Nəvə qatili, gəlin qatili, oğul qatili

Nəvə qatili, gəlin qatili, oğul qatili
11 dekabr 2014
# 12:52

Dünən televiziyada kurs açılması xəbərinə baxıb yatmışdım. Kursda nənə və babalara nəvələrə necə baxmağı öyrədəcəklər. Səhəri isə Bakıda 40 yaşlı qadının gəlinini və 6 aylıq nəvəsini öldürməsi xəbəri ilə açdım. Qətlin gəlinlə qayınananın mübahisəsi zəminində baş verdiyi məlum olub. Əslində qadın bir nəsli öldürmüşdü. Nənə öz oğlunu da öldürmüşdü.

Bu qadın digər nənələr kimi həmin uşaq anadan olanda Doğum Evinə getmişdi, hətta nəvəsini görmək üçün tibb bacısının cibinə pul da qoymuşdu. Balacanı evə gətirəndə qonşuların xeyir-duasına “Allah köməyiniz olsun” demişdi. Körpənin adından narazı qalmışdı. Uşağın adının Emiliya qoyulmasına görə oğlu ilə mübahisə də etmişdi. Nənə öz anasının adını qoymaq istəmişdi. Amma oğul ad qoymaqda israrlı idi. Anası “neynək, təki sağ salamat olsun” demişdi.

İndi o körpənin atasının üzündəki ifadəni çəkməyə bir rəssam tapa bilərsiniz? Səhər öz telefonundan həyat yoldaşı ilə qızının birgə keyfiyyətli şəklini tapıb, fotostudiyada onu böyütdürməyə gedəndə, neçə siqaret onun acısını azaldacaq?

Həmin adam öz ailəsi ilə birgə anasını da dəfn edəcək. Dəfn mərasimindən sonra istintaqa çağıracaqlar, istintaq bitəndən sonra dostların sualları. Məsələ bir az yaddan çıxandan sonra məhkəmə olacaq. Məhkəmə keçirilən gün bu oğlan işdən necə icazə alıb gedəcək? Müdirinə “anamın məhkəməsinə gedirəm, mənə icazə ver” cümləsini deyə biləcəkmi?

Ata hönkürtü ilə ekspertə “qızımı yarmayın” deyəcək. Amma nə fayda, qanun bunu tələb edir, əziz dost, səbirli ol.

Ananı sən seçməmisən.

# 872 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #