Ürəyi partlayıb ölən alim, qızlara lətifə danışan qoca mühafizəçi - Elmlər Akademiyasından reportaj

Ürəyi partlayıb ölən alim, qızlara lətifə danışan qoca mühafizəçi - Elmlər Akademiyasından reportaj
28 noyabr 2025
# 12:30

Kulis.az Orxan Həsəninin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Yeni ədəbiyyatı tanıyaq" layihəsi çərçivəsində Vüqar Vanın “Hardasa olardı 13-14 yaşım" romanının müzakirəsindən hazırladığı reportajı təqdim edir.

Müzakirənin başlamasına bir saat qalmış Elmlər Akademiyasının parkına çatıram. Bakı Dövlət Univerisitetinin gecikən tələbələri əllərində kitablar, çiyinlərində çanta dərsə tələsirlər. Tələbələr təlaşlıdır, hava sakit və gözəl. Parkın sarı yarpaqları deyir ki, payızdı. Qoca bir mühafizəçi iki cavan qıza lətifə danışıb onları güldürür. Qızlar bu gözlənilməz tamaşadan sevinirlər, amma lətifəyə yox, qocaya gülürlər. Daha doğrusu, lətifə danışmasına. Daha doğrusu, lətifə danışa bilməməsinə.

Qocanın üzünə diqqətlə baxıram; qızların nəyə gülməsinin ona fərqi yoxdur. Doğrudanmı, bir yaşdan sonra daha heç nəyin fərqi olmur? Ola bilər. Əsas, kimsə sevinsin. Payızdan daha nə gözləyəsən? Heç nə.

Şəhəri bu univerisitetlə tanımışam. Düz on il əvvəl Bakı Dövlət Univerisitetinin Filologiya fakültəsinə qəbul olmuşdum, indi dərsə tələsən təlaşlı tələbələrdən biri onda mən idim. Demək, dəyişən formadı, məzmun eyni qalıb, həmişə belə olur, amma aradan çox zaman keçib, daha gecikməyi sevmirəm, vaxt insana belə toxunur, həyatına nizam gətirir.

Bir saat tez gəlməyimin səbəbi budur.

Elmlər Akademiyasının qabağında Vüqar Vana zəng vururam. Axı günün qəhrəmanı odur. Onun “Hardasa olardı 13-14 yaşım” romanının müzakirəsi keçiriləcək.

– Hardasan, Vüqar?

– Evdə.

– Niyə?

– Necə niyə?

– Deyəsən, müzakirəni unutmusan.

– İndi çıxıram. Çatacam.

– Məncə, gecikəcəksən.

– Hardasa 13-14 dəqiqə gecikərəm.



Demək, günün qəhrəmanı gecikəcək. Nə etmək olar? Gələn təkcə o deyil ki! Bu yerdə yaxşı deyiblər, "müəllifin ölümü". Vüqarı da belə öldürdük. Müəllif olmasaydı, mətn olmazdı, amma mətn varsa, müəllifə ehtiyac yoxdur. Bu barədə bir-iki kəlmə danışmaq üçün yazıçı İlham Əzizə zəng vururam.

– Sən də gecikəcəksən? – zəngi açınca deyirəm.

– Burdayam.

– Harda?

– Kitab mağazasında.

– Onda mənə Floberin “Hislərin tərbiyəsi” romanını al. Özümünkünü kimsə fırladıb.

– Yaxşı.

Gözləyirəm. Siqaret alışdırım, yoxsa..? Yox. Birdən Orxan Saffari və İlham Əzizi adamların arasında görürəm. İki yazıçı söhbətləşə-söhbətləşə yaxınlaşırlar. Bütün yazıçılar qardaşdır. Bu nə zamana baxır, nə də məkana.



Əl verib, qardaşcasına görüşürük. İlham Floberin “Hislərin tərbiyəsi” romanını mənə verir. Açıb ilk səhifəsinə baxıram. “İlham Əzizdən Orxan Həsəniyə...”.

– Sağ ol, ay Hacı! Payın artıq olsun. Demək, Vüqarın gecikməsinə Allah Floberi də şahid elədi.

– Gecikəcək?

– Hə.

– Belə bir roman yazsam, mən də gecikərəm.

Parkda xeyli addımlayırıq. Vaxtın tamamında Akademiyanın qapısından içəri giririk. Mühafizəçi bizi saxlayır.



– Tədbirə gəlmişik. – İlham Əziz deyir.

– Nə tədbiri? – mühafizəçinin cavabı gecikmir.

– Vüqar Vanın romanının müzakirəsinə.

– Vüqar Van kimdir?

– Yazıçı.

– Tanımıram, mənə tədbir deməyiblər. Keçməyə icazə verə bilmərəm.

– Buyur – Orxan Saffari təəssüflə qollarını açır.

– Ayıb olsun! Bizim böyük yazıçını tanımadığına görə sənə töhmət düşür. Bütün mətbuat indi ondan danışır. Heç televizora da baxmırsan? Hər gün efirlərdədir. – İlham Əziz mühafizəçini məzəmmət eləyir.

– Vallah, çoxdandır televizora baxmıram. – başını günahkarcasına aşağı əyir. – yaxşı, keçin. Sən Allah, üzrlü say. Çoxdandır televizora baxmıram.

– Ay sağ ol, bax belə. – İlham yalanın açdığı qapıdan içəri keçir. Biz də onun arxasınca.



Liftə çatanda iki kostyumlu oğlanın söhbət eləyə-eləyə gözlədiyini görürük. Liftin qırmızı rəqəmləri azalır.

Oğlanlardan biri nəsə çox əvvəldən danışmağa başladığı uzun bir əhvalatın axırına gəlib çıxıb. Digəri qollarını daraqlayıb ona maraqla qulaq asır. Söhbət danışanın dayısı haqqındadır:

– Dayım alim idi, sonra imkansızlıqdan univeristetə uşaq hazırlaşdırmağa başladı. Bir dəfə hazırlaşdırdığı uşaqlar onu elə əsəbiləşdirdilər ki, kişinin ürəyi partlayıb öldü.

Kədərli əhvalatdır. Gərək buna qulaq asmazdım. Ümumiyyətlə, mənə aidiyyatı olmayan şeylərə qulaq müsafiri olmamalıyam. Həm də axı, bu, həyatdır! Adamların ürəyi təkcə Çexovun hekayələrində partlamır.

Nəhayət, dördüncü mərtəbəyə, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinə qalxırıq. Heyət tam hazırdır. Bircə nəfərdən başqa. Müəllifin özü. Vüqar Van. Qol saatımı yoxlayıram. 13-14 dəqiqəni çoxdan keçib.



Elə bunu fikirləşirdim, Vüqar Van və şair Şəhriyar del Gerani içəri girirlər. Yer seçib otururlar.

Filologiya üzrə fəlsəfə doktoru, tədbirin moderatoru Mətanət Vahid tədbiri açıq elan edir və roman haqqında məlumat verməyə başlayır. Daha sonra avtofiksiya janrına toxunur:

– Mən cürət edib, bu əsərə Azərbaycan ədəbiyyatında ilk avtofiksiya deyə bilmirəm. Bəli, avtofiksiyadır, amma ilkdirmi? Müzakirə iştirakçıları bu mövzu barəsində fikirlərini bölüşsə, xoş olardı. Mətni oxuyanda burada bir sadəlovhlük hiss elədim. Bəli, bu sadəlövhlük qəhrəmanın dünyagörüşünə xasdır. Sonradan anladım ki, bu, əslində, travmatik bir insanın travmalarını uğurla üsluba çevirməsidir. Ümumiyyətlə, narrativin 13-14 yaşlı uşağa aid olduğunu deyə bilmərəm...

Mətanət xanıma diqqətlə qulaq asan, romanın redaktorlarından biri Şəhriyar del Gerani cavab verir:

– Siz deyirsiz, üslub uşaq üslubuna bənzəmir. Bu məsələyə biz diqqət etmişik. Fikirləşmişik ki, qəhrəmanın yaşı neçədirsə, onun fikirləri o yaşa uyğun olsun. Səsləndirdiyiniz fikrə konkret nümunəniz var?

– Bu əsərin bütün hissələrində duyulur. Ümumiyyətlə, biz heç cür müəyyənləşdirə bilmirik ki, əsərin narrativini neçə yaşlı adam danışır.

Bu yerdə AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu müdaxilə edir:

– Mən sizə mətn vasitəsi ilə kömək edim... Mətnin adı belədir; "Hardasa olardı 13-14 yaşım". Bu ifadə o deməkdir ki, hadisələr xatirə zamanında cərəyan edir. Mətn mənə deyir ki, hadisələr başıma çoxdan gəlib, ancaq hələ indi yazıram.

Müzakirə dərinləşir və qızışır.



İlham Əziz romanın alt qatından salır söhbəti:

– Burada mətnin alt qatı nədir? Ümumiyyətlə, roman sual verməkdir. Sən roman yazmaqla, əslində, sual ünvanlayırsan. Burada mərkəzdəki məsələ uşağın ata axtarışlarıdır. Cəmiyyətin müxtəlif qatlarında özünə ata axtarır. Bəli, bütün məsələ bundan ibarətdir və Vüqar bu gizli mərkəzi bütün roman boyu qoruyub saxlayır.

Yazıçı Mənzər Niyarlı roman haqqında fikirlərini bölüşür və müəllifə irad tutur:

– Qəhrəman İrana yola düşür. Mən çox istərdim ki, sən orada Cənubi Azərbaycan haqqında yazasan. Axı bizim orada düz 40 milyon soydaşımız yaşayır. Ümumiyyətlə, yazıçılar bu məsələyə diqqət yetirməlidirlər. Bu, bizim həsrətimizdir.

– İranda olanda uşağın gözləri görmür. Əgər görsəydi, mütləq bu məsələyə toxunardı. – bayaqdan susub sakitcə deyilənlərə qulaq asan Orxan Saffari cavab verir.

– Başa düşürəm, gözü görməsə də... O deyir ki, mən həmişə arzulamışam, İranı görüm. Niyə İran? Qəhrəman orada Cənubi Azərbaycan deməlidir.

– Mənzər xanım, gələcək əsərlərimdə bunu mütləq nəzərə alacam, – Vüqar qollarını birləşdirib Mənzər Niyarlının iradlarını qəbul edir. Bu vaxt Vüqarla gözlərimiz toqquşur. Hiss edirəm utanır. Vüqar həmişə belə olub, iki nəfər haqqında danışanda başlayır yanaqları qızarmağa. Ona görə ya zarafat eləyir, ya da söhbəti dəyişir. Ondan olsa, indi də araya yaxşı bir zarafat atıb, söhbəti dəyişmək yerinə düşərdi. Bəlkə, buna görə gecikmişdi? Gərək çıxanda özündən soruşum.

Roman haqqında ən maraqlı tənqidlərdən birini Tehran Əlişanoğlu edir:

– Mənə elə gəlir, Azərbaycan romançılarının ən böyük problemi odur ki, onların nəzəri hazırlığı zəifdir. Əgər nəzəri hazırlıq yaxşı olsa, müəlliflər əvvəl müəyyən edərlər ki, hansı janrda yazırlar. Buna görə, mən əsəri avtofiksiya hesab etmirəm. Baxtinin nəzəriyyəsinə görə, təhkiyə zaman və məkan vəhdətində qurulmalıdır. Biz çox zaman realist romanları analiz edəndə onu reallıqla müqayisə edirik. Romantik romanda bu başqa cürdür. Avtofikisya deyəndə mənim yadıma Seymur Baycanın "Quqark" romanı düşür. Bu əsər bioqrafik sturukturda qurulub. Sizin romanda məkan Lerikdir, Seymurda Füzuli. Eyni zamanda Əjdər Olun "Lo" romanı...

– Axı Əjdər Olun bu romanında bioqrafiya olsa da, fiksiya yoxdur, – Vüqar əlavə edir.

– Hətta mən deyərdim ki, o romandakı fiksiya, sizin romanınızdan da üstündür. Həmin əsərdə zaman məkan vəhdəti pozulmur. Sizdə isə pozulur. Bioqrafik romanlarda bioqrafik zaman işləməlidir. Baxın, romanda bütün obrazlar müəyyəndir, aydındır bircə Vüqar obrazından başqa. Hətta ana obrazı da əvvəl qeyri-müəyyən olsa da, müəllif onu yavaş-yavaş aydınlaşdırır. Qəddarlığı və mərhəməti ilə bu obraz bizə tanış gəlir. Eyni zamanda digər obrazlar da. Vüqar isə sadəcə materialdır, yəni vasitədir. Buna görə, romanda çoxlu təkrarlar gedir. Bakıya gəlmək başdan-ayağa təkrardır. Bu məni o fikrə gətirdi ki, roman macəra sturukturunda yazılıb. Romanda macəra zamanı işləyir. Hətta deyərdim ki, sosial macəralardır bunlar. Yəni roman avtofiksiya kimi vurğulansa da, burada avtofiksiya zamanı işləmir. Ona görə zamana yerləşmir. Bəzi təəssüratların 13-14 yaşlı uşağın təəssüratı olmasına qane olmuruq. Bu romana macəra sturukturunda yazılmış uğurlu roman kimi yanaşıram. Və yenə fikrimə qayıdıram ki, bu əsərdə çox istedadlı bir müəllif görürük. Artıq növbəti romanı mənə maraqlıdır.

İki saatlıq qızğın müzakirələrin sonunda hamı razılaşır ki, “Hardasa olardı 13-14 yaşım” son illərin ən yaxşı bədii əsərlərindən biridir. Qənaətə gələn kimi toplaşıb şəkil çəkdirdik. İndi getmək zamanıdır.

Parka düşürük. "Bəlkə, çay içək?", – Şəhriyar deyir.

Pis olmazdı. Bu gün hava əladır. Çayxanaya doğru addımlayırıq.



Çatana yaxın lətifə danışan qoca mühafizəçini yenidən görürəm. İndi yanındakı tələb qızlar yox, yeniyetmə oğlanlardır. Geyimlərindən şagird olduqlarını anışdırıram. Qoca mühafizəçi dərindən nəfəs alıb, ona laqeyd qulaq asan şagirdlərə həvəslə nəsə danışır. Və deyir:

– Onda yaşım çox olmazdı... Hə... Onu deyirdim axı... Elə sizinlə eyni... eyni yaşda olardım. Hardasa 13-14.

# 222 dəfə oxunub

Oxşar xəbərlər

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

12:53 28 noyabr 2025
“Kainat Gözəli 2025”də qalmaqal

“Kainat Gözəli 2025”də qalmaqal

12:21 28 noyabr 2025
Ən kasıb və ən böyük şair - O, həbs olunmaqdan necə xilas oldu?

Ən kasıb və ən böyük şair - O, həbs olunmaqdan necə xilas oldu?

11:30 28 noyabr 2025
Ədəbiyyat İnstitutunda çağdaş ədəbiyyatda avtofiksiya mövzusu müzakirə olunub

Ədəbiyyat İnstitutunda çağdaş ədəbiyyatda avtofiksiya mövzusu müzakirə olunub

11:20 28 noyabr 2025
"80 yaşında Xalq artisti adı kimə lazımdır?!" - Dərdlərini özü ilə aparan aktrisa

"80 yaşında Xalq artisti adı kimə lazımdır?!" - Dərdlərini özü ilə aparan aktrisa

11:10 28 noyabr 2025
"Yorulmaz əkinçi: Həsən bəy Zərdabi"  kitabının təqdimatı keçirildi

"Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı keçirildi

10:45 28 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər