Bayquş yuvası-fransız hekayəsi

Bayquş yuvası-fransız hekayəsi
3 sentyabr 2015
# 14:15

Kulis fransız yazıçısı Qüstav Emarın “Bayquş yuvası” hekayəsini təqdim edir.

Bundan öncəki gözlənilməz sonluqla bitən əhvalatı unutdurmaq üçün, cənab de Saulcy bir neçə saniyədən bəri, əlində tutduğu şambertin şüşəsini bir nəfəsə boşaldaraq dedi:

– İndi isə sizin növbənizdir, kapitan.

Düşdüyüm vəziyyətdən birtəhər çıxmağa çalışaraq dedim:

- Cənablar, həqiqətən, sizə nə deyəcəyimi bilmirəm; həyatım o qədər səssiz və sakit keçib ki, keçən bütün ömrümdə sizə çatdırmağa layiq mühüm bir hadisə görmürəm.

Gözlədiyim kimi, dediyim sözlər, altı saatdan çox davam edən təntənəli qonaqlığın çoxsaylı içkilərindən sonra artıq qızışmış qonaqların coşqun etirazı ilə qarşılandı. Hər tərəfdən üstümə yağan məzəmmət və xitab dolu səs-küy içərisində əbəs yerə öz üzrxaqlıqlarımı çatdırmağa çalışırdım və nəhayət, bəxtimin məndən uzaq olduğu bu mübarizədən qalib çıxmaq ümidsizliyi ilə, hörmətli qonaqların istəklərinə uyğun olaraq bu vəziyyətə son qoymaq fikrinə gəldim.

Qərarımı onlara bəyan edən kimi, gözlənilməz səssizlik bərqərar oldu, başlar mənə tərəf çevrildi, bütün baxışlar üzümə dikildi və beləliklə, hekayəmə elə şirnikləndirici əda ilə başladım ki, hər kəs məni diqqətdən daha çox maraqla dinləyirdi.

Siqaretimi yandırıb arxayın şəkildə stulun söykənəcəyinə yayxındıqdan sonra dedim:

- Cənablar, 1818-ci ilin sonuna yaxın kifayət qədər mühüm işlərim məni İspaniyaya apardı və bir ilə yaxın Əndəlusda qalmağa məcbur oldum.

Həmin dövrdə mənim ancaq iyirmi üç yaşım vardı. Çirkin və ensiz küçələri olan Kadiksdə özümü cəmiyyətdən təcrid etmək əvəzinə, mən, günün hər saatında jalyüzlərinin arxasında çəhrayı dodaqlarda təbəssüm, qara gözlərdə sehrli parıltı görəcəyimizdən əmin olduğumuz sonsuz sayda pəncərələrlə dəlik-deşik edilmiş ağ evləri olan, çox səliqəli və baxımlı şəhər Puerto-Realda gözəl bir nəzarət məntəqəsi kirayələdim.

Ona görə də, mənimçün dünyanın ən gözəl anları keçirdi.

Etməməli olsam da, işlərimi başlı-başına buraxaraq, mehriban insanlarla tanış olur, gözəl əlaqələr yaradırdım; bir sözlə, əylənməkdən başqa heç bir şey düşünmürdüm.

Amma bununla belə, həftədə iki ya üç dəfə, bayağı dildə desək, məyus olmağıma baxmayaraq, özümdə cəsarət toplayıb, şad-xürrəm keçən tənhalığımdan qoparaq, Puerto-Realı Kadiksdən ayıran üç lyö məsafəni keçib işlərimin vəziyyəti ilə maraqlanmağa, daha doğrusu isə, əlimə düşmüş bu şirin həyatdan həzz almaq fürsətimin nə qədər qaldığını öyrənmək üçün gedirdim.

Nə istəyirsiniz deyin, cənablar! Mən həyatdan yalnız həzz almağı bilirdim.

Həmin dövrdə hansısa Joze Maria haqqında danışırdılar. Bu o şəxs idi ki, uzun müddət quldurların rəhbəri kimi İspaniyanın böyük yollarında tələlər qururdu və yalnız hökumətlə razılığa gəldikdən sonra, illər ərzində yığdığı sərvətlərlə sakit və şərəfli ömür sürmək üçün vətəni sayılan Kadiksə çəkilmişdi.

Bu eks-banditin bu günə kimi eşidilməmiş cəsarətindən o qədər danışmışdılar ki, məndə ona qarşı güclü maraq və onunla üz-üzə gəlmək üçün çox böyük arzu oyanmışdı.

Bir səhər, çox yaxın dostum don Torribio Kezada’dan məktub aldım. Xəbər verirdi ki, axşam, Kadiksdə, məşhur Joze Maria onunla şam yeməyində olacaq, mənə isə, dəvət etdiyi köhnə qulduru görmək, onunla bir masanı bölüşmək və rahatca söhbət etmək fürsətini əldən verməməyi təklif edirdi.

Gözlənilməz xəbər sevincindən yerimdən sıçrayaraq dərhal atımı yəhərlədim, bu gündən gözlədiyim əyləncə haqqında fikirləşib ev nökərimə verdiyim bütün əmrləri ləğv edib çaparaq Kadiks yoluna yönəldim.

İki saat sonra artıq Torribionun qonaq otağında arxayın vəziyyətdə əyləşmişdim.

Joze Maria qeyd olunan vaxtda görüş yerində idi.

Bu, tam mənim təsəvvür etdiyim insan idi. Birlikdə keçirdiyimiz bir neçə saat mənim üçün yuxu sürətilə axıb getdi, bu ali insanın səmimiyyətinə, macəralı həyatının insanı həyəcanlandıran gözlənilməz hadisələrini sərbəst, gur və titrək səslə nağıl etməsini dinləyərkən ürəkdən mütəəssir olmuşdum.

Nəhayət, ayrılıq zamanı gəldi; axrıncı stəkan val de penas içdikdən sonra Joze Maria əllərimizi dostcasına sıxaraq bizi tərk etdi.

Don Torribio ilə tək qalanda o, mənə gecəni onun evində keçirtməyi təklif etdi, çünki hava artıq qaralmağa başlayırdı, Puerto-reala olan məsafə isə üç liyö idi.

Şam yeməyi təmtəraqlı idi, stolun üstünə simmetrik şəkildə düzülmüş çoxlu sayda boş şüşələr, axşamın heç də sıradan bir gün olmadığını sübut edirdi. Beynim dumanlanmışdı; çox çəkmişdim, sərxoş olmasam da, bununla belə nəşə həddimi çox aşmışdım. Təbii olaraq, inadcıl və tərs ruhum bu balaca azğınlığımın nəticəsini artıq hiss etməyə başlamışdı; dostumun bütün danlaqlarına qarşı qulaqlarımı bağlamışdım. O, saatın gec olduğunu, yolun uzunluğunu və eyni zamanda təhlükəli olmasını əsas gətirərək evində qalmağıma təkid etsə də, mən getməyə inad etdim.

Məzəmmətlərinin faydasız olduğunu, heç bir şeyin məni inandıra bilməyəcini görən don Torribio daha mənim qərarıma qarşı çıxmadı və son şüşə araq içib qucaqlaşdıqdan sonra evin qapısı önündə ayaqlarını səbirsizliklə yerə döyəcləyən atımın üstünə atlanıb, paltoma bürünərək dördnala çaparaq yola düşdüm.

Gecə qaranlıq idi, elektriklə yüklənmiş iri qara buludlar səmada ağır-ağır hərəkət edirdi, hava ağır və isti idi, iri yağış damcıları düşməyə başladı; fasilələrlə, uzaqdan, şimşək işıqları ilə müşayiət olunan boğuq göy gurultusu eşidilirdi. Çaxan şimşəkdən atımın gözləri qamaşır və qorxudan şahə qalxırdı.

Tənha yolda güclə irəliləyirdim, beynim, bütün axşam boyunca Joze Marianın dayanmadan danışdığı çox kədərli əhvalatlarla dolu idi. Bu dövrdə Əndəlusun böyük yollarında sürətlə artmaqda olan çoxsaylı caballeros de la Noche (İspanca: gecənin oğruları) tərəfindən qurulmuş tələlərdən qoruna bilmək üçün gözlərimi narahatlıqla ətrafımda gəzdirərək qaranlığı yarmağa çalışırdım.

Silahlı olsam da daha nə qədər qorxu içərisində qalmalı olduğumu hesablamaq üçün tez-tez Kadiksı Puerto-Realdan ayıran məsafəni nəzərdən keçirdirdim; amma həmin gecə, başım o qədər acınacaqlı əhvalatlarla dolu idi ki, özümü işlənməmiş bir cinayətdə qurban kimi hiss edirdim: mən nədən qorxurdum? Bunu özüm də bilmirəm və ya bir az səmimi olsam, deyə bilərəm ki, mən hər şeydən qorxurdum.

Hava get-gedə daha da dəhşətli olurdu.

Səma nəhəng od sahəsinə bənzəyirdi, ardı-arası kəsilməyən şimşək sarı rəngli əsrarəngiz işıq yayırdı, yağış sel kimi tökür və nəhayət, uzun müddətdən bəri idi ki, hazırlaşan ildırım hiddətlə çaxmağa başlamışdı.

Həyatın ümumi şıltaqlıqları içərisində çaşıb qalmış atım hər addımında büdrəyirdi. Palçığa yuvarlanmamaq üçün bütün diqqətimi onun üzərində cəmləşdirməyə məcbur oldum.

Yağış məni tamamilə islatmışdı, məni Torribionun israrından imtina etməyə məcbur edən və beləcə, gecənin ortasında itmiş cığırlarda palçıq şappılda-şappıldada ən azı iyirmi dəfə boynumun sındırılması təhlükəsi ilə üz-üzə qoyan inadkarlığıma görə özümə lənət oxuyurdum. Və nəhayət, çox uzaqlaşmadığımı güman etdiyim köhnə bir daxmanı xatırladığım an hansı müqəddəsə minnətdar olacağımı bilmədim. Qasırğadan qorunmaq üçün bu yerdən sığınacaq kimi müvəqqəti olaraq istifadə edə bilərdim.

Hər tərəfdən əhatə olunduğum zülmət içərisində hərəkət edərək bir neçə dəqiqədən sonra, nəhayət, qonaqpərvər daxmaya gəlib çatdım.

Bu, zamanın yavaş-yavaş dağıtdığı və yox etdiyi feodal malikanəsinin qalığı olan köhnə bir qala idi. Qala tamamilə tərk edilmiş, demək olar ki, xarabalığa çevrilmiş və yalnız gecə quşlarının sığınacağına çevrilmişdi. Kənd sakinləri onu keçmişdən bu günə kimi “bayquşların yuvası” adlandırırdılar, hansı ki elə ilk baxışdan da bu ada layiq olduğu görünürdü. Ayağımı torpağa qoyaraq yüyəni əlimə keçirdib atı ardımca apararaq böyük bir otağa daxil oldum. Kədərli, faciəli görünüşü olan bu yer özümdən asılı olmayaraq məni bərk sarsıtdı.

Vaxtilə bu yer haqqında danışılan qəribə əhvalatlar, sanki, hansısa bir qüvvə tərəfindən qəfildən xəstə təxəyyülümdə canlanmağa başlayır və hər şey yenidən yaşanırmış kimi bütün bədənimdə titrətmə yaradırdı. Bəlkə də bir neçə saat ev kimi istifadə edəcəyim bu yerlərə qaçılmaz narahatlıqla göz gəzdirdim.

Sizə dediyim kimi, cənablar, uzun müddətdən bəri çərçivələri olmadığından küləyin qovduğu yağış sularının içəri vurduğu, ensiz pəncərə yerlərindən ibarət və qalanın bütün eninə bərabər olan geniş bir otaqda idim.

Otağın çıxışında yuxarı mərtəbələrə aparan spiral formasında, sökülmüş bir pilləkən qalxırdı. Künc tərəfdə isə tavana kimi qalxan hər cür zibil qalağı var idi və görünürdü ki, ən azı bir əsrdən bəri bu qalağa toxunulmayıb.

Amma məni daha çox qorxudan isə otağın ortasında quru odun və kollardan qalanmış yanan ocaq idi.

Bu sığınacağın qonaqları kimlər idi?... onlar harada idilər? Bu oğru məskənində təhlükəli macəra yaşamamaq üçün yola çıxdım və diqqətlə hər tərəfə baxdım. Amma gecə zülmət qaranlıq olduğu üçün heç bir şey görmək mümkün olmadı; əbəs yerə diqqətlə qulaq asdım, küləyin hirsli vıyıltısından başqa heç bir insan hənirtisi yox idi.

Bu sakitlik və təklikdən əmin olduqdan sonra köhnə qalanı səyahət etmək qərarına gəldim: atımı saxladığım anbar sahəsindən başqa heç bir şey tapmadım.

Yalnız bundan sonra, heç olmasa indi qalanın tək sakini olduğuma və beləliklə də qorxulu heç bir şeyin olmadığına əmin olduqdan sonra otağa qayıtdım; amma bununla belə qəfildən ələ keçməmək üçün orada qalmamağı qərara aldım və dərhal qərarımı icra etdim.

Qərq olduğum zülmət qaranlığın ortasında bacardığım qədər təsəvvür etdim ki, bu otaq da dağınıq vəziyyəti olması, zibil yığını və hətta yuxarı mərtəbəyə qalxan pilləkəni ilə az öncə tərk etdiyim otağın eynisidi.

Qəfil hücum zamanı müdafiəsiz qalmamaq üçün ehtiyatla silahımın patronunu yoxladım; sonra özümü allahın ümidinə buraxaraq paltoma bürünüb, baş verə biləcək hər hadisəyə hazır olmaq üçün oyaq qalmaq fikri ilə pilləkənin yaxınlığında uzandım; amma yorğunluq və içdiyim çaxır təsirini göstərir və qeyri-iradi olaraq gözlərim yumulur; fikirlərim dumanlanır, özümü yuxuya təslim edirdim ki, gözlənilməz bir səs məni özümə qaytardı.

Sayı ona yaxın olan şəxs qalaya daxil oldu. Uzandığım yerdən başımı azca irəli verərək özümü nəzərə çarpdırmadan onları görə bildim.

Dəriləri günəşdən qaralmış, tutqun sifətli, gümrah bədənli, bər-bəzəkli, təmtəraqlı geyinmiş bu şəxslər təpədən dırnağa kimi silahlanmışdı.

Üzərinə iki-üç qucaq odun atdıqları ocağın ətrafında oturub öz aralarında coşqu ilə söhbət edir, arabir küncə qoyduqları iki böyük sandığa ehtirasla baxırdılar.

Eşitdiyim ilk sözdən artıq onların nə işlə məşğul olduqları haqqında zərrə qədər də şübhəm qalmadı.

Onlar quldur idilər, başqa sözlə desəm, Joze Marianın davamçısı olan, adı bütün Əndəlusda dəhşət saçan məşhur quldur başçısı Ninonun dəstəsinə aid olan böyük yolların oğruları idilər.

Hərəkətləri coşqulu idi; hərdən isə əllərini silahlarına tərəf aparırdılar. əmin oldum ki, onlar sandıqlardakı qənimətin bölgüsündə razılığa gələ bilmirlər. Dava o həddə çatmışdı ki, hətta bir birlərinə bıçaq da çəkdilər. Çaxnaşma böyümüş, bıçaqlar çıxarılmış, bir-birilərini nifrətlə süzməyə başlamışdılar ki, birdən başçıları göründü.

Həmin vaxtlar Nino təxminən qırx yaşlarında, hündürboylu, son dərəcə yaraşıqlı, boy-buxunlu kişi idi. Enli çiyinləri, əzələli qolları güclü olduğunu göstərirdi. Kobud üz cizgiləri, sərt baxışları vardı. Üzünə düşən ocağın parlaq işıqları, qalın və ətli dodaqlarını büzən kinayəli gülüşün yaratdığı qəribə cizgiləri daha dərindən əks etdirirdi.

Yenə dava-dalaş, yenə söyüşmələr!- vurğulu və sərt bir səslə dedi- ədəbli insanlar kimi siz də qarşılıqlı anlaşma içərisində yaşaya bilməzsinizmi?!

Quldurlardan biri nəsə deməyə cəhd etmək istəyirdi ki, Nino onun səsini dərhal kəsdi:

- Sakit! Mən heç bir şey eşitmək istəmirəm. Allah xatirinə! Sanki yer üzündə tək insan sizsiz kimi, təhlükəsizliyimizi düşünmək yerinə, axmaq rahiblər kimi odun ətrafında özünüzdən razı halda sərilmək üçün buradasınız!

Bəxtiniz gətirib ki, mən həmişə ayıq-sayıq olmuşam. İndi isə deyin görüm, anbarın altında gördüyüm atın sahibi hara gedib?

Bu sözdən sonra qeyri-ixtiyari olaraq bütün vücudmu titrətmə bürüdü və mən, bəxtsiz taleyimin məni içinə saldığı vəziyyət haqqında qorxu ilə fikirləşməyə başladım. Həqiqətən, böhran vəziyyətində idim, özümü tələdə hiss edirdim: heç bir vasitə məni bu oğru məskənindən qurtarmaq gücündə deyildi. Quldurların qəddarlığını çox yaxşı bildiyimdən, əllərinə keçdikdən sonra taleyimi nələrin gözlədiyinə zərrə qədər də şübhəm yox idi. Özümü allahın ümidinə buraxdım. Madam ki, xilas yolum yoxdur, o zaman həyatımı mümükün qədər ən baha qiymətə satacağımı öz-özümə vəd etdim.

Quldurbaşının sözlərindən sarsılmış quldurlar əllərində geniş lüləli tüfəngləri ilə donub qalmışdılar.

Haqqında danışdığınız insanın harada olmasından xəbərimiz yoxdur- quldur üzvlərindən biri dedi- çünki biz bura gələndə qala bomboş idi.

- Ola bilər - Nino dedi - hər halda, aranızdan iki nəfər bu daxmanın bütün girəcəklərini yoxlasın, bəlkə, o bu yaxınlarda gizlənib.

İki nəfər çıxdı, quldurbaşı isə qalanın eni-uzunu boyu gəzişərək onların qayıtmasını gözlədi.

Bir neçə dəqiqədən sonra onlar qayıtdılar.

- Nə oldu? - deyə quldurbaşı soruşdu.

- Heç bir şey - quldurlar cavab verdilər - at hələ də anbardadı, amma atlının özündən heç bir iz yoxdur.

- Hm...

Quldurbaşı yenə də otaqda gəzişməyə davam etdi.

Az əvvəl səs-küylə dolu olan otaqda indi ölüm sükunəti hökm sürürdü.

Az əvvəlki təhlükənin sovuşduğunu ehtimal edərək, güclə nəfəs alırdım. Amma yanılmışdım.

Bir neçə dəqiqədən sonra quldurbaşı nə isə bir qərara gəlmiş kimi birdən dayandı.

- Qalanın içərisini axtarmısınızmı?- soruşdu

- Xeyr- quldurlar cavab verdi- nə xeyri var? Heç bir insan canından o qədər bezməz ki, səbəbsiz yerə özünü canavarın ağzına atsın.

- Kim bilir?- quldurbaşı başını silkələyərək mızıldandı - ola bilsin ki, axatrdığımız adam sizdən əvvəl burada olub, gəldiyinizi eşidərək, hara gedəcəyini bilməyərək, yuxarı mərtəbələrə qalxıb. Bizim işimizdə ehtiyat igidin yaraşığıdır.

Nino dəstə yoldaşları ilə birlikdə pilləkənə tərəf yönəldi.

Mən dərhal ikinci mərtəbəyə qalxdım. Quldurların hər küncü-bucağı eşələdiklərini eşidirdim.

- Heç kim yoxdur. Daha yuxarı qalxaq.

Qala yalnız ikicə mərtəbə və bir də təngnəfəs gəlib çıxdığım yastı damdan ibarət idi.

Özümü tamamilə itirmişdim, heç bir köməyim yox idi, bu vəziyyətdə heç bir insan əli mənim köməyimə gələ bilməzdi. Mən ora-bura qaçırdım, təxminən yüz addımlığında dərin uçurum yerləşən bu lənətə gəlmiş yastı damın ətrafında hürkmüş heyvan kimi dövrə vururdum.

Dişlərim bir-birinə elə dəyirdi ki, sanki bu dəqiqə sınacaqdı.Üzümü soyuq tər basmışdı, qıc olmaq dərəcəsinə çatmış titrəmə bütün bədənimi bürümüşdü.

Xəfiyyə kimi ardımca düşmüş quldurların addım səslərini pilləkənlərdə eşidirdim, qorxudan titrəyərək mənə çatmaqlarına təxminən neçə saniyə qaldığını hesablayırdım.

Qorxudan dəliyə dönmüşdüm, bol girov pulu əldə etmək üçün öz qurbanlarına inanılmaz işgəncələr verən zalımların əlinə keçməkdənsə özümü dərədən atmaq qərarına gəldim.

Özümü dərədən atmazdan qabaq, qeyri-ixtiyari olaraq başımı azca qabağa əyərək, az sonra tullanaraq parçalanacağım dərinliyi təxmini ölçməyə çalışdım.

Bu zaman özümdən təxminən iki ayaq aşağıda, dayaq tağı formasında üfüqi uzanan, qalanın divarına lehimlənmiş, baş barmaq yoğunluğunda, uzunluğu isə təxminən üç ayaq olan dəmir dirək gözümə sataşdı. Bu dəmir tirdən bu günə kimi nədə istifadə edilmişdi? Həmin anda bu sual məni demək olar ki, heç maraqlandırmırdı.

Birdən ağlıma bir fikir gəldi. Bu fikir məndə, məni izləyən və demək olar ki, çatmaqda olan quldurlardan yaxa qurtarmağım üçün ümid yaratdı.

Vaxt gedirdi, bir dəqiqə belə itirmək olmazdı: fikirləşmədən damın kənarından addımlayıb keçdim, iki əlimlə dəmirdən tutaraq, havadan asılı vəziyyətdə qaldım və gözlədim.

Elə yenicə vəziyyət almışdım ki, quldurlar qara-qışqırıqla dar dərədən damın üstünə çıxdılar və o tərəf bu tərəfə qaçmağa başladılar.

Güclü küləklə birlikdə yağış sel kimi tökür, ildırım hələ də davam edir və fasilələrlə çaxan gözqamaşdıran şimşək buludları yarırdı.

  • Görürsünüz, şef, heç kim yoxdur- quldurlar qışqırışırdılar.

- Doğrudur- quldurbaşı ovqatı təlx olmuş halda dilləndi.

- Aşağı ensək yaxşıdır. Daha burada dayanmağın heç bir mənası yoxdur – quldurlardan biri dedi.

- Düşək.

Bədənimdən yüngüllük dolu xoş bir sızıltı keçdi. Bu sözlərdən sonra inandım ki, axtarışlarının nəticəsiz olduğunu görən quldurlar geri çəkilirlər.

- Mən xilas olmuşdum.

- Ən sıxıntılı anda gözləmədiyim köməyə görə ürəyimin dərinliyində allaha təşəkkür etdim və yenidən qalaya çıxmağa başladım.

Bilmirəm, bu gerçək idi, ya yuxu, təhlükə keçmiş olsa da, vəziyyətim heç də xoşagələn deyildi. Biləklərimdə və qollarımda yorğunluq hiss edirdim, hiss edilmədən dərəyə tərəf əyilməyə başlayan paslı dəmir dirək bədənimin ağırlığına uzun müddət davam gətirə bilməyəcəkdi.

Beləliklə, mən tələsməliydim.

Qalanın təpəsində səssizlik hökm sürürdü.

Bütün səylərimi toplayaraq, məni divarın başından ayıran məsafənin nə qədər olduğunu öyrənmək üçün başımı qaldırdım.

Damın kənarına söykənmiş quldurbaşı hiyləgər gözlərini üzümə zilləyərək kinayə ilə gülü-gülə mənə baxırdı.

- Aha – dedi

- İblis!- qəzəblə qışqırdım.

Sakitcə məni tutmaq üçün Nino başını çölə əydi.

Məni havada saxlayan dirəkdən bir əlimi buraxaraq, kəmərimə keçirtdiyim patronla dolu olan silahımı çıxartdım.

- Əlimdən qaça bilməzsən, dostum- quldurbaşı istehza ilə dedi.

- Səni öldürəcəm- silahımı quldura tuşlayaraq dodağımın altında pıçıldadım.

- Elə bu vaxt dirəyin əyildiyini hiss etdim, əlim sürüşdü, silahımı yerə saldım.

Son dəfə gücümü toplayaraq, əyilməkdə olan lənətə gəlmiş dirəkdən ikiəlli yapışmağa nail oldum.

- Oh- belə ölümümə görə çox təəəssüf edirdim.

Və birdən fövqəl bir qüvvə ilə dartınaraq, divarın başına çıxmaq üçün atıldım.

- Yox – Quldurbaşı qulaqbatıran zil bir səslə dilləndi- sən elə burda it kimi gəbərəcəksən.

Və məni çölə tərəf itələdi.

İçimə nə isə dəhşətli bir hiss doldu. Bir müddət qorxulu sıxıntı keçirtdim. Qəzəbli və ümidsiz halda bütün səylərimə baxmayaraq, artıq tam şaquli vəziyyət almış dirək məni uzun müddət saxlaya bilmədi. Qıc olmağa başlayan barmaqlarımın dəmir uzunu sürüşdüyünü hiss edirdim. Çəkdiyim əzab-əziyyətimdən sevinən quldurun gülüşü sanki cəhənnəmdən gələn qorxulu səslərə bənzəyirdi. Bütün ümidimi itirmişdim, az sonra yuvarlanacağım qorxulu uçurumu görməmək üçün gözlərimi yumdum və...

- Və?- deyə bütün qonaqlar mənim nəyə görə dayandığımı başa düşmədilər.

- Və mən yuxudan oyandım, cənablar- davam etdim – çünki bunlar hamısı yuxudan başqa bir şey deyildi. İçki məclisindən sonra qızışmışdım, Kadiksdən çıxanda məni yuxu tutub. Beynim oğrular haqqında hekayələrlə dolu olduğundan sizə danışdıqlarımın hamısını yuxuda görmüşdüm. Bəxtim onda gətirib ki, atım həmin yollara çox yaxşı bələd olub və məni düz qapımın ağzına kimi gətirib, şükür ki, iki saatdan bəri gördüyüm dəhşətli qarabasmadan məni oyadıb.

Tərcümə: Sədəf Bağıyeva

# 1270 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #