Tolstoyla görüş, Ərəblinski ilə dostluq, Tağıyevə parodiya - QOCA AKTYORUN XATİRƏLƏRİ

Tolstoyla görüş, Ərəblinski ilə dostluq, Tağıyevə parodiya - <span style="color:red;">QOCA AKTYORUN XATİRƏLƏRİ
8 dekabr 2016
# 08:30

Hacıağa Abbasov Bakıda, müəllim ailəsində doğulub. Pedaqoji təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. “Müsəlman artistləri cəmiyyəti”nin, “Nicat”, “Həmiyyət” teatr truppalarının fəal üzvü olub. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla kimi böyük aktyorlarla müxtəlif rollarda səhnəyə çıxıb, inqilabdan əvvəl və sonra teatr işində çox böyük aktivlik və fədakarlıq göstərib. O, 1888-ci ildə Bakının Maştağa qəsəbəsində anadan olub.

1932-ci ildə Hacıağa Abbasova Xalq artisti fəxri adı verilib.

Hacıağa Abbasov 7 may 1975-ci ildə, 87 yaşında Bakıda dünyasını dəyişib.

Kulis.Az Hacıağa Abbasovun “Xatirələrim” kitabından seçmələri təqdim edir.

Yaxşı yadımdadır, 1918-ci ildə bir gün Hüseyn Ərəblinskinin anası Pəri xala bizim evimizə gəlib anama dedi:

- Məni Hüseyn göndərib ki, Hacağanı onun yanına çağırım.

Anam məni yuxudan oyadıb bunu xəbər verdi. Bir saat keçməmiş mən Ərəblinskinin evində oldum. O, xeyli qəmgin və fikirli oturmuşdu. Səbəbini soruşduqda başına gələn əhvalatı belə nəql etdi:

- Hacağa, - dedi – qəmli olmağımın səbəbi budur ki, keçən gün “Şəms” restoranına gedib yemək istədim, Hacı Aslan Məcidov kababçılıqdan bir az pul qazanıb, özü də ancaq kassada oturur. Oğlu Əliheydər isə restoranı idarə edir.

Hacı Aslan soyuqqanlılıqla mənə baxıb dedi ki, Əliheydər, dünəndən qalmış tavakababından qızdırıb bu artistə ver. Bu söz mənim əhvalımı pisləşdirdi, evə ac gəldim. Hacağa, indi mənim qəmli olmağımın səbəbini bildin? Əgər bir vaxt “Qiyamət günü” deyilən əhvalat baş versə nə olacaq? Dünyada ömür keçirib gedən peyğəmbərlər gələcəklər məhşərə. Qeybdən səs gələcək: “Ya Musa, sənə inanan kəsləri çək qabağa!” Bu vaxt məhşər əhli görəcək ki, Edisson öz ixtiraları ilə, professor Akinşeviç öz cərrah bıçağı ilə gəlib bir yanda dayanacaq; sonradan əmr olunacaq: “Ya İsa, çək gəlsin sənə inananları!” Bu vaxt görəcəklər ki, Puşkin, Qoqol, Lev Nikolayeviç Tolstoy öz kitabları ilə, sonra Belinski öz əsərləri ilə gəldilər. Əlbəttə, bu təklif Məhəmmədə də ediləcəkdir. Bu zaman məhşər əhli görəcək ki, qovurmaçı Əbdüləli, onun dalınca kababçı Hacı Aslan Məcidov gəlib Məhəmmədin hüzurunda durdular. Məhşər əhli qəhqəhə çəkib gülüşəcək, Məhəmmədin ümmətinə əcəb afərin deyəcək... Görəsən, Hacağa, dünyaya elə bir dövr gələcəkmi ki, bizim bu yazıq xalqın fikrinə, istedadına, onun incəsənətinə qiymət versin?

Söz ustadının hüzurunda

Məktəbdə oxuyanda atam ana dilimizi yaxşı bilməklə bərabər, rus dilini də öyrənməyi tövsiyə edərdi. Mən mərkəzi poçt idarəsinin rəisi Sinilnikovun evində olarkən onun uşaqlarının əlindən A.S.Puşkinin, L.N.Tolstoyun kitabları yerə düşməzdi. Mən də yavaş-yavaş bu kitabları mütaliə etməyə başladım. Məndə o vaxt L.N.Tolstoyun əsərlərinə xüsusi maraq oyandı. Etiraf etməliyəm ki, həyatı və rus dilini öyrənməkdə bu kitablar mənim üçün bir məktəb oldu.

Sonra həvəskarların verdiyi tamaşalarda iştirak etdiyim zaman, Cahangir Zeynalovun təşəbbüsü ilə L.N.Tolstoyun “Əvvəlinci şərabçı” əsəri Bakıda ilk dəfə tamaşaya qoyuldu. Tamaşada mən də iştirak edirdim. Tolstoyun əsərlərini oxuduqca ona rəğbətim daha da artırdı. Məndə onun əsərlərini ana dilimizə tərcümə etmək həvəsi oyandı. İstəyirdim ki, onun əsərlərini bizim xalq da oxusun. Bu həvəs və arzu ilə onun “Allah haqqı bilsə də tez bəyan etməz” hekayəsini ana dilimizə çevirdim və “Dəbistan” jurnalına apardım. Tərcüməni bəyəndilər və 1906-cı ildə jurnalın 16-cı nömrəsində çap etdilər. O qədər sevindim ki, elə bil dünyanı mənə bağışladılar.

1906-cı ilin sonunda təhsilimi artırmaq üçün Petrovski-Port şəhərinə getdim. Burada ali pedaqoji məktəbdə oxumaqla, tez-tez Dağıstana gələn Cahangir Zeynalov və Hüseynqulu Sarabski ilə bərabər səhnə fəaliyyətimi də davam etdirirdim. Əbdürrəhimbəy Haqverdiyev və Nəcəfbəy Vəzirovun pyeslərini Petrovski-Port, Bunaksk və bir çox şəhər və aullarda tamaşaya qoyardıq.

Petrovski-Portda ədəbiyyat müəllimi Əli Qasımovla tanış oldum və get-gedə onunla dostlaşdım. Məlum oldu ki, o da mənim kimi L.Tolstoya pərəstiş edənlərdəndir, hətta onunla məktublaşır da. Əli müəllim Tolstoyun “Allah haqqı bilsə də tez bəyan etməz” əsərini Azərbaycan dilinə tərcümə etdiyimi də ona yazmışdı. Əli Qasımov dedi ki, Tolstoyla şəxsən görüşmək istəyirəm. Ona məktub yazıb xahiş edəcəyəm ki, Yasnaya Polyanaya – onun yanına gəlməyə icazə versin.

Sonra Əli Qasımov mənim də onunla getmək istəyib-istəmədiyimi soruşdu.

- Əli qardaş, - dedim – canla-başla gedərəm, təki Lev Tolstoy xahişinizi qəbul etsin.

Yaxşı yadımdadır, 1907-ci ilin aprel ayında L.Tolstoyun şəxsi katibi Çeritkovun imzası ilə Əli müəllimə bir məktub və yol xərci olaraq yüz əlli manat pul gəldi. Məktubda yazılmışdı ki, Lev Nikolayeviç ona qonaq getməyimizə məmnuniyyətlə razıdır. Bu xəbər məni o qədər sevindirdi ki, gecə səhərə kimi gözümə yuxu getmədi. Öz-özümə sual verirdim ki, dahi söz ustadının hüzurunda özümü necə aparacağam, onunla necə danışacağam.

1907-ci il aprelin 14-də Əli Qasımovla Yasnaya Polyanaya - Lev Nikolayeviçin malikanəsinə getdik. Yaz günü idi, Əli qabaqda, mən də onun arxasınca pilləkənlə yuxarı mərtəbəyə qalxdıq. Müşayiətçi bizi geniş bir otağa apardı. İcazə aldıqdan sonra ədibin iş otağına daxil olub salam verdik. Şəkillərdə gördüyüm ağ saqqallı adam başını yuxarı qaldırıb bizə baxdı, gözlərini qıyaraq gülümsündü, köhnə tanış kimi bizim salamımızı aldı. Bu əsnada onun arvadı Sofiya Andreyevna otağa daxil oldu. Tolstoy bizi nişan verərək dedi:

- Sofiya Andreyevna, mənim Qafqazlı müsafirlərə artıq dərəcədə ehtiramım var. Sən bilirsən ki, keçmişdə Kazan darülfünunda oxuyan vaxt mənə Şərq dillərindən təlim verən qafqazlı şərqşünas professor Mirzə Kazımbəy olmuşdur. Qonaqlarımıza hörmət və ehtiram etmək lazımdır.

Sofiya Andreyevna dedi ki, qonaqlara ayrıca mənzil düzəltmişəm.

Yol gəlib yorulduğumuz üçün Lev Nikolayeviç bizimlə çox söhbət etmədi. Axşam görüşərik – deyib bağa gəzməyə getdi. Arvadı Sofiya Andreyevnanın tapşırığı ilə bizi yaraşıqlı, rahat bir otağa apardılar. Yeyib-içdikdən sonra bir qədər yatıb dincəldik.

Axşam Lev Nikolayeviç bizi şama dəvət etdi. Biz həyəcanlı halda onun yanına getdik. Ədib bizi səmimi, açıq ürəklə qarşıladı. Söhbət zamanı mənim rus dilində sərbəst danışmağım onun çox xoşuna gəldi. Biz ona əsərlərinin Azərbaycan ziyalıları arasında böyük rəğbət qazandığını, sevilə-sevilə oxunduğunu söylədikdə gülümsünüb razılığını bildirdi. O, Qafqaz xalqlarının həyatı, məişəti ilə maraqlandığı üçün bizə də bu barədə tez-tez suallar verirdi. Lev Nikolayeviç Şərq ədəbiyyatından söhbət açdı, Sədi və Hafizin yaradıcılığından danışdı. M.F.Axundovu xatırladı. Söhbət zamanı Şərq dillərindən söz düşdükdə Lev Nikolayeviç bizə fikrini izah etdi ki, mən Kazan Darülfünununda Şərq dillərini öyrənən zaman yoldaşlarımdan biri mənə dedi ki, sənə ərəb dili nə verə bilər, fransız, ingilis dillərini öyrən, o daha çox faydalı olar. Mən ona cavab verdim ki, fransız və ingilislər də vaxtı ilə çox şeyi ərəblərdən öyrənmişlər və bir də ərəb dili çox zəngin dildir. Ərəb dilində olan kitablarda böyük və mənalı sözlər var ki, onları bilmək mənə və sənə çox fayda verə bilər. Bu sözləri Şərq dilləri müəllimi eşidib məndən çox razı qalmışdı.

Biz üç gün Yasnaya Polyanada Lev Nikolayeviç Tolstoyun qonağı olduq. Çertikov bu müddətdə bizi kəndin görməli yerləri ilə tanış etdi. Kənd camaatı Lev Nikolayeviçi çox sevir, ona böyük hörmət bəsləyirdilər və onu özlərinə ata hesab edirdilər.

Biz yola düşəndə Lev Nikolayeviç Tolstoy “Hərb və sülh” əsərinin bir nüsxəsini Əli müəllimə, bir nüsxəsini də mənə bağışladı. O, hər iki kitaba öz əli ilə belə yazmışdı:

“Yadigar üçün. Lev Nikolayeviç Tolstoy”.

Biz böyük ədiblə görüşüb yola düşdük.

O vaxtdan xeyli keçmişdir. Lakin indi də böyük ədibin surəti gözümün qabağında, səsi qulağımda, məhəbbəti qəlbimdə yaşamaqdadır.

***

Bakıda P.Montinin dəfn mərasimi idi. Montinin cənazəsi Naberejnı adlanan küçədə (indiki Neftçilər prospekti) olduğu halda, onunla vidalaşmağa gələn xalq kütləsinin son sıraları Bayıl elektrik stansiyasının yaxınlığında dayanmışdı. Fəhlələr böyük hüznlə inqilabi mahnılar oxuyurdu. Bu nəhəng xalq axını Bakı general-qubernatoru Fadeyevi böyük təşvişə salmışdı. Montinin dəfn mərasiminin qarşısını almaq və fəhlələri qorxutmaq üçün Sadovı küçəsinə (indiki Çkalov adına küçə) qoşun dəstəsi düzülmüş, Fadeyev general-qubernatorun idarəsi binasının balkonunda dayanıb izdihama tamaşa edirdi. Vəziyyət gərginləşirdi. Qoşun əmrə hazır vəziyyət almışdı. Məşədi Əzizbəyov qolunda qırmızı sarğı izdihamın qarşısına çıxdı və üzünü Fadeyevə tutub dedi ki, cənab qubernator, biz sizinlə vuruşmağa gəlməmişik. Biz yoldaş Montini dəfn edirik. Burada toplaşan zəhmətkeş xalq kütləsi öz dostlarını son mənzilə yola salırlar. Onları heç bir qüvvə, heç bir silah susdura bilməz. Sizin istehza ilə seyr etdiyiniz bu xalq bir vaxt o silahı sizdən alacaq, onu sizə qarşı çevirəcək və imperatorun sizin kimi itaətkar nökərlərini susmağa məcbur edəcəkdir. İnqilab öz hökmünü çıxaracaq, sizin kökünüzü yer üzündən kəsəcəkdir.

Məşədi Əzizbəyovun sözü qurtaran kimi bütün fəhlələr, dəfn mərasimində iştirak edən bütün xalq “Marselyoza” mahnısını oxumağa başladı. Mərasim yoluna davam etdi.

Şəxsi görüşlərimizdən başqa onun adı ilə bağlı daha bir neçə xatirə söyləmək olar.

1916-cı ildə Əzizbəyov Bakıda mismar zavodu təşkil etmişdi. Xələf Movlamovun pulu ilə açılmış zavodda otuz nəfər fəhlə işləyirdi. Qırx min manat xərc çəkmiş Movlamov M.Əzizbəyovu özünə şərik seçmişdi.

Yayda Movlamov öz ailəsi ilə Kislavodskda istirahət etdiyi zaman M.Əzizbəyov fəhlələrin ümumi iclasını çağırır, onları zavodun sahibkarı elan edir və bu gündən sonra ancaq özlərinə işləyəcəklərini, bütün gəlirin yalnız fəhlələrə çatacağını bildirir. O, deyir ki, Movlamovla mən özüm hesablaşacağam.

Bu hadisədən sonra Movlamov xeyli müddət özünü söyür, Əzizbəyovu şərik seçdiyi günü lənətlə xatırlayırdı.

M.Əzizbəyovun fəaliyyəti ilə əlaqədar daha bir hadisə Bakıda böyük danışığa səbəb olmuşdu. Hazırda Poluxin və Bir may küçələrinin kəsişdiyi yerdə Məşədinin əmisi Süleymanbəyin bir tütün fabriki var idi. M.Əzizbəyov Peterburqdan oxumaqdan qayıdandan sonra əmisi ondan fabrikə gəlib işlə tanış olmağı, nəzərə çarpan çatışmazlığı aradan qaldırmaqda əmisinə kömək etməyi xahiş edir. Bir gün əmisi və oğlanları fabrikdə olmadığı zaman M.Əzizbəyov oraya gəlir, qarovulçu Məşədi Rza ilə salamlaşıb sexlərə daxil olur. Sexlərdəki boğucu şəraiti, ağır iş üsulunu görən M.Əzizbəyov üzünü fəhlələrə tutub deyir:

- Fəhlə yoldaşlar, mənim əmim sizi istismar edir, əməyinizi qiymətləndirmir. Sizin bu ağır zəhmətiniz nəticəsində varlanır, siz isə bir şey qazanmırsınız. Əmim sizin hesabınıza üçmərtəbəli ev tikdirir. Sizə məsləhət budur ki, tətil edib zəhmət haqqınızın yüksəlməsini tələb edin.

M.Əzizbəyovun çağırışı ilə tətil edən fabrik fəhlələrinin ümumi maaşı həqiqətən ayda səkkiz min manat miqdarında artır.

***

Mən Teatr texnikumunda direktor olduğum vaxt şagird toplamaq üçün Kirovabada (indiki Gəncə - red.) getmişdim. O zaman H.Sultanov da Kirovabadda şəhər Sovetinin sədri idi. Onunla görüşdüyüm zaman Adil adlı bir nəfər istedadlı gənc haqqında söhbət açdı, onun teatra həvəsindən danışdı və mənə məsləhət gördü ki, onu texnikuma gətirim. Sonra bir nəfər adam göndərib Adili çağırtdırdı və mənimlə tanış etdi. Mən İskəndərov Adili özümlə bərabər gətirib texnikumun klub müdirliyi hazırlanan şöbəsinə düzəltdim. Sonra dram teatrının baş rejissoru Tuqanovdan xahiş edib onu rejissorluq təcrübəsi keçmək üçün teatra göndərdim. Adil İskəndərov sonra Moskvada təhsilini davam etdirib görkəmli səhnə ustası oldu.

***

1911-ci ildə Bakıda Mayılov (indiki M.F.Axundov adına Lenin ordenli Opera və Balet Teatrı) teatrında böyük müsamirədə maskarad qurulmuşdu. O zaman Bakıda rus dilində “Cigit” adlı satirik jurnal nəşr olunurdu. Jurnalın hər səhifəsində daim iki rəsm olardı. Bunlardan biri Qarapet, o biri isə Zərbala adında idi. Qarapet Bakı alverçisi Ambarsumu, Zərbala isə Hacı Zeynalabdin Tağıyevi təcəssüm etdirirdi. Buradan bu məna çıxırdı ki, Bakının müqəddəratını şəhər Dumasının iki bisavad-varlı deputatı həll edir. O zaman Ambarsumun və Hacı Zeynalabdin Tağıyevin dostu qradonaçalnik Pyotr İvanoviç Martınov idi. Martınov Bakı qoçularının hamısını bir gecədə tutub həbsxanaya salıb və beş il müddətinə sürgün etdiyinə görə varlılar arasında nüfuz qazanmışdı. Pullarını və mallarını güdən Bakı dövlətliləri Martınovu hər gün qonaq çağırıb onunla eyş-işrət qurardılar. Martınov 1905-ci il inqilabında Tiflisdə nümayiş edən fəhlə dəstələrini atəşə tutduranda yaralanıb bir əli şikəst olmuşdu. Odur ki, zəhmətkeşləri istəməzdi. Çəmbərəkəndli Həsən, Qarapet, mən isə Hacı Zeynalabdin Tağıyev paltarında və qrimdə hazır olub faytona minərək Mayılov teatrında olan maskarada getdik. Maskarad bütün mənası ilə açılmışdı. Orada onlar bizi gördükdə “Cigit” jurnalı gözləri önündə canlandı və gedib teatrda olan qradonaçalnikə xəbər verdilər. Qradonaçalnik gəlib bizə baxdı və bir qədər güləndən sonra xəbər aldı:

- Bir deyin, görüm, şollar suyu Bakıya nə vaxt gələr? (O zaman Bakıya şollar suyu çəkilməsinə ciddi hazırlıq gedirdi)

Mən və Həsən bir səslə dedik:

- Tezliklə şəhər susuzluqdan qurtarar.

Qradonaçalnik bizi bufetə aparıb hərəmizə bir parç pivə alandan sonra dedi:

- Qızım Sonyanın canına and olsun, bu gün sizə allahın rəhmi gəldi. Əgər cavabınız mənə xoş gəlməsəydi sizi buradan düz qazamata göndərəcəkdim. Sizə kim icazə verir ki, qrim edib və paltar geyib buraya gələrək şəhərin iki mötəbər milyonçusunu təhqir edəsiniz. Bir də belə qələtlər etməyəsiniz. Buradan tez rədd olun, gedin evinizə.

***

Yadımdadır ki, balaxanılı uşaqlardan Əlişman adlı birisi şeir yazardı. Mirzə Ələkbər Sabir onun ilk şeirlərini oxuduqdan sonra öz maaşından pul ayırıb o gəncin adına bir qonaqlıq vermişdi.

Ardı burda

# 1668 dəfə oxunub

Müəllifin son yazıları

# # #