Bir damcı su - Orxan İsmayılın hekayəsi

Bir damcı su - Orxan İsmayılın hekayəsi
31 iyul 2026
# 10:00

Kulis.az Orxan İsmayılın "Bir damcı su" hekayəsini təqdim edir.


Niderlandlı səyyahın dodaqları susuzluqdan çat-çat olmuşdu. Matarasındakı son damla da çoxdan tükənmişdi. Əgər bələdçinin "yaxınlıqdakı daxmalardan su taparıq" təminatı olmasaydı, o, çoxdan geri dönmüşdü.
- Demək, bu cəhənnəmin ortasında həqiqətən adam yaşayır? - o, alnının tərini silə-silə soruşdu.
Səhər hələ yeni açılsa da, qızmar günəş artıq onun arıq sifətini qızartmış, köynəyini bədəninə yapışdırmışdı.
- Bəli, - deyə bələdçi qısa cavab verdi, - həm də neçə nəsildir buradadırlar.

Bələdçi balacaboy adam idi; niderlandlının hər iri addımına qarşı o, iki addım atmalı olurdu. Amma qıvraq idi, qollarından, ayaqlarından güc yağırdı. Özü də niderlandlı kimi ingiliscəni səlis bilirdi.
- Axı bura fəaliyyətdə olan vulkandır, - deyə səyyah təəccübünü gizlədə bilmədi. - Bəs püskürmə başlayanda bu bədbəxtlərin halı necə olur?
Bələdçi təmkinlə izah etdi:
- Bu, çox nadir hallarda baş verir. Püskürmə olanda daha təhlükəsiz yerlərə çəkilirlər, hər şey yatışandan sonra isə yenidən yurd-yuvalarına qayıdırlar.
- İnanılmazdır! - deyə niderlandlı mızıldandı. - Yaxşı, bəs nə yeyib, nə içirlər? Burada dolanışığı necə təmin edirlər?
- Gündüzlər əkin-biçinlə məşğul olur, gecələr isə kömür hazırlayırlar.

Niderlandlı heyrətlə başını buladı:
- Nə qəribə həyat tərzidir...
Bələdçi onun bu heyrətinə gülümsəyib soruşdu:
- Ölkəmizə təzə gəlmisiniz?
- Üç aydır buradayam, - deyə səyyah cavab verdi. - Cakartada olurdum. Əslində, çoxdan vətənimə dönməliydim, amma bu Merapi vulkanının şöhrəti bütün planlarımı alt-üst elədi. Bu əzəmətli konusvari dağı öz gözlərimlə görmədən gedə bilməzdim.

Bu vaxt itlərin hürüşməsi sükutu pozdu. Bu, yaxınlıqda yaşayış nişanəsi, ən əsası isə bir qurtum suyun müjdəsi idi.
Düzənliyə çıxanda torpağa diz çökmüş kimi görünən alçaq bir daxma boylandı. Arıq, qabırğaları görünən bir it dişlərini qıcayaraq hürə-hürə onların yolunu kəsdi. Az keçmədən daxmanın küncündən yeddi-səkkiz yaşlı bir uşaq göründü; o, həm qorxu, həm də maraq dolu gözlərlə qəriblərə baxa-baxa yavaşca geri çəkildi.
Niderlandlı uşağa gülümsəyəndə, balaca da ona eyni səmimiyyətlə cavab verdi. Amma sanki birdən çılpaqlığından utandı; əlləri ilə belindən aşağısını örtməyə çalışıb, çevik bir hərəkətlə daxmanın pilləkənlərini qalxdı. Çox keçmədi ki, qapıda yenidən göründü. Bu dəfə onun ardınca qırmızı köynəkli, ucaboy bir gənc qız çıxdı.
Qız da uşaq kimi niderlandlını utancaq, bir qədər də ehtiyatlı baxışlarla süzürdü. Dağınıq, uzun saçları çiyinlərinə tökülmüşdü. Üzündəki məsum təbəssümlə barmaqlarını gəmirə-gəmirə bu qəribə adama baxırdı.

Səyyah bələdçiyə tərəf dönüb, daxmada suyun olub-olmadığını soruşmasını xahiş etdi. Bələdçi uşaqlarla yerli ləhcədə danışmağa başladı:
- Bizə bir az su verə bilərsinizmi?
Qız razılıq əlaməti olaraq başını tərpətdi:
- İndi gətirərəm, - deyib tələsik içəri qaçdı.
Kişilər həyətdəki bambuk skamyaya əyləşdilər. Niderlandlı oturan kimi balaca oğlan yenidən ona tərəf boylandı. Səyyah uşağın könlünü almaq üçün:
- Salam, balaca, adın nədir? - deyə soruşdu.
Uşaq cavab vermək əvəzinə, hər iki əli ilə yanaqlarını tutub utandığından daxmaya girdi. Amma maraq qorxuya qalib gəlirdi; bir neçə saniyə sonra onun qara, iri gözləri qapının arasından yenidən parıldadı.
- Ona bax! - niderlandlı heyrətlə dedi.
- Ömürlərində ilk dəfədir avropalı görürlər, - bələdçi izah etdi.
Bu vaxt qız qara gildən düzəldilmiş kasada su gətirdi. Əvvəlcə kasanı niderlandlıya uzatmaq istəsə də, birdən utandı, fikrini dəyişib onu bələdçiyə verdi. Bələdçi isə kasanı səyyaha ötürdü. Niderlandlı kasanın içinə şübhə ilə baxıb soruşdu:
- Səncə, içmək olar? Təmizdirmi?
- Onlar özləri bu suyu içirlər, - deyə bələdçi qısa cavab verdi.
Səyyah uşaqların ona necə ümidlə baxdıqlarını gördü. Elə bilirdilər ki, əgər o, suyu içməsə, bu onlara böyük təhqir olacaq.
- Yaxşı, - deyib kasanı dodaqlarına apardı.
İlk qurtumu udmadı, ağzında qarqara edib tüpürdü. İkinci, üçüncü dəfə də eyni şeyi etdi. Kasadakı suyun tən yarısını ağzını yaxalamağa sərf etdi. Onun quru torpağa tüpürdüyü su yerdə tünd bir ləkə buraxırdı. Suyun qalan yarısını isə birnəfəsə içdi. Sərin idi, bir az qəribə, amma xoş rayihəsi vardı. Qıza tərəf dönüb gülümsədi, barmağı ilə "bir dənə də" işarəsi verdi. Qız sevinclə başını tərpədib yenidən içəri yüyürdü, oğlan da onun ardınca.
Daxmaya girəndə qız pıçıldadı:
- Gör necə ağdır...
Oğlan da heyranlıqla əlavə etdi:
- Həm də necə böyükdür!
Niderlandlı gətirilən ikinci kasanın yarısını içib, qalanını bələdçiyə uzatdı. Bələdçi son qurtumu udan kimi, balaca oğlan qəfildən pillələrdən quş kimi süzülüb kasanı onun əlindən aldı. Sonra böyük bir həyəcanla səyyaha tərəf dönüb, şəhadət barmağını yuxarı qaldırdı; başını yuxarı-aşağı yelləyərək sanki: "Böyük ağ adam, bir az da istəyirsənmi?" - deyə soruşurdu.

Niderlandlı gülümsəyib razılıq əlaməti olaraq başını tərpətdi.
Uşaq elə bil dünyanı fəth etmişdi; qürurla pillələri qalxarkən bacısına baxıb acıq verə-verə dilini çıxartdı. Qayıdanda isə kasanı elə ehtiyatla tutmuşdu ki, sanki əlindəki su deyil, dünyanın bütün xəzinəsi idi. Dodaqlarını büzüb, gözlərini qıyaraq əlləri əsə-əsə dolu kasanı ağ adama təqdim etdi.
Niderlandlı üçüncü dəfə uzadılan o qara gildən kasanı alsa da, bu dəfə içmədi. Həyətin ortasına çıxıb suyu başına-üzünə çilədi, bir az sərinləyəndən sonra kasanı uşağa qaytarıb yenidən skamyada əyləşdi.

Bir az keçmişdi ki, həyətin o başından qadın səsi eşidildi. Başı örpəkli yaşlı bir qadın peyda oldu. Yad adamları görən kimi ayaq saxladı; üzündəki gərginlik, narahatlıq uzaqdan hiss olunurdu. Ancaq uşaqlar ona tərəf qaçıb nə isə deyəndən sonra qarı sakitləşdi, üzünün cizgiləri yumşaldı. Qadın onlara yaxınlaşıb ehtiramla baş əydi.
- Bizə su lazım idi, - deyə bələdçi dilləndi.
- Suyumuz var, - deyə qadın cavab verdi və dərhal qıza tərəf döndü: - Qonaqlara su gətir.
- Sağ ol, ana, uşaqlar sağ olsun, bizə kifayət qədər verdilər, - deyə bələdçi minnətdarlıq etdi.
Qadın bir az utanan kimi oldu:
- Doğrudan? Bağışlayın, uşaqdırlar, birdən sizə qarşı kobudluq edərlər...
- Narahat olmayın, hər şey qaydasındadır, - bələdçi onu arxayınlaşdırdı, - bir az nəfəsimizi dəririk.
Qadın uşaqlara baxıb köks ötürdü:
- Bunlar mənim nəvələrimdir. Yetimdirlar, ata-anaları üç il əvvəl rəhmətə getdi. İndi pənahları bircə mənəm.
Niderlandlının ona diqqətlə baxdığını hiss edən yaşlı qadın, sanki çirkli əllərindən utandı; hiss etdirmədən əllərini solğun ətəyinə sildi. Sonra bələdçidən soruşdu:
- Yolunuz haradır?
- O, vulkana qalxmaq istəyir, - bələdçi səyyahı göstərdi.
- Oraya niyə qalxmaq istəyir ki? - qadın təəccüblə soruşdu.
- Qonağımızdır, - deyə bələdçi izah etdi, - şəkil çəkmək istəyir, buraları gəzir.
- Hə, eləmi... - qadın başını yellədi. - Ona de ki, bizi bağışlasın, ancaq su verə bildik. Əgər bir az gözləyə bilsəniz, ocağa düyü qoyaram, bir qarın çörək yeyərsiniz.
Səyyah söhbətin ondan getdiyini anlayıb maraqla soruşdu:
- Xanım nə deyir?
- Deyir ki, uşaqlar sizi evə çağırmayıb deyə xəcalət çəkir. Təklif edir ki, bir az gözləyəsiniz, sizin üçün düyü qaynatsın.
- Yox, yox! - niderlandlı əlləri ilə etiraz etdi. - Ona çox sağ ol de, təşəkkürümü çatdır.
Bələdçi onun sözlərini qadına deyəndə qarı gülümsədi:
- Yaxşı, onda heç olmasa yolçuluq üçün su götürün. Hava od püskürür, yolda susayarsınız.
Ardından bələdçinin əlindəki boş su qabını alıb bir söz demədən daxmaya qalxdı. Az sonra geri dönəndə qabı bələdçiyə uzatdı:
- Buyurun, sərindir.

Niderlandlı ayağa qalxıb əlini cibinə saldı, minnətdarlıq əlaməti olaraq bir az xırda pul çıxarmaq istədi. Lakin yaşlı qadın dərhal başını buladı, qaşlarını düyünləyib narazılığını bildirdi. Səyyah utandığından əlini yavaşca geri çəkdi; pul əvəzinə səmimiyyətlə gülümsəyib ehtiramla təzim etdi. Uşaqlarla əl yelləyib vidalaşdı və açıq sahədən uzaqlaşmağa başladı. Bir neçə addımdan sonra dayanıb geriyə baxdı: üçü də hələ də onun ardınca baxırdı, arıq itləri isə torpağın üstünə tüpürdüyü o tünd ləkəni yalayırdı.
Bir xeyli yol getdilər. Bələdçi daxmadan iki kilometr aralıda olduqlarını desə də, niderlandlıya elə gəlirdi ki, saatlardır yol gedirlər.

Vulkanın zirvəsi göy üzünə dikilmiş əzəmətli bir qüllə tək qarşılarında dayanmışdı. Səyyah dağ havasını ciyərlərinə çəkdikcə özünü bu sonsuz genişliyin bir parçası kimi hiss edirdi. kamerasını çıxarıb müxtəlif bucaqlardan bu möhtəşəm mənzərəni lentə almağa başladı. Sonunda bələdçinin dincəldiyi yerə qayıdıb heyranlıqla dedi:
- Bu torpağın gözəlliyi ilə nə qədər öyünsəniz, azdır!
- Günorta oldu, - bələdçi isə laqeydliklə cavab verdi. - Ac qalsaq, gözəllik də yaddan çıxacaq.
Onlar sükut içində yeməklərini yedilər. Yarım saat keçməmişdi ki, niderlandlı qayıtmaq vaxtının çatdığını bildirdi.
- Əgər bir az da yuxarı qalxmağa gücünüz çatarsa, - bələdçi təklif etdi, - geri dönmək üçün daha mənzərəli bir yol tanıyıram.
- Yolu göstər, gedək, - səyyah razılaşdı.
Onlar bir müddət dərin dərənin kənarı ilə yuxarı qalxdılar, nəhayət, aşağı aparan dar bir cığır tapıb enməyə başladılar. Buradakı ağaclar dağın ətəyindəkilərdən daha nəhəng, yarpaqları isə daha yaşıl, daha təravətli idi. Meşənin sükutunu vəhşi göyərçinlərin həzin və məlahətli səsi pozurdu.
Dərənin dibinə çatanda niderlandlı qarşı yamacın kölgəsində toplaşmış bir qrup insan gördü. Daşın üstündə əyləşmiş qoca bir kişi, qumun üstündə diz çökmüş qadınlar və çınqıllarla oynayan uşaqlar... Bir qədər aralıda, yamaca söykədilmiş uzun bambuk borular diqqət çəkirdi.
- Bu adamlar burada nə edirlər? - niderlandlı heyrətlə soruşdu. - Bəs o bambuklar nə üçündür?
- Növbə gözləyirlər, - bələdçi təmkinlə cavab verdi. - O borularla su daşıyırlar.
- Su? - səyyah heyrətlə ətrafına boylandı. - Axı buralarda sudan əsər-əlamət yoxdur.
- Buranın adı "Tetesan"dır, - bələdçi izah etdi. - Bizim dildə "Damcılar" deməkdir. Minlərlə adamın su tapmaq üçün pənah gətirdiyi yeganə yerdir.

Niderlandlı maraqla irəli yeridi. Yanından keçdiyi adamların suallı baxışlarına gülümsəyərək cavab verdi və suyun mənbəyini axtarmağa başladı. Gördüyü mənzərə onu sözün əsl mənasında sarsıtdı.

Qayanın dibində, sərt daşın bağrında kiçik bir quyucuq oyulmuşdu. Amma su quyudan qaynamırdı. Qayanın yuxarı təbəqələrində toplanan nəm damcı-damcı süzülür, oradan enli bir banan yarpağının üstünə düşərək nazik bir şırnaqla quyucuğa axırdı. Banan yarpağı elə ustalıqla yerləşdirilmişdi ki, zəif damcıları bir yerə toplayıb can verirdi. Bu dirilik suyu qayanın çatlarından və ağac köklərinə sarmaşan yaşıl mamırlardan süzülən o kiçik, büllur damcılardan yaranırdı.

Səyyah quyudan gözünü çəkib geriyə boylandı. İnsanlar hələ də ona baxır, bu qəribə adama nəzakətlə gülümsəyirdilər. Birdən uşaqların arasından beldən aşağısı çılpaq bir oğlan qəfildən sıyrılıb çıxdı və ildırım sürətilə quyuya tərəf qaçdı. Bir əlində hindqozu qabığı tutmuşdu, o biri əlinin şəhadət barmağını isə havada oynadırdı. Boynunu büküb başını yuxarı-aşağı yelləyir, sanki köhnə bir tanışını görmüş kimi sevinirdi.

Niderlandlı durub uzun-uzadı ona baxdı. Birdən-birə kürəyindən çiyinlərinə doğru qaynar qanın axdığını hiss etdi, üzü alışıb yandı. Boğazına elə bir hıçqırıq, elə bir qəhər dolmuşdu ki, ömründə belə yanğı hiss etməmişdi. Titrəyən ağ əli uşağın bükülmüş çiyninə toxundu. Səyyah uşağın onun dilini anlamadığını tamamilə unudaraq, çaşqınlıqla dilləndi:
- Demək, o qədər yolu piyada qət edib, suyu buradan daşıyırsan, hə?..

Təəccüblü olsa da, uşaq onu anladı. Üzündə dünyalar qədər geniş bir təbəssüm açıldı, başını təkrar-təkrar yellədi. Hətta sevincindən gözləri işıldadı. Qadınlara, dostlarına tərəf fəxrlə baxdı; bu nəhəng, ağbəniz adamın onu tanıyıb dindirməsindən qürurlanmışdı.

Sonra uşaq bir az aralıda dayanan, öz boyundan iki dəfə uzun bambuk borunu qucaqlamış o qırmızı köynəkli, uzunsaçlı qıza işarə etdi. Qız boruya bərk-bərk sarılmışdı; barmaqlarını ağzına aparıb utancaq, amma məsum bir baxışla gülümsəyirdi.

Niderlandlı bu mənzərənin qarşısında donub qalmışdı. Daşdan süzülən damcıların bu insanların həyatı üçün necə böyük bir xəzinə olduğunu indi dərk edirdi. O, bu səssiz sarsıntını yaşayarkən, bələdçi ona yaxınlaşıb pıçıltı ilə soruşdu:
- Şəkil çəkmək istərdinizmi?

(Dekabr, 2025-ci il)

# 89 dəfə oxunub

Oxşar xəbərlər

"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

15:00 30 iyul 2026
İşıq da elə su kimidir - Qabriel Qarsia Markesin hekayəsi

İşıq da elə su kimidir - Qabriel Qarsia Markesin hekayəsi

10:00 30 iyul 2026
Don Kixot -  Etimad Başkeçidin pyesi - Üçüncü pərdə

Don Kixot - Etimad Başkeçidin pyesi - Üçüncü pərdə

12:00 28 iyul 2026
Görünməz divar - Yeni hekayə

Görünməz divar - Yeni hekayə

16:30 27 iyul 2026
Vitiliqo - Şahin Səmədovun hekayəsi

Vitiliqo - Şahin Səmədovun hekayəsi

11:30 25 iyul 2026
Xəbər gözləyərkən - Yeni hekayə

Xəbər gözləyərkən - Yeni hekayə

16:00 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər