Kulis.az "Günün filmi" rubrikasında Seonqyonq Çonun Viktor Erisenin "Arı pətəyinin ruhu" filmi haqqında məqaləsini təqdim edir.
Viktor Erisenin "Gözlərinizi bağlayın" (Close Your Eyes) filmi ilə geri dönüşündən sonra 1973-cü il istehsalı "Arı pətəyinin ruhu" (The Spirit of the Beehive) filmi heyran qalınası və təqdir ediləsi zərif, ülvi keyfiyyətlərə malikdir. Uşaqlıq fantaziyasının sadəliyi ilə alleqorik dramın qeyri-müəyyənliyi arasında məharətlə tarazlıq yaradan bu film bitdikdən sonra uzun müddət yaddaşınızda qalacaq, sizi maraqlandıracaq və ya ovsunlayacaq bir sıra sehrli anlarla doludur.
Filmin əsas fonunu İspaniyanın Vətəndaş müharibəsindən sonrakı dövründə, Kastiliya yaylasının mərkəzində yerləşən kiçik və təcrid olunmuş bir kənd təşkil edir. Hekayənin əvvəlində səyyar kinoteatr tərəfindən klassik Amerika qorxu filmi olan "Frankenşteyn"in (1931) qarşıdan gələn nümayişi bütün qəsəbəni olduqca həyəcanlandırır və tezliklə bir çox yerli sakinin bu filmi kiçik bələdiyyə binasında izlədiyini görürük.
Tamaşaçılardan biri böyük bacısı İzabel (İzabel Telleria) ilə birlikdə gələn 6 yaşlı Ana (Ana Torrent) adlı qızdır. Senzuraya məruz qalmış versiya olan filmdə Bədheybətin o bədbəxt balaca qızı niyə və necə öldürdüyü göstərilmədikdə, o, olduqca çaş-baş qalır. O, dərhal İzabeldən bunun səbəbini soruşur. İzabel isə daha sonra kiçik bacısına aşağıdakıları "izah edir":
Bədheybət əslində, o balaca qızı öldürmür ("Kinodakı hər şey saxtadır");
O əslində, bir ruh olaraq hardasa yaşamağa davam edir.
Öz yaşıdı olan hər bir gənc və məsum qız kimi Ana heç bir şübhə etmədən böyük bacısının bu zərərsiz yalanına inanır və biz bu xırda, ağ yalanın Ananın öz kiçik fantaziyasına necə yol açdığını müşahidə edirik. Ertəsi gün dərsləri bitdikdən sonra onlar kənddən kənarda, yaylanın ortasında yerləşən tərk edilmiş bir tövləyə gedirlər və İzabel yalanını bir qədər də genişləndirir. Nəticədə, Ana Bədheybətin həmin tərk edilmiş tövlənin ətrafında ruh olaraq mövcud olduğuna daha çox inanmağa başlayır.

***
Bu vaxt ərzində valideynlərinin bir-birinə tez-tez nə qədər uzaq və yad göründüyünü görərək ailənin evindəki yüngül bir narahatlıq hissini tədricən duyuruq. Orta yaşlı ataları əsasən arıçılıqla məşğuldur. Analarına gəldikdə isə, o tez-tez kiməsə məktublar yazır. Lakin film bu məktubları alan şəxsin Vətəndaş müharibəsindən əvvəl ananın olduqca yaxın münasibətdə olduğu biri olması ehtimalı istisna olmaqla başqa heç bir ətraflı məlumat vermir.
Bütün film boyu bu yetkin insanların susqunluğu 30 ildən çox davam edən Fransisko Frankonun diktaturasının başlanğıcı olan Vətəndaş müharibəsinin bitməsindən sonra İspaniyada bir çox insan üçün vəziyyətin nə qədər qaranlıq və zalım olmasının dolayısı ilə inikası kimi yozulur. Əslində, film o qaranlıq dövrün sonuna az qalmış çəkilmişdi, lakin yerli senzorlar filmin ictimaiyyətin diqqətini cəlb etməyəcək qədər "incəsənət yönümlü" olacağını düşündükləri üçün onun İspaniyada yayımlanmasına icazə vermişdilər.

***
Bəli, o, tipik art-xaus kinosu kimi yavaş və qeyri-müəyyəndir, lakin film bizi daha çox maraqlandırmaq və özünə cəlb etmək üçün birmənalı olmayan alleqoriyasını silinməz ab-hava və detallarla bəzəyir. Həmin vaxt ağır xəstəliyi səbəbindən görmə qabiliyyətini itirməsinə baxmayaraq, kinematoqraf Luis Kuadrado Kastiliya yaylasının təbii gözəlliyini ekranda canlı şəkildə əks etdirir və qızların evindəki bir çox daxili səhnələrə xeyli poetik xüsusiyyətlər aşılayır. Qızların atasının qulluq etdiyi arı pətəkləri ilə aydın şəkildə əlaqəsi olan, bal rənginə bənzər isti və parlaq sarı işıqlandırmaya bürünmüş bu daxili səhnələr vizual olaraq çox cəlbedicidir.
Bəziləriniz filmdə atanın yazıları vasitəsilə dəfələrlə qeyd olunan arı pətəklərindəki gündəlik həyatın mexaniki aspektlərinin, Franko rejimi altında əzilən İspaniya cəmiyyətinin simvolik metaforası olub-olmadığını düşünə bilərsiniz. Yenə də, film heç nəyi dəqiq ifadə etmir və hətta gənc qəhrəmanı onun təxəyyülünü daha da alovlandıran sirli bir fiqurla qarşılaşanda belə, öz təmkinli mövqeyini qorumağa davam edir. Onun kiçik fantaziyası qaçılmaz olaraq ətrafındakı böyüklərin reallığı ilə toqquşduqda vəziyyət bir qədər gərginləşir və hekayədəki hər şey qızcığazın istəmədən başqaları üçün böyük problem yaratmasından qısa müddət sonra təsirli bir məqamla kuliminasiya nöqtəsinə çatır.

***
Bu filmdəki aktyorluq debütündən bəri yarım əsr ərzində davamlı olaraq fəaliyyət göstərən Ana Torrent – onu "Gözlərinizi bağlayın" filmində yenidən görmək, şübhəsiz ki, çox xoşdur – kino tarixinin ən yaxşı uşaq performanslarından birində sadəcə heyrətamizdir. O, ez-tez birbaşa və ifadəli olan personajının səssiz emosional səyahətini heç bir zəhmət çəkmədən çatdırır və özünəməxsus yaddaqalan anlara malik olan həmkarı İzabel Telleria ilə çox yaxşı uyğunlaşır.
Bütövlükdə, ən böyük İspaniya filmlərindən biri hesab edilən "Arı pətəyinin ruhu", hətta sadəcə bir uşaqlıq fantaziyası nağılı kimi qəbul edildikdə belə olduqca mükəmməldir. Erisenin "Arı pətəyinin ruhu"ndan sonra yalnız üç bədii film çəkməsi çox təəssüf doğurur, lakin "Gözlərinizi bağlayın" filmi onun öz istedadından heç nə itirmədiyini göstərir və mənim üçün bu iki şah əsəri böyük ekranda izləmək fürsəti əldə etmək həqiqətən böyük şansdır.