Hekayədən üfunət qoxusu gəlir – Yazarlar Seymur Baycanı tənqid etdilər

Hekayədən üfunət qoxusu gəlir – Yazarlar Seymur Baycanı tənqid etdilər
2 mart 2022
# 15:20

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Seymur Baycanın “Səxavətli qonaq” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Rəşad Məcid

Qanun mediadakı xaotikliyi aradan qaldıracaq - Rəşad Məcid

Belə hekayənin, həm də 8 mart qabağı müzakirəyə çıxarılmasını başa düşmürəm. Bəlkə də müzakirə üçün Seymurun başqa hekayəsini təqdim etmək olardı; Şahbaz Xuduoğlunun feysbukda yazdığına görə yeni kitabında yaxşı hekayələr var.

Hekayənin dilində qüsurlar var, bədiilikdən uzaqdı, müəllifə xas soyuq, quru dili oxuya mane olmasa da, rəğbət doğurmur.

Məşhur romanın qəhrəmanlarını bu cür eybəcər təqdim etmək müəllifin keçmişə xəstəhal münasibətinin, komplekslərinin təzahürüdür.

Hekayənin əvvəlində ər-arvadın dialoqunda gələcəkdə baş verəcək hadisəyə hansısa eyham vurulmur. Onların xarakterlərinin belə nəticələnəcək cəhətləri barədə hansısa səbəb, detal yoxdu.

Ən pisi odur ki, hekayədən üfunət qoxusu gəlir.

Aqşin Yenisey

Publisist.az | Aqşin Yenisey. Kəlləmayallaq

Belə təhkiyənin vaxtı çoxdan keçib. Nə bilim, hərənin bir həqiqət var. Seymur da yazdıqlarının böyük ədəbiyyat olduğuna inanmaqda özgürdü. Sıravi adamlar gündəlik həyatlarında bu hekayədən qat-qat maraqlı söhbətlər edirlər.

Qəşəm Nəcəfzadə

Qəşəm Nəcəfzadə: “Məni Kəramət xilas etdi” – Müsahibə

Hekayə çox xoşuma gəldi. Gözəl hekayədir. Həyatidir. Üslub da, dil də öz yerində. İkinci hissəni Sarıköynəyin özünün danışması da gözəldir. Xarici ədəbiyyatda belə formalar var. Məsələn: Con Faulzin “Kolleksiyaçı” romanı. Kişi və qadın növbə ilə keçirdikləri hissləri danışırlar. Olsa belə, Seymur maraqlı yazıb. Bəs Sarıköynək niyə belə məğlub oldu? Sərvərlə yatmağa niyə razılıq verdi? Çünki o, ərinin beyni ilə işləyirdi, ərinin beyninə qoşulmuşdu. Özünün beyni yox idi. Hekayədə əsas ideya budur. Özgəsinin beyni ilə işləyənlər həmişə bədbəxt olur. İstər ədəbiyyat olsun, istər iş, vəzifə. Fərqi yoxdur.

Samirə Əşrəf

Seymur Baycanın "Səxavətli qonaq" hekayəsini səhər işə gedəndə, dumanlı, çiskinli bir yaz səhəri diqqətlə oxudum. Hətta deyərdim ki, bir dəfə ilə kifayətlənməyib hekayəni ikinci dəfə nahar fasiləsində təkrar nəzərdən keçirdim. "Səxavətli qonaq" hekayə janrı müstəvisində bütün tələbləri və qaydaları özündə ehtiva edən fundamental mətndir. Azərbaycan ədəbiyyatında məhz bu cür hekayələrin var olmasına ciddi ehtiyac vardır. Görünür müəllif də bu ehtiyacı dərindən hiss edərək bu kimi milli dəyərlərə və adətlərə sadiq qalan hekayəni qələmə almışdır. Ümumilikdə isə Seymurun hekayələrini klassik ənənələrin davamı hesab etmək olar. Seymurun nəsrinin Cəlil Məmmədquluzadədən sonra Azərbaycan ədəbiyyatında geniş üfüqlər açması şəksizdir. O, öz sahəsinin kamil bir mütəxəssisi olaraq ədəbiyyatın ümumi tipoloji məsələlərini dərindən bilən, hekayənin "alt qatı"ndakı interativliklə birgə təqdim etməyi bacaran nadir müəlliflərdəndir. Amma bəzən Seymur müəllim aləmi biri-birinə qatır, əlli arxın suyunu bir arxa calayır. Bütün hallarda müəllifə uğurlar arzulayıram.

Mirmehdi Ağaoğlu

Mirmehdi Ağaoğlunun Türkiyədə yayımlanan hekayəsi – Mətn

Seymurun “Səxavətli qonaq” hekayəsi Sovetlərin ütülü, “üstü bəzək, altı ...” əxlaqının ifşası havasında yazılmış, rus postmodernist Vladimir Sorokinin hekayələrinin estetikasında əsərdir. Sorokində belə əsərlərə tez-tez rast gəlmək mümkündür. Onun üçün də qəsdən sovet nəsr üslubunda qələbə alınıb, başqa sözlə desək, özündə dekonstruksiya elementi daşıyır. Görünür, Seymur bu və bu qəbildən yazdığı başqa hekayələrə özü də müəllif kimi ciddi yanaşmır, ona görə də düşünmürəm ki, ciddi müzakirəyə ehtiyacı var. Belə hekayələr daha çox konseptual xarakter daşıyır, yəni, mahiyyətində hansısa mədəni akt dayanır. Məsələn, bananı skotçla sərgi salonunun divarına yapışdıran Maurizio Kattelanın instalyasiyası nə qədər sənətdirsə Seymurun “Səxavətli qonağ”ı da o qədər hekayədir. Adətən bu cür əsərlər, instalyasiyalar klassik yanaşmanı tələb etmirlər, epotaj və konseptual xarakterli olurlar, bədiilik, sənət ikinci plana keçir, konsept qabarır. Seymurun hekayəsi də bədii məziyyətlərindən çox mesajı ilə diqqətçəkən hesab oluna bilər. Onun üçün təklif edirəm heç kəs aldanıb hekayəni zərrəbinlə təhlil etməsin.

Fəridə

Noa'' qəbiləsinin qadınları – Fəridə

Seymur Baycanın hekayəsi haqda fikrimi bildirmək istəmirəm. Qərəzli qəbul edilə bilər. Amma bu hekayə başqa bir müəllifə aid olsa idi, yaxşıca yuyub-sərərdim.

# 4462 dəfə oxunub

Müəllifin son yazıları

# # #