Bakılı Füzuli

Bakılı Füzuli
5 noyabr 2020
# 18:32

Kulis.az İsa Şirinovun "Bakılı Füzuli" essesini təqdim edir.

Əvvəla bu ada görə Allah qatında günahı öz boynuma götürüb, davamında yazacağım yazıda, bəhsini açdığım şəxsin tərifinə söz kifayət etmədiyi üçün əhlindən üzr istəyirəm. Yazının sonunda bu səbəbə görə özündən də üzr istəyəcəm. Füzulidən başlamışkən, elə Füzulinin fikri ilə mövzuya "Bismillah" eləmək istəyirəm.

Bir dövrdəyəm ki, nəzm olub xar
Əşar bulub kəsadi-əsar

Bəli! Zaman elə gəldi ki, çoxu şairliyə soyundu, amma özləri də yazdıqları söz yığını kimi çılpaq qaldılar. Bu cümlə onlara kifayət edər deyə əsas mətləbə keçmək olar.

XX əsrin tən yarısında dünyaya Azərbaycan ədəbiyyatının sonuncu ağsaqqalı gözünü açdı. Sözüm səhv anlaşılmasın, ədəbiyyatımızın ağsaqqal nümayəndələri ondan başqa da var.

Ancaq onlar insan həyatının uşaqlıq, yeniyetməlik, cavanlıq mərhələlərin keçiblər. Amma mənim dediyim insan elə yaranandan ağsaqqal idi.

Hacı Ələmdar Mahirdən danışmağa hər adamın üzü ola bilməz. Çünki ondan danışmaq üçün kitablarını oxumaq, müsahibələrinə qulaq asmaq kifayət etməz. Ondan danışmaq üçün ona rəssam kimi baxmaq, şair kimi qiymət vermək, ağsaqqal kimi əlindən öpmək lazımdır.

Ədəbiyyat onsuz da böyükdən kiçiyə (burda söhbət mənəvi aləm, istedad, idrak, ağıl, elm cəhətdən böyük-kiçiklikdən gedir) hamını öz dənizində boğur. Sadəcə bu dənizə baş vuranlar ölənə qədər çapalamağla məşğul olurlar. Kimi düşən kimi boğulur, kimi biraz tez, kimi biraz gec. Ancaq bir cür dalğıclar da olur ki, nəfəsləri tükəndiyi müddətcə qidalanmağa, çıxış yolu axtarmağa çalışırlar . Nəticədə iki şey öyrənirlər. Birincisi üzməyi, ikincisi burdan çıxış yolunun olmadığını. Bəs sonda hamısı boğulmağa məhkumdursa bu dalğıcların fərqi nədir? Fərq odur ki, düşən kimi boğulanlar nəfəsləri kəsilərkən heyfslənirlər, üzməyi öyrənənlərsə, sevinirlər və tələsirlər. Sevinirlər ona görə ki, çapalamaqla üzməyi öyrənirlər, tələsirlər ona görə ki, çıxış yolunun olmadığını öyrənmək özü də bir çıxış yoludur və onlar bu yola tələsirlər. Bax Ələmdar Mahir baş ağartdığı bu yolda istəyinə çatan sonunculardan oldu.
Əruz ağacının budaqları meyvə ilə doludur, lakin ağacın gövdəsi uzun olduğu üçün budaqları və meyvələri hündürdədir. Yerdən meyvə dərmək olmur, ağaca çıxmaq üçün isə ayağını yerdən üzməlisən, Ələmdar Mahir isə dünyaya bəxtəvər kimi qanadlı gəlmişdi.

Zaman dəyişdikcə insanların həyat tərzi həm dəyişir, həm də eyni qalır. Bir cəhətdən çətinlikləri artır, bir cəhətdən azalır.

Elm öyrənmək, nəyisə araşdırmaq asanlaşsa da, onu dərk eləmək çətinləşir. Hər şeyə marağın müvəqqətiləşdiyi dövrdə.

Ahıl yaşınacan bir sahədə şövqünü qorumaq köhnə kişilərin mənəviyyatına xas olan bir cəvahirat idi ki, Ələmdar Mahir bu kişilərdən idi. Söhbət kişiliyə yaxşı gəldi, elə Ələmdar Mahir ədəbiyyatımızın sonuncu başıpapaqlılarından idi.
Bakının küləyi o papaqdan toz belə qopara bilməmişdi. Çünki o külək Ələmdar Mahirlə doğma idi, dost idi.

Füzulidən danışanda savab qazanmış kimi sevinirdi. Sanki Füzulidən danışmaq onun üçün hansısa hədisi misal gətirmək, açmaq kimi idi. Nizamidən danışanda təlaşla ehtiyat saxlamağı var idi. Çünki Nizaminin nəsihətlərini izah edərkən, bir sözü heç sinonimi ilə belə əvəz etmək istəmirdi. Nəsimidən danışanda üsyankarlaşırdı, Seyyid Əzimdən danışanda cavanlaşırdı. Sabirdən isə sanki əyani tanıdığı dostu kimi danışırdı. Vahidi artıq özünüz təxmin etdiniz.
Klassiklərimizin xüsusiyyətlərini çoxunun bilməli olduğu, amma heç kimin bilmədiyi kimi bilirdi.

Həyatının ikinci 10 illiyinin heç yarısına çatmamış yazdığı qəzəl, indi bəzi 40 yaşında "mən qəzəlxanam" deyib döşünə döyənlərin qəzəlini poetika, nəzəri cəhətdən üstəliyərdi. Özü deyir ki, ilk qəzəlində məhz "Mahir" təxəllüsü belə ona təblə gəlib.

Ələmdar Mahirin elmi, idrakı, mənəvi aləmi, təbi dövrünün zirvəsində idi. Lakin dili, hərəkətləri, davranışı təvazö günəşi kimi parıldayırdı. Yalnız gözləri istəmədən özünü ələ verirdi.

Füzulişünaslıqda açdığı çığır onu kumirlərinin sırasına daxil etmişdi. Füzuli beytlərində açar söz axtara-axtara özü də bu sahədə qızıla dönmüşdü. "Mənim tanıdığım Füzuli" kitabının hesabına zövq əhli onun tanıdığı Füzulidən daha çox həzz almağa başlamışdı.

Ələmdar Mahir ədəbiyyatımızın həm də sonuncu müsəlman kişilərindən idi. Hər mövzunu ustalıqla öz inandığı ilə əlaqələndirəndə inanclıların hidayət məşəli biraz da alovlanırdı.

Mahira, çərxi-fələkdən bu qədər dad eləmə
Sənə yüz dəfə bu dünyanı fənadır demişəm

"İnsan unutqan varlıqdır" cümləsini deməyən qalmayıb.
Müsahibələrinin birində özü də bu mövzuda danışanda, unutduğumuz dəyərləri xatırladanda dodağı qaçır, amma gözü tam əksini deyir. Özünün də unudulacağını bilmək arifanə həyat tərzində yaşayan biri üçün tez fərqinə varılacaq məqamdır. Özü də deyir axı, " Arif tanımağıyla tanınır".

Zənnimcə ondan müsahibə almaq həm çox asan olub, həm də çox çətin. Çünki bir jurnalistin müsahibədə sevinəcəyi iki məqam ola bilər. Birincisi müsahibinin verdiyi suallara çox gözəl, geniş cavab verməsi, ikincisi onun hansısa sualda maraq doğuracaq dərəcədə ilişməsi. Hacı Ələmdar Mahirin elə gözləri "mən bilirəm" - deyirdi. Suallara özünəməxsus sadəliklə cavab verməsi gözəl, ilişməməsi müsahibə alanın işini çətinləşdirən cəhət idi.

Bir müsahibəsi məhz belə ağrılı cümləsi bitir:

- Kamil insanlar haqqında deyirlər ki, "Var idi, var idi, yoxdur vardır"

Əgər sənin haqqındakı kamil həqiqətləri cahilcəsinə çatdırdımsa məni bağışla, ustad.

Ruhun şad olsun !!!

# 3710 dəfə oxunub

Müəllifin son yazıları

# # #