[b]Bizim həkimlər Hippokrata niyə and içmir[/b] - ARAŞDIRMA

[b]Bizim həkimlər Hippokrata niyə and içmir[/b] - <span style="color:red;">ARAŞDIRMA
8 fevral 2017
# 16:10

“Hippokrat andı” həkimlərin davranışlarını müəyyən edən etik-əxlaqi prinsiplərdən ibarətdir. Həkim olmaq istəyən hər kəs bu andı qəbul edir.

Hippokrat andından əvvəl də Qədim Misirdə həkimlərin davranışlarını müəyyən edən prinsiplər vardı. “Hippokrat andı” göründüyü kimi Qədim Yunan alimi, həkimi Hippokratın adı ilə bağlıdır.

Deyilənə görə, andın tarixi tibb tanrısı Asklepiyə qədər gedib çıxır. Hippokrat sadəcə e.ə. 3-cü əsrdə onu yazıya köçürüb.

And o vaxtdan bu günə qədər müxtəlif redaktələrdə bir çox dillərə çevrilib. Öz dövrü üçün olduqca böyük mənəvi meyar olan and xristian dünyasında da geniş yayılıb. Sadəcə, andın girişindəki bütpərəst tanrılarının adları çıxarılıb, yerinə xristian inancları əlavə edilib.

Ümumiyyətlə, “Hippokrat andı” müasir dövrlə bir sıra ziddiyyətlər təşkil edir.

Yuxarıda dediyimiz kimi andın ilk cümləsində Qədim yunan Tanrılarının adları çəkilir: “Apollona – loğman Asklep, Higeya və Panakeya və bütün tanrıların şahidliyində and içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm.”

Müasir dövrdə isə heç kəs bu tanrılara etiqad etmir. Xristianlar bunu öz dinlərinə uyğun dəyişiblər.

İsraildə bu səbəbdən “Yəhudi həkimi andı” hazırlanıb. Orda din dövlətdən ayrı olmadığı üçün ali təhsil müəssisələrində Hippokrat andı yerinə özlərinin hazırladıqları anddan istifadə olunur. Həmin and “allahlar”la bağlı hissədən başqa demək olar ki, “Hippokrat andı”ndan fərqlənmir.

“Bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam; onun övladlarını özümə qardaş bilib, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti bir ödəniş və ya sənəd almadan öyrədəcəyəm; şifahi dərsləri və təbabət biliklərini öz və müəllimimin övladlarına və ancaq təbabət qaydalarına sadiq və həkim andı içən şagirdlərimə öyrədəcəyəm. Bunlardan başqa bir kimsəyə öyrətməyəcəyəm.”

Bu hissə də günümüzlə səsləşmir. Çünki bu bəndə əsasən həkimlər gərək müəllim-professorlarına, öz valideynləri kimi yanaşsınlar, onlara gəlirlərindən versinlər, onların övladlarına ödənişsiz tibb dərsi keçsinlər. Günümüzdə belə hallar olmur.

“Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyim, belə bir hərəkət tərzini də tövsiyə etməyəcəyəm.”

Göründüyü kimi, andın bu hissəsi də günümüzlə səsləşmir. Bu bənd birbaşa evtanaziyaya qarşı çıxır. Deməli, həkim sağalmaz xəstəliklərdən əziyyət çəkən xəstələrin həyatına son verə bilməz. Halbuki evtanaziya artıq Belçika, Hollandiya və ABŞ-ın bir ştatında qanunla qüvvəyə minib.

“...Hamilə qadına uşaq salması üçün kömək etməyəcəyəm.”

Bildiyimiz kimi, müasir dövrdə bir çox ölkələrdə aborta icazə verilir. Hippokrat bizim dövrdə yaşasaydı heç vaxt abort etməzdi.

“Sidik kisəsi daşından əziyyət çəkənləri yarmayacaq və onları bu işlə məşğul olanlara həvalə edəcəyəm.”

Bu da köhnəlmiş fikirdir. Hippokrat cərrah olmadığı üçün cərrahları həkim saymırdı.

“Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm.”

Köləlik dünyada çoxdan ləğv olunub, odur ki, bu müddəa da köhnəlmiş sayılır.

Gördüyünüz kimi, “Hippokrat andı” özünün ilkin variantında müasir dünya ilə səsləşmir. Buna görə də Beynəlxalq Səhiyyə təşkilatı 1948-ci ildə Cenevrə deklarasiyası qəbul edərək, “Hippokrat andı”nı yeni redaktədə təqdim edib.

SSRİ-də 1971-ci ildə təsdiqlənmiş “Sovetlər İttifaqının həkiminin andı” var idi. ABŞ-da isə andın bəzi müddəaları hüquqi presidentlə məhdudlaşdırılıb. Bu presidentə əsasən həkimlər terroristlərə və potensial terroristlərə yardım göstərə bilməzlər.

Bəs, Azərbaycanda necə, tibb müəssisələrinin məzunları “Hippokrat andı” içirlərmi? Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə hər bir and konkret xidmət, nəcib məqsəd uğrunda olur:

“Hər bir and mücərrəddir. Onun heç bir hüquqi əhəmiyyəti, öhdəliyi olmur. Hüquqi dövlətlərdə həkim etiqadı kodeksi var və bu kodeks hüquqi öhdəlik yaradır. Hər bir dövlətin tibb diplomunu əldə edən şəxs peşə borcunu dərk edir, dövlət, cəmiyyət qarşısında məsuliyyət hiss edir. Onun üçün peşə vicdanı “Hippokrat andı”ndan üstündür. Həkim etiqadı kodeksi qanunverici aktdır, “Hippokrat andı” isə qanunverici akt deyil. Təəssüf ki, bizdə həkim etiqadı kodeksi qəbul olunmayıb. Bizim tibb müəssisələrinin tələbələri ənənəvi olaraq “Hippokrat andı”na, daha doğrusu SSRİ dövründə qəbul olunmuş “Sovet İttifaqının həkiminin andı”na and içirlər. Sovetlər isə ateist dövlət olduğu üçün andın qədim yunan Allahlarına aid hissəsi dəyişdirilmişdi.”

# 2579 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #