhlükələr, onların aldığı fiziki və psixoloji zərərlər üstüörtülü qalır. Bu gün uşaq istismarı, onların aldığı zərərlər TV proqramlar sayəsində o qədər bəsitləşdirilib, "yox" sayılır ki, bu cür şeyləri indi bir çoxumuz "normal" kimi qəbul edirik. Elə TV-lərin məqsədi də budur - proqramlar uşaqları istismar edərək reytinq qazanır və oradakı uşaqların sonrası heç birimizi ayağa qaldırmır. Hamı buna "normal" kimi baxır.

İndi siz, Alpay bəy, pedofiliya ilə homoseksuallığı müqayisə edərək həmişə qorunmalı olan uşaqların üz-üzə olduğu təhlükələri görməzdən gəlirsiz. Sizin, mənim və bizim kimi insan olan homoseksualların pedofillər kimi təhlükəli olduğunu deyəndə onlara haqsızlıq etdiyinizi düşünmürsüz ki?

Məktəblərdə həm homoseksuallıq, həm pedofiliyaya dair maarifləndirmə olmalıdır ki, cinayət və zorlamaların qarşısı alınsın. Yoxsa, onlar da böyüyəndən sonra "homoseksualları öldürmək lazımdır, onları zorlamaq lazımdır, çünki pisdirlər, bizdən deyillər" deyəcəklər, eynən indi, aramızdakı "bizdən olanlar" kimi.

# 2189 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #