Yazıçıların toplaşdığı 8 MƏŞHUR KAFE

Yazıçıların toplaşdığı <span style="color:red;">8 MƏŞHUR KAFE
16 yanvar 2017
# 08:30

Sovet vaxtından bəri ədəbi mühitin formalaşmasında kafe və çayxanaların danılmaz rolu olub. Kulis.az bəzisi indi mövcud olmayan bu maraqlı ünvanlardan bir neçəsini təqdim edir.

1. “Nu poqodi!”

AZADLIQ ÇAYXANALARI

Dənizkənarı bulvarda, “Venesiya” yaxınlığında yerləşən bu çayxananı milli azadlıq hərəkatının beşiyi adlandırırlar. Sovet imperiyasına meydan oxuyan ziyalılar hamısı bura toplaşırdı. 90-cı illərdə şair-yazıçılar da ədəbiyyatdan çox siyasətlə məşğul idilər deyə, buranı həm də söz adamlarının görüş yeri saymaq olardı. Yolun düşsə kimi görməzdin? Ramiz Rövşən, Kamil Vəli, Vidadi Məmmədov, Nizami Cəfərov, Xəlil Rza, Əlisəmid Kür, İlyas Ərnəfəs, Ənvər Börüsoy və başqa onlarla məşhur imza... Sonra söküldü “Nu poqodi!”. Ancaq xatirələrdən heç vaxt silinmədi. Hətta ədəbiyyatçılar arasında “Sən “Nu poqodi!”ni gördün, ya görmədin?” deyə zaman meyarı da var.

2. “Vahid” evi.

Image result for "Vahid" poeziya evi

Bina yerində qalsa da artıq çayxana kimi fəaliyyət göstərmir. Keçmiş “Qubernat bağı”nda yerləşən bu maraqlı evdə vaxtı ilə “Vahid” poeziya məclisi keçirilirdi. Hər bazar günü saat 11-də başlanan tədbirin bütün iştirakçılarına pulsuz çay verirdilər. Məclisin aparıcısı mərhum qəzəlxan Hacı Mail idi. Dünyasını dəyişəndən sonra Həkim Qəni onu əvəz etdi. Bu məclisə kimlər gəlmirdi? Şahin Fazil, Qəşəm Nəcəfzadə, Arif Buzovnalı, Rövşən Naziroğlu, Həyat Şəmi... Meyxanaçı Vüqar, gənc Abşeron qəzəlxanları və s.

3. “Monolit”

Image result for Araq vurmaq

Şair və yazıçılar Sabirin heykəli ilə üzbəüz binanın altında yerləşən bu şüşəli məkana yalnız içmək üçün gəlirdilər. Burda minimum pul xərcləməklə ürəyin istəyən qədər keflənə bilərdin. Onsuz da sirkəsi bol bankə bağlamalarının, xiyar turşularının və kartona oxşayan kolbasa-sosiskaların spirti öldürəcək taqəti yox idi. “Monolit”in əsas qəhrəmanı və daimi sakini məhrum şair Kələntər Kələntərli idi. Dalınca sıralayaq gəlsin: Vaqif Nəsib, Əlisəmid Kür, Şaiq Vəli, Elçin Səlcuq, Əlislam Bilal, Mübariz Məsimoğlu, Murad Köhnəqala, Kəramət...

4. “Şirzadın kafesi”

Image result for Şirzadın kafesi

Şahidlər etiraf edər ki, “Araz” kinoteatrının zirzəmisində yerləşən bu kafenin ədəbi həyatda mühüm rolu vardı. Hətta “Şirzadın altı” deyə bir ifadə də formalaşmışdı. Kafenin sahibi Şirzad digər kafe işlədənlərdən fərqli olaraq qələm adamlarına nisyə yemək-içmək verirdi. Ona görə, ədəbiyyat adamları arasında yaxşı hörməti vardı. Düzdü, keflənib qab-qacağını sındıran nadürüstlər də tapılırdı, amma Şirzad alınmırdı belə şeylərə... Buranın daimi sakinlərindən Seymur Baycan, Aqşin Yenisey, Günel Mövlud, Qan Turalının adını çəkmək olardı. Adil Mirseyid, Səlim Babullaoğlu, Murad Köhnəqala, lap gənc nəslin nümayəndələrindən Qismət, Alik, Kəramət Böyükçöl də burada mütəmadi görünürdülər. “Araz” kinoteatrı profili dəyişdirilərək əsaslı təmir olunandan sonra “Şirzadın kafesi” bağlandı. Deyilənə görə, Dərnəgül tərəfdə eyni üslubda kafe açıb və yazıçı-şairlər üçün yaman darıxır...

5. “Zabitlər evi”

Image result for zirzəmi kafe

“Zabitlər evi”nin üst mərtəbəsi də var, alt mərtəbəsi də. Daha doğrusu, zirzəmisi də... Zirzəmidəki “Ulduz” adlı kafeni Əyyub kişi işlədir. Yaxşı mütaliəsi var və bir çox şair-yazıçılarla yaxın dost olub. Söhbətcil, şirindil, səxavətli adamdır. Qabildən, Fikrət Sadıqdan, Abbas Abdulladan üzübəri kimlər yeyib-içməyib onun kafesində. Yazıçılar Birliyinə yaxın olduğundan boş vaxt tapan ora gəlir. Əyyub kişinin qonaqlarını saymaqla qurtarmaq olmaz... Yuxarı mərtəbədə isə ən çox gözə dəyən Elxan Zal və Əsəd Cahangirdir. Yanlarında da Gənc Ədiblərin sadədil üzvləri...

6. “Muhabbet lokantası”

Image result for AYO-çular

Bakı Dövlət Universiteti ilə üzbəüz, Zahid Xəlilov küçəsində yerləşən bu türk lokantasına əsasən Azad Yazarlar Ocağının üzvləri toplaşırdı. Bax bu təqdim etdiyimiz foto da lokantadan çıxan vaxt çəkilib. İndi bu ünvan yoxdur. Yerində nəhəng pub-restoran tikiblər. Restoranın on addımlığında yeni “Muhabbet lokantası” açılıb. Eyni heyətlə. Ancaq AYO üzvləri artıq bura gəlmirlər.

7. “Famil dayının kafesi"

Image result for "Ulduz" metrostansiyası

“Ulduz” metrosunun Bakı metropolitenin da unutduğu gizli bir çıxışında yerləşən bu kafe elə də məşhur yer deyildi. Amma Famil dayının nisyə dəftərindən çıxan qələm adamlarını saysaq, barmağınızı dişləyərsiniz: Zahir Əzəmət, Aqşin Yenisey, Xalid Şürük, Aygün Aslanlı, Günel Mövlud, Fehruz Şamıyev, Sadiq Elyer... Bir sözlə, keçmiş “Nəfəs” qrupu... Bonus qonaqlar: Murad Köhnəqala, Şərif Ağayar, Elnur Astanbəyli, Yafəs Türksəs və s. Famil dayı istedadlı gənclərdən həvəslənib o qədər oxumuşdu ki, az qala Vaqif Yusifli qədər bilirdi. Üstəlik, uşaqların maddi vəziyyətini həmişə nəzərə alırdı. Həm də, deyəsən, Famil dayının bu şən-şux cavanlardan başqa müştərisi yox idi.

8. “Dursunun kafesi”

Image result for Nərimanov parkı

“Nərimanov” metrosunun park tərəfdən çıxışındadır deyə, adam karıxıb da bu çayxanaya gedə bilər. Gedə bilər və qeyri-adi adamlarla rastlaşar. Məsələn, Aşıq Ədalətlə... Ədəbiyyat əhlindən Pərviz Cəbrayıl, Mirzə Sakit, Salam Sarvan, Aqşin Yenisey, Əsəd Qaraqaplan və sair və sair... Yeyib-içməyə dair...

8. “Məsimoğlu”

Image result for araq məclisi

Güman ki, dünyanın ən qısa ömürlü kafesi oldu. Şair Mübariz Məsimoğlu işlədirdi. “Məsimoğlu” kafesi dünyada yeganə yer idi ki, onun müdiri, demək olar, bütün qonaqlarla oturub vururdu və buna görə, hesab həmişə güzəştlə ödənirdi. İqtisadçılar səmimi etiraf edərlər ki, bu qayda ilə çox uzun getmək olmaz. Nə edəsən? Mübariz Məsimoğlunun mərdliyi şair-yazıçıları bir araya gətirən kafenin bağlanmasına gətirib çıxardı. Bəli, mərdlik, heç vaxt cəzasız qalmır. Dünyanın hər yerində belədir və bəlkə də bu, masonların işidir.

# 5917 dəfə oxunub

Müəllifin son yazıları

# # #