Filosof Ömər Aygün: "Mükəmməliyyətçilik uğursuzluğa dözümsüzlüyün və tənbəlliyin ən hiyləgər maskasıdır" - Müsahibə

Filosof Ömər Aygün:  "Mükəmməliyyətçilik uğursuzluğa dözümsüzlüyün və tənbəlliyin ən hiyləgər maskasıdır" - Müsahibə
25 fevral 2026
# 10:00

Kulis.az İbrahim Azizin Qalatasaray Universitetinin dosenti, fəlsəfə elmləri doktoru, filosof Ömər Aygünlə müsahibəsini təqdim edir.

– Fəlsəfi təfəkkür sahəsinə yönəlməyinizdəki əsas sövqedici qüvvə nə idi - bu sizin üçün sırf intellektual maraq mahiyyəti daşıyırdı, yoxsa ekzistensial bir zərurət idi?

– Zənnimcə, hər şeyin təməlində uşaqlığımda insanları xoşbəxt etmək, əyləndirmək, heyran etmək, ovsunlamaq meylim vardı (bu meylin kökləri psixoanalitik mövzulardır). Əslində bu, bir uşağın sehrbaz olmaq istəməsi kimi çox sadə bir istəkdir. Bundan sonra məndə dilə qarşı böyük bir maraq oyandı: kəlmələr, etimologiya, şeir, qədim türk yazıları, hətta türkologiya, ədəbiyyat, tərcümə, redaktorluq və dilçilik… Fəlsəfəyə gəlişim də bu təməl üzərində oldu. Yəni fəlsəfə ilə bağlılığım əslində ekzistensial ehtiyaclarımdan doğurdu, amma üzə çıxanda intellektual bir maraq libasında təzahür etmişdi. Bu təməldən gələn biri kimi mən fəlsəfəni qəsdən seçməmişəm, təsadüfən yolum bura çıxıb. Fəlsəfənin sadəcə kitabdakı sözlər deyil, həm də həyatın özü olduğunu dərk etmək üçün on illərimi verməli oldum; onillərlə dərs keçdim, həyatda çətin günlər gördüm və o çətinliklərdən qurtulmağa çalışdım.

– Ömər Aygün bir ziyalı kimi özünü necə inkişaf etdirir? Sizcə, insan çoxlu kitab oxumaqla irəli gedir, yoxsa az, amma "əsl" kitabları dərindən-dərinə öyrənib onların üzərində baş sındırmaqla?

– Mən elə də çox kitab oxumamışam, heç vaxt belə bir niyyətim və ya iddiam da olmayıb. Günümün çoxunu kitab oxumaqla keçirən biri də deyiləm. Amma buna baxmayaraq, 18 yaşımdan bəri kitablar mənim gündəlik həyatımın əsas hissəsidir. Çox vaxt tövsiyə edilən kitablara baxıram, bəzi klassik əsərləri də təkrar-təkrar oxuyuram, ya da o kitablar haqqında yazılanları tədqiq edirəm. Bu fəaliyyətə adətən "hesablaşmaq" demirəm, son vaxtlar “araşdırma etmək” deyirəm. Tələbələrimə də tapşırıram ki: "Platonu, Aristoteli elə-belə oxumayın, onları araşdırın!”. Bir pianoçunun bir fuqa (bir musiqi mövzusunun ardıcıl surətdə müxtəlif səslərlə təkrarından ibarət forması) araşdırması kimi, aktyorun bir ssenarini araşdırması kimi bir mənimsəmə, özününküləşdirmə, çox yüksək dəqiqliklə qavrama, sonra da tənqid etmə və müstəqilləşmə prosesi…

Düzünü desəm, həmişə eyni cür oxumaq mənim bədii kitab oxumaq qabiliyyətimi belə əlimdən aldı. Ona görə də beynimin başqa tərəfləri işləsin deyə, öz aləmimdə "alternativ mütaliələr" dediyim bir şey edirəm: yəni öz işimlə heç bir əlaqəsi olmayan, həm başımı dincəldən, həm də mənə yeni fikirlər verən kitablar oxuyuram. Məsələn, Əhməd Cövdət Paşa, Övliya Çələbi, arıçılıq və heyvanların hərəkətləri haqqında kitablar, neyroelm, qrammatika kitabları… Son illərdə bunlara uşaq kitabları da qoşuldu. Uşaqlarıma kitab oxumaq, kitablarla olan dostluğumun ən son mərhələsi oldu.



– Fəlsəfi təfəkkür kontekstində dilin əsas rolu nədən ibarətdir? Türkcənin fəlsəfə dili olmaq imkanlarını Qərb dilləri ilə tutuşduranda, vəziyyəti necə qiymətləndirirsiniz?

– Məlumdur ki, 20-ci əsrdə fəlsəfədə "dilə qayıdış" dövrü başladı. Bir-birindən çox fərqli yollarla da olsa, həm analitik filosoflar, həm də Haydegger və davamçıları dilin bir vasitə olaraq görülməməsi lazım olduğunu vurğulayaraq fəlsəfəni bunun üzərində qurdular. "Sapir-Uorf hipotezi"nin təhrif edilməsi və postmodernizmlə birlikdə bu meyil daha da gücləndi.

Mən bu xüsusda ifrata yol verildiyi qənaətindəyəm. Özüm dili çox sevsəm də, inanıram ki, sözlər ən çox bir şeyi nişan verəndə, həqiqəti izah edəndə "xoşbəxt olur". Başqa sözlə, dili dilin daxilinə həbs etmək onun təbiətinə müxalifdir. Bu günlərdə nə qədər iyrənc olduğu daha yaxşı başa düşülən bir söz var: "Tərcümə qadın kimidir: sadiq olsa gözəl olmaz, gözəl olsa sadiq olmaz". Bu kəlamın daşıdığı cinsiyyətçi yanaşma bir kənara, Dağlarca onun mahiyyətinə də etiraz edərək deyərdi ki: "Yaxşı şeir tərcümə edilər". Yaxşı şeir qeyri-kafi tərcümədə belə öz mahiyyətini göstərir. Bir ilahəyə "inəkgözlü" təşbehini yaraşdıran bir şairin inəyə olan sevgisini pis tərcüməçi belə gizlədə bilməz; eləcə də "ağqollu" sözünü səhv tərcümə eləmək çətindir. Mən bu məsələdə Dağlarca ilə eyni fikirdəyəm. Ya da Hegelin dediyi kimi: "Das Wesen muss erscheinen". Yəni mahiyyət görünməlidir. Qiymətli almaz parlamırsa, almaz deyil.

Türkcə ilə "Qərb dillərini" müqayisə etsək, vəziyyət belədir: Qərb dillərinin fəlsəfə dili həm latın dilinin köməyi ilə, həm də ona baxmayaraq universitetlər, kitablar, elm ocaqları və muzeylər sayəsində yüz illər boyu təkmilləşdirildi. Bu dil qurumlarda nəsildən-nəslə keçdi, müzakirə olundu və çox möhkəm bir ənənə halına gəldi. Türkcə isə ərəbcə ilə buna bənzər bir yolu yeni-yeni keçir. Dilimiz ərəbcə olmadığı üçün bizim türk dili ənənəmiz Qərbdəki qədər qədim deyil. Lakin bu, tez-tez bir üstünlüyə çevrilə bilər: bizi klassik mətnlərdən ayıran "qatı və keçilməz" bir şərh qatı olmadığı üçün vaxtaşırı etdiyimiz tərcümələr orijinalını daha yaxşı əks etdirə bilər. Məsələn, Aristotelin və Platonun terminologiyası fransız dilində "boğulub gedir": "acte", "entelechie", "substantiel" deyən kimi o ilkin təravət itir, adam özünü sxolastik mənaların içində tapır – belə ki, nə Platonun, nə də Aristotelin o mənalardan xəbəri olmayıb.

– Platon və Aristotel yaradıcılığına dərindən vaqif olan bir şəxs kimi fəlsəfəyə rəğbət bəsləyən hər bir fərd bu fundamental mətnlərlə mütləq bir intellektual münaqişəyə girməlidirmi?

– Fəlsəfə tarixi və elm tarixi daxilindəki müzakirələri, "dialoqlarını" qavramaq üçün bu mətnlərə vaqif olmaq, şübhəsiz ki, böyük əhəmiyyət kəsb edir. Amma məncə, kimsəni məcbur eləməyək; qoy hər kəs öz vəziyyətinə və ehtiyacına görə bu yolu özü tapsın, bu istək adamın içindən gəlsin.



– Fəlsəfə oxumayan amma marağı olan biri üçün bir yol xəritəsi mütləq lazımdır? Fəlsəfə dəryasında azmamaq üçün əlimizdə bir kompas olmalıdır?

– Əvvəlki sualla əlaqəlidir. Elə bil fəlsəfənin möhtəşəm bir fenomen olmasını arzulayırıq, ardınca o əzəmətli heyulanı (hələ tam formalaşmamış ilkin maddə) necə əhatə edəcəyimizi kəşf edə bilmirik və beləliklə, işi görməmək üçün bir bəhanə ilə təslim olmağın təsəllisini yaşayırıq. Sanki fəlsəfənin nəhəng bir şey olmasını istəyirik, sonra da o nəhəng heyulanı necə əhatə edəcəyimizi bilmirik, daha sonra isə işin ardını buraxırıq və beləliklə, işi görməmək üçün bir bəhanə ilə təslim olmağın təsəllisini yaşayırıq. "Mükəmməl, yaxşının qənimidir" deməsəm də, "mükəmməliyyətçilik, müvəffəqiyyətsizliyə qarşı dözümsüzlüyün və tənbəlliyin ən hiyləgər maskalarından biridir" deyə bilərəm.

"Fəlsəfə tarixi dəryasında azmamaq" üçün insan gərək sözlərdən çox, dərdi olan məsələlərə diqqət versin. Nəyi niyə dərd elədiyini özünə sual verməli və özü üçün ən vacib olanı tapmalıdır. Burada ən mühümü düzgün olmaqdır; insanın özünə yalan deməməsi, qorxularının, utandıqlarının üstünə getməsi, "bacarmaram" deyə qorxmamasıdır. Bilmirəmsə "bilmirəm", başa düşmürəmsə "başa düşmürəm" deməkdən çəkinməmək lazımdır - Sokratik mövqe.

– FluTV-dəki videolarınızla fəlsəfəni hamıya tanıdırsınız. Sizcə, bu, fəlsəfənin əsl yuvasına — aqoraya (Qədim Yunanıstanda həm bazar meydanı, həm də xalqın toplaşaraq fəlsəfə və siyasət müzakirə etdiyi mərkəzi məkan) qayıdışdırmı?

– İndiki vəziyyət məncə, o qədim meydanlara yox, daha çox Helenistik dövrə (və Avropanın orta əsrlərinə) bənzəyir: geniş bir coğrafiyada, hər yanda qarışıq bir xalq kütləsi, hamının fəlsəfədən bir "çarə" gözləməsi ("Qurtuluş" dəllalları), bir qrup "ustadlar" və onların "arxasınca gedənlər"... Eyni fikirlərin təkrarlandığı qapalı mühitlər, bir-birinə qarışmış qəribə inanclar… Mənə elə gəlir ki, "Yeni Aqora" deyilən bir vəziyyət yaranıb; amma bu təkcə fəlsəfəyə aid deyil, ümumiyyətlə xalqın, cəmiyyətin dəyişməsindən irəli gələn bir şeydir. Məncə, indiki vaxtı başa düşmək üçün "Həqiqətdən sonrakı dövr" deməkdənsə, "Yeni Aqora" demək daha doğrudur. Yeni Aqoranın fərqi ondadır ki, tarixdə ilk dəfə heç bir xüsusi üstünlüyü olmayan adi insanlar istədiyi qədər yazmaq, oxunmaq və nədən danışılacağına qərar vermək gücü qazanıblar. Hesab edirəm ki, 2016-cı ildən bu yana başımıza gələnləri bu yolla daha yaxşı izah etmək olar.

– Fəlsəfi bir mətni başqa bir dilə köçürməyi, o düşüncə sistemini o dildə yenidən inşa etmək kimi görə bilərikmi?

– Zənn etmirəm. "İnşa" metaforası çox tez-tez istifadə olunur, düşünülmədən istifadə olunur (sizi istisna edirəm), ona görə də bu fikrə yaxın durmuram. Üstəlik, doğru bir metafora da deyil.

– Bir fəlsəfə müəllimi kimi, bu yola yeni çıxan azərbaycanlı gənclərə nələri tövsiyə edərsiniz?

– Heç kim sizə hazır idarələr, pullu təqaüdlər, kurslar, yollar, dəyərlər və ya hamının qəbul etdiyi qaydalar miras qoymayıb, qoymayacaq da. Bu boşluğu öz xeyrinizə istifadə etməyə çalışın: Özünüzü sıfırdan yaratmalı olacaqsınız, bu maraqlı yola, bu macəraya hazır olun. Bir də çalışın ki, dünyagörüşünüzü geniş saxlayasınız (hərçənd ki, indiyə qədər kim məsləhətə qulaq asıb ki, siz də qulaq asasınız?) Məsələn, mən neçə vaxtdır deyirəm ki, məqsədim təkcə tələbə yetişdirmək deyil, insanları elə yetişdirməkdir ki, onlar da öz növbəsində bir müəllim olsunlar.



– Bu qədər iş-gücün arasında Ömər Aygün necə dincəldir, özünü necə "yeniləyir"? Sizin üçün ən sakit, ən təhlükəsiz yer haradır?

– Meditasiya. Öz içimdəki o tam qaranlığa və səssizliyə dözməyi bacaranda, gözlərimi yavaşca açan kimi dünya mənə daha rəngli və daha aydın görünür. Öz daxilimdə tapdığım mütləq qaranlığa və səssizliyə dözmək cəsarətini və intizamını nümayiş etdirəndə, gözlərimi yavaş-yavaş açdıqda dünyanın rəngləri daha parlaq və şəffaf görünür. Ağzımı yavaşca açanda öz kəlmələrim tək-tək, daha şüurlu, daha iradəli, daha məzəli səslənir. Bir şey hiss edəndə onun nə olduğunu, adını, səbəbini dərhal və çox rahat başa düşürəm. Susanda daha mənalı susuram, belə olanda da danışanda sözümün təsiri daha çox olur; ən azından öz ürəyimə yatan şəkildə danışıram. Meditasiya mənə bu qaydaya əməl etmək gücü verir: Deyəcək bir sözün yoxdursa, danışma.


# 779 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər