Ədəbiyyat tənqidçiləri və alimlər Luis Kerrollun məşhur nağılının gizli mənası haqqında bir çox nəzəriyyələr irəli sürübdülər. Bəziləri iddia edirdilər ki "Alisa möcüzələr diyarında" seksdən, narkotiklərdən və müstəmləkəçilikdən bəhs edir. Digərləri nağılın qida həzmi pozğunluğu və ya qızılgüllərin müharibəsi haqqında olduğunu iddia edirdilər.
Luis Kerrollun sehrli kekslər, gizli qapılar, gülümsəyən pişiklər, mahnı oxuyan tısbağalar haqda fantastik hekayəsi ilk nəşr olunduğu gündən bəri heç məşhurluğunu itirmədi. 150 il ərzində bu hekayə onlarla filmin, şəkilin, baletin və kompüter oyununun yaradılmasına ilham verdi. Hətta “Alisa sindromu” adı verilmiş nevroloji xəstəlik də var.
Bununla belə, Luis Kerrollun bu hekayə ilə nə demək istədiyi bir çox nəzəriyyələrin yaranmasına və müzakirələrin açılmasına səbəb olub.
Ədəbi tənqidçilərin, tədqiqatçıların, alimlərin və bloqqerlərin yazılarına diqqət yetirsək ilk baxışda saf və təmiz görünən uşaq nağılının narkotik mədəniyyətin alleqoriyasına, Britaniya müstəmləkəçiliyinin tarixinə və ya psixi problemləri olan bir qızcığazın kişi penisinə paxıllıq hekayəsinə necə çevrilməyinin şahidi olarıq.
Çarlz Dodson 10 yaşındakı Alisa Liddelli bacısıyla birlikdə Londondakı Temza çayında qayıqla gəzdirdiyi zaman əyləncəli olsun deyə özündən uydurub bu hekayəni danışırmış. Hekayə qızın xoşuna gəlir və o, Dodsondan xahiş edir ki, danışdığı bu hekayəni yazsın. Dodson nağılı Luis Kerroll təxəllüsü ilə qələmə alır.
Alisa, Okford Universitetində işləyən dekan qızı, Dodson isə eyni fakültədə riyaziyyat müəllimi idi. Onun kiçik qızlarla dostluğu təkcə Alisa ilə yekunlaşmırdı. XXI əsrin insanına bu dostluq bir az qəribə görünə bilər, Dodsonun dövründə isə normal idi.
Hərçənd Dodsonla qızın dostluğunda yersiz, qəbahətli bir şey olduğuna dair hər hansı bir məlumat olmasa da, azyaşlı rəfiqələriylə oynamağı sevən, onları dizinə oturdub şəkil çəkdirən bir kişidən şübhələnməmək çətindir.
Cəmiyyətin psixoanaliz nəzəriyyəsiylə maraqlanmağa başladığı və Viktorian ikiüzlülüyündən azad olduğu dövrdə isə "Alisa möcüzələr diyarında" elə də saf görünmür. Mətni yenidən araşdıran tənqidçilər dovşan dəliyindən tutmuş Alisanın kənara çəkdiyi pərdəyə detalına qədər bir çox nüansı qadın cinsiyyət orqanının və doğuşun metaforik təsviri hesab edir. Hekayədəki qıfıllar və açarlar cinsi əlaqəyə işarədir, Tırtıl isə az da olsa kişi cinsiyyət orqanını xatırlatmırmı?
Alisanın boynunun gözlənilmədən uzanması səhnəsində, çoxları ereksiya və penisə qibtə işarəsini görürlər. Daha sonrakı səhnədə Alisanın yelpiklə özünü yelləməyə başlayıb və sonra qəflətən balacalaşaraq çənəsinə qədər duzlu suya düşməsini masturbasiya ilə assosiasiya hesab edirlər.
Bəzi tədqiqatçılara görə Alisanın macəraları cinsəllikdən çox bir uşağın yetkinliyə addım atması kimi də görülə bilər. Qəhrəmanımız, böyük dəyişikliyə məruz qalan bədənində özünü narahat hiss edir; mənliyi sabitliyini itirmiş, şəxsiyyətinə dair şübhə duymağa başlamışdır. Təsadüfi olduğunu düşündüyü qaydaları, ətrafındakı insanların rəftarlarını, hətta ölümü anlamağa çalışmaqdadır.
Əlbəttə ki, bu uşaq nağılı müəllifinin sehrli göbələklərin üstündə qəlyan çəkən Tırtılı təsvir edərkən nə demək istədiyini düşünmək çətindir. Elə buna görə də, 1960-cı illərdən başlayaraq, narkoman submədəniyyətinin tərəfdarları Alisanın macəralarını uzun narkotik səyahət kimi qəbul etməyə başladılar.
Dodsonun sevimli yazıçısı "Tiryək istifadə etmiş ingilisin etirafları" kitabının müəllifi Toamas de Kvinsi idi. Lakin Dodsonun gerçək hallusinogen narkotiklər sınadığına dair konkret bir məlumat yoxdur.
Bununla belə, "Alisa" yalnız seks və narkotiklər haqqında deyil. Digər qrup ədəbi tənqidçilər nağılda siyasi satiranın olduğunu da deyirlər. Qəhrəmanımız Ağ Dovşanın arxasıyca tullanır və tez əsəbiləşən, amansız bir kraliçanın idarə etdiyi və xaotik bir məhkəmə sistemi olan qəribə bir aləmə düşür. Bu yeri Kraliça Viktorianın idarə etdiyi İngiltərəyə oxşadanlar da var.
Bəs bu qəribə ölkədə Alisa nə edir? Yerlilərin davranışı qarşısında çaşqın qalmış Alisa onlara öz dəyərlərini sırımağa çalışır və bunun nəticələri də ağır olur. Bəziləri bunu İngiltərənin müstəmləkə siyasətinə işarə kimi görür.
Bu günə qədər fərqli araşdırmaçıların Alisanın macəralarından bəhs edən hekayənin “gerçək” mənasına dair fərqli şərhlərlə inkişaf etdirdikləri nəzəriyyələri araşdırarkən, bir mətnin necə fərqli mənalara yol açdığının şahidi oluruq. Amma hər şeydən əvvəl, bu onun sübutudur ki, Luis Kerrollun şah əsəri ölməzdir və hər dövrün insanı onda öz şəxsi şıltaqlıqlarını və problemlərini axtarır.
Çarlz Dodson riyaziyyatçı idi. Təəccüblü deyil ki, onun hekayəsi hesab və həndəsi işarələrlə boldur. Alisa Papaqçının tapmacalarından tutmuş Kraliçanın Kriket oyununa gədər qarşılaşdığı bilməcələri çözməyə çalışsa da onların bir məna və məqsədinin olmadığını görür.
Dodson məntiqçi olsa da Möcüzələr ölkəsində məntiqsizlik hökm sürür. Bəlkə də bu maraqlı və yaradıcı kitabın da mənası budur: Dünya bizim ümidlərimizin və gözləntilərimizin məyusluqla qarşılaşdığı çılğın bir yerdir; ona görə də məna axtarmaq əvəzinə hər şeyi öz axarına buraxıb səyahətdən zövq almaq gərəkdir.