Tanınmış yazıçı: “Ağac əkmək roman yazmaqdan maraqlıdır” - Müsahibə

<span style="color:red;">Tanınmış yazıçı:  “Ağac əkmək roman yazmaqdan maraqlıdır” - <span style="color:red;">Müsahibə
26 aprel 2019
# 17:23

Tanınmış yazıçı Məmməd Orucun yaradıcılığında “Köçürülmə” romanının xüsusi yeri var. Müəllif 1948–1951-ci il­lərdə Qərbi Azərbaycan torpaqlarından zorla köçürülən həmvətənlərimizin fa­ciəsindən bəhs edən “Köçürülmə” romanından danışır.

– Məmməd müəllim, öncə “Köçürülmə”nin mövzusu və yaranma tarixçəsindən danışaq. Əsəri nə vaxt yazmağa başla­dınız? 1980-ci illərin sonlarında Ermənistanda yaşayan soy­daşlarımızın başına gətirilən faciələrin romanın yazılması­na nə dərəcədə təsiri oldu?

– “Köçürülmə” mənim uşaqlığımın tarixçəsidir və əslində, bu romanımda Amerika-zad açmamışam, uşaqlıq illərimi xronoloji ardıcıllıqla “ipə-sapa” düzmüşəm. Niyə? Çünki acınacaqlı məqamlarla dolu bu hadisələr məni həmişə düşündürüb. Səksəninci illərin sonlarında “Köçürülmə”ni tamamlamaqla sanki ürəyimi boşaltdım. Əsərin yazılma tarixinə gəlincə, bunu müəyyən bir çərçivəyə sala bilmərəm. Çünki “Köçürülmə”ni bir roman kimi başlayanda bu əsərdə motivlərindən ara-sıra istifadə etdiyim “Göz dağı” povestini bitirmişdim və “İntizardan sonra” kitabımı da çap etdirmişdim, romana ayrıca fəsil kimi əlavə etdiyim “Şanqo” povesti də artıq hazır idi. Yeri gəlmişkən, “Şanqo” povest kimi yalnız Moskvada rus dilində çıxan “Rəqs melodiyası” kitabımda çap olunmuşdu. Yəqin ki, “Şanqo” vaxtında Azərbaycanda, Azərbaycan dilində çap olunsaydı, mən onu ayrıca fəsil kimi “Köçürülmə” romanına daxil etməzdim. Ermənistanda yaşayan soydaşlarımızın dədə-baba yurdlarından didərgin salınması isə məni neçə illərdən bəri rahatlıq verməyən əhvalatları bədii əsər kimi yazmağa istiqamətləndirdi. Yeri gəlmişkən, bu zaman artıq Krım tatarlarının Krımdan, Ahıska türklərinin Ahıska ellərindən sürgün olunması sovet mətbuatı üçün yasaq mövzu sayılmırdı. Qorbaçovun “yenidən­qurması” sel kimi gəlirdi. Sel isə, təəssüf ki, yalnız səngiyəndən sonra durulur və yalnız onda bilirsən ki, bu sel özüylə nə aparıb, nə gətirib...

– Romanın yazılma prosesi necə oldu? Onu nə qədər müddətə tamamladınız?

– İki aylıq məzuniyyət götürüb Yurmalaya Yaradıcılıq evinə getdim və elə bu iki ay ərzində də romanı tamamladım. Yadım­dadır, hətta elə gün olurdu ki, 10-15 səhifə yazırdım. Çünki, nəsə uydurmağa ehtiyac yox idi – gördüklərimi, yaddaşımda olanları yazırdım. Buna ruslar “povestvovaniye” deyirlər. Amma əlyazmanı “Karvan” jurnalında oxuyanlar janrı həcminə görə müəyyənləşdirib “bu, romandı” dedilər.

– “Köçürülmə” bir xalqın, etnosun dərdini əks etdirən ağrı romanıdır. Hə­min ağrını romanlaşdırmaq sizin üçün nə dərəcədə çətin oldu?

– Məncə, insanı iş-gücünü atıb yazmağa vadar edən elə ağrıdı. O cümlədən məni də qələmi əlimə almağa həmişə yalnız ağrı vadar eləyib.

– Oxucuların çoxu ən uğurlu əsərinizin “Oyun havası” olduğunu düşünür. “Köçürülmə”, sizcə, o biri əsərlərinizə nisbətən diqqətdən kənar qalmayıbmı?

– Bəzi oxucularla müəyyən mənada həmrəyəm. “Köçürülmə”yə gəlincə, roman, güman etdiyiniz kimi, o qədər də diqqətdən kənar qalmayıb – “Karvan” jurnalında çap olunan il M.F.Axundov mükafatına layiq görülüb. Bu, sıradan bir təltif deyildi. Arxasında 2500 manat pul dururdu və o dövr üçün bu heç də az məbləğ deyildi. İkincisi, Azərbaycan yazıçılarının X qurultayında roman təqdir olundu. Nəsr üzrə məruzəçi Vilayət Quliyev onun haqqında ətraflı bəhs elədi.

– Bəzi oxucuların fikrincə, əsərin müəyyən yerlərində sanki bir qədər uzunçuluq var; məsələn, sovet buğası – Şanqo ilə bağlı hissədə sovet hökumətinin mahiyyətini ifşa edən təfərrüatları nümunə gətirə bilərik...

– Bu gün özüm də romanı yeni gözlə varaqlayanda lüzumsız parçalar görürəm, amma sovet buğası – Şanqo ilə bağlı fəsil, məncə, romanın ən uğurlu yeridir.

– “Köçürülmə”ni indi yazsanız, orada nələri dəyişər, nələri əlavə edərdiniz?

– “Köçürülmə”ni indi yazsaydım, üç paralel aparardım: azərbaycanlılarla yanaşı, Krım tatarlarının, Ahıska türklərinin deportasiyasını da bu romanda qələmə alardım və bu üç toplumun nümayəndələrini Orta Asiya çöllüklərində görüşdürərdim. Çünki hər üç deportasiyanın səbəbi eynidi. Səbəb eynidirsə, nəticə fərqli ola bilməz.

– Əsas obrazlardan biri olan Almurad əsərdə deyir ki, Vedi torpağı əvvəl-axır bu gün zorla köçürülən adamları yenidən başına yığacaq. Ümumiyyətlə, torpağın, məkanın hansısa mistikası ola bilərmi?

– Hər şey göz qabağındadır. Bu gün sonsuz çətinliklərə baxmayaraq Krım tatarları, Ahıska türkləri yurd-yuvalarına qayıdırlar... Elə isə Azərbaycan türkləri nədən Qərbi Azərbaycana qayıtmasınlar? Krım tatarlarını, Ahıska türklərini bu gün doğma ocağa qaytaran nədir? Məncə, qan yaddaşı heç də gəlişigözəl bir söz deyil, gerçəklikdi.

– Vedidən çıxanda neçə yaşı­nız var idi və yadınızda ən çox nələr qalıb?

– Mən 1947-ci ilin martında doğulmuşam. Bizi Vedidən 1951-ci ilin payızında deportasiya eləyiblər. Bu fəslin dəqiq yadımda qalması atamın köç-külfətimizlə bir yerdə Daşburun stansiyasına gətirdiyi armud yeşikləri ilə bağlıdır. Atam o armuddan bizə vermirdi, stansiyada satırdı ki, dolanışıq üçün pul eləsin.

– “Köçürülmə” romanının girişində bir daşdan söz açırsınız. O daş indi də sizə nələrisə yazdırır?

– O daş yazıçı təxəyyülünün bəhrəsi – uydurma-filan deyil. Həqiqətən, köçürülmə ərəfəsində deyirdilər ki, gedəcəyiniz yerdə daş yoxdur. Mən də o daşı götürmüşdüm ki, yeni məkanımızda əlimə qoz, fındıq düşsə, sındıra bilim. Amma doğrusu, ümumiyyətlə, daha heç nə yazmaq istəmirəm, bir ağac böyütmək mənim üçün hər şeydən maraqlıdı.

– Romanın motivləri əsasında film çəkilsə, sizcə, nə dərəcədə uğurlu olar?

– Məncə, bu, rejissordan asılıdı. Türklərin eyni mövzuda çəkdikləri “Sürgün” serialı çox maraqla qarşılanmışdı. Yeri gəlmişkən, hələ roman gündəmdə olanda rejissor Rasim İsmayılov romanın ssenari variantını yazıb o vaxtkı bədii şuraya təqdim etmişdi, amma ömür ona aman vermədi. Ssenari, yəqin, indi arxivində qalar. Hər halda, film çəkilsə, yaxşı olardı. İnternet və telekanallar, təbii olaraq, oxucuları əlimizdən aldı, elə bizim özümüzü də tamaşaçıya çevirdi.

– Bir qədər öncə dediniz ki, daha heç nə yazmaq istəmirsiniz, bir ağac böyütmək sizin üçün daha maraqlıdı, amma son üç ildə iki roman çap etdirmisiniz: “Qısa qapanma” və “Qara güzgü”...

– ...“Qara güzgü”, əslində, “Köçürülmə”nin əvvəli, “Qısa qapanma” isə müəyyən mənada ardıdır. Amma gəlin görək, bu iki romanı redaktorları, korrektorları çıxmaq şərtiylə on-on beş adam oxuyubmu? Hərdən fikirləşi­rəm, görən, biz niyə yazırıq? Necə deyərlər, əgər qaloş geyinən yoxdursa, qaloş fabriki nəyə lazımdır? Amma yox, mən bədbin deyiləm, söz dünyası xiridarlardan xali deyil. Bir də ki yalnız yazılan qalır. Əbədi olan da yalnız ədəbiyyatdır.

"Aydın yol" qəzeti

# 2861 dəfə oxunub

Müəllifin son yazıları

# # #