Güzgü – Mahmud Dövlətabadinin hekayəsi

<b><span style="color:red;">Güzgü  – Mahmud Dövlətabadinin hekayəsi</b>
6 iyun 2018
# 15:56

Kulis.az Şahin Yusiflinin tərcüməsində İran yazıçısı Mahmud Dövlətabadinin “Güzgü” hekayəsini təqdim edir.

Küçədə gedən kişinin hələ ağlına gəlməmişdi ki, üzünə güzgüdə baxmamağından otuz il keçdiyini yadına salsın. Həmçinin, öz gülməyini hiss etmədiyindən də təqribən bir o qədər zaman keçdiyini yada salmağa bir səbəb görmürdü. Əgər radio vətəndaşların pasportların təzələnməsi elanını verməsə idi, heç pasportun itdiyi də yadına düşmürdü. Elan olunanda ki, “əziz vətəndaşlar əvvəlki pasportunuzu poçt yolu ilə dəyişmə məntəqəsinə yollayaraq, dörd həftədən sonra yeni pasportlarınızı əldə etmək vəzifənizdir” - kişi pasportunu axtarmaq fikrinə düşdü. O, tezliklə pasportunu itirdiyinin fərqinə vardı. Bəs niyə pasportun itirildiyindən otuz il keçdiyi təsəvvür olunurdu? Kişi pasportu ilə nə vaxt işinin olmasını yadına salmağa məcbur idi. Yəni səbəb bu idi. O da təqribən otuz il, ya bəlkə də otuz üç əvvələ qayıdırdı. Çünki o, uzun müddət bundan qabaq tarixi bir gündə pasportunu plaşının (yağışlığının) qoltuq cibinə qoymuşdu ki, bütün ömründə bir dəfə səsvermə qutusunun yanına getsin, pasportunu göstərib səhifələrindən birinə möhür vurdursun. O tarixdən sonra onun pasportla bir işi olmamışdı. Onu harada qoyduğu və itirdiyini müəyyənləşdirməsi lüzumu gələnə qədər... İndi pasporta ehtiyac duyulacaq başqa bir tarixi hadisə baş vermişdi. Və pasport itmişdi. Əvvəlcə pasportun bəlkə də plaşın qoltuq cibində qaldığını fikirləşdi. Ancaq yox idi. Sonra fikrinə gəldi ki, onu mücrüyə qoymuş ola bilər. Amma yox, orada da yox idi. Küçəyə çıxdı, təkxətli avtobusa mindi və birbaşa qeydiyyat idarəsinə getdi. Qeydiyyat idarəsindən tez cavab ala bilmədi və geri qayıtdı. Ancaq evə çatanda yadına düşdü ki, sanki ona gedib yaşadığı yerdən şəhadətnamə düzəltməsi və idarəyə gətirməsi deyilmişdi. Bəli, elə idi. Ona bu cür deyilmişdi. Ancaq bu şəhadətnamə necə yazılmalı idi? Bir stula əyləşdi, stolun üstünə, əlinin altına bir kağız və qələm qoydu. Yaxşı, gərək yazılsın ki, biz aşağıda imza edənlər cənab filankəsin pasportunun itməyinə şahidlik edirik. Nə yazmışdısa fransız qələmi ilə ağlamaya yazdı və evdən çıxdı. Birbaşa həftədə bir dəfə alış-veriş etdiyi baqqal dükanına getdi. Amma dükançının başağrısından xoşu gəlmirdi. Onu tanımadığını dedi. Nəinki tanımır, hətta onun adını da bilmirdi. Çünki, bu günə qədər onun adını öyrənmək fikrinə düşməmişdi. “Xüsusi olaraq siz özünüz də ad yerini boş qoymusunuz”. Bəli, düzdür.

Gərək əvvəl camaşırxanaya gedərdi. Çünki, hər il bayram axşamı kostyum və köynəyini bir dəfə camaşırxanaya verər və qəbz alardı. Camaşırçının yaddaşının yaxşı olmamasına baxmayaraq, o müştərilərini adla tanımasa da, üzdən tanıyırdı. Kişinin işini yola verə bilmədi. Təəssüfləndiyini dedi və onu çox az ziyarət etdiyini bildirdi. Xahiş edirəm əgər mümkünsə mübarək adınızı deyərdiniz.

Xahiş olunur. Həqiqətən də.

Heç olmasa qəbz, bizim sizdə olan qəbzlərimizdən birini gətirin. Problem həll olunacaq. Bəli, qəbz.

Orada, qəbzin üstündə ad, paltarın verildiyi vaxt, hətta neçə ədəd paltarın təhvil verilməsi, rəngi də yazılır. Amma paltarın qəbzi... Niyə müştəri paltarın qəbzini yanında gəzdirməlidir ki? Paltarı gəlib təhvil götürəndə? Yox, bu iş deyil. Daha haraya və kimə baş çəkmək olar? Çörəkbişirən; çörək dükanı həmin istiqamətdə idi. Və kişi də hər həftə, hər günün çörəyini oradan alardı. Amma günün elə vaxtı idi ki, çörəkbişirənin şagirdi divarın kənarında uzanmış və deyirdi ki, bişirmirik qardaş. Və kişi əlində qırxvərəqli dəftərdən çıxartdığı vərəq əlində öz-özünə qayıtdı, divarın kənarından evə tərəf yollandı. Otağın pəncərələrindən birinin arxasında dayandı. Gözləri bir xeyli hovuzdakı suyun üzərindəki yosunlara zilləndi. Amma bir şey yadına düşmədi. Hardasa axşamçağı ya, gecə yarısı olardı ki, əlidolu yola çıxıb baş qeydiyyat idarəsinə getmək fikrinə düşdü. Gedib arxiv işçisinə bir qədər rüşvət verib bir saat əlavə qalacağını istəyəcək, pasportundan bir iz, bir nişan tapmasını tələb edəcəkdi. Bu ki, mümkün idi. Mümkün deyildi? Niyə?

“Niyə, niyə mümkün deyil?”

Dodağının qırağına nisbətən uzun bir qəlyan qoyan və ucuz siqaret çəkən bir qoca ilə razılaşdı ki, idarənin zirzəmisinə gedib arxivi axtarsınlar. Hardasa nahar yeməyi və çay fasiləsindən sonra o iki kişi arxivin zirzəmisinə gedib, axtarışa başladılar. Pasportunu itirən kişi ağıl işlətmiş, yoldan bir qutu siqaret, kibrit almış və özü ilə gətirmişdi. Deməli əgər idarənin iş saatından sonra arxivdə bekar qalsalar, problem yox idi. Bütün ciddiyyəti ilə qoca arxiv işçisi qolunu çirmələyib işə girişmiş, mikroskopik eynəyinin arxasından dosyelərin yazıları ilə tanış olurdu. Kişinin arxivdən naümid getməyəcəyi ümidi var idi. Xüsusi ilə onun özü də yavaş-yavaş kömək edir və tədricən işlə tanış olurdu. Əlif hərfi tamam olanda kişi sağa çevrilib bir siqaret istədi. Və qarşıda be ilə başlayan rəf tərəfə getdi. Soyadınızın nə olduğunu dediz? Kişi cavab verdi: Mən heç nə deməmişəm. Arxivçi dedi: Niyə? Məncə ad və soyadınızı dediniz. Çay otağında! Və kişi dedi: Xeyr, xeyr , mən heç nə deməmişəm. Arxivçi dedi: Deməməyiniz necə mümkündür ki? Kişi dedi: Xeyr, xeyr.

Arxivçi eynəyi gözündən çıxarıb dedi: Yaxşı, hələ də gec deyil. Çünki çox hərf qalıb. İndi deyirsiz? Kişi dedi: Çox qəribədir...qəribə deyil? Mən sizin vaxtınızı boş yerə aldım. Üzr istəyirəm. Məsələnin əsasını sizə deməyi unutdum. Mən...mən nə qədər fikirləşirəmsə, öz adımı yada sala bilmirəm. Uzun müddətdir ki, onu eşitmirəm. Fikirləşdim ki, mümkündür. Fikirləşdim ki, bəlkə pasportu tapıb düzəltmək olar?

Arxivçi eynəyini gözünə qoydu və dedi: Əlbəttə, əlbəttə gərək ki, bir yolu olsun. Ancaq niyə israr edirsiniz ki, mütləq... Kişi dedi: Heç...heç...Yenə öz-özünə: Heç...ola bilər deyə fikrini bildirdi. Düzü nə əhəmiyyəti var ki?

Arxivçi dedi: Necə ürəyiniz istəyir? Amma mən unutqanlıq və yaddaşsızlığınızı başa düşmürəm. Hərdən olur. Buna baxmayaraq əgər israrla pasport əldə etmək istəyirsinizsə, yolları var.

Kişi birbaşa soruşdu: Hansı yolları? Arxivçi dedi: Bir az xərci var? Əgər problem yoxdursa, həll yolu var. Yəni bu işlərdən başı çıxan birini tanıyıram. Səni onun yanına apara bilərəm. Yenə də sənin fikrin əsasdır. Ancaq gərək tez qərar verəsən. Çünki hava qaralmamış ora çatmalıyıq.

İdarə də bağlanırdı. O iki nəfər əsas küçəyə çıxan yola üz qoydular. Oradan avtobusa minib, arxivçinin dolanbaclarını yaxşı tanıdığı məhəllə tərəfə getmək olurdu. Orada arxası bir az batıq, qədim bir xəncərin qınına bənzər uzun bir dükan var idi. Dükanın qapısının ağzında arxivçini tanıyan əbalı bir qoca oturmuşdu. Onun salamını alandan sonra, müştəri ilə dükanın içinə keçdi. Arxivçi dükana daxil oldu, minlərlə qədim, köhnə və cins qələmlərin arasından keçdi. Kişini birbaşa qarşısında çirkli bir pərdə asılmış şkaf tərəfə apardı. Pərdəni çəkdi və köhnə sandığın ağzını açdı. Orada olan pasportların dəstə-dəstə toplusunu göstərdi və dedi: “Baxır da, baxır siz necə bir pasport istəyirsiz”. Bu günlərdə insanların adını və pasportunu və ya hər ikisini itirməsi halları çox olur. İndi kim olmaq istəyirsiz? Şah, ya gəda? Burda hər cüründən varımızdır. Ancaq qiymətlərində fərq eliyir. Ona görə də sizin vəziyyətinizi nəzərə almalıyıq. Bəziləri gözlərini bağlayıb, lotereya biletinin çəkilməsi kimi şansa seçirlər. Baxır sizin zövqünüzün necə olmasına. Harada doğulmaq istəyirsiz? Harada? Və peşəniz nə olsun? Surətiniz və simanızın necə olmasını istəyərdiz? Hər cürü mümkün və ola bilər. Özünüz seçirsiniz, ya mən sizin üçün bir fal açım? Bu cür şansla bir əmirin, dəmir tacirinin, bir avtomobil sərgisinin sahibinin ya bir, ya bir əmlak yiyəsinin və ya sizin şansınıza uyğun birinin pasportunu əldə etmək mümkündür. Heç narahat olmayın. Bu adi bir işdir. Məsələn “Vurma” işarəsi ilə müəyyən olunan bu növ pasportlar xüsusi xidmətlərə aiddir. Və sizin yaşınıza münasib gəlmədiyini güman edirəm; Bu bir dəstə isə reklam işləri ilə əlaqədardır. Məsələn, bir həftəlik qəzetə sahiblik hüququ və ya televiziya proqramının yayımlanmasına məsul biri kimi fərz edək. Hər cürəsi var. Və ad? Adınızın nə olmasını istəyirsiz? Həsən, Hüseyn, Buzərcmehr və ya...Şahnamədə olan adlar qrupundan? Siz necəsini bəyənirsinizsə; Necə bir ad xoşlayırsınız?”

Pasportunu itirən kişi, bir qədər sakit, fikirli qaldı və ondan sonra dedi: Zəhmət verdim; Elədirsə, əgər zəhmət deyilsə mənim üçün yiyəsi ölmüş bir şəxsin pasportu olsun. Bu mümkündür? Arxivçi dedi: Heç nə qeyri-mümkün deyil. Xərci də daha azdır.

“Sağ olun, çox sağ olun!”

Bayıra çıxanda dükançı kişini öskürək tutmuşdu. Həmin vəziyyətdə qalxmış, sanki dükanın örtüyünü aşağı çəkmək üçün qarmağı axtarırdı. Və öskürə-öskürə iş taxtasının önündə dayanan bir-neçə müştəriyə deyirdi: Sabah gəlin, çünki, dükanın içində işıq yoxdur.

Yolla gedən kişinin ağlına gəldi ki, axırıncı dəfə gülməyindən təxminən on üç il keçdiyini yadına salsın. Və indi... Ağzını açıb gülmək istəyəndə qəfil bir hislə dişlərinin bir-bir qopub düşməyə başladığını başa düşdü. Ayağının qarşısına tökülüb, ayaqqabısının üstünə düşdülər. Həmçinin tədricən yanaq sümüyündən bir parça, göz qapaqlarından birinin, dırnaqlarının və s . töküldüyünü hiss etdi. Fikrinə gəldi ki, yəqin daha evə çatıb, otağına ayaq basaraq, sobanın yaxınlığına gedib güzgüdə axırıncı dəfə özünə baxmağının vaxtı çatıb.

# 1384 dəfə oxunub

Müəllifin son yazıları

# # #