Güney Azərbaycanın xalçaları ilə məşhur şəhəri - ARAŞDIRMA

Güney Azərbaycanın xalçaları ilə məşhur şəhəri - ARAŞDIRMA
27 noyabr 2025
# 14:40

Kulis.az APA-nın “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Xalçaları ilə Azərbaycan mədəniyyətini dünyaya çıxaran Heris şəhəri” yazısını təqdim edir.

Heris şəhəri Şərqi Azərbaycan əyalətinin mərkəzi sayılan Təbriz şəhərinin 88 km qərbində yerləşir. Şərqdən Sərab (Sarav) və Meşginşəhr (Xiyav) şəhərləri, şimaldan Əhər və Vərzeqan şəhərləri, cənubdan isə Bostanabad (Ocan) şəhərləri ilə həmsərhəddir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Bəzi şəhərlər isə başqa əyalətlərin tərkib hissəsinə daxil edilib.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Heris şəhərinin əhalisi 12 515 nəfərdən çox, Heris rayonunun əhalisi isə 69 093 nəfərə bərabər olub. Heris şəhəri əslində Heris rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonun mərkəzi bölümü (bəxş) Heris, Bəxşayış, Zərnə, Kəlvana və Ərbatan kimi şəhərləri və bir neçə kəndistanı əhatə edir. Şəhərin Xacə (Xoca) adlı ikinci inzibati bölümü Təbrizdən cəmi 25 kilometr aralıdadır. Bu bölgənin əhalisinin böyük əksəriyyəti müsəlman şiədir və Azərbaycan türkcəsində danışır.

Heris şəhəri dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, Qoşadağ, Bozquş, Sabulaq, Ağdağ, Savalan dağlarının yaxınlığında yerləşir. Yaxınlıqdan keçən Acı Çay çayı şəhərin iqliminə mühüm təsir göstərir. Bu bölgənin soyuq, buzlu qışları və mülayim yayları var. Heris sakinlərinin əsas məşğuliyyətləri ticarət, əkinçilik, heyvandarlıq və xalçaçılıqdır. Xalça istehsalı emalatxanalarında çoxlu kişi və qadın çalışır.

Heris qədim zamanlardan müasir dövrə qədər

Azərbaycanın bəzi şəhər və rayonları kimi, təəssüf ki, bu bölgənin də qədim tarixi ilə bağlı hərtərəfli elmi araşdırma aparılmayıb. Üstəlik tarixi mənbələr və akademik araşdırmalar kifayət qədər olmadığından bölgənin tarixi haqqında danışmaq çətindir. Yalnız bir sıra pərakəndə tarixi sənədlər və bölgədə yerləşən tarixi məkan və abidələr müəyyən ipucu verə bilər. Moğol elxanı Qazan xanın dövründə Rab'e Raşidi vəqfində Herisin qeyd edilməsi şəhərin qədimliyindən xəbər verir. Bilirik ki, Rab'e Raşidi Moğol Elxanlığı (1256-1356) dövründə Qazan xanın alim və qüdrətli vəziri, Xoca Rəşidəddin Fəzlullah Həmədani tərəfindən qurulub və o zaman dünyanın ən böyük akademik və elmi mərkəzlərindən biri olub.

(Hovuzlu Qala- İsmail Kəndi)

Səfəvi və Qacarlar dövrünə aid çoxsaylı abidələrin olması da bölgənin əhəmiyyətinin tarixi davamlılığından xəbər verir. Şiranda daş dövrü və Urartu dövrünə aid Ayı Qalası, Şeyx İshaq türbəsi (Xanqah kəndində), Minəq qəbiristanlığı, Hiq qəbiristanlığı, Govur qəbiristanlığı, Cəmalabad daş məscidi və Əsnəq məscidi (hicri 8-ci əsr), Çınar Kərpic Qülləsi, Sarayın tarixi hamamı, Göydərə Karvansarayı kimi yerlərin varlığı bizim sözümüzün doğruluğunu göstərir.

(Şeyx İshaq türbəsi-Səfəvi dövrü)

Bu bölgədə meydana çıxan mühüm şəxsiyyətlər arasında Məşrutə hərəkatını (1905-1911) dəstəkləməyə təşviq edilməkdə təsirli rol oynamış Şeyx Səlimin adını çəkmək olar. Şeyx Səlim hərarətli danışıqları ilə Məşrutəni, ədaləti və azadlığı təbliğ edirdi. Bu da Məşrutənin müxaliflərinin gözündən qaçmırdı. Elə bu səbəbdən də 1912-ci il yanvarın 1-də Təbrizdə ruslar tərəfindən asılan 8 məşrutəçidən biri də Şeyx Səlim idi.

(Rusların Təbrizdə asdıqları məşrutə tərəfdarları; Soldan dördüncü Şeyx Səlimdir)

Məşrutə hərəkatı dövründə Azərbaycan yalnızca özü üçün deyil, bütün İran üçün azadlıq və ədalət axtarırdı, amma əvəzində əldə etdiyi zülm, ədalətsizlik və ayrı-seçkilikdən başqa bir şey olmadı. Məşrutə hərəkatının istənilməz nəticəsi olaraq 1925-də Türk Qacar sülaləsi qüdrətdən düşdü və farsçı Pəhləvi rejimi İranda iqtidarı ələ keçirdi. Beləliklə, Azərbaycanda fəlakət dönəmi başladı. Pəhləvi rejimi farsçı və irqçi bir dövlət olaraq Azərbaycanı iqtisadi, siyasi və mədəni baxımdan zəiflətməyə çalışdı. Təbii ki, Rza şahın bu yanaşmasında Azərbaycan xalqının türk olması da təsirsiz deyildi. Əslində kökü çox daha keçmişlərə dayanan, ancaq Məşrutə inqilabı ərəfəsində yenidən bir nəzəriyyə kimi ortaya çıxan farsçılıq düşüncəsinin mahiyyətində türk və ərəb düşmənliyi var. Bunun üçün də bu düşüncə Rza şah dönəmində dövlət siyasətinə çevrildiyində Güney Azərbaycan türklərinin ana dili yasaqlandı və istər təhsil sistemində, istərsə də bütün dövlət ərkanında Azərbaycan türkləri aşağılandı və təhqir olundu. Hakimiyyətin bu siyasətinin son məqsədi Azərbaycan türklərinin kimliyini, mədəniyyətini məhv etmək idi. Əlbəttə, mərkəzi hakimiyyətin Azərbaycanla münasibətləri intiqam xarakteri daşıyırdı. Sanki min ilə yaxın türklərin hakimiyyəti altında yaşayan farslar indi onlardan tarixi intiqam alırdılar.

1941-ci ildə İranın müttəfiqlər tərəfindən işğalı nəticəsində Rza şahın diktaturası ortadan qaldırıldı və Güney Azərbaycan bir daha ayağa qalxdı. Bu hərəkət 1946-cı ildə Rza şahın oğlu Məhəmməd Rza şahın əli ilə qanlı şəkildə basdırıldı və yenidən Güney Azərbaycana qarşı əvvəlki təzyiqlər bu dəfə daha şiddətli şəkildə həyata keçirildi.

İran hökumətinin son yüz ildəki siyasəti Azərbaycan türklərinin bir qismini assimilyasiya etməyi bacarsa da, Heris şəhəri və ətrafındakı bölgələrdə Azərbaycan mədəniyyəti çox ciddi və çox güclü şəkildə hələ də yaşamaqdadır. Bəlkə də demək olar ki, bu bölgə İran hökumətinin basqıçı mədəniyyət siyasətinin o qədər də uğur qazana bilmədiyi Güney Azərbaycanın azsaylı bölgələrindəndir. Qeyd etmək lazımdır ki, Qaradağ bölgəsinə yaxın olan bu bölgədə zəngin aşıq sənəti ənənəsinin mövcudluğu digər amillərlə yanaşı, Azərbaycan türk mədəniyyətinin qorunub saxlanılmasında və möhkəmlənməsində də təsirli olub. Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, ilin son çərşənbə axşamı dəbləri, Novruz bayramı dəbləri, sayaçılar, təkəmçilər, Çillə gecəsi, “Koroğlu” dastanı kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca demək ki, Azərbaycan hələ bu şəhərdə yaşayır.

Şeyx Səlim ruslar tərəfindən asılaraq öldürüldü, lakin Güney Azərbaycanda və onun doğulduğu yerlərdə azadlıq və ədalət ruhu heç vaxt ölmədi. Günümüzdə Güney Azərbaycan türkləri, xüsusilə gənc nəsil, hökumətin bütün maneə və sərtliklərinə baxmayaraq, azərbaycanlılığını, türklüyünü, mədəniyyətini, tarixini və dilini qoruyub saxlamaqda qərarlı görünür. Heç bir şübhə etmədən demək olar ki, bu gün şəhər və onun çevrəsindəki Qaradağ bölgəsi Azərbaycan mədəniyyətinin ən ciddi şəkildə qorunduğu bölgələrdən biri sayılır. İran hökumətinin mədəni, iqtisadi və siyasi zülmlərinə qarşı qəti iradə ilə dayanan, həbs və zindan ağrısını çəkən şair, yazıçı, aşıq və Azərbaycan milli hərəkatının digər fəalları Güney Azərbaycana parlaq gələcək vəd edir. Düzdür, onların Azərbaycan mədəniyyətini silməyə çalışan dövlət qurumları ilə müqayisədə imkanları çox az və məhduddur, lakin onların sarsılmaz iradəsi yeni nəsil Güney Azərbaycan türklərində öz kimliyinə qayıtmaq istəyinin gündən-günə güclənməsinə səbəb olub.

Xalçaları ilə Azərbaycan mədəniyyətini dünyaya tanıdan şəhər

Azərbaycan xalçaçılıq sənəti təkcə Təbrizdə toxunan nəfis incə xalçalarla, Sərdəridə toxunan incə zinətli divar xalçaları və ya Xoyda toxunan balıq motivli xalıları ilə məhdudlaşmır. Güney Azərbaycan xalçaçılıq məktəbi içində Herisin qaba toxunuşlu xalçaları da mühüm yer və statusa malikdir. Onlar öz orijinallığını qorumaqla və türk-Azərbaycan mədəniyyətini əks etdirməklə yanaşı, Qərb dekorasiyasına uyğunluğuna görə Avropa və Amerikada evlərin, mədəniyyət və incəsənət ocaqlarının bəzədilməsi üçün istifadə olunur.

Heris xalçalarının dizayn və naxışlarının hər biri bölgənin keçmişi ilə bağlı gerçək hekayətlər danışır və əslində bu hekayətlər sənət dili ilə gələcək nəsillərə xatirə kimi ötürülür. Bütün bu ilmə və naxışlar bölgənin təbiətindən ilhamlanaraq yaradılıb. Xalçalarda istifadə olunun bu motivlər həm türk Azərbaycan mifologiyasından (Dədə Qorqud, Əsli və Kərəm, Qır at və Boz At) qidalanır, həm də bölgələrin bitki örtüyündən ilhamlanıb. Beləliklə, bir elin, bir yurdun tarixi xalçaların ilmələrində gizlənərək sənət dili ilə gələcək nəsillərə ötürülür.

# 36 dəfə oxunub

Oxşar xəbərlər

Vatikan ispan pop ulduzunun albomunu təriflədi

Vatikan ispan pop ulduzunun albomunu təriflədi

15:10 27 noyabr 2025
Milli Dram Teatrının dekabr repertuarı

Milli Dram Teatrının dekabr repertuarı

14:30 27 noyabr 2025
Nobel mükafatçısı:  "Zorakılıq və gözəlliyin  iç-içə olduğu dünyada məsumiyyət mümkündürmü?"  - Müsahibə

Nobel mükafatçısı: "Zorakılıq və gözəlliyin iç-içə olduğu dünyada məsumiyyət mümkündürmü?" - Müsahibə

14:30 27 noyabr 2025
"Bu xalq vaxtilə müzəffər olmuşdur..."  - Aleksandr Dümanın fikirləri

"Bu xalq vaxtilə müzəffər olmuşdur..." - Aleksandr Dümanın fikirləri

12:45 27 noyabr 2025
Bakı Dövlət Sirki cərimələndi

Bakı Dövlət Sirki cərimələndi

12:43 27 noyabr 2025
Əməkdar artist AzTV ilə yollarını ayırdı

Əməkdar artist AzTV ilə yollarını ayırdı

12:10 27 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər