Sabir Rüstəmxanlı AzTv-ni sərt tənqid etdi: “Heç ətrafa baxmırlar?!”

Sabir Rüstəmxanlı, Xalq şairi, deputat

Sabir Rüstəmxanlı, Xalq şairi, deputat

26 noyabr 2021
# 16:30

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı AzTV telekanalını və Əməkdar artist Babək Niftəliyevi sərt tənqid edib.

Kulis.az xəbər verir ki, Millət vəkili sosial media hesabından AzTV-nin layihəsinin belə gülünc hala salınmasına təəssüfləndiyini bildirib:

"Ənənəvi musiqi üçlüyü – tar və kamança ifaçıları, bir də əlində qaval olan müğənni... Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini. Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar, burda da oxumaq olar. Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək. Ancaq mahnını dinləyəndə heyrətə gəldim.

Düşmənin xaraba qoyduğu bu ağlar yurdda da son illər musiqimizi işğal etmiş şit, "diringi" musiqi əsəblərimi cırmağlamağa başladı. İnsan gözüyumulu və əhlikef olmalıdır ki, bir yurdun uçuq divarının üstündə, dağılmış bir kənddə oturub "Könüllər cəlb edən bu xoş mənzərə..." deyib oxusun. Görəsən, bu üç sənət adamı ətrafa baxmırdılar? Düşünmürdülər ki, bu ürək dağlayan görüntüyə "xoş mənzərə" demək olmaz? AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndim...", – deyə deputat qeyd edib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən mediaya bildirilib ki, layihənin məqsədi gözəllikləri deyil, məhz erməni vəhşiliyinin izlərini musiqinin dili ilə xalqa və dünyaya çatdırmaqdır.

"Bəzən elə məsələlər var ki, sözün düzü, açıqlama vermək belə çətindir. Millət vəkili Sabir Rüstəmxanlının "Oxuyur Vətən” layihəsinə iradı, işğaldan azad olunmuş ərazilərdə səslənən "Qarabağ şikəstəsi”, "Xudayar” təsnifi, "Qarabağ”, "Ey Vətən”, "Azərbaycan” və s. xalq və müəllif mahnılarının səsləndirilməsinə neqativ reaksiyası və həmin mahnıları "şit, diringi” adlandırması əsla anlaşılan deyil.

Sabir Rüstəmxanlının irad tutduğu "Xudayar” təsnifinin Zəngilanda dağıntılar fonunda ifasına gəlincə isə burada da nəyəsə irad tutulması başadüşülən deyil və məntiqsiz görünür.

Çünki şəhidimiz Xudayar Yusifzadə bu təsnifi məhz Zəngilanda ifa edib və məhz Zəngilanda da şəhidlik zirvəsinə ucalıb.

Bundan başqa, Azərbaycanın məqsədi ermənilərin işğal dövründə torpaqlarımızı viran qoyduğunu dünyaya çatdırmaqdır. "Oxuyur Vətən” layihəsinin də məqsədi, heç şübhəsiz ki, gözəllikləri deyil, məhz erməni vəhşiliyinin izlərini musiqinin dili ilə xalqa və dünyaya çatdırmaqdır".


# 3238 dəfə oxunub

Müəllifin son yazıları

# # #