Topal dovşanın Konnektikut səfəri – DOQQUZ HEKAYƏNİN İKİNCİSİ

Topal dovşanın Konnektikut səfəri – DOQQUZ HEKAYƏNİN İKİNCİSİ
29 mart 2017
# 13:19

Kulis.az məşhur Amerika yazıçısı Cerom David Selincerin “Doqquz hekayə” silsiləsindən ikinci hekayəsi “Topal dovşanın Konnektikut səfəri”ni (Uncle Wiggily in Connecticut) təqdim edir.

LAYİHƏ: DOQQUZ HEKAYƏ

Meri Ceyn axır ki, Eliozanın evini axtarıb tapanda saat üç olardı. Və Elioza onu qarşılamaq üçün küçə qapısına çıxanda dil-ağız eləməyə başladı ki, hər şey lap yaxşı gedirdi, yolu lap dəqiqliklə xatırlayırdı, amma bu Merrik Parkueydən dönən kimi yolu azdı.

– Merrik yox ey, Merrit Parkuey, ay körpə! – Elioza onun səhvini düzəltdi və xatırladı ki, axı o, qabaqlar düz iki dəfə burada olub, amma Meri Ceyn birdən içini çəkərək «salfet» deyə nə isə mızıldanıb öz maşınına tərəf cumdu. Elioza dəvə yunundan olan paltosunun yaxalığını qaldırdı, arxasını küləyə qarşı çevirib gözlədi. Meri Ceyn üz-gözünü salfet ilə silə- silə dərhal geri qayıtdı, amma bunun elə bir xeyri olmadı, çünki sifətindəki pərişan, hətta kirli görkəm yenə də silinmədi. Elioza gülə-gülə bildirdi ki, andır yemək də yandı, qızardılmış ət də, o birisi də onlara qismət olmadı. Meri Ceyn isə dedi ki, narahat olmağa dəyməz, mən yolda yemişəm. Hər ikisi bir yerdə evə tərəf yollananda Elioza Meri Ceyndən soruşdu ki, nə əcəb onu bu gün işdən buraxıblar. Meri Ceyn cavab verdi ki, yox, elə deyil, əslində, onu işdən buraxmayıblar, sadəcə olaraq, mister Ueynburq yırtıq olub və indi Larçmontda öz evində oturur, buna görə də indi onun işi hər axşam ona məktub gətirmək və ondan idarəyə məktub aparmaqdır. Və ardınca Eliozadan soruşdu ki, «bu yırtıq nə olan şeydir?» Elioza əlindəki siqareti palçığa qarışmış qarın üstünə atıb tapdaladı və dedi ki, dəqiq bilmir, ancaq Meri Ceyn narahat olmaya bilər: yoluxucu xəstəlik deyil. Meri Ceyn «Oh!» deyə içini çəkdi və onlar evə girdilər.

İyirmi dəqiqədən sonra, hər ikisi qonaq otağında əllərindəki ilk qədəhləri qurtarmaq üzrə idilər və vaxtı ilə kollecdə bir yerdə oxuyan, yataqxanada bir otaqda qalan köhnə tələbə rəfiqələr kimi bir-birilərinin sözünü kəsə-kəsə söhbət edirdilər. Onları bir-birinə bağlayan tellər daha güclü idi: heç biri kolleci başa vura bilməmişdi. Elioza kolleci ikinci kursda, 1942-ci ildə, yataqxananın üçüncü mərtəbəsində ağzı bağlı liftin içində bir əsgərlə bir yerdə yaxalanandan bir həftə sonra atmalı olmuşdu. Meri Ceyn də kolleci elə həmin ildə, həmin kursda, bəlkə də, elə həmin ayda atıb. Florida ştatındakı Ceksonvil hərbi aviasiya məktəbinin kursantına ərə getmişdi. Missisipi ştatının Dill şəhərindən gəlmiş və lap uşaqlıqdan təyyarə dəlisi olan bu arıq oğlan Meri Ceynlə evli olduğu üçcə ayın ikisini, hərbi patrul serjantını bıçaqladığına görə, həbsxanada yatmışdı.

– Yox, – Elioza deyirdi, – dəqiq yadımdadır, o kürən idi. – Divanda uzanıb arıq, amma qəşəng qıç- larını bir-birinin üstünə aşırmışdı.

– Mən eşitdiyimə görə, sarışın imiş, – Meri Ceyn təkrar elədi. O, göyümtül kresloda oturmuşdu. – Adı nədir onun... axı o and içirdi ki, sarışındır.

– Yox bir! – Elioza əsnədi. – O rəngləyəndə mən özüm də o otaqdaydım. Noldu? Orada siqaret qurtardı?

– Narahat olma, özümdə hələ bir dolusu var, – Meri Ceyn dedi. – Harada qaldı bu? – deyə çantasını qurdaladı.

– Bu gic mürəbbiyə ilə bilmirəm də neyləyim, – Elioza uzandığı yerdən tərpənmədən dedi. – Bir saat bundan qabaq ağzı təzəcə açılmış iki bloku gözünün qabağında bura qoymuşdum, indi gələcək ki, bunları neyləyim. Lənətə gəlsin onu, harada qaldım?

– Teringerdə, – Meri Ceyn onun yadına saldı və öz siqaretindən birini çıxarıb alışdırdı.

– Hə, hə, elədi. Tamam yadıma düşdü. Frenk Henke ilə toylarından qabaqkı gecə mənim yanımda rənglədi. Henke yadına gəlir?

– Gəlir nədir? Üst-başı cındırlının biriydi. Həm də yaman pinti oğlan idi.

– Pinti nədir? İlahi, o lap yuyulmamış Bela Luqoşinin özüydü, durmuşdu.

Meri Ceyn başını geri atıb qəhqəhəylə güldü.

– Yaman dedin! – deyə öz qədəhinə tərəf əyildi.

– Qədəhini bəri ver, – Elioza yalın, corablı ayaqlarını döşəməyə uzadıb durdu. – Lənətə gəlsin bu gic mürəbbiyəni, heç bilirsən onu bizimlə buraya, bağa gətirmək üçün nə qədər əziyyət çəkdim? Bu gic-gicəni razı salmaq üçün az qaldı Leonu da onu öpməyə məcbur edəm. İndi tamam peşman olmuşam... Ehey, bunu haradan tapmısan?

– Bunu? – Meri Ceyn boğazındakı kameliya broşunu göstərərək soruşdu. – Bu ki məndə elə o vaxtdandır, tələbəlikdən. Anamdan qalıb.

– İlahi, – Elioza əlində boş qədəhlər, ah çəkdi. – Görən, mənə haçan belə fərli şey bağışlayan olacaq? Demirəm, bəlkə, Leonun anası ölüb-eləyə, – ay öldü ha! – bəlkə ondan mənə yadigar bir şey qala. Qədim buzdeşən mildən-zaddan. Özü də üstü yazılı!

– İndi necə, onunla yola gedə bilirsənmi?

– Sən zarafat elə! – Elioza mətbəxə girəndə dedi.

– Mən daha içməyəcəyəm. Bax bu axırıncısıdır ha! – Meri Ceyn onun dalınca qışqırdı.

– Elə şey yoxdur. Kim kimə zəng eləyib? Kim iki saat gecikib? Məni bezdirməyənəcən səni buradan buraxan deyiləm. Cəhənnəm olsun sənin işin də, karyeran da.

Meri Ceyn başını yelləyə-yelləyə uğunub getdi, amma Elioza bunu görmədi, o artıq mətbəxdə idi.

Meri Ceyn otaqda tək oturmaqdan bezən kimi ayağa qalxdı, pəncərəyə tərəf gəldi. Pərdəni araladı, pəncərənin çərçivəsindən yapışmaq istəyərkən, barmaqlarının qara hisə bulaşdığını hiss eləyib, əlini geri çəkdi, onu o biri təmiz əlinə silib, bir az kənara çəkildi. Bayırda zığ-zımırtaq şaxtadan buz bağlayırdı. Meri Ceyn pərdələri çəkib örtdü, göyümtül kresloya tərəf qayıtdı. Ağzına kimi dolu olan iki kitab rəfinin böyründən keçəndə, dönüb oradakı kitabların heç adlarına da baxmadı. Oturdu, çantasını açdı, oradan güzgüsünü götürüb dişlərinə baxdı. Dodaqlarını qapayıb, dilini üst damağına bərk-bərk sürtüb, bir də güzgüdə diqqətlə özünə baxdı.

– Bayırda bir şaxta düşüb, – arxaya çevrilərək dedi. – Aman Allah, nə tez hazır oldu! Sodayla qarışdırmısanmı?

Elioza hər əlində bir qədəh dayandı, hər iki şəhadət barmağını tapança lüləsi kimi irəli uzadıb dedi:

– Heç kəs yerindən tərpənməsin! Hamınız mühasirəyə alınmısınız!

Meri Ceyn gülə-gülə əlindəki güzgünü kənara qoydu. Elioza əlində qədəh yaxına gəldi, Meri Ceynin qədəhini əli əsə-əsə stolun üstünə qoydu, özününkünü isə əlində saxladı. Təzədən divana sərələndi.

– Bilirsən heç o burada nə işlə məşğuldur? – dedi.

– Zırpı, qara yancaqlarını yumşaq yerə basıb, bütün günü «İfşa»nı oxuyur. Soyuducunun buzluğunu çıxardanda əlimdən yerə düşdü. Mənə elə tərs-tərs baxdı ki, elə bil ona borcum var.

– Bax bu axırıncısıdır ha, daha içməyəcəyəm, – Meri Ceyn qədəhini yuxarı qaldırıb dedi. – Aa, qu- laq as. Bilirsən keçən həftə kimi gördüm? «Lord ənd Teylor» univermağında?

– Hmm, – Elioza dedi və başının altındakı yastığı rahatladı. – Yəqin, Akim Tamirovu?

– Kimi? – Meri Ceyn təəccübləndi. – O kimdir elə?

– Akim Tamirov. Kinoda oynayır. Yaman məzəli də danışığı var: «Şən elə hər şeyi zarafata basırsan». Yaman xoşum gəlir ondan... Bu xarabada rahat bir yastıq da tapa bilmirsən. Hə, bəs sən kimi görmüşdün?

– Ceksonu. Yadındadır o qız...

– Hansı Ceksonu deyirsən?

– Psixologiya kursunda bizimlə oxuyan vardı e, həmişə də...

– Onların elə ikisi də psixologiya kursunda bizimlə oxuyurdu.

– Elədir. O nəhəng...

– Marsiya Luiza. Mən də ona bir dəfə rast gəlmişəm. Yaman uzunçudur, sənin də zəhləni tökdü, eləmi?

– Hələ soruşursan da! Bilirsən nə deyirdi? Doktor Uaytinq ölüb. Dedi ki, Barbara Hilldən məktub alıb. O yazıb ki, doktor Uaytinq keçən yay xərçəngdən ölüb. Yazıq qadının altmış ikicə funtluq çəkisi qalıbmış öləndə. Dəhşətdir, elə deyilmi?

– Yox.

– Elioza, sən lap daşürəkli olub getmisən.

– Hmm. Başqa nə danışdı?

– Hə. Avropadan təzəcə qayıtmışdı. Əri haradasa Almaniyada-filan qulluq eləyirmiş. O da onun yanındaymış. Deyirdi, qırx yeddi gözlü bir evdə yaşayırmışlar, orada onlardan başqa bir ailə və onacan xidmətçi varmış. Özünün də ayrıca minik atı. Onların mehtəri vaxtıyla Hitlerin yaxın adamıymış. Ona da at minmək-filan öyrədirmiş. Sonra da başladı bir zənci əsgərin onu orada az qala necə zorlamaq istədiyindən danışmağa. Univermağın içində, camaatın ən gur yerində bunları mənə elə həvəslə danışırdı... Özün ki onu yaxşı tanıyırsan. Dedi ki, həmin əsgər ərinin sürücüsü imiş. Və bir gün səhər-səhər onu harasa bazara-filana aparanda... Dedi, qorxudan özümü elə itirmişdim ki, heç...

– Bir dəqiqə, bağışla, – Elioza həm başını, həm də səsini qaldırdı.

– Ramona, sənsən?

– Mənəm, – körpə uşaq səsi cavab verdi.

– İçəri girəndən sonra qapını ört, yaxşımı? – Elioza qışqırdı.

– Ramonadır? Uy, onu görməkdən ötrü burnumun ucu göynəyir. Gör mən nə vaxtdan...

– Ramona, – Elioza gözlərini qapayıb bərkdən çağırdı. – Get mətbəxə, qoy Qreys çəkmələrini çıxartsın.

– Yaxşı, – Ramona dedi. – Gəl gedək, Cimmi.

– Oy, bircə onu görsəydim! – Meri Ceyn dedi.

– Ah, aman Allah! Bir gör neylədim! Bağışla, sən canın, El.

– Boşla. Boşla getsin, – Elioza dedi. – Bu andır xalı onsuz da məni boğaza yığıb. Dayan, təzədən süzüm.

– Lazım deyil. Görmürsən, yarıdan çoxu hələ qa- lıb! – Meri Ceyn qədəhini qaldırıb ona göstərdi.

– Doğrudan? – Elioza dedi. – Onda bir siqaret ver görüm.

Meri Ceyn siqaret qutusunu ona uzadaraq dedi:

– Bircə onu görsəydim! İndi kimə oxşayır? Elioza kibrit çəkdi.

– Akim Tamirova.

– Yaxşı da! Zarafatsız.

– Leoya. Leonun lap özüdür. Qayınanam da gələndə, hər üçü üçəm doğulmuş quzulara oxşayırlar, – Elioza yerindən tərpənmədən, əlini stolun o başındakı iç-içə yığılmış külqabı dəstinə uzatdı. Lap üstdəkini ehmalca götürüb qarnının üstünə qoydu.

– Gərək bir it saxlayam, spaniel-filan, – dedi, – onda heç olmasa, bu ailədə biri də mənə oxşayardı.

– Onun gözləri indi necədir? – Meri Ceyn soruşdu. – Yenə də pis görmür ki?

– İlahi! Mən haradan bilim!

– Yəni, deyirəm, eynəksiz görə bilirmi? Gecə birdən ayaqyoluna-zadına gedəndə bəs neyləyir?

– Heç sənə deyərmi ki! Başdan-ayağa sirr dağarcığıdır.

Meri Ceyn kresloda geriyə çevrildi.

– Salam! Xoş gördük, Ramona! – dedi. – Nə qəşəng donun var! – əlindəki qədəhi yerə qoydu. – Yəqin, sən heç məni tanımadın da, Ramona.

– Necə yəni tanımadı? Bu xala kimdir, Ramona?

– Meri Ceyn, – Ramona qaşına-qaşına dedi.

– Afərin! – Meri Ceyn dedi. – Ramona, məni öp görüm.

– Bəsdir, elə eləmə! – Elioza Ramonaya dedi. Ramona əlini yanından çəkdi.

– Ramona, öpmək istəmirsən məni? – Meri Ceyn soruşdu.

– Mən adamla öpüşməyi xoşlamıram. Elioza hirslə fısıldadı. Sonra soruşdu:

– Cimmi hanı?

– Budey.

– Cimmi kimdir? – Meri Ceyn Eliozadan soruşdu.

– Sən bilməzsən. Bunun istəkli kavaleridir. Hara gedir, bununla gedir. Bu neyləyir, o da ondan eləyir. Lap böyük adamlar kimi.

– Doğrudan? – Meri Ceyn vəcdlə soruşdu. Qabağa əyildi. – Ramona, sənin kavalerin də var?

Ramonanın qalın eynək şüşələri arxasından baxan gözlərində Meri Ceynin səsindəki vəcddən əsər-əlamət belə hiss olunmadı.

– Xala səndən söz soruşur, Ramona, – Elioza dedi.

Ramona barmağını xırda, amma enli burnuna soxdu.

– Çək əlini! – Elioza qışqırdı. – Xala səndən soru- şur ki, kavalerin varmı?

– Var, – Ramona burnunu qurdalaya-qurdalaya dedi.

– Ramona! – Elioza ciddiləşdi. – Sənlə deyiləm?! Çək əlini!

Ramona əlini çəkdi.

– Yox, bu çox maraqlı işdir, – Meri Ceyn dedi.

– Adı nədir onun? Ramona, onun adını mənə deyərsənmi? Yoxsa, bu da sirdir?

– Cimmi, – Ramona dedi.

– Cimmi? Oh, nə yaxşı, bu ad mənim çox xoşuma gəlir. Cimmi nə, Ramona? Bəs familiyası?

– Cimmi Cimmerino, – Ramona dedi.

– Düz dur, – Elioza dedi.

– Yaxşıdır. Familiyası da yaxşıdır. Bəs o Cimmi indi haradadır? Mənə deyə bilərsənmi, Ramona?

– Burada, – Ramona dedi.

Meri Ceyn ətrafına göz gəzdirdi, sonra qayıdıb bic-bic gülümsünə-gülümsünə Ramonanın üzünə baxdı.

– Axı buranın harasında, əzizim?

– Burada da, böyrümdə, – Ramona dedi. – Mənim əlimdən tutub.

– Heç nə qana bilmirəm, – Meri Ceyn əlindəki qədəhin son qurtumlarını içən Eliozaya üzünü tutdu.

– Mənə tərəf baxma, – Elioza dedi.

Meri Ceyn yenə üzünü Ramonaya çevirdi.

– Aaa! Bildim. Deməli, sən özündən kiçik bir oğlan uydurmusan. Afərin! – Meri Ceyn nəvazişlə ona tərəf əyildi. – Necəsən, Cimmi?

– O səninlə danışmaz, – Elioza dedi. – Ramona, xalaya danış görək Cimmi necə oğlandır.

– Nəyi danışım?

– Düz dayan da... Xalaya de görək Cimminin görkəmi necədir?

– Yaşıl gözləri, qara saçları var.

– Daha nə deyə bilərsən?

– Anası da yoxdur, atası da.

– Daha nə?

– Üzündə çili də yoxdur.

– Daha nə?

– Qılıncı var.

– Daha nəyi?

– Bilmirəm, – Ramona yenə qaşınmağa başladı.

– Nə gözəl oğlandır! – Meri Ceyn dedi. Bir az da aşağı əyildi. – Ramona, de görüm siz içəri girəndə Cimmi də çəkmələrini çıxartdımı?

– Onunku uzunboğaz çəkmədir, – Ramona dedi.

– Aləmdir ki bu! – Meri Ceyn Eliozaya dedi.

– Elə bilərsən. Səhərdən axşamacan buna əsəb tab gətirər? Yeyəndə də Cimmi, yatanda da Cimmi, çiməndə də Cimmi. Yatanda da çarpayının bir qırağında yatır ki, yuxuda çevrilib onu əzməsin.

Bütün bunlara həm təəccüblə, həm də maraqla qulaq asan Meri Ceyn alt dodağını dişlədi, sonra soruşdu:

– Bu adı haradan tapıb?

– Cimmi Cimmerinonu? Allah bilir.

– Yəqin, qonşuluqda bu adda oğlan-filan var. Elioza əsnəyə-əsnəyə başını buladı.

– Qonşuluqda o yaşda oğlan uşağı yoxdur. Ümumiyyətlə, uşaq deyilən şey yoxdur. Hamısı da mənə

«Qonşu xanım, monşu xanım» deyirlər. Əlbəttə, üzümə yox...

– Ana, – Ramona dedi, – həyətə düşüb oynamaq istəyirəm.

Elioza onun üzünə baxdı.

– Elə indicə gəlmədin? – dedi.

– Cimmi həyətə düşmək istəyir.

– Nədən ötrü?

– Qılıncı yadından çıxıb orada qalıb.

– Lənət şeytana. Yenə bu Cimmi, yenə bu qılınc!

– Elioza deyindi. – Yaxşı. Get. Amma çəkmələrini də geyin.

– Bunu götürüm, olar? – Ramona yanıq kibrit çöpünü külqabıdan götürərək dedi.

– Götürüm yox, götürsəm. Olar. Küçəyə çıxma ha!

– Hələlik, Ramona! – Meri Ceyn nəvazişlə uzatdı.

– Hələlik, – Ramona dedi. – Gedək, Cimmi. Elioza qəfil yerindən sıçradı. Səndirlədi.

– Qədəhini bəri ver, – dedi.

– Yox, El. Lazım deyil. Axı mən indi Larçmontda olmalıyam. Mister Ueynburq elə mehriban adamdır ki, onu incitmək...

– Zəng elə, de ki, səni öldürüblər. Di yaxşı, o zəhrimarı bəri ver görüm.

– Yox, vallah, El. Bayırda şaxta yaman bərkiyir. Maşında antifriz də tamam qurtarıb. Bilirsən, əgər indi...

– Qoy donsun. Götür zəng elə. De ki, ölmüsən, – Elioza dedi. – Ver görüm.

– Yaxşı... Hanı telefon?

– Odey orada, – Elioza boş qədəhləri götürüb nahar otağına tərəf getdi. – Bax orada.

Nahar otağının qapısında birdən büdrədi, ayağı nəyəsə ilişdi. Meri Ceyni gülmək tutdu.

– Onu deyirəm ki, Uoltu sən yaxşı tanımırdın?

– Elioza dedi. Saat beşə on beş dəqiqə işləmişdi və Elioza döşəmədə, xalının üstə uzanıb qədəhini xırda, lap oğlan döşləri kimi yastı döşlərinin arasına qoymuşdu. – Heç kim məni onun qədər güldürə bilməzdi. Doyunca, ürəkdən... – Meri Ceynə tərəf baxdı. – O gecə yadındadırmı, bizim axırıncı gecəmiz, o gicbəsər Luiza Hermanson da Çikaqodan aldığı qara lifçiyi əyninə taxıb, lüt-üryan içəri dürtülmüşdü ha?

Meri Ceyn qaqqıldadı. O, üzüqoylu divanda uzanıb, Eliozanı görsün deyə çənəsini divanın başlığına söykəmişdi. Qədəhi isə xalının üstə di. Əlini uzatsaydı, çatardı.

– Yalnız o məni bu cür güldürə bilirdi, – Elioza dedi. – Yanımda olanda da beləydi, telefonla danışanda da. Hətta məktublarını oxuyanda da gülməkdən ölürdüm. Ən qəribəsi də bu idi ki, o heç vaxt buna – baməzə görünməyə qəsdən can atmırdı. Onda hər şey təbii alınırdı. Sadəcə, məzəli oğlan idi, – başını dikəldib Meri Ceynə tərəf boylandı. – Eyy, oradan bir siqaret tulla.

– Əlim çatmır, – Meri Ceyn dedi.

– Çatmır, heç çatmasın, – Elioza yenə gözlərini yuxarıya, tavana zillədi. – Bir dəfə, – dedi, – yerə yıxıldım. Adətən, mən onu yataqxananın lap böyründəki avtobus dayanacağında gözləyirdim, bu dəfə, nədənsə, gecikdi, gəlib çıxanda isə avtobus tərpəndi. Biz də onun dalınca qaçdıq, mən yıxıldım, topuğum burxuldu. O dedi: «Ay mənim topal do- vşanım!» Topuğumu deyirdi. Ona həmişə «yazıq topal dovşanım» deyirdi. İlahi, necə yaxşı oğlan idi.

– Leoda yumor hissi yoxdur məgər? – Meri Ceyn soruşdu.

– Nə?

– Deyirəm, Leoda yumor hissi yoxdur məgər?

– İlahi, mən haradan bilim? Bəlkə də, var. Karikaturaya baxanda gülüb-eləyir, – Elioza başını dikəltdi, qədəhini sinəsindən götürüb bir qurtum içdi.

– Fikir vermə, – Meri Ceyn dedi. – Əsas məsələ bu deyil. Yəni demək istəyirəm ki, bunsuz da ötüşmək olar.

– Axı nəsiz?

– Belə də... Özün bilirsən nəsiz. Gülməyi-filan deyirəm.

– Bunu kim özündən uydurub? – Elioza soruşdu.

– Kim deyir ki, bunsuz da ötüşmək olar? Bura bax, məgər biz rahibə-zadıq? Adama elə deyib-gülmək qalacaq.

Meri qaqqıldadı və:

– Yox, sən dəhşətsən, vallah, – dedi.

– İlahi, heç bilirsən necə gözəl oğlan idi, – Elioza dedi. – Həm mədəni, həm də şirin. Körpə uşaq şirinliyi-filan yox eyy. Bu nə isə ayrı cür şirinlik idi. Bilirsən, bir dəfə neylədi?

– Yoox, – Meri Ceyn dedi.

– Bir dəfə qatarla Trentondan Nyu-Yorka gəlirdik. Onda orduya təzəcə çağırılmışdı. Vaqon yaman soyuq idi və ikimiz də mənim paltoma bürünmüşdük. İndiki kimi yadımdadır, onda mən altdan Coys Morronun köynəyini geyinmişdim. Yadındadır, onun qəşəng mavi bir alt köynəyi vardı e, bax onu.

Meri Ceyn başı ilə təsdiqlədi, ancaq Elioza ona tərəf baxmırdı və bunu görmədi.

– Hə, nə isə, qatarda birdən necə oldusa, əlini qarnımın üstünə qoydu. Özün bilirsən də. Sonra qəfildən mənə qayıtdı ki, sənin qarnın o qədər qəşəngdir ki, deyirəm, kaş indi bir zabit içəri girəydi və mənə əmr edəydi ki, o biri əlimi pəncərədən çıxarıb bayırda saxlayım. Deyirdi, istəyirəm hər şey ədalətlə olsun. Sonra tezcə əlini qarnımdan çəkdi və yanımızdan ötən bələdçiyə dedi ki, utanmayın, başınızı dik tutun! Onu başa saldı ki, bu dünyada onun ən çox zəhləsi getdiyi şey adamın öz iş paltarından utanmağıdır. Bələdçi isə ona ancaq «get, yat» dedi... – Elioza bir anlığa susdu və sonra: – Bilirsən, iş onun nə dediyində deyildi, necə dediyində idi. Başa düşürsən?

– Leoya onun barəsində bir şey danışmısan? Ümumiyyətlə, bu barədə...

– Eh! – Elioza mızıldandı. – Bir dəfə danışmaq istədim. Amma onun ilk sözü bu oldu ki, rütbəsi nə idi?

– Doğrudan, rütbəsi nə idi?

– Ha! Çox vacib imiş belə?

– Yox, eləcə mən onun...

Elioza qəfil vəhşicəsinə güldü.

– Bilirsən bu haqda bir dəfə o mənə nə dedi? Dedi ki, orduda tədricən onun da rütbəsi arta bilər, amma hamıdan fərqli olaraq, tamam əks istiqamətdə. Dedi ki, məsələn, ona ilk rütbə veriləndə poqonuna nişan tikmək əvəzinə, köynəyinin qolundan azca kəsib atacaqlar. Bu minvalla general rütbəsinə çatanacan təmiz lüt qalmalı olacaq. Əynində paltar adına, bəlkə də, göbəyinin üstündəki tək bircə mis düymə qala, – Elioza yuxarı boylanıb Meri Ceynə baxdı, o bu dəfə gülüb-eləmirdi. – Noldu, deyəsən, bu sənin üçün gülməli olmadı?

– Niyə ki? Gülməlidir. Ancaq başa düşmürəm ki, sən bunları niyə öz ərinə danışmırsan?

– Niyə? Çünki o, qanmazın, heyvərənin biridir. Ona görə, – Elioza dedi. – Bir də ki... qulaq as, gör nə deyirəm, işgüzar xanım. İşdir, bir də ərə getməli olsan, çalış ərinə heç nə danışma. Eşidirsən?

– Nə üçün?

– Çünki mən bunu deyirəm, – Elioza dedi. – Çünki onlar elə bilirlər ki, haçansa, kimsə, tanış olduğun bütün oğlanlar sənin ancaq ürəyinə dəyiblər, həyatını korlayıblar. Zarafatsız. Daha doğrusu, danışa da bilərsən, ancaq səmimi yox, heç vaxt. Onlar haqqında heç vaxt səmimiyyətlə danışma. İşdir, desən ki, səni vaxtilə gözəl bir oğlan istəyib, onda hökmən əlavə et ki, gözəl olsa da, onun bu gözəlliyi şit idi, qadın gözəlliyini xatırladırdı. Və yaxud desən ki, keçmiş tanışın dilavər, hazırcavab oğlan idi, onda hökmən əlavə et ki, bu bədbəxt həm də zəvzəyin, zəhlətökənin biri idi. Bu cür eləməsən, onda onlar hər dəfə fürsət düşən kimi, o yazığı sənin başına qaxacaqlar. Lağa qoyacaqlar səni, – Elioza sözünə də, içməyinə də ara verib fikrə getdi. – Uf! – dedi. – Düzdür, əvvəlcə sənə çox canıyananlıqla qulaq asa-caqlar. Özlərini də elə göstərəcəklər ki, guya hər şeyi yaxşı başa düşürlər, amma hərif olma, aman vermə ki, sonra səni lağa qoysunlar. Mən deyənləri sırğa elə, qulağından as, yoxsa onlara inanıb hər şeyi olduğu kimi danışsan, ömrün boyu cəhənnəm əzabı çəkəcəksən. Bildin?

Kefi tamam pozulan Meri Ceyn başını divanın qırağından qaldırdı və rəngarənglik xatirinə qollarına dirsəklənib, çənəsini ovuclarının içinə aldı. Eliozanın məsləhəti barədə fikrə getdi.

– Leoya küt deməyə adamın dili gəlməz.

– Kimin dili gəlməz?

– Yəni doğrudanmı o kütdür? – Meri Ceyn sadəlövhcəsinə soruşdu.

– Eh... – Elioza dedi. – Bəsdir, boşboğazlıq elədik. Buraxaq bu söhbəti. Daha da qanını qaraldıram. Sən mənə fikir vermə.

– Bəs onda ona niyə ərə gedirdin? – Meri Ceyn dedi.

– Allah bilir. Mən nə bilim. Mənə deyirdi ki, Ceyn Ostini sevir. Deyirdi onun romanları həyatda ona çox şey verib. Hə, hə, elə beləcə də deyirdi. Biz evlənəndən sonra isə məlum oldu ki, onun heç bircə kitabını da oxumayıb. Bilirsən onun ən sevimli yazıçısı kimdir?

Meri Ceyn başını buladı.

– L. Menninq Vays. Heç adını eşitmisən?

– Yoox.

– Mən də eşitməmişəm. Heç kim eşitməyib. Alyaskada acından ölən dörd nəfər haqqında kitab yazıb. Leo heç kitabın adını da yadına sala bilmir, ancaq ömründə bu qədər gözəl yazılmış kitab oxumayıb! İlahi, bu adam özündən o qədər müştəbehdir ki, bu cür adi bir şeyi də boynuna almaq istəmir. Boynuna almaq istəmir ki, bu kitabdan xoşu gəlməyinin bircə səbəbi var, o da onun, haradasa bataqlıqda-zadda tək-tənha qalıb, acından ölən dörd nəfərdən danışmağıdır. Yox, bu adam gərək öz savadını arvadına göstərsin: «Üslubu gözəldir».

– Sən lap kökündən vurursan, – Meri Ceyn dedi.

– Bu qədər dərinə getmək nəyə lazım? Bəlkə, doğrudan yaxşı kitabdır.

– Yaxşı-zad deyil, inan mənə, – Elioza dedi. Nə isə bir anlığa fikrə getdi, sonra əlavə elədi: – Sən heç olmasa bir yerdə işləyib-eləyirsən. Nə iləsə məşğulsan...

– Yaxşı, bura bax, – Meri Ceyn onun sözünü kəsdi. – Bəlkə, söz düşəndə Uoltun öldüyünü ona deyəsən, hə? Mən bilən, o bilsə ki, Uolt ölüb, səni bir də ona qısqanmaz. Elə deyil?

– Ah, mənim əzizim! Ah, sadəlövh, dünyadan xəbərsiz körpə! – Elioza dedi. – Bilsə, lap pis! Daha da rəzilləşəcək! Qulaq as. O, indi bircə bunu bilir ki, mən haçansa Uolt deyilən bir adamla, baməzə, çox hazırcavab bir əsgərlə dostluq eləmişəm. Ölsəm də Uoltun öldüyünü ona demərəm. Heç ölsəm də! Əgər deməli olsam, onsuz da deyən deyiləm, yenə də, əgər deməli olsam, onda hökmən deyərəm ki, o, döyüşdə ölüb.

Meri Ceyn başını qaldırdı, çənəsini qollarına sürtdü.

– El... – dedi.

– Hm?

– Onun necə öldüyünü bəs mənə nə üçün danışmırsan? And içirəm ki, heç kimə deməyəcəyəm. Nəyə deyirsən, and içim. De də, nolar!

– Olmaz.

– Xahiş eləyirəm. Allah haqqı, heç kimə deməyəcəyəm.

Elioza qədəhini içib qurtardı, boş qədəhi sinəsinin üstünə qoydu.

– Akim Tamirova-filan deyəcəksən, – dedi.

– Yox, deməyəcəyəm. Vallah, heç kimə...

– Yaxşı, – Elioza dedi. – Onların polku haradasa istirahətə dayanıblarmış. Döyüşdən sonraymış, ya əvvəl, bilmirəm, dostu məktubda mənə belə yazmışdı. Uolt başqa bir əsgərlə yapon plitkasını yeşiyə qablaşdırırmış. Polkovnikləri onu öz evinə göndərmək istəyirmiş. Bəlkə də, bir şeyə bükmək üçün yeşikdən çıxarırmışlar, dəqiq bilmirəm. Nə isə, o andır heç demə benzinlə doluymuş, elə əllərindəcə partlayıb. O biri oğlanın ancaq bir gözü kor olub, – Elioza hıçqırmağa başladı və iki əli ilə sinəsindəki boş qədəhdən yapışdı ki, düşüb sınmasın.

Meri Ceyn divandan sürüşüb düşdü, dizi üstə Eliozaya tərəf üç addım atıb, onun başını sığallamağa başladı.

– Ağlama, El, – dedi. – Ağlama!

– Ağlayan kimdir? – Elioza dedi.

– Bilirəm, ancaq ağlama. Lazım deyil. Olan olub, keçən keçib.

Qapı açıldı.

– Ramonadır, yəqin, – Elioza burnunda mızıldandı. – Sən canın bağışla məni, mümkünsə, dur keç mətbəxə, adı nədir onun... ona de ki, qızı bir az tez yedirtsin. Yaxşımı?

– Yaxşı, yaxşı. Söz ver ki, daha ağlamayacaqsan. Söz verirsən?

– Söz verirəm. Di get. Bu halda mən o andır mətbəxə girmək istəmirəm.

Meri Ceyn ayağa duranda bir balaca səndirlədi. Sonra özünü düzəldib otaqdan çıxdı.

Heç ikicə dəqiqə keçməmiş, qaça-qaça içəri girən Ramonanın dalınca otağa qayıtdı. Ramona dabanlarını var gücü ilə yerə döyə-döyə qaçır, bağı açılmış çəkmələri ilə daha çox səs-küy salmağa çalışırdı.

– Qoymur çəkmələrini çıxarım, – Meri Ceyn dedi. Hələ də arxası üstə döşəmədə uzanılı qalan Elioza dəsmalı ilə ağız-burnunu silirdi. Dəsmalı ağzından götürmədən Ramonaya dedi:

– Çıx bayıra, Qreysə de ki, çəkmələrini çıxarsın. Sənə deməmişəm ki, ayaqqabılı içəri girmək...

– O, ayaqyoluna girib, – Ramona dedi.

Elioza dəsmalı kənara qoydu, sonra birtəhər qalxıb oturdu.

– Ayaqlarını bəri elə görüm, – dedi. – Otur, o birini... Ora yox, bu yana. İlahi!

Siqaret üçün dizi üstə stolun altına iməkləyən

Meri Ceyn dedi:

– Eyy! Bilirsən Cimmiyə nə olub?

– Yox. O birini ver. O biri ayağını.

– Qəzaya uğrayıb, – Meri Ceyn dedi. – Gör başına nə gəlib yazığın!

– Boz it ağzında sümük aparırdı, – Ramona Eliozaya dedi.

– Nə olub Cimmiyə? – Elioza ondan soruşdu.

– Küçədən keçəndə maşın vurub, o da ölüb. Gördüm ki, boz it ağzında sümük aparır, o da...

– Alnını bəri elə görüm, – Elioza əlini qaldırıb onun alnına qoydu.

– Bir az qızdırman var. Get Qreysə de, sənə yuxarıda yemək versin. Sonra da birbaşa yatağa! Bir azdan özüm də gələcəm. Di qaç, mənim balam. Bunları da özünlə götür.

Ramona yavaş-yavaş, addımlarını gen ata-ata otaqdan çıxdı.

– Birini də mənə tulla, – Elioza Meri Ceynə dedi.

– Gəl birini də içək.

Meri Ceyn siqareti Eliozaya uzatdı.

– Sən bir buna bax! Cimminin ölməyini gör necə uydurub! Bunun fantaziyasına bax!

– Hmm. Yenə süzməyə gedirsən? Ondansa butulkanı bura gətir... Mən ora girmək istəmirəm. Xaraba təmiz portağal iyi verir.

Səkkizə beş dəqiqə işləmiş telefon zəng çaldı. Elioza pəncərənin önündəki divandan qalxdı, qaranlıqda ayaqları ilə sürütmələrini axtardı. Tapa bilmədi. Ayaqyalın, corablı ehmalca, səndirləyib-eləmədən telefona tərəf addımladı. Zəngin səsi divanda ağzı üstə yatmış olan Meri Ceyni oyada bilmədi.

– Alo, – Elioza yuxarıkı işığı da yandırmadan dəstəyi götürdü. – Bu gün sənin dalınca gələ bilməyəcəyəm. Meri Ceyn buradadır. Maşını qapının lap ağzında dayanıb, yolu tamam kəsib, açarı da tapa bilmir. Çıxmaq mümkün deyil. Düz iyirmi dəqiqə açar axtarmışıq, bu qarın-palçığın içində. Bəlkə, səni Diklə Mildrod gətirə, hə? – qulaq verdi. – Ooh! Hayıf, çox hayıf, körpə! Nolar, kişilər, cərgəyə düzülün, marş evə. Ancaq aradabir əmr elə: bir-iki, bir-iki, sol! Əla komandir çıxar səndən! – yenə qulaq verdi. – Yox, dolamaq-zad fikrində deyiləm, – dedi.

– Ciddi sözümdü. Danışığım belədir, – dəstəyi asdı.

Qonaq otağına qayıdanda yerişini azca itirmişdi. Pəncərənin önündə butulkanın dibini qədəhinə boşaltdı. Bir barmaq boyda. Birnəfəsə başına çəkdi, üşəndi və oturdu.

Qreys nahar otağının işığını yandıranda Elioza dik atıldı. Yerindən durmadan Qreysin dalınca qışqırdı:

– Saat səkkizəcən nahar eləməyəcəyik, Qreys. Mister Uenqler bu gün bir az gecikəcək.

Qreys nahar otağının astanasında dayandı, işıq ona arxadan düşürdü.

– Xanım getdimi? – soruşdu.

– Yox, buradadır, dincəlir.

– Belə, – Qreys dedi. – Missis Uenqler, mümkünsə, ərim bu gecə burada gecələsin, olarmı? Mən yatan otaqda yer də var. Səhər tezdənə qədər Nyu-Yorka qayıtmaya bilər, həm də bayırda hava çox soyuqdur.

– Ərinizmi? Hanı o?

– Elə burada, – Qreys dedi, – mətbəxdədir.

– Yox, Qreys, bu gecəni o burada qala bilməz.

– Mem...

– Dedim ki, burada qala bilməz. Mən burada mehmanxana-zad açmamışam.

Qreys bir anlığa susdu. «Oldu, mem» deyib mətbəxə qayıtdı.

Elioza qonaq otağından çıxdı, pilləkənlərlə yuxarı qalxdı, nahar otağındakı lampadan buraya azacıq işıq düşürdü. Ramonanın çəkmələrinin bir tayı pilləkənin başında düşüb qalmışdı. Elioza əyilib onu götürdü, var gücü ilə sürahidən üzüaşağı tulladı. Çəkmə döşəməyə dəyib boğuq səslə şappıldadı.

Ramonanın otağında işığı yandırdı və yıxılacağından qorxurmuş kimi o, düymədən yapışıb durdu. Bir müddət beləcə dayanıb Ramonaya baxa-baxa qaldı. Sonra əlini işıq düyməsindən çəkib, tələsik çarpayıya yaxınlaşdı.

– Ramona. Oyan. Oyan görüm.

Ramona çarpayının lap o biri qırağına çəkilib yatmışdı. Tərpənsəydi, yıxılacaqdı. Eynəyini səliqə ilə qatlayıb, şüşələri yuxarı xırda gecə stolunun üstünə qoymuşdu.

– Ramona!

Qızcığaz hövlnak oyandı, içini çəkdi. Gözləri bərəldi, ancaq o saat da qıyıldı.

– Anaa?

– Bəs sən deyirdin Cimmi Cimmerino maşının altda qalıb, ölüb?

– Nə?

– Eşitmirsən nə deyirəm? – Elioza dedi. – İndi niyə qıraqda yatırsan?

– Ona görə, – Ramona dedi.

– Nəyə görə, Ramona. Sənnən...

– Ona görə ki, Mikini əzməkdən qorxuram.

– Kimi?

– Mikini, – Ramona burnunu ovuşdura-ovuşdu- ra dedi. – Miki Mikerannonu.

Eliozanın səsi ərşə qalxdı:

– Keç ortaya! Tez ol. Yoxsa... Keç görüm!

Ramona qorxudan büzüşmüş halda anasına baxa-baxa qalmışdı.

– Deməli, belə, – Elioza Ramonanın ayaqlarından yapışıb, onu çarpayının ortasına sürüdü.

Ramona nə əl-qol atır, nə də ağlayırdı. Anasının onu dartışdırmağına mane olmasa da, özü də daş kimi hərəkətsiz qalmışdı.

– Di yat! – Elioza ağır-ağır nəfəs alırdı. – Yum gözlərini... Eşitmirsən? Yum onları!

Ramona gözlərini yumdu.

Elioza durdu, divara yaxınlaşdı, işığı söndürdü. Ancaq qapıdan çıxanda dayandı. Uzun müddət yerindən tərpənmədi. Sonra, qəfil qaranlıqda gecə stoluna tərəf cumdu, dizini çarpayının ayağına çırpdı, ancaq isti-isti heç bir ağrı hiss eləmədi. Ramonanın eynəyini götürdü, onu ikiəlli yanaqlarına sıxdı. Gözlərindən axan yaş eynəyin şüşələrini islatdı. «Mənim çolaq dovşanım» deyə-deyə hıçqırmağa başladı. Axırda, eynəyi qaytarıb üzüaşağı stolun üstünə qoydu.

Səndirləyə-səndirləyə aşağı əyilib, Ramonanın yorğanının qıraqlarını qatlayıb onun altına yığmağa başladı. Ramona yatmamışdı, ağlayırdı, özü də bayaqdan ağlayırdı. Elioza yaş dodaqları ilə onun dodaqlarından öpdü, saçlarını gözünün üstündən araladı və otaqdan çıxdı.

Pilləkənlərlə aşa-aşa birtəhər aşağı düşdü. Meri

Ceyni oyatdı.

– Nədir? Nolub? Kim? – Meri Ceyn hövlnak qalxıb, divanda dik oturdu.

– Meri Ceyn... Qulaq as. Xahiş edirəm, – Elioza burnunu çəkə-çəkə dedi. – Yadındadır, birinci kursda mənim bir donum vardı, yadındadır, qəhvəyi rəngli, üstündə də sarı-sarı zolaqlar. «Boyz»dan almışdım. Miriam Boll da dedi ki, indi Nyu-Yorkda belə don geyinən yoxdur, dəb deyil. Mən də bütün gecəni oturub hönkür-hönkür ağladım, – Elioza Meri Ceynin çiyinlərini qucaqladı. – Mən onda qəşəng idim, eləmi? – yalvarıcı səslə dedi. – Eləmi, Elioza!

Banan balığının asan ovlanan günü-DOQQUZ HEKAYƏNİN BİRİNCİSİ

# 1653 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #