Vüsal Murtuzəliyev: "Cinsi azlıqlara yaxşı baxmıram" - Müsahibə

Vüsal Murtuzəliyev:  "Cinsi azlıqlara yaxşı baxmıram" - Müsahibə
17 may 2024
# 21:00

Kulis.az dublyaj ustası, kinoaktyor Vüsal Murtuzəliyevin Lent.az-a müsahibəsini təqdim edir.

- Vüsal bəy, bu günə qədər oynamadığınız hansı rolda özünüzü görmək arzunuz var?

- Çox istərdim ki, psixoloji dramatik rollarım olsun. Məsələn, qatil olmaq istəyirəm. Ruh düşkünlüyü yaşayan bir qatil rolunu oynamaq arzum var. O qatilin faciəsini, onu ora gətirən vəziyyəti göstərmək istəyərdim. Dəli obrazı da maraqlıdır və məndə alınar deyə düşünürəm.

- Müasir dünyanın danılmaz reallıqlarından biri də üçüncü cinsin insanlarıdır. Onlardan birinin rolunu təklif eləsələr, nə reaksiya verərdiniz?

- Kinonun gücü ondadır ki, insan həyatını birtərəfli təqdim eləmir. Səmimi deyim, o adamları qəbul etmirəm, yaxşı baxmıram. Bəlkə, mənə mühafizəkar deyib, qınaya bilərlər. Müəyyən idarəedici qüvvələr var ki, onları cəmiyyətə toxunulmaz statusu ilə təqdim edirlər. Amma onların qəribə taleyi var və çox zaman faciəvi həyat yaşayırlar.

Bilmirəm, onların fizioloji parçalanması psixoloji haldır, bioloji haldır, mütəxəssis deyiləm. Mən, sadəcə, insan taleyinə işıq tutmaq istəyərdim. Onlara təzyiqlər olur, cəmiyyətdə onlara da asan deyil. Ümumiyyətlə, hesab edirəm ki, bu adamların ortalıqda çox görünməsi, qəbul etdirilmə cəhdi böyük bir siyasətin parçasıdır.

Özü üçün yaşayırsa yaşasın. Amma belə adamlar cəmiyyətə pis mesajlar ötürməyə başlayırlarsa, hansısa qadağalar qoyulmalıdır. Demokratiyanın çoxluğunun da zərəri var. Hansısa ölçü götürülməlidir. Nə verirlər bu cəmiyyətə? Adını demokratiya qoyub hər şeyin üstündən keçmək, bu mənada, çox azadlıq vermək olmaz, xaos yaranır.

- Çərçivələri sevirsiniz?

- Hər şeyin bir çərçivəsi olmalıdır. Deyə bilmərəm, özümə nə çərçivələr qoymuşam. Düşdüyüm yerdən, vəziyyətdən asılıdır.

- Bəs rollarda qırmızı cizginiz var?

- Açığını deyim, mənim qırmızı xəttim yoxdur. Yaradıcı insanam, əgər o səhnə yersiz səhnə deyilsə, filmin məğzinə xidmət edirsə, onu oynayaram

- Erotikanı da?

- Yenə deyirəm, filmin ana xətti üçün vacibdirsə, bəli. Yersiz daxil edilibsə, rejissorla mübahisə edərdim.

- Çox zaman yaşlı nəsil sənətkarlar gənclərin çəkdiyi film və serialları tənqidlə qarşılayırlar. Buna münasibətiniz necədir?

- Dost olduğumuz üçün demirəm, bu gün film çəkməyə çalışan, bu yolda əmək verən bir çox gənclər tanışım, dostlarımdır. Bu insanlar yeni bir dalğa yaradıb, nə isə eləməyə çalışırlar. Nəzərə alaq ki, heç bir dəstəkləri yoxdur. Nə böyük sponsorlar, nə dövlət maliyyəsi. Öz güclərinə iş görürlər. Tənqid eləmək ən asan işdir. Neçə Oskar almış filmlər belə tənqid olunur, ona görə də dostlarıma ruhdan düşməməyi tövsiyə edərdim.

- Nəsillər arası paxıllıq var?

- Var. Dəfələrlə özüm hiss eləmişəm. Bizim sferada hamı bir-birini yaxşı tanıyır. 50 il teatrda işləyib 1 rolla yadda qalmayanlar içlərindəki kini, paxıllığı uğurlu insanları qaralamaqla üzə vururlar. Əgər aktyor üzə çıxmayıbsa, problem onun özündədir.

- Amma şans da lazımdır axı. Şansa inanırsınız?

- Şansa inanıram, lakin hər şeyi şansa bağlamaq olmaz.

- Sizə əngəl olmaq istəyənlərə nə reaksiya vermisiniz?

- Məsafə saxlayıram. Heç kimə nifrət eləyib, vaxtımı ona ayırmıram. Enerjimi sevdiklərimə sərf edirəm.

- Filmdə sevgili cütlük rolunu oynayan aktyorların sevgilərinin gerçəkləməsinin də şahidi olmuşuq. Belə bir şeyin başınıza gəlmək ehtimalı var?

- Belə bir şey olur, ola bilər. Buna görə heç kimi qınaya bilmərəm, qədimdən belə olub. Heç vaxt, heç vaxt demək olmaz

- Xanımınız sizi qısqanır?

- O sarıdan bəxtim gətirib. Qısqanclıq hiss olsa da, o məni başa düşür. Bu səbəblə problem yaşamamışam. Filmdə sevgilim də ola bilər, öpüşə də bilərəm. Bilirəm ki, içində hansısa hisslər olur, amma bağışlasın, bu da mənim işimdir.

- Siz olsanız, qısqanardınız?

- Mən hə.

- Bacınız, Əməkdar artist Dilarə Əliyevanı heç qısqanmısınız?

- Özünə deməyin. Amma olub. Əslində, Dilarə xanımın həmişə aktrisa kimi qırmızı xətti var. O cəhətdən arxayınam.

- Qardaş kimi onun işlərinə, rollarına müdaxiləniz var?

- Yox. Dilarə çox zəhmətkeş, çalışqan və istedadlı aktrisadır.

- Bəzi emosional rollar var ki, onları oynadıqdan sonra aktyorlar psixoloji çöküntü, problemlər yaşayıblar. Kimlərinsə hisslərini, taleyini yaradırsınız. Özünüzü emosional travmalardan necə qoruyursunuz?

- Düz deyirsiniz, rolun təsiri altında psixoloji problemlər yaşamış aktyorlar olub. Məsələn, İnnokenti Smoktunovski Hamlet rolundan sonra havalanıb. Müəyyən hissi oynayırsansa, istər-istəməz yaşanır, amma bu məndə bir neçə dəqiqə çəkir. O qədər qapılmaq olmaz. Aktyor sənətinin texnikalarından istifadə eləmək lazımdır. Sən özünə inanmalısan ki, tamaşaçı da inansın. Biz özümüz hiss eləmədən yaşanan duyğular təhtəlşüura təsir edir.

- Bu mənada qatil rolundan qorxmursunuz?

- Yox, qorxmuram. Şən insanam. Bilirəm, fəsadı olmaz.

- Filmlərdə gerçəkdən duyğulanıb ağladığınız olub?

- Olub, çox olub. Amma ağlamaq lazım gəlirsə, psixofiziki üsullardan da istifadə edirik. Aktyor mütləq oxumalı, nəzəriyyəni bilməlidir.

- Film çəkilişlərində başınıza hansısa hadisə gəlib?

- Ümumilikdə, çəkiliş özü əyləncəli prosesdir, bizim sənət çox maraqlı sənətdir. “Hoqqa” filmində meyit daşıyan maşın sürürdüm, qəza elədim, maşın aşdı. Şükür ki, sağ çıxdım.

- Yaradıcılıqla bağlı ən böyük arzunuz nədir?

- Ən böyük arzum tək özümlə bağlı deyil. Aktyorların rol aclığı var. Çəkilmək istəyirlər, filmlərimiz, seriallarımız dünya miqyasına çıxsın, fərqli filmlər çəkilsin, istəyirəm boş qalmayaq. Aktyor sənəti asılı sənətdir. Ona görə, kino sənətimizin sürətlənməsini istəyirəm.

- Övladlarınızın bu sənətdə olmasını istəyərdiniz?

- Canlarında qandan keçmə nəsə var, məndən, bibilərindən keçib. Amma indiki gedişatımıza baxanda istəməzdim.

- Rahat dolana bilirsiniz? Aktyorların ümumi dolanışığı sizcə qane edicidir?

- Deməzdim rahat dolanıram. Təbii ki, şikayət eləmirəm, ailəm ac qalmır. Bəlkə, mənim bəxtim gətirib ki, gündəlik dublyajla məşğulam, tələbat var. Hər aktyor dublyajla məşğul olmur. Qonorarlar heç bir aktyoru, aktrisanı qane eləmir, buna görə aktyorların sosial vəziyyəti yaxşı deyil. Nəsə sistemləşdirilməlidir. Bu gün aktyor olaraq ömrümün ən yaxşı yaş dövründəyəm. Oynaya biləcəyim rollar var, oynamalıyam. Bir azdan çox gec olacaq. Film sənayemizdə rəqabət yoxdur. Rəqabətdə aktyor, rejissor, texniki işçilər yetişir.

- Dublyaj ustasısınız. Maraqlıdır bizdə su damcılaması, fırtına, yağış, külək kimi xüsusi səsləri çıxarmaq üçün səs sənətçiləri (şumaviklər) var?

- Bizdə bu peşə artıq yoxdur, Sovet dövründə var idi. İndi səs effektlərini kompüterlə həll edirlər. Çox çətin sənətdir. Məsələn, qar səsini kraxmalla, quş qanadının çırpıntısını çətiri açıb-bağlamaqla çıxarırdılar. Sovet dönəmində Ramiz Əzizibəyli, Əliqulu Səmədov bu işlə məşğul olurdular. Əsas odur, görüntü ilə səs üst-üstə düşsün.

Ramiz Əzizibəyli, Eldəniz Rəsulov səsin ukladkasını, ölçüsünü yaxşı bölə bilirdilər. Kadr arxasında maraqlı anlar olur. Məsələn, damağında siqaret olan adamın səsini çıxarmaq üçün danışanda barmağımızı dişləyirik, öpüş səsini vermək üçün öz əlimizi öpürük, yanımızdakı aktrisanı öpəsi deyilik ki. Həm də axı çox vaxt dublyaja tək giririk.

- Sizin də bir neçə obrazını səsləndirdiyniz “Madaqaskar” filmində afrikalı zürafə and içəndə “Ətağanın cəddi” deyə and içir. Belə məzəli tərcümələr hər ölkədə var ya bizə məxsusdur?

- Bu, bütün dünyada var və maraqlı alınır. Amma hər filmə bunu tətbiq etmək, orijinaldan çıxmaq olmaz.

- Dublyajda ən çox eşitdiyimiz söz “zibil” və “əclaf”dır. Hətta qıcıq yaradır. Niyə belədir?

- Amerikalıların hər kəlmə başı dildə işlətdikləri o söz, bizim üçün çox ədəbsiz səslənir. Cümlələrinin əvvəli də, axırı da odur. Kinoteatr, internet kanalı üçün olsa, ayrı məsələ. Efirə gedən ana söyüşünü necə başqa sözlə əvəz etməyək? Film insanların real həyatını lentə köçürür. Məişətini, yaşam tərzini olduğu kimi verməyə çalışır. Düzdür, hər reallığı da olduğu kimi vermək olmaz. Amma bəzi epizodlara çox qadağa qoyulur, erotik səhnələr kəsilir. Bəzi adamlar var ki, filmə elə o səhnə üçün baxırlar. Dublyaj etdir, gecə saatlarında ver.

- Neçə dublyaj studiyası ilə işləyirsiniz?

- Hər telekanalın öz dublyaj studiyası var. ATV, Space, İTV ilə işləyirəm.

- Səsini yalnız sizin səsləndirdiyiniz ulduzlar var?

Dəfələrlə Bred Pitti səsləndirmək üçün məni çağırıblar. Hollivudun belə bir tələbi var. Şirkət öz ulduzunun dublyaj səsini təsdiqləməlidir. Məsələn Al Paçinonu konkret adam səsləndirməlidir - əgər film kinoteatr üçün dublyaj olunursa. Bu, çox böyük biznesdir. O tendensiya bizdə tam formalaşmayıb. Bizdə kinoteatrlar öz dilimizdə dublyaj filmlər eləmirlər. Maliyyəyə görə. Altyazı ilə verirlər. Bilmirsən, aşağı baxasan ya yuxarı. İzləmə rahat olmur. Bu da normal bir şey deyil.

- Ən sevdiyiniz dublyaj hansı ölkəyə məxsusdur?

- Ruslarınkı. Onlarda çox zaman dublyaj aktyorunun səsi orijinaldan daha gözəl olur. Hər xırdalığa fikir verirlər.

# 2368 dəfə oxunub

Müəllifin son yazıları

# # #