Cəlil Məmmədquluzadə: “Qiyamət günü Mirzə Fətəli bizi haradan tapacaqdır?”

Cəlil Məmmədquluzadə: “Qiyamət günü Mirzə Fətəli bizi haradan tapacaqdır?”
9 sentyabr 2013
# 11:00

Mən külli ədyanı[i] puç və əfsanəhesab edirəm.

M. F. Axundov.

Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.

Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.

Bununla bərabər bu nəsihət bəndəyə burada daxil deyil, o səbəbə ki, mən Mirzə Fətəlinin barəsində nəinki çox yazmaq, bəlkə heç az da yazmaq xəyalında deyiləm. Mənim məqsədim ancaq üç-dörd sətirdən ibarət bir yüngülcə yadavərlikdir[ii]. Mənim məqsədim həmin üç-dörd sətirdə elə bir mühüm məsələ barəsində söhbət açmaqdır ki, mənim bu balaca məqaləm dəxi bu məsələyə ancaq bir sərlövhə təbir oluna bilər.

Söhbətimiz – Mirzə Fətəlinin dinlər barəsində əqidəsi məsələsinə dairdir.

Hərçənd Mirzənin vəfatının əlli illiyi münasibətilə bu yavıqda, keçmiş mart ayında tərtib olunan məclislərdə və habelə məcmuə və qəzetlərdə Mirzənin dinsizliyi barədə az-çox məlumat verildi və lakin əzbəs ki, məsələ özü xeyli əhəmiyyətlidir, mart ayı günlərində danışılan və yazılan məruzə və məqalələri kafi hesab edib dayanmaq olmaz; bu xüsusda çox danışmaq lazım gəlir.

Keçək söhbətimizin mövzusuna.

Mirzə Fətəlinin vəfatının şahidləri və rəvnləri yazıblar və rəvayət ediblər ki, onun namazına, təlqininə və təşyii-cənazəsinə[iii] dostlarından və əqrəbasından daduran olmadı. Ta o yerə kimi ki, onu Tiflis qəbiristanında quyulamaq üçün dörd nəfər hanbal apardı. Və bir rəvayətə görə, mərhumu canişinin dörd nəfər kazak əfradı[iv] aparıb torpağa tapşırdı.

Bəhər-hal Mirzə Fətəlinin cənazəsi sahibsiz qaldı. Bu keyfiyyət onu tanımaq arzusunda olanlar üçün maraqlı və təvəccöh etməlidir.

Mirzənin tək bircə dramnəvisliyi avam camaatın nəzərində elə bir günah sayıla bilməzdi ki, onun mərasimi-dəfninə iman əhlləri yavıq düşməyə idilər. Yaxud əlifbanın təbdili yolunda təlaş etməklə Mirzə Fətəli yenə müsəlmanların belə şiddətli nifrətini qazana bilməzdi.

Səhihdir, mərhum qadın məsələsinə də yanaşmışdı: onun səhnə əsərlərində, tək bircəsi müstəsna olmaqla (“Kimyagər”), müsəlman qadınları teatr səhnəsində kişilərlə danışırlar və şübhə yoxdur ki, buna o əsrin müsəlmanları xoşhal ola bilməzdilər, - və lakin Mirzə Fətəlini laməzhəb adlandırırdılar. Yenə nə səbəbdən?

Diqqət etməli burasıdır ki, Oktyabr inqilabınadək Mirzənin tərcümeyi-halından rəvayət edənlər bu barədə heç bir isnad və işarə eləməyiblər və onun dinsizliyindən söhbət düşəndə, bir müəyyən dəlil və sübut göstərməyiblər. Mərhumun dinsizliyini onun əsərlərinin heç biri ilə təsdiq, mərbut tutmayıblar.

Doğrudur, komediyalarının bəzi yerlərində mövhumata etiqad etmək, xariqüladə hadisəyə inanmaq kimi səfahəti mərhum ədibimiz səhnədə mövqeyi-məzhəkəyə qoyubdur: belə ki: “Mösyö Jordan” əsərində Dərviş Məstəlişahın cadu fırıldağına Şərəbanıxanım və Şərəfnisə xanım inanıb, fırıldaqçı dərvişi yüz bacaqlı ilə yola salırlar. Habelə “Kimyagər” pyesində kovdan nuxalılar şarlatan Molla İbrahim Xəlilin iksirinə və şeytanın fəsadına etiqad edirlər və yenə “Aldanmış kəvakib”də Şah Abbas ulduzların sədəmeyi-üzmasından xof edir və hətta sərdar Zaman xanın kəvakib ilə müxalifət etməkdə ağlı heç bir əlacdan qasir görünür...

Aşkardır ki, Mirzə mərhumun cəmi söylədiyimiz “günah”ları kafi ola bilməzdi ki, onun dost və əqrəbası onu mürtəd və laməzhəb hesab edib onun dirisindən də, ölüsündən də üz çöndərsinlər, çünki Mirzənin əsrində onun təb olunub intişar tapan əsərlərinin heç birində bindən və etiqaddan bəhs olunmur.

Bu barədə Firudin bəy Köçərli müəllimimiz öz kitabında Mirzənin əqidəsi barəsində bir müxtəsərcə məlumat verir. Firudin bəy yazır: “Axundov azadəfikirli, saf əqidəli, əqli-səlimə itaət edici bir vücud olduğu üçün çoxları onu bidin və laməzhəb adlandırıb, təkfir edirmişlər. Əqidəsi ucundan onun ən yaxın dostları və əqrəbası axırda ondan üz döndərib, iba etmişlər[v]. Vəfatından təşyii-cənazəsinə və namazına bir kəs gəlməyib, dörd nəfər hanbal artıq əhatənlə ol mərhumun tabutunu məzarıstana aparıb, namazsız, duasız və təlqinsiz dəfn etmişlər...”.

Bunu görək mülahizə etmək ki, burayadək yenə məsələnin bu bir cəhəti qaranlıqda qalır və bilmək olmur ki, aya Mirzə Fətəlini laməzhəb adlandıranların və onun dəfnindən iba edənlərin əllərində nə sübut var imiş və onun laməzhəbliyini müəyyən bir əsərindənmi, ya camaat içində apardığı vəz nə təbliğatdamı görürmüşlər?

Ancaq indi bizə məlum olur ki, Mirzə Fətəli Axundovun haman əsəri ki, müəllif orada din və etiqaddan bəhs edir və öz əqidəsini hər bir dindən və ayindən azad qələmə verir, həmin əsər hərçənd ki, o zaman təb və nəşr olunmamışdı və oluna da bilməzdi, bununla bahəm[vi] o əsərin varlığı və məzmunu Mirzənin müasirlərinə, dost və aşnasına məlum idi.

O əsərin adı – iki şahzadənin bir-biri ilə mükatibəsidir. Haman əsərdir ki, 1924-cü ildə Bakıda “Yeni türk əlifbası komitəsi” tərəfindən təb və nəşr olunudur.

Ancaq indi Mirzə Fətəlinin təvəllüdübdən yüz ildən bir qədər də artıq, vəfatından əlli il keçəndən sonra bizə məlum olur ki, mərhumun bir böyük dərdi var imiş ki, öz sağlığında onu ucadan bir kəsə deyə bilmirmiş və axırda ürəyinin dərdini öz dilindən yox, öz adı ilə yox, Hindistan şahzadəsi Kəmalüddövlənin dilindən söyləyibdir. Yəni: “bax bu sözü mən demirəm, bunu Kəmalüddövlə deyir”.

Və təbiidir, burada din və ayinə əl uzadılır, Allahın varlığı və yoxluğu söhbəti ortalığa gəlir və bu sözü o vaxt danışmaqmı olardı ki, onu yazmaq da və nəşr etmək də mümkün olsun?

Mirzə Fətəlinin vəfatının əlli illiyi münasibətilə “Qızıl qələm cəmiyyəti”nin Şəki şöbəsi tərəfindən nəşr olunmuş yubiley nömrəsində, Tiflisdən “M. Q.” Imzalı bir məktubda bu barədə belə rəvayət olunur: “Fanatizm və din ilə mübarizəyə gəlincə o (Mirzə Fətəli) ümid edirdi ki, Hindistan prinsi[vii] Kəmalüddövlənin məktubu ilə birinci zərbəni dinə vuracaq və bu məqsəd ilə yazılşım olduğu əsəri ruscaya tərcümə etmiş və dəfatla Peterburq nəşriyyat idarələrinə müraciət etmiş... O, senzoru inandırırdı ki, bu əsər müsəlman aləminə zərbə vurmaqla xristian dininə qətiyyən toxunmayacaqdır. Fəqət çar sezurası buna inanmadı. O, Paris və London naşirlərinə müraciət etdi... Müsəlman aləmindəki qara pərdəni qaldırmağa cəsarət edən bu qoca dahinin fikrini intişara kimsə cəsarət etmədi...”

Güman eləmək lazım gəlir ki, hal o qədər ağır imiş və ehtiyat o dərəcədə vacib imiş ki, şahzadə Kəmalüddövlənin dilindən yazılan məktubları yazıq Mirzə Fətəli birdən-birə öz dostlarının da yanında özünə isnad vermir və rəfiqi naibülvüzəra Əbdülvəhab xana yazdığı məktubun birində deyir ki, Kəmalüddövlə tərəfindən yazılan məktubun sahibi mən deyiləm və mən olduğumu zənn edərək mənə iftira deyən Hacı Şeyx Möhsünün qiyamət günündə ətəyindən yapışıb şikayət edəcəyəm, çünki mənim qəbahətim məhz odur ki, mən haman məktubu tənqid yazmaq məqsədilə farscadan türkcəyə tərcümə etmişəm.

***

Hindistan şahzadəsi Kəmalüddövlə İngilis, Firəng və Yeni Dünya səfərindən qayıdan vaxt İran torpağına da varid olubdur və öz dostu İran şahzadəsi Cəlalüddövləyə buradan üç fəqərə məktub yazıb və bu üç ədəd məktuba Cəlalüddövlə də bir dəfə cavab yazıb.

Kəmalüddövlə birinci məktubunda İranın indiki inhitatını öz gözü ilə görüb yazır ki, “kaş bu vilayətə gəlməyəydim, ciyərim kabab oldu” və şaki bir dil ilə İranın qədim həşəmət və səadətini yada salır və deyir: Hanı irəliki dövlət və şövkət? Ac, çılpaq ərəblər səni min iki yüz həştad ildir bədbəxt etdilər, torpağını xarab və əhalini nadan, azadiyyətdən məhrum qoydular. Padşahın despotdur, üləman – fanatik! Bu tənəzzülə ümdə səbəb nə olub və bais kim olub? Və sizin bugünkü halınızı Firdövsi səkkiz yüz il bundan irəli ilham ilə bilib, Hörmüzd şahın oğlu Rüstəmin dilindən bu suallara cavab verib:

Üç bəxti ərəb bər əcəm çirə şüd,

Həmə bəxti sasaniyan tirə şüd.

Mətləbdən bir qədər uzaq düşsək də, gərək Mirzə Fətəli yaşadığı əsri xəyalımıza gətirək.

Amma Mirzə Fətəli qələmi Kəmalüddövlənin əlinə verib dedi: yaz ki, mənim atamın vətəninin[viii]iqbalı o zaman idbarə mübəddəl oldu ki, axmaq iranlılar vətəni Səd-Vəqqasın vəd etdiyi xəyalata və puç etiqada, ərəb rahzənlərinə[ix] təslim etdilər.

Səri namə behvişt nami xuda,

Məhəmməd rəsuləş, bəhəq rəhnüma...

Həmə təxtü-tacü həmə cəşnü sur,

Nəyərzəd bədidar yek muyi hur.

Yəni Səd-Vəqqas farslara təklif edirdi ki, Məhəmməd dinini qəbul etsinlər, çünki burada, axirətdə behişt var və huri var ki, onun başının bir tükünü təxtü-taca, ceşnü surə dəyişmək olmaz.

Ustadi-əzizimiz Mirzə Fətəli bu sətirlərdən digər bir mətləbə keçir və Kəmalüddövlənin dinindən yazır ki: “Səd-Vəqqasın təklifi ilə dini-islamı qəbul etdik və onun qövlünə görə gərək iki aləmdə də xoşbəxt olaydıq. Axirətdən hələ xəbərimiz yoxdur, gələk dünya aləminə.

Hicrətdən bu zamana qədər İran xalqının başına müsibətlər gəlibdir ki, dünyanın heç bir səfhəsində xalq elə müsibətlərə düçar olmayıbdır. Bəs niyə dini-islam əqaidinin səadətinə bais olmadı? Çox ehtimal var ki, islam əqaidinin əfsanələri o biçarələri dəxi sivilizasyon tapan tayfalardan əqəb saldı”.

Hələ Mirzə Fətəli burada dayanmır: əgər burada durub sözünü yarımçıq qoysa idi, o zaman bilmək olmayacaq idi ki, Mirzə Fətəli islam dinindən ilhad etməklə hansı qeyri bir dini, ayini islama tərcih verir. Aya, bütpərəstliyimi islamdan əvvəl tutur, babiliyimi təbliğ etmək niyyətindədir? Amerika və İngiltərənin əfsanələrinə batində xidmət etmək istəyir?

Bu suallara Mirzə Fətəlinin cavabı budur: “Ey Cəlalüddövlə! Bu sözlərdən sən güman eləmə ki, mən bəlkə başqa din və məzhəbi islama tərcih tuturam.

Mən külli ədyanı puç və əfsanə hesab edirəm”.

Mirzə Fətəli dinsizliyinə Kəmalüddövlənin ikinci məktubunda şərh verir və öz fəlsəfi nöqteyi-nəzərini Əbdürrəhman Caminin və Şeyx Şəbüstərinin və Petrark ilə Volterin rəylərinə mütabiq tutur və üzünü müsəlmanlara tutub deyir:

“Madam ki, siz elmi-nücumdan və elmi-təbiətdən xəbərdar deyilsiniz, - həmişə xariqüladata və möcüzata, məlaikəyə... və bu qəbil mövhumata inanacaqsınız, çünki siz bilə bilməyəcəksiniz ki, külli kainat bir qüvveyi-vahidə və kamilədir və qanunu budur ki, bir fərd əmələ gəlsin və ağacın hübbəsi torpaq altında, gün, hava və su ona pərvəriş verəndən sonra ağac olsun və sən həvasi-pəncganənlə gördüyün-görmədiyin kürati-səmaviyyə və küreyi-ərziyyəvə hər qism müvəccid, vücudi-vahidə nisbətən, fərdən-fərdən cüzdür və fərdən-fərdən zərrədir və tamam zərrat bir külldür və haman küll vücudi-vahiddir. Bəs bu vücudi-vahid xaliq də özüdür, məxluq da özüdür”.

Mirzə Fətəli haman məktubun bir yerində islam filosoflarından adı çox məşhur olmayan Əla Zikrihüs-səlamı şiddətli alqışlayır, çünki Zikrihüs-səlamın azadfikirliliyi Mirzənin əqidəsinə müvafiq tutulur. Belə ki, məzkur filosof da öz əsrində camaatını məhz təbiətin qanunlarına sitayiş etməyə dəvət edirmiş və deyirmiş ki, “bilin və agah olun ki, aləm – qədimdir və zaman – namütənahidir və behişt və duzəx bir əmri-xəyali və mövhumidir və adamın qiyaməti onun mərgidir (ölümüdür)”.

Həmin moizəyə mütabiq bir nəsihət ilə Mirzə Fətəli də haman məktubda müsəlmanlara xitab edir: “Vəqta ki, tərkibi-cəsəd mütəlaşi oldu, bədən dəxi təxrib tapandan sonra balatər vətənə və nazü nemətə (behiştə) üruc və cəhimə nüzul yoxdur... Bəs aqil gərək cəmi dünya ləzzətlərindən bəhrə aparsın zira ki, çün torpağa getdin, geri gəlmək yoxdur.

Baz amədənət nist, üç rəfti, rəfti!

Biz bir mühüm nöqtəni burada qeyd edib, sözümüzü itmamə yetiririk. Mirzə Fətəli Axundovun dinsizliyi ilə maraqlananların nəzərinə bu məsələni də yetirməyi lazım görürəm.

İki şahzadənin məktublarının müqəddəməsində Mirzə Fətəli bu mükatəbənin müəllifi özü olduğunu bərk-bərk danır və deyir ki, haman məktubları yazanlar indi Bağdadda yaşayan Hindistan şahzadəsi İqbalüddövlə və biri də İran şahzadəsi Şücaüddövlədir. Və guya Mirzə Fətəli ancaq məktubların türk dilinə mütərcimidir. Ola da bilər ki, məhz bu səbəbə görə, yəni Mirzə Fətəli Axundov özünü o məktubların əslindən uzaq tutmağı cəhətindən bu məktublar uzun illərin müddətində Mirzənin təsnifatı cümləsində şöhrətə minmədi; ta o yerə kimi ki, onun vəfatından sonra yenə bir xeyli müddət keçmişdi ki, şahzadələrin məktubları guya ittifaqi olaraq üzə çıxdı.

Əhvalat bu qərar ilədir. Bir neçə il bundan müqəddəm bizə məlum oldu ki, mövhum şahzadə Kəmalüddövlə ilə Cəlalüddövlənin adları İran mətbuatında keçmiş bir zaman çəkilibdir və İran inqilabçılarından olan möhtərəm bir ədib yoldaşımız bizə nişan verdiyi “Həblül-mətin” ruznaməsinin dörd ədəd şümarəsində biz, həqiqətdə, məzkur şahzadələrin adlarını gördük. Ruznamənin nömrələri bunlardır: tarixi-hicri 1322, şümarə 31, 32, 35 və 37; təb və nəşr olunubdur Hindistanın Kəlküttə şəhərində. Ruznamənin həmin dörd nüsxəsində “şahzadeyi-azadə Kəmalüddövlə Dəhləvi” şahzadə Cəlalüddövləyə xitabən fars dilində İranın qədim tarixindən rəvayət edir. Mirzə Fətəlinin şirin kəlamına bənzər bir şirin dil ilə İranın keçmiş cəlal və şövkətini yada salır, indiki inhitatına[x] təəssüf edir və bu inhitatın səbəbini elmsizliklə təbir edir, amma dəxi Mirzə Fətəli kimi islam dinindən bəhs etmir.

Bu dörd ədəd məktub imzasızdırlar. Kimin tərəfindən hicrətin 1322-də “Həblül-mətin”də o məktublar yazılıbdır, - məlum deyil. Amma güman aparmaq olar və bəlkə sərahətən demək olar ki, Şərq elmlərində və Qərbdən hasil etdiyi ittilaatı ilə təbəxxür edən Mirzə Fətəli Türkiyədə, Qafqazda və İranda qələmi ilə o qədər şöhrət tapmışdı ki, “Həblül-mətin”də dərc olunan məqalələr onun qələminin əsəri olmasa da, ona təqlidən, o yaratdığı təxəllüs sərlövhəsi altında, bizə məlum olmayan kəslər tərəfindən qələmə götürülübdür.

***

Söhbəti axıra yetirib, mərhum Mirzə Fətəli Axundovun “ruhundan” üzr istəyirik. O qədər ki, Mirzə hali-həyatında təlaş edirdi ki, Kəmalüddövlənin məktubları ona isnad verilməsin, o qədər də biz təlaş edirik ki, bu Allahsız məktubların təəllüqü Mirzəyə verilsin, çünki bizim məqsədimiz budur ki, biz Allahın dərgahından qovulanlar, bari Mirzə Fətəlinin Allahsızlığı ilə təsəlli tapaq və bəlkə də hələ buna iftixar da edək.

Hərçənd bunu bilirik ki, qiyamət günü Mirzə əzizimiz bizim ətəyimizdən yapışıb şikayət edəcək, - necə ki, Hacı Şeyx Möhsünxanın ətəyindən tutmağı əhd etmişdi, - amma dəxi qiyamət günü o bizi haradan tapacaqdır? Ustadımız özü bizə kitabında vəsiyyət edir: çün torpağa getdin, - dəxi qayıtmaq yoxdur.

Baz amədənət nist, üç rəfti, rəfti!

“Şərq qadını”, may – iyun, 1928, № 5 – 6.


[i] Ədyan – dinlər.

[ii] Yadavərlik – yada salmaq, xatırlamaq.

[iii] Təşyii-cənazə - cənazəni yola salmaq, cənazəni müşayiət etmək.

[iv] Əfrad – fərdlər; burada: nəfərlər.

[v] İba etmək – rədd etmək.

[vi] Bahəm – bərabər, birlikdə.

[vii] Prins – şahzadə.

[viii] M. F. Axundovun atası Mirzə Məhəmməd Tağı Hacı Əhməd Əli oğlu xamnəlidir (Təbriz mahalında); - müəllifin qeydi.

[ix] Rahzən – yolkəsən.

[x] İnhitat – aşağı enmə, tənəzzül.

# 5100 dəfə oxunub

Müəllifin son yazıları

# # #