"Şərqli-qərbli" müqayisələrində intellektual orqazm yaşayanlar - Ulucay Akif

"Şərqli-qərbli" müqayisələrində intellektual orqazm yaşayanlar -  Ulucay Akif
31 iyul 2026
# 12:44

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Milyon dəfə demişəm, yenə deyirəm, kimsə "Şərq insanı-Qərb insanı" söhbəti edirsə, belə müqayisələr aparırsa, bilin ki, həmin adamın qandığı nəsə yoxdur, sadəcə özünü ağıllı göstərməyə çalışır.

Var mənim də tanıdığım elə adamlar, təxmini belə söhbətlər edirlər:

"Monteskyö "İran məktubları" əsərində iki iranlı səyyahın gözü ilə Fransa cəmiyyətini tənqid edir. Buna görə də Şərq insanı cahildir".

Nə dəxli var, ay qaqaş?

Belə məntiqi izahı olmayan söhbətlər edirlər.

"Şərq insanı" nə deməkdir?

Yaponlar da şərq insanıdır, əfqanlar da.

İndi deyirsən ki, yaponlarla əfqanlar eyni təfəkkürə, eyni xarakterə, eyni temperamentə malikdir?

Çinlilər də şərq insanıdır, ərəblər də.

Buyur, müqayisə elə görüm bu iki tamamilə fərqli milləti.

Mümkün deyil belə müqayisə.

Ümumiyyətlə, bütün millətlərin, toplumların, xalqların özünəxas xüsusiyyətləri olur. Bu xüsusiyyətlərin bir qismi genetik olur, bir qismi də yaşadıqları rejim tərəfindən formalaşdırılır.

Məsələn, 1996-cı ildə Əfqanıstanda Taliban hakimiyyəti ələ keçirənə kimi əfqanlar çox müasir xalq idi. Sovet adamları bunu daha yaxşı bilər.

İndi kim deyə bilər, əsl əfqanlar 1996-cı ilə kimi olan əfqanlar idi, yoxsa indiki əfqanlar?

Əfqanları bu hala yaşadıqları rejim saldı.

Həmçinin İran. 1979-cu ilə qədərki İran hara, indiki İran hara?

Bilirəm, siz yenə də avamlığınızdan qalmayacaqsınız. Kimsə "Şərq insanı-Qərb insanı" deyən kimi intellektual orqazm yaşayacaqsınız, amma məndən demək, belə şeylərə aldanmayın.

İki milləti, iki toplumu, iki xalqı müqayisə etmək üçün gərək ikisi də eyni şəraitə malik olsun.

Bir norveçli ilə fələstinlini müqayisə etmək olmaz.

Birinin başına hər gün bomba yağır, digəri isə xizək sürmək üçün dünya xəritəsinə baxıb maraqlı dağ axtarır.

Sən necə müqayisə edə bilərsən bu iki milləti?

Kimsə deyə bilər ki, "fərq elə bundadır, qərblilər özlərinə sakit, sabit dövlət qura bilib, şərqlilər yox".

Siyasətdən çayxana səviyyəsində başının çıxmağı da kifayətdir ki, Şərq ölkələrində (nəinki Şərq, həmçinin Afrika və Cənubi Amerika dövlətlərində) baş verən əksər müharibə, terror, siyasi və iqtisadi proseslərin güclü Qərb dövlətlərinin istəyi ilə gerçəkləşdiyini biləsən.

Buna rəğmən, şərqlilərin dövlət qura bilməməyi fikri ilə razılaşmıram. Təkrar etməli olacam: yaponlar da, çinlilər də şərqlidir. Məncə, Yaponiya və Çin dövlətlərinə şübhə ilə yanaşmayacağıq.

Yox, əgər "şərqlilər" deyəndə Yaxın Şərqi nəzərdə tutursunuzsa, burdan da müasir dövlət nümunələri çəkə bilərik. Məsələn, İsrail. Təhsili, elmi, səhiyyəsi, xalqın rifahı səviyyəsinə görə Avropa ölkələri ilə müqayisə oluna bilərmi? Bəli.

İsraili də Şərq saymamaq niyyətindəsiniz?

Hə, anladım, siz "şərqlilər" deyəndə ancaq ərəbləri nəzərdə tutursunuz?

Belə deyin də...

Düzdür, yəhudilərlə ərəblər, demək olar ki, eyni millətdir, bir kökdən gəlir, amma, təəssüf ki, bu mənada da haqlı çıxmayacaqsınız.

Ərəblərin Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman kimi dövlətləri var Yaxın Şərqdə.

Bu dövlətlər də elm, təhsil, səhiyyə, xalqın rifahı barəsində Avropa ölkələrinin böyük əksəriyyətini geridə qoyur. Buna nə deyəcəksiniz?

Bu dövlətlər, ən pis halda, coğrafi və iqlim göstəricilərinə görə hansısa Avropa ölkəsindən geridə qala bilər, amma hətta onu da aradan qaldırmağa çalışırlar. Səhranın ortasında turistik şəhərlər yaradırlar.

Sözümün canı odur ki, "Şərq insanı - Qərb insanı" ayrı-seçkiliyi etmək, fərqli millətləri, toplumları, xalqları müqayisə etmək doğru deyil.

Məsələn, belçikalı ilə hollandiyalını hansısa müstəvidə müqayisə etmək olar, çünki ikisi də təxmini eyni şərait və rejimdə yaşayır. Həmçinin omanlı ilə yəmənlini də müqayisə edə bilərsən. Argentinalı ilə braziliyalını, kambocalı ilə vyetnamlını... Amma qəfil iraqlı ilə isveçlini müqayisə eləsən, məni gülmək tutar.

Təsəvvür edin, iki uşağınız var. Birini məktəbə, kurslara göndərirsiniz, oxumağı üçün hər cür şərait yaradırsınız, digərini isə nə məktəbə-kursa göndərirsiniz, nə də kitab-dəftər alırsınız, sonra onların imtahan nəticələrini müqayisə edirsiniz.

"Şərqli-qərbli" müqayisələri də belə görünür.

"Coğrafiya taledir" kimi bir ifadə var.

Düşünürəm ki, ən böyük səhv insanı doğulduğu coğrafiyanın məhbusu hesab etməkdir. Elə bilirlər ki, kimsə Şərqdə doğulubsa, mütləq müəyyən xarakterə malik olacaq, Qərbdə doğulubsa, tamam başqa cür düşünəcək.

Halbuki insanı formalaşdıran təkcə xəritədəki yeri deyil. Onu təhsil, azadlıq, hüquq sistemi, iqtisadi imkanlar, yaşadığı siyasi rejim, ailəsi və aldığı tərbiyə formalaşdırır. Coğrafiya taleyə hökm etmir. İnsanları yalnız "şərqli" və ya "qərbli" olduqları üçün izah etməyə çalışmaq həm elmi baxımdan yanlışdır, həm də tənbəl düşüncə tərzidir.

# 164 dəfə oxunub

Oxşar xəbərlər

Gecələr yuxuma girərdi Allah - Adil Mirseyid

Gecələr yuxuma girərdi Allah - Adil Mirseyid

12:30 31 iyul 2026
"Ümid gələcəyi xatırlamaq, xoşbəxtlik isə keçmişi unutmaq sənətidir..." - Deni Didrodan sitatlar

"Ümid gələcəyi xatırlamaq, xoşbəxtlik isə keçmişi unutmaq sənətidir..." - Deni Didrodan sitatlar

12:00 31 iyul 2026
Mədəniyyət naziri Xalq artistini evində ziyarət etdi

Mədəniyyət naziri Xalq artistini evində ziyarət etdi

12:00 31 iyul 2026
Məşhur rejissor  ekranlara qayıdır -  12 ildən sonra

Məşhur rejissor ekranlara qayıdır - 12 ildən sonra

11:15 31 iyul 2026
Meksikada Çe Gevara və Fidel Kastronun abidələri bərpa ediləcək

Meksikada Çe Gevara və Fidel Kastronun abidələri bərpa ediləcək

11:00 31 iyul 2026
Haluk Levent işində daha 7 nəfər həbs edildi

Haluk Levent işində daha 7 nəfər həbs edildi

10:30 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər