Lukino Viskonti: “O filmə görə anamın zinət əşyalarını satmışam” – Müsahibə

Lukino Viskonti:  “O filmə görə anamın zinət əşyalarını satmışam” – Müsahibə
4 sentyabr 2022
# 10:00

İtalyan neorealizmin əsasını qoyanlardan biri, dünya kinosunda adı Antonioni və Fellini ilə yanaşı çəkilən, aristokrat, marksist, antifaşist hərəkatının üzvi Lukino Viskonti 1906-cı ildə İtaliyanın Milan şəhərində anadan olub. Visskonti “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti”, “Tanrıların məhvi”, “Leopard”, “Lyüdviq” filmlərinin rejissoru olub. Kulis.az jurnalist Kostanzo Kostantinin Viskonti ilə ölümündən iki il əvvəl hazırladığı sonuncu müsahibəni sizə təqdim edir.

-İnsult keçirdiyiniz gecəni necə xatırlayırsınız? Bəlkə xəstəlikdən əvvəl sağlamlığınız sizə hansısa xəbərdarlıq etmişdi…

- Mən həmişə yaxşı vəziyyətdə olmuşam. Heç vaxt sağlamlığımla bağlı narahatçılığım olmayıb. Hətta çox vaxt məətəl qalırdım necə olur ki, mən bir dəfə də olsun xəstələnmirəm. Üstəlik heç vaxt sağlamlığımın qayğısına qalmamışam. Həddindən artıq siqaret çəkirdim. Bəzən bir günə yüz on, yüz iyirimi siqaret çəkirdim. Gecə-gündüz demədən işləməmişəm. İndi bir çox rejissorlar kiçik bir epizod çəkən kimi deyir: “İcazənizlə mən bir neçə dəqiqəlik otağıma çəkilib istirahət edim.” Xeyr, mən belə olmamışam. Hətta prodüsserlərim çox vaxt məni qınayırdılar ki- sən bizə ayaqyoluna getməyə belə imkan vermirsən.

Həmin gün isə biz dostlarla birlikdə “Edem” restoranına dincəlməyə getmişdik. Qəfildən mənim halım dəyişdi. Sonra məni otağa qaldırıb çarpayıya uzatdılar. Daha sonra isə xəstəxanaya apardılar. Ətrafımda baş verən hər şeyi bu gün də tam dəqiqliklə xatırlayıram.

-Bəs xəstəliyinizin ilk anlarında sizi ən çox narahat edən nə oldu?

-Film, film, film. “Lyüdviq” filmini tamamlaya bilməmək, onu ekrandan izləməmək qorxusu ağlıma gələn ilk fikir oldu. “Lyüdviq”lə bağlı düşüncələr məni bir an olsun belə rahat buraxmadı. Hətta sizə bir söz də deyim ki, məhz həmin fikirlər mənə güc verdi ki, xəstəliyimlə mübarizə aparıb ayağa qalxım və filmin çəkilişlərini tamamlayım. Bu səbəbdəndir ki, “Lyüdviq” mənim ən sevimli filmimdi.

-Yəqin ki, həmin gün sizi təkcə filmlə bağlı fikirlər narahat etməyib… Dostlarınızı, doğmalarınızı, həmkarlarınızı xatılayırdınızmı?

-Hər şeydən əvvəl ciddi bir məqamı qeyd etmək istərdim. Mən doğma insanlarla əhatə olunmuşdum və bunu hiss edirdim. Əgər onlar olmasaydı nə edəcəyimi təsəvvür belə edə bilmirərm. Xəstəxanada yatdığın müddətdə tərk edilmək çox acınacaqlı haldır. Onlar isə məni bircə dəqiqə də yalnız qoymurdular. Enriko Medioli məni bir dəqiqə də tək buraxmırdı. Elə bil ki, mənim baxıcım idi. Bəzən mən ona acıqlanıb deyirdim: “Bura bax, Enriko əsəblərim hərəkətə keçməmiş burdan yox ol.” Ancaq mən onu da çox gözəl başa düşürdüm, O, istəyirdi ki, mən tezliklə sağalım. Həmin ərəfədə istər İtaliyada, istərsə də dünyanın başqa şəhərlərində yaşayan dostlarımın mənə olan sədaqətinin və həqiqi sevgisinin şahidi oldum. Alen Delon, Xelmut Berqer tez-tez mənə baş çəkirdilər. Alen Delon mənə hər cür köməklik etməyə hazır idi. Elə Xelmut da.

-Bəs gələ bilməyib məktub yazan və ya teleqram göndərənlər oldumu?

-Əlbəttə. Cozef Luiz, Marlen Ditrix, Bert Lankaster, hətta Mariya Kallas belə mənə məktub göndərmişdi. Ancaq ən yadda qalan sözləri Marlen yazmışdı. O, mənə məktubla birgə özünün iri bir şəklini göndərmişdi. Fotonun altından isə belə yazmışdı. “Həmişə səni düşünürəm”

-Lukino, siz inanclı insansınız? Allaha inanırsınızmı?

-Bəli. Mən həmişə inanmışam. Lap uşaqlıqdan. Mən katolik tərbiyə almışam. Ancaq heç vaxt katolik olmamışam. Buna baxmayaraq allaha inanıram. Həmisə hansısa sirli qüvvənin kainatın üzərində dolaşmasına inanmışam. Çünki, inanc olmasa, həyat öz mənasını itirər. Səncə də bu belə deyil? İnsan nəyəsə inanmalıdı axı…

-Siz həm də komunistsiniz. Komunistlərlə yaxınlaşmağınız, onlarla dostluğunuz necə baş tutdu? Axı siz varlı, aristokrat, atları və bahalı əşyaları sevən adamsınız…

-Bəli, bu doğrudu. Mən varlı və aristokrat ailəyə mənsubam. Atam varlı və əsilzadə insan olsa da, teatrı və musiqini çox sevirdi. Və o bizi öz dünyagörüşü ilə tərbiyə edirdi. Bizdə teatra, mütaliəyə, incəsənətə hər cəhətdən maraq oyatmağa çalışırdı. Milanda yerləşən “La skala” teatırını babamdan sonra uzun illər atam maliyələşdirdi. Anam da eyni ilə atam kimi incəsənəti çox sevirdi. Amma onda bahalı yaşayış tərzinə, bərbəzəyə maraq çox idi. Buna baxmayaraq anam hər gün bizim tərbiyəmizin və təhsilimizin qayğısına qalırdı. Mənim violonçel alətində ifa etməyim məhz onun təkidi ilə həyata keçmişdi. Yəni biz başqa aristokrat ailələr kimi vaxtımızı boş və mənasız yerə keçirməmişik.

-“Mübtəla olmaq” filminin çəkilişləri üçün komunistlərdən maliyə yardımı aldığınız doğrudurmu?

-Əlbəttə doğrudu.

-Film necə qarşılanmışdı?

-Film nümayiş olunan zaman zalın ən qaranlıq yerində əyləşmişdim. Mən bahalı kürkə bürünüb filmə baxan qadınların utanaraq qıcıqlandıqlarını və bunu gizlətmədən “necə də iyrəncdir” sözlərini dediklərini eşidirdim. Ancaq onlar ağıllarına belə gətirə bilməzdilər ki, həmin filmi çəkmək üçün mən anamın bahalı zinət əşyalarını satmışam.

-Sizi həm də özünüzü ispan qrandı kimi aparmaqda günahlandırılar. Və prodüsserləri talamaqda heç də Fellinidən geri qalmadığınız haqqında xəbərlər gəzir…

-Bu sözlər əfsanədən ibarətdir. Əlbəttə mən tələbkar insanam. Və film üçün nə lazımsa onu etməyə çalışıram. O ki qaldı Fellini haqqında deyilənlərə. Hesab edirəm ki, Fellini elə dedikləri kimi də davranır. Yeri gəlmişkən, Fellini indi nə işlə məşğuldu, nə danışır?

-Fellini deyir ki, kinonun yaranması sanki dünyanın yaranmasına bənzəyir. Və heç kim kinonun necə yaranması, neçəyə başa gəlməsi haqqında heç nə bilmədiyindən onun üçün də bu qəbildən olan məsələlərin heç bir fərqi yoxdu.

-O bu haqda yaxşı deyib. Lakin, insanlar müxtəlifdirlər. Mən həddindən artıq tələbkar və ciddi adamam. İş prosesində isə bütün hakimiyyət yalnız mənim əlimdə olur.

-Fellini ilə münasibətiniz nə yerdədi?

-Yaxşıdı… Bizim dost olmamağımız söz-söhbətdən başqa bir şey deyil. O, mənə həmişə heyranlıq hissi aşılayıb. Fellini kinomatoqrafiyanın nəhəngidi. Əgər bir insan dahidirsə, onu dahi kimi də qəbul etmək lazımdır.

-Lyüdviq filmindən başqa daha hansı filminizi bəyənirsiniz?

-“Torpaq titrəyir”, Rokko və onun qardaşları”. Həmin filmlərdə sosial səslənişlər daha çoxdu.

-Bəs teatrda?

-Teatrda vəziyyət bir az başqa cürdü. Orda baş verən hər şey ancaq yaddaşlarda qalır. Bunun belə olması bəlkə də daha yaxşıdı. Təsəvvür edirsinizmi, bir gecədə baş verən bütün əhvalatlar, emosiyalar pərdə enən kimi yaddaşlara köçür və orada yaşayır.

-Proyektlərinizin içərisində ən bahalı olanı hansıdı? Tomas Mannın “Sehrli dağlar” romanıını ekranlaşdırdıqdan sonra kinokaryeranızı dayandırmaq fikri hələ də aktualdı?

-Hesab edirəm ki hə. Üstəlik Tomas Mannın oğlu da artıq romanın ekranlaşdılrılmasına icazə verir. Lakin, mən hələ film çəkməyə hazır deyiləm. Mənə yüksəkliyə, dağlara çıxmaq olmaz. Ancaq bütün hallarda ilk olaraq “İnteryerdə ailə portreti”, ardınca isə “Sehrli dağlar” filmini çəkməyi planlaşdırıram. Bu düşüncə həmişə məni yaşamağa və işləməyə ilhamlandırır.

-Nə üçün məhz həmin fikir sizi həmişə və indi ilhamlandırıb? Nədir bunun səbəbi?

-Xəstəlik müddətində mən Tomas Mannın bu əsərinin şedevr olduğuna bir daha əmin oldum. Çünki indi mən xəstəxananın necə yer olduğunu yaxşı bilirəm. Əvvəllər isə bu haqda bilmirdim.

Və ən maraqlı təsadüf ondan idarətdir ki, mən Tomas Mannın Sürixdə yatdığı və həyata gözlərini yumduğu xəstəxnada yatmışam. Nəyə görəsə bu faktı bütün xəstəxana heyəti məndən gizlin saxlamağa çalışırdı. Bir dəfə mənim yanıma bir professor gəldi. Mən ondan soruşdum ki, “Tomas Mann bu xəstəxanada ölüb?” O mənə dedi ki -burda bu haqda danışmırlar. Lakin bu barədə siz soruşursunzsa, bəli o, burda vəfat edibdi.

Mən hələ də başa düşmürəm ki, onlar niyə bu xəbəri məndən gizlədirdilər. Bəlkə də buna səbəb onun məhz mənim yatdığım otaqda keçinməsi idi. Bilmirəm…

Ölümündən əvvəl Tomas Mann İsveçrənin dağlarına dincəlməyə getmişdi. Axşam tərəfi arvadı onu xəstəxanaya gətirir. Onun ayaqlarında dəhşətli ağrılar başlanıbmış. O, elə güman edib ki, bu flebit xəstəliyindəndi. Həkimlər onu dərhal xəstəxana qeydiyyatına salıblar. Elə həmin gecə də o, dünyasını dəyişib. Ölümündən əvvəl isə o, arvadına deyib ki, “mənim eynəyimi və kitabımı çarpayının yaxınlığına qoy. Kim bilir bəlkə gecə oyanıb mütaliə etməli oldum”. Bu onun sonuncu sözləri olub. Ertəsi günü onu ölmüş vəziyyətdə tapıblar. Sizcə bu həddindən artıq kədərli deyil? Adi bir flebit insanların, üstəlik Tomas Mann kimi insanların erkən ölümünə səbəb olur. Bu çox-çox kədərlidi. Sonsüz dərəcədə qüssəlidi...

Tərcümə etdi: Samirə Əşrəf

# 1958 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
#
#
# # #