Kulis.az şair, esseist Rəvan Cavidin müsahibəsini təqdim edir.
– Xoş gördük, Rəvan bəy. Gənc müəlliflərin arasında sayılan-seçilən imzalardan birisən. "Seçilmək" üçün xüsusi şərtlər varmı, yoxsa bu tamamilə fərdi məsələlərdəndi?
– Təşəkkür edirəm. Bu həm fərdi, həm də ictimai şüurdan yaranan istəkdi. Yeni dövr, yeni tendensiyalar seçilmək üçün müəyyən şərtlər təklif edir. Sosial şəbəkələr, yayım platformaları, reklam mətnləri, piar strategiyası və s. Bu gün getdikcə məşhurlaşan və aktual peşələrdən birinə çevrilən "Creative Copywriter" sahəsi bizim seçilmək arzumuzu gerçəkləşdirən müstəvilərdəndi. Bu şərtlər ədəbiyyatda da keçərlidir. Çünki mətnlərin özü də əmtəədir. Və onları "satmaq" lazımdır. "Satmaq" üçün isə "bazardakı"lardan fərqlənməlisən. Təəssüf ki, bizim ədəbi mühitdə bu fikirlə razılaşmayan nə qədər dünyadan xəbərsizlər var. Mənə gəldikdə isə, mən hələ ki seçilmək üçün heç nə etməmişəm. Çünki "satmaq" istədiyim bir mətn yazmamışam. Ümid edirəm, tezliklə buna nail olaram.
– Şeir yazırdın. Sonra esse, publisistika, bir sözlə, nəsrə keçdin. Bu nə ilə bağlı idi?
– Mən yenə şeir yazıram. Esse isə mənə analitik düşüncəmi ifadə etməkdə kömək olur. Şeirdən nəsrə keçmək, nəsrdən kinoya keçmək və bu kimi ədəbi proseslər normaldı. Bizim gördüklərimiz, hiss etdiklərimiz bizə nəzm, nəsr və ya publisistik mətn kimi qayıda bilər. Bir sözlə, hansı stadionda oynamağın sənin həvəsindən və fiziki gücündən asılı olaraq dəyişir.
– Bəlkə, poeziya daha sadə görünür, nəsr daha ciddi qəbul edilir...
– Mənə görə, poeziya nəsrdən daha ciddi hadisədir. Ancaq, bəli, nəsr, xüsusilə, roman sənəti daha aktualdır. Bunun bir çox səbəbi var. Günümüz reallığı isə əsas səbəblərdən birinin romanın daha yaxşı əmtəəyə çevrildiyini pıçıldayır. Həm də nəsr fərdlərin və hadisələrin bir-birinə təsir edəcəyi ən yaxşı ədəbi nümunədir.
– Ali təhsilini yarımçıq buraxdın. Bu imtinanın səbəbi nə oldu?
– Təhsil aldığım ixtisası oxumaq istəmədim. Mən inşaat mühəndisi olacaq məsuliyyətə və səbrə malik deyiləm. Ədəbiyyat, kino məni daha çox maraqlandırırdı. O ərəfədə roman da yazırdım. Bəlkə də, onun da təsiri oldu.
– Hansı romanı?
– Yaxşı roman deyildi. Mən də üzə çıxarmadım. Bacarmamışdım. Bunu gəncliyimin körpə yaşına bağışlaya bilərəm (gülür).
– Müəyyən ədəbi çevrə var, el dili ilə desək "kruq". Özünü hansı çevrədə görürsən və ədəbi çevrələrin keyfiyyətini müəyyən etmək üçün hansı üsul və vasitələrin olduğunu düşünürsən?
– Mən "Kulis kruqu"ndanam (gülür). Dünyada ədəbi çevrələr bir-birindən üslubları, siyasi dünyagörüşləri, ətrafında toplandıqları nəşriyyatın maraqları, hətta ədəbi əcdadlara görə fərqlənirlər. Bizdə isə yeyib-içmək məclisində kimin sözü bir-birilə tutursa, onlar olur "kruq". Hər şeyimiz məişət səviyyəsində, lokal, kustar olduğu kimi, ədəbi camiəmiz də kustardı.
– Məşhur yazıçı olmaq üçün yaxşı mətnin olmalıdı, reklamın, ya qalmaqalın?
– Hər üçü. Sadəcə, qalmaqal ciddi səbəblərə söykənməlidir. Daha "mən səndən yaxşı yazıram" qalmaqalı olmamalıdır. Düşünürəm ki, yazıçı ictimai fikri formalaşdıra biləndir. Hadisələrin yönünü bir manşetlik cümlə ilə yüz səksən dərəcə dəyişə bilər.
– Kitab sektorunda detektiv əsərlər daha çox satılır. Demək olar ki, eyni imzaların kitabları əsas satış sektorunu zəbt edib. Bu, oxucularla bağlı məsələdi, ya başqa nəsə mütləq həqiqət var?
– Oxucuya nə təqdim eləsən, onu da oxuyacaq. Detektiv əsərlərin çox satılması normaldır. Bunu problemə çevirmək avamlıq olar. Eyni imzaların satışının təşkili isə problemdir. Yazıçını təqdim edən qurumlar olmalıdır. Kitab sənayesi mərkəzləşdirilmiş və komisiyalı yaradılmalıdır. Bizim nəşriyyatlarda tənqidçi kollegiyası varmı? Yoxdur. Bəs necə müəyyən edirlər, hansı kitab çap olunmalıdır? Nəşriyyatları da qınamaq olmur. Onlara bu rahatlığı verən bir mədəni siyasət olmalıdır. O da ki yoxdur. Həqiqət odur ki, ədəbiyyat bütün qurumlar tərəfindən gözardı edilir. Kimin əlində imkan varsa, özünü piar edirsə, oxucu da onu tanıyır. Mətnlərin bədii səviyyəsinin burda heç bir önəmi yoxur.
– Qonorar məsələsi ilə bağlı düşüncələrin...
– Qonorar az verilir. Bunu təkcə mən demirəm. Eyni sualı kimə versəniz, bu cavabı alacaqsınız. Normal qonorar vermək üçün azad ədəbi, mədəni qurumlar və ya qəzetlər, jurnallar, saytlar olmalıdır. Hələ ki mənə uzaq görünür bu məsələnin həlli.
– Kitab satışı ilə məşğul olan müəlliflərin bu işdə ümidlərini nə ilə müqayisə etmək olar?
– Sənət ümiddir. Təbiidir. Mən mənfi nə iləsə müqayisə edib bu ümidə ironiya eləmək istəmirəm. Müsbət şeylə də müqayisə eləmək olmur. Bax belə.
– Ümumiyyətlə, yazıçı kitabını özü satmalıdır, ya bu işi görməli olan qurumlar?
– Təbii ki, kitabı kitab mağazaları satmalıdır. Bu sistemə qurum deyib işi qəlizləşdirməyək. Məsələ çox sadədir. Gürcüstanda, Ermənistanda bu işi çözüblər. Nəşriyyat və kitab sistemi qurum dediyiniz yerlərdən dəstək alsa, özləri reysə düşəcək. Banklarla, QHT-lərlə, dərnəklərlə iş birliyi olsa, heç bir nəşriyyat maddi çətinlik çəkməz və öz müəlliflərini brendə çevirər.
– Tez-tez "gənc yazarlar" ifadəsi işlədilir. Həm də bu ifadə ilə yanaşı istedad, intellekt, zəhmət kimi anlayışlara da rast gəlmək olar. Necə düşünürsən, istedad, intellekt, zəhmət anlayışları bir yazıçı, şair üçün hansı funksiyanı yerinə yetirir?
– Şair üçün xüsusi intellektin və zəhmətin vacib olduğunu düşünmürəm. Yazıçı üçün isə sadaladığınız üç məfhumun üçü də lazımdır. Roman, hekayə yazmaq haqqında yüzlərlə kitab var. Mən onları təkrarlamaq istəmirəm. Bu üçü ayrı-ayrılıqda heç bir funksiyanı yerinə yetirə bilməz. Bir yazıçı həm ruhən, həm əqli, həm də fiziki yorulmalıdır ki, yaxşı əsər ortaya çıxsın.
– Yazmaq ya oxumaq? İlk başlanğıcda...
– Başlanğıcda oxuya-oxuya yazmaq, sonra yaza-yaza oxumaq.
– Ədəbiyyatda fəlsəfə, psixologiya, sosiologiya olan mövzularda yazılan əsərlərə münasibət birmənalı deyil. Səncə, mətnin xalis çəkisini müəyyən edən amillər nələrdi?
– İndi belə bir meyar yoxdur. Ədəbiyyatın içində istənilən mövzunu işləmək olar. Təki yaxşı və sanballı mətn olsun. Bütün əsərlər fəlsəfi və psixolojidir, istisnasız. Sosiologiyaya qalanda isə yaşadığımız coğrafiya, yaşadığımız həyat tərzi imkan verir ki, sosial çəkili əsərlərə birmənalı münasibət bəsləməyənlərə qeyri-səmimi baxım. Sən indi hansı fərdi yazırsansa yaz, onun mütləq sosial-ictimai problemləri var. Yazıçı bu problemləri görməzdən gələ bilməz. Mətnin xalis çəkisini isə onun üslubu müəyyən edir.
– Etqar Keretin hekayələrində olan mövzu və süjet xətləri müasir dövrün hekayə mənzərəsini dəyişir. Lakin bizdə vəziyyət başqa cürdü. Yəni hekayənin mövzusu və süjet xətti hələ də ənənəvi haldadı... Bu haqda nə düşünürsən?
– Keretvarı hekayələri Orxan Həsəni, Məlik Rza işləyib. Çağdaş, ən yeni nəsrimizdə müasir konturlar, məncə, görünür. Ənənəvi süjet xətti ilə yazanları da qınamaq olmaz. Bayaq "kruq ədəbiyyatı"dan danışırdıq. Bax o kruqlar bu kimi mövzular ətrafında yaransa, yaxşıdır.
– Bu gün Azərbaycan ədəbiyyatında ədəbi prosesləri necə müşahidə edirsən? Gözləntilərin və gözləmədiyin məqamlar...
– Ciddi bir tənəzzül yaşayır sənət camiəmiz. Hərəkətə gətirən mexanizmin dişləri paslanıb. Mən on səkkiz ay hərbi xidmətdə oldum. Gəldim gördüm, dəyişən heç nə yoxdur. Pandemiya, müharibə, sosial rifahın olmaması buna təsir edir. Mən ümidli adamam. Yaxşı olacağına inanıram. Məsələn, son vaxtlar kinoda yaxşı canlanma var. Kino agentlikləri açılıb, aktyor-aktrisa atelyeləri var, kino saytları, səhifələri aktivdir, mənim də qoşulduğum iki ssenari müsabiqəsi elan olunub. Yəni heç olmasa, camiənin özü nəsə eləməyə çalışır.
– Ədəbi tənqidin rolunu necə qiymətləndirsən?
– Məncə, ədəbi tənqid olmasa, bizim elədiyimiz bu söhbət öz mahiyyətini itirər. Proses birbaşa həm də tənqidçilərlə bağlıdır.
Söhbətləşdi: Tural CƏFƏRLİ
“Ədəbiyyat qəzeti”