“Fortuşka” və “skvaznyak” sözlərinin mənasını kim bilir? SORĞU

“Fortuşka” və “skvaznyak” sözlərinin mənasını kim bilir? <span style="color:red;">SORĞU
4 sentyabr 2014
# 15:19

Zaman-zaman ədiblərimiz dilimizə yeni sözlər gətirib. Həmin sözlərin böyük əksəriyyətini dilimiz qəbul etdi və bu gün də işlənməkdədir. Bəs, son illər ərzində müasir dövrün ədibləri dilimizə hansı sözlər gətirib? Bununla bağlı Lent.az-a yazarlar arasında sorğu keçirib.

Yazıçı Mirmehdi Ağaoğlu dilimizə hər hansı bir sözün gətirmədiyini bildirdi: “Mən dilimizə yeni söz gətirməmişəm. Yəqin ki, gələcəkdə baş verə bilər. Amma belə bir hədəfim yoxdur. Məni daha çox arxaik sözlər cəlb edir. Oxuduğum kitablarda qarşıma çıxan bilmədiyim sözləri işarələyir, sonra onların mənşəyi ilə maraqlanıram. Bəzən əsərlərimdə də bu sözlərdən istifadə etməyə çalışıram. Bundan başqa köhnəlmiş sözlərin, terminlərin dilimizə yeni keçən sözlərlə oxşarlıqlarını tapıb, bu arxaizmlərdən yaranmağın tərəfdarıyam”.

Yazıçı Şərif Ağayar isə qələm yoldaşından fərqli olaraq, dilimizə yeni söz gətirdiyini iddia edir: “Özümdən yaratmamışam. Ancaq yaddaşda olan, ədəbiyyatda işlənməyən sözlər olub ki, onları diriltmişəm. Məsələn, "daxal" sözünü...

Başqa misallar da çəkə bilərəm. Ancaq yeni söz yaratmağa cəhd etməmişəm”.

Dilə həssas yanaşdığını bildirən ədib deyir ki, sözü fikirləşib, tapmaq kifayət etmir: “Sözü fikirləşib tapmaq azdır. Əsl yazıçı onu situasiyada layiqincə işlədib vətəndaşlıq verə bilməkdir. Bunu İsa Hüseynov kimi böyük bir istedad da bacarmadı. Odər, Safağ, Gurün kimi ifadələr özünə qapalı qaldı. Dil qəbul etmədi”.

“Mən hər zaman bədii yaradıcılığımda neologizmlərə xüsusi fikir verən, yeni söz və ifadələrin axtarıb tapılmasına diqqət ayıran yazarlardanam”. Bunu isə yazıçı-kulturoloq Aydın Xan Əbilov deyir. O qeyd edib ki, hətta köhnə sözlərin dirçəldərək yeni məna yükü ilə işlədilməsinə, ədəbi dildə təzə cümlə tiplərin yaradılmasına xüsusi fikir verir. “Düşünürəm ki, yazıçı missiyasının əsas istiqamətlərindən biri də yeni söz yaranmasına əhəmiyyət verməsindədir. İnternet və sosial şəbəkələrin inkişafı ilə əlaqədar isə yaratdığım çox sayda yeni anlayış, ifadə və sözləri ədəbi-mədəni ictimaiyyətimizin diqqətinə çatdırmışam. Məsələn: zamandar, virtualdaş, intelektbaz, virtual ədəbiyyat, Feysbuknamə, multikultural və s. İndi sevinirəm ki, 10 il bundan əvvəl dilimizə gətirdiyim leksik vahidlər, artıq ədəbi dildə vətəndaşlıq qazanıb”.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, gənc yazar Xəyal Rza Lent.az-ın toxunduğu mövzunun maraqlı olduğunu bildirdi: “Bir zamanlar yazıb-yaradan ədiblərimiz, klassiklərimiz bizim üçün yad olan kəlmələrin dilimizə doğmalaşmasına, milliləşməsinə səbəb olublar. İşıqfor, çimərlik, soyuducu kimi milli sözlər yaranıb.

Ancaq bilirsiniz ki, o zamanlar kitaba olan maraq daha böyük idi. İnsanlar oxumağı sevirdilər. İndi hansısa yeni sözlər yaransa belə, onun populyarlaşacağına və qəbul olunacağına inam azdır”.

X. Rzanın sözlərinə görə, istənilən halda yeni sözlərin yaranması vacibdir. “Buna mütəmadi olaraq cəhd edilməlidir. Müəyyən sözlər var ki, təbliğ olunmadığı üçün istifadə edilmir. Məsələn sorğu keçirsəniz neçə nəfər bilər ki, “fortuşka”nın dilimizdəki anlamı nədir, ya da elə “skvoznyak” sözünün anlamını neçə nəfər bilir? Bunların da təbliğinə ehtiyac var, müasir gənclər isə yeni tapıntılardansa, daha çox ara sözlərindən yararlanırlar. Bu, təəssüf doğurur”

“Bəs siz necə, dilimizə yeni söz gətirmisinizmi?” sualına isə Yazıçılar Birliyinin mətbuat katibi belə cavab verdi: “Deyəsən, bir-iki söz gətirmişəm. Amma indi çətin ağlıma gəlsin”

Gənc yazıçı, APA-nın əməkdaşı Cavid Zeynallının cavabı isə belə oldu: “Söhbət konkret məndən gedirsə, yox, yeni söz gətirməmişəm. Bu ciddi və məsuliyyətli məsələdir. Açığı, gənc yazıçılardan kiminsə yeni söz gətirdiyini də xatırlamıram”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, filoloq-alim Nizami Cəfərov Lent.az-a bildirib ki, XX əsrin 80-ci illərinə qədər ədiblərimiz dilimizə yeni sözlər gətirsələr də, sonrakı dövrdə bu vəzifəni mətbuat görməyə başlayıb: “Ötən əsrin sonlarından başlayaraq, dilimizə yeni sözləri mətbuat (qəzet, jurnal, televiziya və radio) gətirdi. Yəni yazıçılar o səviyyədə söz gətirə bilmədilər. Bədii dil yeni sözlər, yeniliklər gətirmir. Bunun da bir səbəbi bu gün bədii ədəbiyyatın az oxunması ilə bağlıdır”.

Millət vəkilinin sözlərinə görə, elmi üslubun gətirdiyi yeni sözlər elmi təfəkkürdən az kənara çıxır. “Publisistika hazırda elə bir səviyyədədir ki, onun müxtəlif sahələri meydana çıxır”.

Dilçi-alim bildirib ki, bizim üçün əsas dilə yeni sözlərin gəlməsidir: “Məsələn, çimərlik, soyuducu və işıqfor sözləri bədii sözlər deyil. Ədib bu sözləri məişət üslubu üçün gətirib”.

# 2941 dəfə oxunub

Müəllifin son yazıları

# # #