Uşaqlığımın unudulmaz xatirələrindən olan bir hadisəni xatırladım.
Bir axşam ailəlikcə evdə idik, qapı döyüldü. Anam getdi qapını açmağa, kiçik qardaşımla otaqda oyunumuza davam edirdik.
Qadın səsi gəldi, kimsə ağlayırdı. Qardaşımla tez baxmağa qaçdıq. Qadın ərindən şikayət edirdi, uşaq olsaq da onun döyüldüyünü anlamaq çətin deyildi.
Döyülən qadın anamdan taksi pulu istəyirdi ki, atası evinə getsin. Anam pul verdi, qadın da getdi.
Bayaqdan hadisəyə heç bir reaksiya verməyən, sakitcə televizora baxan atam otağa gələn anama sabah o qadının əriylə danışacağını deyəndə anam da “özün bilərsən” dedi.
Sabah axşam atam həmin döyülən qadının əri ilə bizim evdə süfrə arxasında oturub araq “vururdu”. Artıq ikinci sağlıqdan sonra atam söhbətə başladı.
Qadınlardan, onların zərif məxluq olmaqlarından, onlarsız kişilərə çətin olacağından danışırdı. Qonaq artıq söhbəti başa düşmüşdü. Sözün düzü, deyəsən, o elə bizə gələndən söhbətin nədən gedəcəyini bilirdi.
Atam danışdıqca o razılıq əlaməti kimi başını yelləyirdi. Və birdən gözlənilmədən ağlamağa başladı. Qardaşımla biz bütün olanları gizlicə qapıdan izləyirdik və zaman-zaman orda olanları anama çatdırırdıq.
Qonaq göz yaşlarını atamın ona uzatdığı salfetlə sildikdən sonra peşmançılığından danışdı. Dediyinə görə arvadını heç vaxt döymək istəməyib, sadəcə arvad çox deyingəndi və döyülməsə susmur.
Atam ona mübahisə düşəndə evdən gedib təmiz havada 1-2 saat gəzməyi məsləhət gördü.
Gecənin bir aləmi qonaq bizdən gedəndə atama təşəkkür etdi və bir də arvadına əl qaldırmayacağına söz verdi.
Hərəkətindən olduqca məmnun qalan atam özündən razı halda televizorun qabağına keçdi.
Bir neçə gün sonra, axşam vaxtı birdən qapı möhkəm döyüldü. Belə hallarda qapını adətən atam açır.
Yenə həmin o döyülən qadın idi. Bu dəfə döyülməmişdi, ancaq elə bil ki, özü kimisə döyməyə gəlmişdi.
Atamı görən kimi əlini belinə qoyub: “Sizdən kim xahiş edib ki, bizim ailə işimizə qarışasınız”,-dedi.
Təşəkkür gözləyən atam pərt olub əməlli-başlı qızarmışdı.
Nankor qadın isə həyasızca davam edirdi: “Döyür, lap yaxşı edir. Sevir ki, döyür. Mən sizdən xahiş eləmişdim?”
Atam artıq bığlarını çeynəyirdi, bu isə əsəbiləşməyinin əlaməti idi. Anam tez özünü qabağa verdi. Atama üzünü tutub dedi: “Yaxşı oldu, sənə lazım idi bu? Nə işinə qalıb? Bu da sənin “sağ ol”un. Qoyardın döyüb şil-küt edərdi də”.
Sonra da qadına tərəf dönüb zəhmlə: “Götürdüyün pulu nə vaxt qaytaracaqsan?”,-deyə soruşdu.
Qadın sanki pərt oldu. Heç nə demədən çıxıb getdi. Anam da qapını bağlayıb atama sakitcə: “Bunu istəyirdin?”, – deyib mətbəxə keçdi.
Atam isə heç bir cavab vermədi.
Bu hadisədən illər ötmüşü. Bakıda, parkların birində yay axşamı yenə bir qızın sevgilisi tərəfindən şiddətə məruz qaldığını gördüm. Hamı kimi sakitcə seyr edirdim.
Onların davası telefon üstə idi. Qızın telefonuna gələn “SMS” oğlanın xoşuna gəlməmişdi və suallarına ağlabatan cavab ala bilməyəndə qızın ağzının üstünə elə şillə “partlatdı” ki, şappıltısı bütün parka yayıldı.
Yaxınlıqdan keçənlərin maraqlı baxışlarını görən xanım:“Nə var? Nəyə baxırsınız?”, - dedi və oğlana daha da yaxın oturdu. Bir müddət sonra da qol-boyun, şən halda söhbət edərək parkdan getdilər.
İkinci halda müdaxilə etməməyimə birinci hadisənin çox böyük təsiri var idi. Mən də eyni cavabı eşidib pərt olmaqdan, qadının onu döyən kişini müdafiə edəcəyindən qorxdum.
Mən istənilən sosial təbəqədən “döyürsə, deməli sevir” deyərək üz-gözündəki göyləri makiyajla gizlədən bir çox qadın görmüşəm.
Döyülməyi sevgi əlaməti kimi qəbul edən qadın 14 fevralda və ya 8 Martda da “mişka”ya qane olur.
Bir türk komediya filmində arvadını döyən kişi bir gün imana gəlir və tövbə edir, döyülmədiyini görən arvad isə kişiyə “Artık beni sevmiyonmu?” sualını verir.
İctimai yerlərdə qarşımıza çıxan şiddət olaylarına istər mənəvi, istərsə də fiziki olaraq çox zaman biganə qalırıq, ancaq öpüşən iki insan görəndə qıcıqlanırıq, bunu tərbiyəsizlik olduğunu qəbul edirik, bəzən hətta narazılığımızı da bildiririk.
Bu “dözülməz” hala dözmək istəmirik, “anamız-bacımız” var. Çünki ailədən belə görmüşük, valideynlərimiz bizim yanımızda heç vaxt qucaqlaşmayıb, bir-birilərinə sevgilərini nümayiş etdirməyib ki, ayıbdır.
Ancaq ailədaxili şiddətə gəldikdə bunu övladların qarşısında etməkdən çəkinməyiblər. Bax elə buna görə şiddəti biz normal qəbul edirik, amma bir-birimizə sevgimizi nümayiş etdirən insanları gördükdə qıcıqlanırıq, əslində isə paxıllığımız tutur.