Məşhur aparıcı: “Canlı yayımda operator stolun altına girdi”

Məşhur aparıcı: “Canlı yayımda operator stolun altına girdi”
15 dekabr 2014
# 09:30

Kulis. Az saytının “Yeməli söhbət” layihəsinin qonağı məşhur teleaparıcı Anar Nəcəflidir.

- Anar müəllim, sevdiyiniz yeməklər hansılardır?

- Yeməklər arasında ayrı-seçkilik apara bilmərəm. Azərbaycan mətbəxinin əksər yeməklərini bəyənirəm. Ən çox bəyəndiklərim isə yarpaq dolması və sac yeməkləridir.

- Özünüz hansı yeməkləri bişirirsiniz?

- Yemək bişirməklə aram yoxdur (Gülür) Amma əlacsız qalanda qollarımı çırmalayıb işə girişirəm. Məsələn, əla qayğanaq bişirməyim var. Bişirdiyim qayğanağın özünə məxsusluğu ona atdığım bibər və ətdir. Evdə yoldaşım, uşaqlar bəzən məndən xahiş edirlər ki, onlara qayğanaq bişirim.

- Kababla aranız necədir?

- Pis deyil. Əsas lülə kababı xoşlayıram. Amma çox adam qabırğa kababını sevir və əsl kabab qabırğa kababı olduğunu deyir. O kabab həm yağlı, həm də sümüklü olur. Rayona gedəndə adətən qohumlar deyir ki, hind quşu kababı bişirək. O kababdan da mənim xoşum gəlmir.

- Sizi xarici mətbəxdən hansı yemək təəccübləndirib?

- Mən Azərbaycan mətbəxini çox bəyənirəm. Xarici mətbəx məni o qədər də çox maraqlandırmır. Bir dəfə dəniz yosunundan hazırlanan salat yedim. Mənim yediyim o yemək qeyri-adi və bahalı yemək sayılır. Amma o yeməyi bəyənmədim.

- Hərbi xidmətdə olan vaxtlar nə yeyirdiniz?

- Mən Naxçıvanda hərbi xidmətdə olmuşam. Təbii ki, hərbi xidmətə bir illik getmişdim. Yaş öz işin görmüşdü və tələbəlikdən əziyyət gördüyüm üçün hərbi xidmət o qədər də çətin keçmədi. Amma etiraf edim ki, yemək o qədər də ürəkaçan deyildi. Hesabınızı tutun ki, mən hərbi xidmətə gedəndə 76 kiloqram idim, amma qayıdanda 61 kiloqramla qayıtdım. Əsgər dostum orda verilən yeməkləri iştaha ilə yeyirdi və onun çəkisi xeyli artdı. Mən nədənsə hərbi hissədə bişirilən yeməkləri yeyə bilmədim.

- Sizə nəyisə xatırladacaq yemək var?

- Məni bağçaya yazdırıblar, amma bir gün olmuşam, onda da qaçmışam. Bağçadan heç xoşum gəlmirdi. Ailədə üç bacının bir qardaşı olduğuma görə, mənə çox diqqət göstərirdilər. Buna görə evdən ayrı heç harada qala bilmirdim. Nənəm mənə baxanda həmişə düyü supu bişirirdi. İndi düyü supu görəndə o vaxtları xatırlayıram.

- Fast-foodla aranız necədir?

- Pis deyil. Bizim işimiz elədir ki, tez-tez fast-fooda müraciət etməli oluruq. Ziyanlı tərəfləri var, amma onsuz keçinmək asan deyil. Çünki iş çox olur və oturduğun yerdə nə isə yeməlisən. Oturduğun yerdə də təbii ki, sup içə bilməyəcəksən. Buna görə, fast-food bu gün bizim həyatımıza çox asan yol tapıb.

- Anar müəllim, restoran seçəndə ilk öncə nəyə diqqət yetirirsiniz?

- Xidmətə. Xidmət gözəl olanda adam daha iştaha ilə yemək yeyir. Amma təəssüflər olsun ki, bu gün Azərbaycanda restoranlarda xidmət səviyyəsi o qədər də ürəkaçan deyil. Bahalı restoranlarda xidmət əladır. Çalışmaq lazımdır ki, orta tip restoranlarda xidmət əla olsun.

- Dieta ilə aranız necədir?

- Bəzi adamlar mətbuatda müsahibələrində deyirlər ki, mən filan dieta saxlayıram. Amma məndə xüsusi bir proqram yoxdur ki, o istiqamətdə dieta saxlayım. Mən səhər, günorta istədiyim yeməyi yeyə bilərəm. Təbii ki, çox yağlı yeməyi xoşlamıram. Evdə kərə yağından az istifadə olunur. Əsasən bitki yağlarından, zeytun, qarğıdalı yağlarından istifadə edirik. Səhərlər ümumiyyətlə kərə yağı yemirəm. Bəzən işlə bağlı evə gecə gəlirdim. Həmin vaxtda yeyib bir az uzanıb televizora baxırdım və təbii ki, xeyli kökəldim. Kökələndən sonra axşam 6-7 dən sonra demək olar ki, yemək yemədim. Sadəcə yemək yemirdim. Qatıq, tərəvəz, qoz-fındıq, meyvə yeyirəm. Mənim dietam da budur.

- Spirtli içkilərlə aranız necədir?

- Arada dostlarla içirəm. Ən çox viski və çaxırdan xoşum gəlir. Mənim orqanizmim çox içki qəbul etmir. Müəyyən həddə qədər içirəm və ondan sonra içki içə bilmirəm, Buna görə, də sərxoş olmuram.

- Tələbəlik illəriniz necə keçib?

- Mən Ucar rayonunda anadan olmuşam. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Tələbə yoldaşlarımla bir yerdə qalırdıq. Bəzən yeməyimiz olurdu, bəzən isə ac qalırdıq, quru çörək yeyirdik. Əksər tələbələr kimi evdə təmizlik və yemək növbətçiliyi təyin eləmişdik. Rayondan pul da göndərirdilər, amma yenə problemlər olurdu. Tələbəlik illərimiz çox çətin keçib.

- Ucar mətbəxinin özəlliyi nədir?

- Məncə, Ucar mətbəxinin elə bir özəlliyi yoxdur. Ucarda nar, heyva çox olduğu üçün bəzi yeməklərə heyva, nar vururlar. Məsələn dolmanın üstünə heyva, kətənin içinə nar vururlar ki, dadı çıxsın. Bizim mətbəxində özəlliyi budur (gülür).

- Toylarla aranız necədir?

- Yaxşıdır. O qədər stressli həyat yaşayırıq ki, toyda bir az yorğunluğumuzu çıxarırıq.

- Efirdə maraqlı hadisələrdən hansı daha yaddaqalan olub?

- Efirdə maraqlı hadisələr çox olub. Adətən belə hallar canlı yayımda olur. Demək, veriliş başlandı. Mən süjeti verdim, amma texniki problem oldu və efir dondu. Bu vaxt operator dekorda olan balaca bir əyrini düzəltməyə getdi və efir rejissoru xəbərdarlıq etmədən birbaşa efirə keçdi. Bu vaxt operator özün kamerada gördü və nə edəcəyini bilmədən çaşıb stolun altına girdi. Mən özümü gülməkdən birtəhər saxladım.

- İlk xəbəriniz nə olub?

- Mən ANS telekanalında işə başlamışam. Həmin televiziyada stajda olanda gecə “qaynar xətt”ə zəng gəldi və məlum oldu ki, Bakıxanov qəsəbəsində ağır yol qəzası baş verib. Mən hadisə yerinə getdim. Həqiqətən orda çox ağır mənzərə var idi. Bir neçə nəfər ölmüşdü. Kameranın işığını yandıranda dəhşətə gəldim. Asfalt qanın içində idi. Bu mənzərə mənim yadımdan bir neçə gün çıxmadı.

Hobbiniz nədir?

- İndi boş vaxt tapmaq bir az çətindir. Əvvəllər boş vaxt tapan kimi kitab oxuyurdum. Çingiz Abdullayevin əsərlərini çox bəyənirəm. İndi isə bütün vaxtımı jurnalistikaya efirə ayırıram.

- Yaradıcılıqda nə yeniliklər var?

- Yeni bir layihənin üzərində işləyirdik. Siyasi tanıtım filmi çəkirik. Ümid edirəm, yaxın zamanlarda ortaya maraqlı bir şey çıxarda biləcəyik.

# 1832 dəfə oxunub

Müəllifin son yazıları

# # #