Akademik Milli Dram Teatrı Belarus Milli Akademik Teatr arasında memorandum imzalandı

Akademik Milli Dram Teatrı Belarus Milli Akademik Teatr arasında memorandum imzalandı
20 dekabr 2024
# 11:50

Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatr ilə Yanki Kupala adına Belarus Milli Akademik Teatrı arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Kulis.az xəbər verir ki, memorandumu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Yanki Kupala adına Belarus Milli Akademik Teatrının direktoru Aleksandr Şestakov imzalayıb.

İmzalanma mərasimində Belarus Respublikasının Mədəniyyət nazirinin birinci müavini Dmitri Şlyaxtin və Azərbaycan Respublikasının Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev iştirak edib.

Səfir Məhərrəm Əliyev çıxış edərək, böyük tarixə və yaradıcılıq imkanlarına malik olan iki milli teatr arasında qurulan əməkdaşlığı yüksək qiymətləndirib. Fövqəladə və səlahiyyətli səfir qeyd edib ki, dost ölkələr olan Belarus Respublikası və Azərbaycan Respublikası arasında bir çox istiqamətlərdə nümunəvi əməkdaşlıq və səmərəli iş münasibətləri mövcuddur. Teatrlar arasında imzalanan müqavilə mədəniyyət sahəsində atılan vacib addımdır və teatr sənətinin inkişafına mühüm töhfə verəcək.

Belarus Respublikasının mədəniyyət nazirinin birinci müavini Dmitri Şlyaxtin qurulan əməkdaşlığı iki ölkənin mədəni münasibətlərində, teatr sənəti sahəsində yeni mərhələ adlandırıb. O, ölkələr arasında mədəni əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Belarus Respublikasının Mədəniyyət Nazirliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, memoranduma əsasən, yaradıcı kollektivlərin qastrollarının, mədəniyyət günlərinin, festivalların, sərgilərin və digər mədəni tədbirlərin təşkili, mədəniyyət xadimlərindən, bədii və yaradıcı kollektivlərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri planlaşdırılıb.

Yanki Kupala adına Belarus Milli Akademik Teatrının direktoru Aleksandr Şestakov Akademik Milli Dram Teatrı ilə imzalanan müqaviləni rəhbərlik etdiyi teatrın həyatı üçün vacib hadisə kimi dəyərləndirilib. 2025-ci ildə Minsk və Bakı arasında olacaq mübadilə qastrollarına hazırlıqların başladığını diqqətə çatdırılıb.

Qeyd edək ki, imzalama mərasimi Belarus mətbuatında geniş işıqlandırılıb.

# 153 dəfə oxunub

Müəllifin son yazıları

# # #