Əlabbasın qiyamçı qəhrəmanları

Əlabbasın qiyamçı qəhrəmanları
11 mart 2014
# 14:49

Əlabbas Bağırov (sadəcə Əlabbas) yaşı əllini keçmiş, üzü altmışa şütüyən yazıçı həmkarımızdır. Çox təəssüf ki, istedadlı və özünəməxsus bir nasir olmasına baxmayaraq, onun yaradıcılığı ədəbi tənqidin diqqətini o qədər də cəlb etməmişdir. Yəni Əlabbasın iki romanı, bir neçə povesti və hekayələri var. Olsun ki, bu nəsr əsərləri barədə bir neçə tərifli məqalə yazılıb, amma bunun Əlabbasın özünə xeyri dəysə də, nəsrinin, xüsusilə iki romanının professional şərhi üçün bir elə əhəmiyyəti olmayıb. Mən ədəbiyyatşünas Sabir Bəşirovun «Əlabbas: Sözün köhnə kişisi» portret monoqrafiyasını bu yazılara qatmıram. Bu sətirlərin müəllifi on il öncə Əlabbasın ilk romanı («Qiyamçı») xüsusunda bəzi mülahizələrini bildirmişdi. Onun nəsri barədə söhbətimizə də elə həmin romandan başlayaq.

Bu yazıçını öz yaşıdlarından fərqləndirən bir xüsusiyyəti ilkin olaraq nəzərə çarpdırmaq istəyirəm. Əlabbas bütün yazılarında – istər hekayə olsun, istərsə roman – üsyankar bir ab-hava var, onun qəhrəmanları daxilən də, həyati fəaliyyət miqyasında da qiyamçıdırlar, yəni gerçəkliyin neqativ hallarına qarşı son dərəcə dözümsüzdürlər. Bu fikri biz «Qiyamçı» romanının adı və onun qəhrəmanı ilə bağlamaq istəmirik. Onun digər nəsr əsərlərində də qiyamçılıq – üsyankarlıq davam edir. Onun bütün hekayə və povestləri müasir həyatdan bəhs edir. Əlabbas sosial problemlərə müraciət edir, cəmiyyətdə baş verən mənəvi-əxlaqi ziddiyyətlərin mahiyyəti barədə düşünür, yaratdığı obrazlar vasitəsilə bütün bu düşündüklərini təcəssüm etdirməyə çalışır.

Əlabbasın bir mövzusu var, o da Kənddir! Azərbaycan kəndinin son 50 ildə keçdiyi yolun bir cığırı da Əlabbasın nəsrindən keçir. Xüsusilə, kəndin mənəvi-əxlaqi mənzərəsi haqqında müəyyən təsəvvür əldə etmək istəsək, heç şübhəsiz, Əlabbasın nəsrinə də müraciət edərik.

KÖHNƏ KİŞİ… Əlabbas öz məşhur povestinə bu adı təsadüfən seçməmişdir. Bu əsərdəki Murad obrazı ilə Əlabbas kəndin əsrlərdən bəri yaşayan, amma get-gedə öz ilkinliyini itirməyə başlayan arxetip kişi təsəvvürünü bərpa etməyə çalışır. Həyat inkişafdadır, dəblər təzələnir, adətlər yeniləşir, bu dəyişmədə və yeniləşmədə kənd özü də əvvəlki simasını itirməyə başlayır. Əlabbas bu mənada köhnə kəndin, köhnə kişilərin müdafiəsinə qalxır, itirilən mənəvi sərvətlərin ağrısını çəkir. Elə «Qiyamçı» romanı da bu problemlərdən söz açır.

XX əsr Azərbaycan tarixində daxili miqrasiyalar tez-tez baş verib-müxtəlif səbəblər üzündən əhalinin bir yerdən digər yerə köçürülməsi təkcə maddi itkilərə yox, həm də mənəvi itkilərə səbəb olmuşdur, insanlar doğulduqları yurd-yuvanı, yaşayış məskənini itirirlər. Bundan böyük faciə ola bilərmi? İnsanlar illər boyu birgəyaşayışda əldə etdikləri davranış qaydalarını itirirlər. Onları qoruyub saxlamaq isə çox çətindir. Çünki köçdükləri yeni məskən hələ uzun müddət onlara doğma olmayacaq. Sosializm dövründə belə lüzumsuz köçürülmə halları tez-tez baş verirdi. Əlabbas da ötən illərin bu ağrılı problemini öz romanına mövzu seçmişdir. Ancaq bu romanda köçürülmə səhnələri təsvir olunmamışdır. Müəllif köçənlərin yox, köçməyib yurdda qalanların taleyindən söz açır.

Əlabbasın romanı hadisələr, səciyyələr üzərində qurulmuşdur. Adətən ortaya çox aktual və kəskin problem qoyan romanlar konfliktin gərginliyi ilə seçilir, ziddiyyətlər, qarşıdurmalar bu tipli romanlarda obrazların da qüvvətli və dolğun əks olunmasını tələb edir. Əlabbasın romanında da biz bunun əyani şahidi oluruq. Burada klassik romanlarımızdan gələn güclü bir təsir var.

«Qiyamçı» romanının qəhrəmanı Bəbirdir. Bu obrazda vaxtilə Azərbaycan nəsrində yaradılmış bir sıra obrazların (Qədir, Laçın və s.) müəyyən ədəbi təsiri olmamış deyil. Ancaq bu, ədəbi təsirdən daha çox, eyni tipli, eyni xarakterli insanların müxtəlif zamanlarda mövcud olmalarıyla bağlıdır. Bu üsyankar insanlar öz mənəvi enerjilərini sərf etməyə vaxt və məqam gözləyirlər, həmin vaxt və məqam gələndə isə doğrudan da, onları tanımaq olmur.

Bəbirin yaşadığı kəndin adı Əyriqardır. Çox gözəl və mənzərəsi ürəkaçan bir kənd… amma sərhədə yaxın və ucqar olduğu üçün kənd əhalisini buradan köçürməyi qərara alırlar. Buna kəndin özündə etiraz edənlər çoxdur, başda Qəyyum müəllim olmaqla Bəbir kimi dəli-dolu cavanlar şikayət və etirazlarını bildirirlər. Ancaq bütün bunların heç bir faydası olmur, yuxarıdan gələn göstərişlə tezliklə məscidi sökürlər, əhali başa düşür ki, burada qalmağın heç bir mənası yoxdur. Kəndin işığını da söndürəndən sonra köçənlərin sayı artır, cəmi dörd ailə qalır ki, onların da sayı bir-bir azalır, ən axıra Bəbir qalır.

Yox, bu, təkcə inadkarlıq və tərslik əlaməti kimi yozulmur romanda. Bəbir (romanda onun adı həm də Təbrizdir) tərs və inadkardır, amma bu onun xarakterinin əsas əlaməti deyil. O, kifayət qədər ağıllı insandır, yurd sevgisi onun üçün təmtəraqlı sözlər yığını deyil, həyatının başlıca amalıdır. Müəllif onun səciyyəsini açmaq üçün heç bir izaha və şərhə ehtiyac duymur, obrazı hərəkət və düşüncələri ilə təqdim edir, daha doğrusu, onun hərəkətləri daxili düşüncələrinin təzahürüdür. Bəbir çox aydın dərk edir ki, kəndin köçürülməsinin arxasında məkrli bir siyasət durur, hamısı ona görədir ki, camaat bezib, cana doyub baş götürüb getsin. Necə olur, bu hökumət basa-basa burdan gedib Kubada min-bir oyundan çıxır, Asuanda su bəndi tikdirir, milyardlar töküb ayı-ulduza yol açır, dünyaya meydan oxuya bilir, amma beş-on kilometrlik yolu abadlaşdıra bilmir?

Elə düşünülməsin ki, Əlabbas Bəbirin timsalında «ictimai» bir obraz yaratmışdır, deməli, obrazı fərdi insani keyfiyyətlərdən məhrum etmişdir. Əlbəttə, belə deyil. Bəbir son illərin nəsrində bədii mükəmməlliyi və həyatiliyi ilə seçilən obrazlardan biridir. Ona görə mükəmməldir ki, bir insan kimi bütün ziddiyyətləri ilə təsvir olunur. Bəbir obrazı statik və donuq, yalnız eyni trayektoriya cızan obrazlardan deyil. Getdikcə daxili aləminin dərinlikləri üzə çıxır, necə deyərlər, nəyi varsa, ortaya çıxır. Arvadı Şəhrizin onu tərk etməsi, başqa bir kişiyə ərə getməsi, uşaqlarının onu anlamaması… Bütün bunlar Bəbiri sarsıtsa da o, qarşısına çıxan yeni sevgidən imtina eləmir: «Xoş anların, şirin dəmlərin məstliyi unudulduqca yayın bu oğlan çağında canında nəsə qış sazağı tək sızlamaqda idi. İndi nəinki saatlar, hətta günlərlə adını belə bilmədiyi gözəli görməməyə razı idi, təki o buralardan həmişəlik getməyəydi. Bu, onun yeganə təsəllisi idi. Yoxsa Əyriqarda həyat birdəfəlik dayanar, hər şey çiçək tək saralıb-solar, bircə anda məhv olardı». Roman Bəbirin jurnalist qızla Əyriqara qayıtmasıyla bitir və əlbəttə, belə bir romantik sonluq hadisələrin öz inkişaf məntiqindən doğur. Sevgi xətti romanın bütün digər xətlərini arxa plana keçirir və roman belə bir sonluqla bitir: «Qoy bütün dünya bilsin ki, əsl sevgi gələndə ağıl-kamal da adama kömək eləmir.»

«Qiyamçı» romanı ilə bağlı bu qeydləri biz 2004-cü ilin nəsri ilə bağlı icmalımızdan əxz etmişik.

«Qaraqovaq çölləri» isə Əlabbasın yeni romanıdır və bu romanın qəhrəmanı ilə «Qiyamçı»nın qəhrəmanı, həmçinin bu əsərlərin forma-struktur komponentləri arasında bir yaxınlıq var. Yəni demək istəyirik ki, Əlabbas hələlik, üçüncü romanını yazana qədər nə qəhrəman tipini dəyişəcək, nə də romanların poetikasını.

Romanın əsas qəhrəmanı Əfsundur. Onun varlığı, mübarizəsi cəmiyyətimizdə gedən ictimai-siyasi proseslərin bir təzahür formasıdır, desək yanılmarıq. Yəni Əfsun havadan yaranmamışdır, onu Əlabbas özündən uydurmamışdır. Olsun ki, Əfsun tipli, Əfsun xarakterli insanlar say etibarilə azlıq təşkil edirlər, amma cəmiyyətin, insani münasibətlərin daha sağlam resurslara keçməsi üçün məhz bu tipli qiyamçılar lazımdır. Sən Vətənin yolunda, Vətən uğrunda, torpaq naminə vuruş, döyüş, sonra isə səni həbsə atsınlar, maddi və mənəvi cəzalara layiq bilsinlər. Əfsun öz mübarizəsində belə amansız maneələrlə rastlaşır və cəmiyyətin neqativ hallarını aradan qaldırmaq istəyən bir şəxsin özü az qala cəmiyyətdə artıq bir adama çevrilir. Niyə? «Elə ab-hava yaratmısınız, Vətən deyəndə, ilk növbədə, adam yalnız evini fikirləşir. İnsanları yalnız o dörd divarın arasını düşünməyə, yalnız onu Vətən bilməyə məcbur eləmisiniz»

Bu sözləri o, məhkəmədə söyləmişdi. Onu, guya, silah alveri və qətl-qarətdə suçlamışdılar. İftira idi bu və Əfsun iki il həbsdə yatandan sonra bəraət alıb yenidən kəndə qayıdır… Bəs sonra? Qisasçılıq hissi yenidən baş qaldırır, amma Zülfü müəllim onu bu hisslərdən uzaqlaşdırmağa çalışır: «Sənin haqlı, haqsız olduğunu el-aləm gördü. Onu sübuta çalışmağın izafi bir şeydi. Qisasa qalanda isə, bu, kütlə psixologiyasıdı, əzəl-axır səni düşmənçiliyə aparar, yaddan çıxart onu. Mən də sənə, öz dostumun balasına məsləhət görmürəm, gedib hökumət adamları ilə yersiz ədavət aparsın.» Beləliklə, müəllif odlu-alovlu bir gənci, içi qiyamla dolu bir insanı cəmiyyətdə baş verən mənfiliklərlə, pis adamlarla üz-üzə qoyur və təbii ki, bu mübarizədə həmin gəncin mənəvi repressiyaya düçar olması qaçılmazdır. Amma məsələ bununla bitmir. O gəncin qarşısında əsirlikdə olan bacısını da xilas etmək vəzifəsi durur.

Müəllif yazır ki, «Qaraqovaq çölləri» əsirlikdən azad olunan qadının doğma ellərə qayıtdığı yerdə bitir. Elədir. Amma çox maraqlıdır ki, o qadının kəndə qayıtmağı Əlabbasın 1992-ci ildə, romanı yazıb-bitirməsindən on altı-on yeddi il əvvəl qələmə aldığı «Gözəl» hekayəsində də təsvir olunmuşdu. Bədii təcrübədə belə müstəsna hallar olur.

Qayıdaq Əfsunun aqibətinə. O, mübarizədə təkdir. Yəni Əfsunlar yox, bir tək Əfsun var. Və bir də Əfsunu qisasçılıqdan, daxildəki düşmənlərlə mənasız cihaddan yayındıran Zülfü müəllim var. Əslində, romanın ideya istiqamətini müəyyənləşdirən iki obraz varsa, biri Əfsun, biri də Zülfü müəllimdir. Hərəkət-fəaliyyət baxımından Əfsun dinamik, Zülfü isə statik surətdir. Yəni oda düşən, başına min bir oyun açılan, pisliklərlə üz-üzə gələn Əfsundursa, sadəcə həm moralist rolunu oynayan, həm də həqiqəti bütün reallığı ilə sözdə ifadə edən Zülfü müəllimdir. «O şey səni arxayın salmasın ki, vuruşmusan, nə desən qabağında düz duracaqlar. Əslində, belə də var. Amma reallıq ayrı şey deyir. Qara kütlədən başqa indi elə bir adam göstərə bilərsən ki, döyüşənə ağılsız kimi baxmasın? Hamı, bütün cəmiyyət onları gözlərinin üstə saxlamalı ikən, barmağını qatla ki, dünyanın harasındasa müharibə iştirakçısına bizdə olduğu qədər kəmetina münasibət bəslənən ikinci bir ölkə var! Canları çürüyüb, bir fərli-başlı işləri yox, dolanışıqları it günündə, əksəriyyəti də şil-şikəst!»

Əlbəttə, Zülfü müəllimin bu sözlərində haqlı məqamlar da var və onun şagirdi Əfsun da belə haqsızlığa düçar olanlardandı.

Əlabbasın qəhrəmanını romanın sonunda ölür, amma haqsızlığın, şərin kökü kəsilmir və müəllif də qarşısına o məqsədi qoymayıb ki, qəhrəmanı belə təkbətək, amansız mübarizədə qələbə çalsın. Biz romanı oxuyub başa çatdıranda çox məyus olduq. Fikirləşdik ki, Əfsun ölməməli, intihar etməməliydi. Heç prokurorluğun binasına qumbara atıb cinayət də törətməməliydi. Buna haqq qazandırmaq olar, müəllif deyə bilər ki, mənim təqdim etdiyim qəhrəman xaraktercə qiyamçıdır, içi qəzəblə doludur və o, məhz belə hərəkət etməliydi. Çünki doğma kəndində ona yaşamaq üçün torpaq sahəsi də vermirlər. Nə etməliydi ki? Amma fikrimizcə, «Məni öz vətənimdə, öz elimdə, düşməndən qoruduğum torpaqda da ev tikməyə qoymadınız! Alçaqlar! Cəlladlar! Qaniçənlər!» deyib gülləni öz gicgahına sıxmağı bu haqqı ona vermir. Bəs onu sevən el-oba, camaat? Bax, qəhrəmanın fərdi mübarizəsi də elə bu əlaqəsizliklə bağlıdır. O, əvvəldən axıra kimi təkdir. İkincisi: özünü öldürdü, nəyə nail oldu? Şərin əbədi hökmranlığınamı? Bundan sonra təsvir olunan o «zülmət səltənəti»ndə yeni bir işıq, yeni bir Əfsun parlayacaqmı? Bax, bunun üçün yer saxlamayıb müəllif.

Əlbəttə, bunlar şəxsi mülahizələr deyil və romanın qəhrəmanının aqibəti bu şəkildə sona çatmamalıydı.

Əlabbasın «Qiyamçı» və «Qaraqovaq çölləri» romanları heç şübhəsiz, müasir nəsrimizin maraqlı nümunələri kimi diqqəti cəlb edir və o romanları oxumayanlara məsləhətimiz bu olar ki, tapıb oxusunlar. Əlabbasın bu iki əsəri onun roman yazmaq istedadına malik olduğunu göstərir. Amma bu sahədə müəyyən çatışmazlıqlar da nəzərə çarpır və ən böyük çatışmazlıq ondadır ki, Əlabbas qarşı-qarşıya duran qüvvələri çox zaman üz-üzə gətirmir, xüsusilə, mənfi qüvvələrin təcəssümü olan obrazları lazımınca tanıtmır. Əsas ağırlığı baş qəhrəmanın üzərinə salır. Mənfiliklər haqqında sadəcə danışmaq yox, onları bütün çılpaqlığı ilə görüb-göstərmək lazımdır. Birinci romanda, «Qiyamçı»da bu var idi, ikincisində çox zəif şəkildə.

Amma hər iki romana xas olan bir uğurlu cəhəti qeyd etməyi unutmayaq. Əlabbasın roman dili, təhkiyəvi strukturu yetərincə müvəffəqiyyətlidir. İstər müəllif təhkiyəsi, istərsə də obrazların dili ədəbi dil normalarına tam uyğun gəlir və buraya xalq danışıq dilindən, folklordan axıb gələn isti bir nəfəsi də əlavə etmək olar.

Uğurlar olsun, Əlabbas!

# 2452 dəfə oxunub

Müəllifin son yazıları

# # #