Anam mənə bircə dəfə "gözəlsən" demişdi - Humay Quliyeva yazır...

Anam mənə bircə dəfə "gözəlsən" demişdi - Humay Quliyeva yazır...
27 may 2021
# 15:01

Kulis.az Humay Quliyevanın "Anam haqqında dörd esse" yazısını təqdim edir.

Nyu-Yorkda tanış olduğum, xatirimdə son dərəcə işıqlı, həyatsevər insan kimi yaşayan, amma bu narahat, zalım dünyanı tez-tələsik tərk edib gedən Humayın daha bir yazısını ingiliscədən tərcümədə təqdim edirəm – T. Q.

Yay

Anam heç zaman gözəl olduğumu deməzdi mənə. Bircə dəfə dedi.

Bu bircə dəfədən əvvəl və sonra saysız-hesabsız “göyçək”, “şirin”, “qiyamət”, hətta “üzündə şeytan tükü var” demişdi mənə. Amma bu bircə dəfədən savayı heç vaxt “gözəlsən” demədi mənə.

Dənizə baş vurub suyun altında bir müddət üzəndən sonra qəfil çıxdım qarşısına. Hava çox yaxşı, səma intəhasız, Xəzər şəffaf idi. Havanı acgözlüklə sinəmə çəkib nəfəs dərmədən gülməyə başlamışdım ki, anam dedi: “Humay, sənin çox cəsur gözəlliyin var, biləsən”.

Göz qapaqlarımı endirmədən yenidən dənizə baş vurdum. Xəzərin suları o qədər də duzlu deyil. Deyirlər axı, dünyanın ən böyük gölüdür. Necə duzlu olsun ki? Xəzər isə bu təyinatla qətiyyən razı deyil. Elə hey dalğalarını inadkar şiddətlə qayalara çırparaq qəddarcasına cilalayır onları. Hər yay amansızlıq edir, xeyli sayda bəxtsizləri girdabına çəkir. Şairləri ilhama gətirir. Qoy coğrafiyaşünaslar danışmaqlarında olsunlar – Xəzər əsl dənizdir ki, dəniz!

Suyun altında dəniz məni günəş şüalarının kəsişməsindən yaranan xəfif maviliklə ağuşuna aldı. Üzürdüm. Başgicəlləndirən, məğrur əminlik hissi ilə üzürdüm. Dənizin dibindən qeyri-adi bir işıltı sanki qəfil göz vurdu mənə. Suyun altından çıxdım. Dəyişmişdim. Gözəldim.

Payız

Erkən payızın Bakı ətrafı kəndlərdə gözəlliyi bir başqadır. Hava daha təmiz, ulduzlar daha parıltılı olur, daha yuxarıda bərq vururlar sanki. Gecələr daha sərin keçir. İtlər daha bərkdən hürürlər. Elə Xəzərin də səsi zilə çıxır. Xəzrinin qamçıladığı Xəzərdir o bərkdən inildəyən. Yay bitdi, getdi. Amma bunun hələ səhərin yeddisində ağızın yuxulu mağarasında dəymiş əncirin günah şirəsi ilə bir karnaval fırtınası tək coşub-daşmağı var. Əslində ilin bu vaxtında burda olmalı deyilsən – bağ evində ancaq yayda qalarlar. Amma biz hər il yenə sentyabrdan bir neçə gün oğurlayıb onları da yayın ayağına yazırdıq.

Elə o günlərdən biri idi, pişik balası gələn gün. Heç kim bilmədi hardan gəlib çıxıb, necə gəlib? Həyatın (oxu: sevginin) əksər qəziyyəsi kimi o da bir səhər qəfildən peyda olmuşdu və bizimlə qalmağa qərar vermişdi.

Anam ev heyvanlarına meylli deyildi. Amma bu pişiyin yeri ayrı idi. Ondan ötrü oyuncaq da düzəltmişdi. Uzun ipə kağızdan bir diyircək bağlamışdı. Pişik yuxarı tullanıb diyircəyi tutmağa çalışanda gülürdü ona. Balaca varlığın nadincliyi ləzzətli, xoşbəxtliyi yoluxucu idi.

Pişik öyrəşmişdi balkona açılan qapının önündəki ayaqaltının üstündə yatsın. Qapı da ağır lay dəmirdən. Səhərlər açardıq bir də axşam bağlayardıq. Gün ərzində qabağına stul qoyardıq ki, küləyin həmlələrinə tab gətirsin, çırpılmasın. İçəridən daha yüngül, taxta çərçivəli tor qapı da vardı.

Balkonda çay içirdik ki zil çığırtı eşitdik. Xalam səsə durub qaçdı. Kiminsə yəqin yadından çıxmışdı stulu yerinə qoymaq. Çırpılıb qapı, pişik də qalıb arada. Ölümcül vəziyyətə düşmüşdü. Yazıq tir-tir əsirdi. Qulağından sarı maye axırdı. Xalam onu götürüb otun üstünə qoydu. Pişik orda bir xeyli uzanılı qaldı. Arada özünü batırdı. “Bu yaxşı əlamət deyil” dedi xalam. “Pişiklər çox təmizkar olur”.

Süd gətirdim, su gətirdim, ət gətirdim. Reaksiya vermir. Xalam gözlərinin qabağında çırtma vurur sola-sağa. Heç nə. “Bəlkə kor oldu?” dedi xalam. Onsuz da balaca pişik aldığı zərbədən lap kiçilmiş, çarəsiz yumağa dönmüşdü.

Günün yarısını həyəcanla ora-bura var-gəl etdim. Axır ki, anam dedi, götürək pişiyi qoyaq hasarın dibinə. “Gözləyək, görək nə olur”.

Tez-tez yoluxurdum. Hər dəfə onu ölü tapacağımı düşünsəm də, kiçicik bədənində inadkar həyat işartısı ilə qarşılaşırdım. İnadla torpağın üstündə, şəksiz ki, yaşayırdı hələ. İki gün beləcə keçdi. Anam dedi ki, dəyməyək, bəlkə yata bildi, yazıq iztirab içindədir. Əlindən hər iş gələn bağbanımız vardı. Ondan soruşduq ki, bəlkə yaxınlarda bir baytar tanımış ola. Qayıtdı ki, neynirsiniz baytarı, “günahdır”. “Peyğəmbərimiz əbasız qalxıb gedərdi, amma ətəyində uyumuş pişiyi oyatmazdı. Dəyməyin”- dedi. Dəymədik. Gözlədik.

Möcüzə gözləyənlər kimi gözlədik. Möcüzə atamın gəldiyi günə təsadüf etdi. Atam İstanbul uçağı ilə səhər tezdən gəlib çıxmışdı. Yorğun olsa da, həmişəki kimi şux, nəvazişkar, həyata inamlı idi və bu inamdan qaynaqlanan mümkünlüklərin çöhrəsində əksini də gətirmişdi özü ilə. Başımız onun gəlişinə qarışdı. Getdim çay dəmləməyə. Bir də gördük pişik balası gəlib çıxdı. Üç günlük zülmətdən həyata qayıtmış, qabağımızda peyda olmuşdu. Deyərdim ki, son nəfəsində həyata can atıb yoxluqdan bu dünyaya tullanmışdı sanki... Amma özü hələ əvvəlki sayaq tullana bilmirdi zəiflikdən. Aclıqdan büzülüb yığılmışdı, amma təmiz görünürdü. Gözlərinin tutqunluğu çəkilmişdi, yerişi isə nöqsansız və zərif, xəfifcə hər addımı sınayan sayaq idi. Atam bu balaca pişiyi elə onda görmüşdü ilk dəfə.

Bir-birimizin sözünü kəsib əhvalatlar danışır, çaydan içib dilimizi şaqqıldadır, göz-qaş edirdik. Özümüzü gözəl bir tufanın ağuşunda hiss edərək. Atam elə ilk baxışdan sevdi bu pişik balasını. Pişikbala onu həyətdə hər yerdə müşayiət edər, dayananda oturub səbirlə gözləyər və onunla qayıdardı. “Düz deyirlər ki, pişiyin doqquz canı var” dedi anam. Uşaq kitablarındakı Tomasina adlı pişiyi, onun dəfələrlə ölüb dirilməyini, transformasiya və reinkarnasiyalarını xatırladım.

Acılı-şirinli idi həmin yay. Apreldə nənəm dünyasını dəyişmişdi. Gözəl, sərt, hökmlü qadın idi. Yoxluğu bağda saxladığı hər toyuğun duruşundan, yüzillik tut ağacının hər meyvəsindən də xatırladırdı özünü. Anam, həkim anam bu hadisədən çox sarsılmışdı. Yad ölkədə xərçəngin qəliz prosedurlarından keçirmişdi öz anasını, təkbaşına. Amerikadan təzə qayıtmışdım. Magistraturamı bitirib gəlmişdim, geri qayıtmağı planlayırdım. Anam istəmirdi gedim, amma mübahisə etməyə də halı yox idi. Çox yorğun idi.

Sentyabrı yarı edib getdim. Nyu-Yorkda nə işim vardı, nə də qalmağa yerim. Pulum cibimdə qalsın deyə rəfiqəmin Harlemdəki evində - taxtda gecələyirdim. Anam üçün qəribə idi bu. Qərarımla razı deyildi. Əsaslı, əmin və dəqiq planların, aydın çıxarların qadını idi. Buna baxmayaraq buraxdı ki, gedim.

Nyu-Yorka uçuşumdan bir gün öncəki gecə pişik balası yoxa çıxdı. Çağırdım, çağırdım, gəlmədi. Düşündüm ki, haradasa yatıb qalıb yəqin. Ertəsi gün tezdən qalxdım, yenə pişik balası gəlib çıxmadı. Hava limanına ürəyimdə narahatlıqla yollandım. “Hara gedə bilərdi axı bu?” deyə öz-özümdən soruşdum.

Nyu-York etinasız, səs-küylü və isti idi. Kolumbiya universitetinin düşərgə parkında oturdum və budur, artıq bu universitetin tələbəsi də deyiləm, sürücülük vəsiqəmin vaxtı keçib, tələbə və kitabxana vəsiqələrim də artıq bir işə yaramır. Yadlar şəhərində yad.

Anama zəng etdim. Dərhal da pişik balasını soruşdum. “Gəlməyib”, dedi. “Hər yerdə axtarmışam. Bütün səhəri hər künc-bucağa baxmışam. Qayıtmayıb”. Kədər və qəhər duyuldu səsindən. Ağrılı və tənha gəlirdi səsi. İçimdə boşluq və Nyu-York istisinin də gətirdiyi bihuşluqla çıxdım oradan. “Hara gedə bilərdi bu pişik balası? Axı o ilahi müdaxilə ilə həyata qayıtmışdı”.

Anam axtarmağını növbəti günlər də davam etdi. Bir gün qaraja girər, az qalar ki, iydən bayılsın. Pişik balası da orada. Sürünüb elektrik nasosunun mühərrikinə girib, yüksək gərginlikli cərəyan vurub. Taleyi yalnız bir neçə dəfə aldadıb yayınarsan, həmişə alınmaz.

Anamı əməliyyatdan sonra halsız vəziyyətdə asta-asta xəstəxana otağına girən də görmüşəm. Varşavadan Bakıya uçanda anasının ölümünə, üzərinə çökən məşum sonun çəkilməzliyinə ağlamağını təsəvvür etmişəm. Ona xərçəng adı ilə səhv diaqnoz qoyulanda qorxduğunu da görmüşəm. Amma həmişə ürəyimin dərinliklərində rahat olmuşam. Bilirdim ki, anam güclü qadındır.

Amma bax, o bağ evinin tənhalığında, səhərin erkən çağlarında, pişik balasını axtararkən onun naəlac-naəlac çağırmağını düşünəndə ürəyim bir anlıq dayanır, vurmur. Bəzən lap iki anlıq da dayanır, vurmur.

Qış

Axıra yaxın nənəm çox az danışırdı. Keçirdi “Skype”ın önünə, mənə deyirdi: “Danış”. “Nə haqda istəyirsən danışım?” soruşurdum. “Nə istəyirsən” deyirdi. “Sənin danışdığın hər şey mənə maraqlıdır”.

Mən də danışırdım. Yuxularımı danışırdım. Hamısına birmənalı “yaxşı yuxudur” deyirdi. Düşərgədə gey yəhudilərin Əhmədinecatın çıxışına etirazından nəql edirdim ona. (“Geyəm, yəhudiyəm, Holokostdan sağ qalan iki nəfərin nəvəsiyəm. Yəqin Əhmədinecat məni bəyənməz”). Amerikan supermarketlərində təbii ərzağın nə qədər baha olmağını deyirdim. Qəhrəmancasına biş-düş etməyimdən, bu sahədəki kəşflərimdən danışırdım. Otaq yoldaşlarımdan, büsqalterləri ilə ayaqqabılarının döşəmədə bir-birinə qarışmağından söz açırdım ona. Oğlanlar haqqında da söz salırdım, ya da elə biri haqda – İrakli. Gürcü idi, nənəm isə qəti əleyhinə idi onun. Deyirdi özlərindən çox müştəbehdirlər. Düz deyirdi.

Yadımda nənəmin dediklərinin az qismi qalıb. Danışdıqlarının böyük hissəsi kədərli idi – kimyaterapiya, testlər, simptomlar, şübhələr, yenə testlər, yenə kimyaterapiya. Arada olurdu ki, çox yaraşıqlı bir həkim çıxırdı qarşısına, nənəm isə bütün füsunkarlığını və cazibədarlığını səfərbər edirdi onunla bir söz də bilmədiyi yad dildə danışmaqdan ötrü. Bir əhvalat var idi – olmuş, amma film kimi bir əhvalat. Fransız filmlərindən idi bu – Culiette Binoçe anamın rolunda, yatağın qırağında valehedici dodaqları və sadə, lakin son dəbli qara geyimi ilə. Amma bu həyatda baş vermiş əhvalatdır və həyat bəzən kinonu üstələyir. “Gecə Cəngavəri Yüksəlir”in (The Dark Knight Rises - sərlövhəyə fikir verin!) Aurora, Koloradodakı premyerasında çəkilənlərin ruhları bunu təsdiqləyər.

Nənəminki ciyər xərçəngi idi və yarısını kəsmişdilər. Həkimlər deyirdi ki, gərək nəfəsalma məşğələləri etsin, dərindən nəfəs alsın (*burada İngilis dilində söz oyunu işlədilir mötərizə açılaraq, “dərinliyə ötəri baş vursun”) ki, ciyərlərinin funksionallığını artırsın. Bir dəfə ona üç şarı üfürməyini tapşırmışdılar. Birini üfürdü. İkincisini də. Üçüncüsündə arxası üstdə uzandı və dedi ki, yorulub. Anam dedi ki, “yaxşı da, ay ana. Axırıncısıdır.” Nənəm başını zorla yastıqdan qaldırdı. “Mama!” anam çığırdı. “Nəfəsim çatmır” dedi nənəm. “Burda uzanmaqla yaxşılaşacağına ümid eləməyin düz deyil” dedi anam. “Aktiv olmalısan. Ağrısa da aktiv olmalısan”. Nənəm başını yırğalayıb etiraz etdi. Bitmişdi bununla bu söhbət. Amma bir iş var ki, yox, bitməmişdi. Nənəm qalxdı da, üçüncü şarı üfürdü də, anamın gözləri sevinclə parıldadı da!

Sonra dəfələrlə nənəm bunu mənə danışanda əlavə edirdi ki, “Bilirdim ki, Şəhlaya ev də versələr, maşın da, lap milyon da, amma o üçüncü şar kimi onu sevindirməz bunların heç biri.” Ardından da qayıtdı bir dəfə: “Çox xoşbəxt qadınam. Sənin ananın gözlərini görəndə bildim ki, çox xoşbəxt qadınam.”

Az keçmişdi ki, dünyasını dəyişdi nənəm.

Yaz

Yaz dözülməz ümiddir, uzaqdakı tüstü cərəyanıdır, səhər işığında xəfif dəyişiklikdir, gözəllik gözləntisidir, parıltıdır. Sevgidir.

Məhz bu yaz içimdə kəpənəklər uçuşur. O hamısından yaxşıdır, “el flor de mi secreto” (İspancadan: sirrimin gülü), səhv başlanğıclar sonrası taleyin sirli göz vurmağıdır yenə, yaşca bir az kiçikdir, amma çox da kamildir. Uşuaia haqqında xəyallara dalıram, oranın gölləri və isti qəhvələri haqqında. Uşuaia dünyanın sonudur. Hər şeyin başlanğıcıdır.

Anama bunu bizim mətbəx masasının arxasında oturaraq deyirəm. Budapeştdəki “Chain Bridge” körpüsünü keçməmiş kiçik qəhvə barında deyirəm anama bunu. Big Ben çayçısında dadlı desertimizi qaşıqlayanda deyirəm bunu anama. Günəşli küçələri gəzə-gəzə deyirəm bunu anama.

Anam baxır. Gülümsəyir. Anlayır.

“Futbolçuya oxşayır” deyir anam.

“Bir həftə qabaq olar, yuxumda o gün böyük ağ maşın görmüşəm” deyir...

İngilis dilindən tərcümə edən: Türkər Qasımzadə

# 7638 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #