Ən kasıb və ən böyük şair - O, həbs olunmaqdan necə xilas oldu?

Ən kasıb və ən böyük şair - O, həbs olunmaqdan necə xilas oldu?
28 noyabr 2025
# 11:30

Bu gün görkəmli İngilis şair Uilyam Bleykin doğum günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Uilyam Bleyk dünya ədəbiyyatının ən sirli, ən asi və ən görünməz dahilərindən biridir. Onu oxuduqca hiss edirsən ki, bu adam təkcə şeir yazmayıb, həm də özünün gizli aləmini işarələrlə, rəsmlərlə, metafizik qatlarla kodlaşdırıb. Hər misrası bir qapıdır və hər qapının arxasında başqa bir kainat dayanır. Əslində, Bleykin həyatı ilə yaradıcılığı arasında sərhəd yoxdur, o, şeirləri yaşayır, rəsmləri isə nəfəs alırdı.

1757-ci ildə Londonda doğulan Bleyk uşaqlıqdan adi bir taleyə sığmayacağını göstərirdi. On yaşında “mələkləri gördüyünü” deyir, ailəsi isə bunu uşaq xəyalpərəstliyi kimi başa düşürdü. Lakin Uilyam üçün görünməz aləmlər real dünyanın davamı idi. Atası onun bu xüsusiyyətini boğmadı; əksinə, rəsmdəki qabiliyyətini görüb onu dövrün tanınmış qravürçüsü Ceyms Beykin yanına göndərdi. Beləcə, Bleyk hələ yeniyetmə yaşlarında çertyoj və təsviri sənətin sirlərinə yiyələndi

Lakin Bleyk sənətdə ənənəni deyil, üsyanı seçdi. Onun “İnnosensiya nəğmələri” və “Təcrübə nəğmələri” kitabları ingilis poeziyasının estetik ritmini dəyişən əsərlərdir. Bleyk bu kitablarla insanın daxilindəki uşaq saflığı ilə yetkin dünyanın zəhərli reallığı arasında müharibə olduğunu göstərdi.

Onun üsyanı yalnız poetik deyildi; Bleyk bütün siyasi, dini və ictimai sistemlərə şübhə ilə yanaşırdı. Fransız inqilabına simpatiyasına görə, Londonda nəzarət altında saxlanılırdı. Bir dəfə bir əsgərlə mübahisə etdiyinə görə “kralı təhqir etmək”də günahlandırıldı. Həmin dövr üçün ağır ittiham idi, lakin Bleyk özünü müdafiə edərək bəraət aldı. Bu hadisədən sonra daha çox qapanıb özünün sirli “peyğəmbərlik kitabları” üzərində işləməyə başladı: “Milton”, “Urizen kitabı”, “Yerüsəlim” və digərləri. Bu əsərlər müasir oxucu üçün də çətin, amma qeyri-adi dərəcədə cəlbedicidir. Bleyk burada öz mifologiyasını yaradır, kainatı ayrıca qatlara bölür, insan ruhunun parçalanmasını arxetiplərlə təsvir edir. O, bir şairdən çox, sanki yeni bir kainatın memarı idi.

Bleykin həyatının ən maraqlı tərəflərindən biri onun maddi yoxsulluqla barışmasıdır. O, məşhur olmaq üçün yazmırdı. Deyirlər ki, İngiltərənin ən böyük şairlərindən biri olan Bleyk sağlığında 30–40 nüsxədən artıq kitab satmamışdı. Evində bir parça çörəyi də yox idi, amma təxəyyülü Londonun ən varlı adamlarının təxəyyülündən də geniş idi. Qravürlərini də özü çap edir, tərtibatı, illüstrasiyanı, nəşr texnikasını bütöv bir sənət aktı kimi düşünürdü. Bleyk üçün kitab sadəcə kağız deyil, canlı bir varlıq idi.

Həyat yoldaşı Ketrin onun ən böyük dayağı idi. Ketrin savadsız bir qız ikən Bleykə ərə getdi, amma o, qadına oxumağa, yazmağı, çəkməyı, hətta çap etməyi öyrətdi. Ketrin onun həm köməkçisi, həm tənqidçisi, həm də ruh yoldaşı oldu. Bleyk ölümündən bir qədər əvvəl ona “Həmişə mənim yanımda bir mələk kimi dayanmışdın” demişdi. Ketrin isə ömrünün sonuna qədər onun irsini qorudu.

Bleyk 1827-ci ildə vəfat etdi. Ölüm yatağında yaxınlarına “nə qədər möhtəşəm səhnələr gördüyümü bilsəniz...” demişdi. Ölərkən belə bir rəssam kimi düşünürdü. Sanki Tanrının emalatxanasına köçürdü.

Bu gün Bleyk şair, rəssam və mistik düşüncənin ən parlaq simalarından hesab olunur. Onun təsiri olmadan nə modern poeziyanı, nə də modern vizual sənəti tam təsəvvür etmək olar. Müşfiqin, Lorkanın, Bodlerin, Yeytsin ruhunda dolaşan o fövqəldünya nəfəsi bir az da Bleykdən gəlir.

Uilyam Bleyk bu gün oxunanda sanki “bizim əsrin insanı” təsiri bağışlayır. Ənənəyə meydan oxuyan, cəmiyyətin mexanikləşmiş ruhuna etiraz edən, insanın daxilindəki qaranlıq və işığı birləşdirməyə çalışan sənətkar... Onun dahiliyi də bundadır: Bleyk həm keçmişin sehrli şairi, həm də gələcəyin metafizik düşüncə memarıdır.

Bu səbəbdən, Bleyki oxumaq təkcə ədəbiyyat zövqü deyil, həm də insanın öz daxili dünyası ilə üz-üzə gəlməsi deməkdir. Bir növ aynadır - baxmağa cəsarəti olanlar üçün.


# 68 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyat İnstitutunda çağdaş ədəbiyyatda avtofiksiya mövzusu müzakirə olunub

Ədəbiyyat İnstitutunda çağdaş ədəbiyyatda avtofiksiya mövzusu müzakirə olunub

11:20 28 noyabr 2025
"80 yaşında Xalq artisti adı kimə lazımdır?!" - Dərdlərini özü ilə aparan aktrisa

"80 yaşında Xalq artisti adı kimə lazımdır?!" - Dərdlərini özü ilə aparan aktrisa

11:10 28 noyabr 2025
"Yorulmaz əkinçi: Həsən bəy Zərdabi"  kitabının təqdimatı keçirildi

"Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı keçirildi

10:45 28 noyabr 2025
Sizi güldürənlər ağladır bizi... - “Səksənincilər" layihəsindən Məmməd İlqarın şeirləri

Sizi güldürənlər ağladır bizi... - “Səksənincilər" layihəsindən Məmməd İlqarın şeirləri

10:00 28 noyabr 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:36 27 noyabr 2025
Vatikan pop ulduzun albomunu təriflədi

Vatikan pop ulduzun albomunu təriflədi

15:10 27 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər