#

Turan İbrahimov: “Fransa səfirliyinə yumurta atdım, zəng edib dedilər ki...” MÜSAHİBƏ

Turan İbrahimov: “Fransa səfirliyinə yumurta atdım, zəng edib dedilər ki...” MÜSAHİBƏ
4 fevral 2014
# 09:00

Kulis.Az-ın “Ekran üzü” layihəsinin budəfəki qonağı “ATV Səhər” proqramının aparıcısı Turan İbrahimovdur.

- Uzun müddət idi ki, müsahibə vermirdin. Səbəb nə idi?

- Yeni verilişə başlayan zaman əsas maraq bu olur ki, hamı verilişə baxsın, fikirlərini oxumaq istəyən, haqqında bilmək istəyən hamının diqqəti verilişə yönəlsin. Həm də verilişə yeni başlayanda qeyri-müəyyənlik olur. Bir də ki, nə qədər müstəqil olsam da, hər addımımızı müdiriyyətlə razılaşdırıram. Bunu da səbəb kimi göstərə bilərik. Ancaq bu qadağa sırf verilişin reytinqini qaldırmaq üçün atılmış addım idi. Facebook səhifəmdə də yazmışdım ki, verilişim oturmayana qədər müsahibə verməyəcəyəm. Məni görmək istəyənlər verilişə baxsınlar.

- Azərbaycan teleməkanında demək olar çalışmadığın telekanal qalmayıb. Xronoloji ardıcıllıqla ABA, Space, ATV, LİDER, ANS telekanallarında çalışmısan. Və yenidən ATV-yə qayıtdın. Belə tez-tez yerdəyişmələr nə ilə bağlıdır?

- Min doqquz yüz doxsan yeddinci ildə, yəni Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olduğum vaxtdan ABA televiziyasında ilk efir fəaliyyətinə başlamışam. ABA-da çox gözəl mühit var idi. Məlum məsələlərdən kanal bağlandı. Kanal bağlandıqdan sonra televiziyanın bütün, istər texniki, istər yaradıcı heyəti başqa televiziyalara paylandı. O dövr üçün ən perspektivli, imkanları baxımından ən yaxşı kanal isə Space idi. Böyük bir qismimiz Spaceyə, bir qisim Liderə, bir qisim də ANS-ə getdi. Mən də Space-də fəaliyyətimi davam etdirdim. Orda layihələrimiz bitdi, nöqtəni qoyub ayrıldım. ATV-nin o vaxtkı vitse-prezidenti Həsən Abdullayevin dəvətiylə orda başladım. ATV-də çalışanda isə Lider TV-dən təklif gəldi. Orda da çalışdım. Liderin çox professional texniki heyəti var idi, amma yaradıcı insan üçün ora bir qədər darıxdırıcı mühitdir. Daha sonra Mirşahinlə danışığımız oldu. Mirşahin uzun müddət idi ki, məni ANS-ə dəvət edirdi. Mirşahin həm dostum, həm də çox hörmət etdiyim peşəkar biridir. ANS-ə getdim, layihəmi reallaşdırdım. Orda bir qalmaqal yaşadım. ANS-dən ayrılandan sonra televiziya fəaliyyətimi tam dayandırmışdım. Tamam başqa işlərlə məşğul olurdum. Yenidən ANS-dən dəvət gəlmişdi. Rəsmi şəkildə üzr də istədilər. Orda gecə tok-şousu hazırlayırdıq. Aparıcılıq həm də biznesdir. Daha gəlirli, şərait baxımından yaxşı və mənə hər baxımdan uyğun təklif ATV-dən gəldi. ANS-in dəvəti həm də barışmaq xarakteri daşıyırdı və biz barışdıq. Hər kəs öz səhvini boynuna aldı. Burda böyüklük göstərdilər, bu məsələ bitdi. ANS-də söhbət uzanırdı, ATV-dən daha yaxşı təklif gəldiyi üçün ANS-lə bağlanmış müqaviləni xətm edib ATV-yə gəldim. Bir aparıcının başqa-başqa kanallarda çalışması transfer söhbətidir. Televiziyada isə transfer yaxşı pullar deməkdir. Bu isə Azərbaycan standartı üçün çox böyük pullardır. Biz artıq bunu Türkiyə, Rusiya aparıcılarının qonorarları ilə müqayisə edə bilərik. Azərbaycan televiziyası reklam sektorunun böyüməsi ilə bu səviyyəyə gəlib çatdı. Ora-bura gedib gəlmələr sırf maddi, kommersiya maraqlarından doğan addımdır. Açıq-aşkar deyirəm ki, bu maddi maraqdır. Bəzi aparıcılar var ki, heç yerə getmirlər. Bu da hər adamın işi deyil ki, bir yerdən başqa yerə gedib özünü doğrultsun. Başqaları risk eləmirlər, bir yerdə qalırlar. Mən ümumiyyətlə, o fikirdəyəm ki, hərəkətdə bərəkət var.

- ANS-dən ayrıldığın zaman qalmaqal yaşadığını dedin. Nədənsə qalmaqal səndən yan keçmir...

- Buna qalmaqal deməzdim. Etiraz etməyi bacaran adamam. Hər yerdə beləyəm. Haqsızlıq varsa mən orda susmuram. Kimliyindən asılı olmayaraq etirazımı bildirirəm və axıra kimi də öz haqqımı tələb edirəm. İstədiyimə də nail oluram. Adi həyatda da, işdə də bu belədir. İş yerim də televiziya sahəsi olduğuna görə bu qalmaqal kimi görünür. Bunu mətbuatda kim hansı formada təqdim edir, ondan da çox şey asılıdır. Haqqımı tələb etməyi bacaran adamam.

- “Günəbaxan”-nın aparıcısı olduğu zaman verilişin reytinqi çox yüksək idi. Verilişin aparıcısı olan zaman isə deputatlığa namizəd oldun. Bunu siyasətə atılmaq kimi qəbul edənlər çox oldu. Belə demək olarmı ki, verilişdən tramplin kimi istifadə etmək istəyirdin?

- Siyasət tamam başqa anlayışdır. Azərbaycanda isə siyasətlə ictimai fəaliyyət bir-birinə qarışdırılır. Bu savadsız yanaşma var. Siyasət partiya mənsubiyyəti olub, partiya daxilində fəaliyyət göstərməkdir. Müstəqil siyasətlə də məşğul olmaq olar. Bu ayrı məsələ, amma ictimai aktiv olmaq ayrı şeydi. Müstəqil olaraq deputat seçilib ictimai fəaliyyətlə də məşğul olmaq olar. Bunu heç kim dana bilməz. Öz mövqeyini ortaya qoyan, konkret problemlərin həlli üçün çalışan televiziya aparıcısı artıq ictimai mesaj verən adamdı. Mən Azərbaycanda bank əmanətlərinin qaytarılması ilə bağlı bir kompaniya aparmışam. Bu kompaniyanı ANS rəhbərliyinin mənə qoyduğu qadağalar, ayrı-ayrı məmurlar tərəfindən edilən təzyiqlər, təhdidlər, təhqirlər hesabına aparmışam. Kompaniyanı yekunlaşdırmışam. Və buna bənzər bir çox məsələlər var ki, onları da efirdən səsləndirmişəm. Düşündüm ki, bu kimi məsələləri niyə Milli Məclisdə səsləndirməyim?! Məsələ bundan ibarətdir, bu isə siyasət deyil. Mənim heç bir siyasi mənsubiyyətim yoxdur. Bəli, mənim siyasi baxışım var, nəticə etibarilə məni qane edən siyasi kurs da var. Bu başqa söhbət, bu hər kəsdə ola bilər. Televiziya aparıcısının da, mağaza satıcısının da bu cür baxışları ola bilər. Bunları bir-birinə qarışdırmaq olmaz. Xahiş edirəm, insanlar bunu birdəfəlik beyinlərinə yeritsinlər və yaxud da savadlarını artırsınlar. Siyasətçi və ictimai fəal ayrı-ayrı şeylərdi. Bu məsələnin bir tərəfi. İndən sonra mənim sabah nə edəcəyim də heç kimdə sürpriz doğurmasın. Mənim niyyətim bəllidir. Bütün verilişlərdə sosial, ictimai mesaj verməyi bacaran və buna çalışan adamam. Bu faktdır. Hətta mən lap yeni-yeni televiziyada işə başlayanda şou xarakterli verilişlərdə də böyük sosial mesajlar var idi. Təbii ki, onu tutanlar bilirdi. Həmin vaxt heç mənim ağlımda deyildi ki, deputatlığa namizədliyimi irəli sürüm. Namizəd olmağa seçkiyə beş – altı ay qalmış qərar verdik. Mən müstəqil adamam, müstəqil olduğumu da hər məqamda sübut etmişəm. Bu dəqiqə isə mühit məni o qədər qane edir ki, heç bu haqda fikirləşmirəm. Həm də başım yaxşı mənada başqa şeylərə qarışıqdı. Hər şeyi ölçüb-biçdikdən sonra addım atıram. Amma ekspromt davranmağı da xoşlayıram.

- Fransa səfirliyə yumurta atmaq hardan ağlınıza gəldi?

- Hər halda...(düşünür)

- Hər halda diplomatik korpusdur...

- Hər halda mən bunu etdim. Mətbuat bundan yazdı. Səfirlikdən mənə zəng edib xahiş etdilər ki, biz sizin hərəkətinizi qəbul edirik, amma bu artıq ənənəyə çevrilib, hamı gəlib səfirliyə yumurta atır. Xahiş edirik gənclərə xitab edəsiniz, onlar belə etməsinlər. Hər halda reaksiya oldu, bunu tanınmış televiziya aparıcısı, deputatlığa namizəd Turan etdi. Bu addımın da müəyyən yerlərə mesajları oldu. Və bu kimi məqamlarda qaçıb gizlənən, yumurtanı atmayıb, bişirib yeyən adam olmaqdansa cəmiyyətdə bu cür adam olmaq daha yaxşıdır.

- Köşə yazarı kimi də özünü sınadın...

- Mən jurnalistəm. Burda nə var axı? İndi də lazım olsa yazaram, sadəcə olaraq televiziya fəaliyyətinə görə yazı yazmağa vaxt qalmır. Yaza bilmədiklərimi indi efirdən deyirəm. Yazı yazan vaxt isə efirdə deyildim. Köşə yazılarım çox oxunan yazılardan olurdu. Onu da deyim ki, yazılarım müzakirələrə səbəb olurdu. Əgər ictimaiyyətə impuls verən adamın fikirləri qıcıq doğurmursa deməli o, ölüdür. Mən ortaya fikir qoyuram. Əks fikirli insanlar narahat olurlarsa, deməli yazı hədəfinə çatıb. Əks fikirli insanlar arqument ortaya qoya bilmədikləri üçün də ancaq sosial şəbəkələrdə qurşaqdan aşağı və mənim yazımın altına təhqiramiz şərh yazmaqla mənim nə qədər önəmli iş gördüyümü lazımınca sübut edirdilər.

- Bir neçə il əvvəl verdiyin müsahibəndə demişdin ki, Mirşahin də jurnalist oldu, mən də jurnalist? Axı ayıbdır. İndi isə ürəklə mən jurnalistəm deyirsən. Birdən-birə nə dəyişdi?

- Azərbaycan televiziya publisistikasında Mirşahindən o yana yoxdur. Mirşahin mənim dostumdur. Məqamlarla mənim müəllimimdir. Niyə məqamlarla deyirəm? Mirşahin hər kəsin içində özü deyib ki, mən də Turandan nəsə öyrənirəm. Bu da onun böyüklüyündən irəli gəlir. Burda söhbət məhz Turandan getmir, sabah başqa biri ola bilər. Mirşahin məktəbdir. Televiziya publisistikasının atasıdır. Bu faktdır, amma bunu o cür deməmişdim. Demişdim ki, Azərbaycanda şou aparan artistlərə jurnalist deyirlər. Jurnalistikanın təyinatını bilməyən xalqımız, o xalqı da nəticə etibarilə yönəldən kütləvi informasiya vasitələrində çalışan insanları jurnalist kimi təqdim edirlər deyə belə bir ziddiyyətli fikir formalaşır. Ona görə də dedim Mirşahin də jurnalist, onlar da jurnalist? Mən belə demişdim. Mirşahin səviyyəsində jurnalist olmasam da, öz çapımda “Günəbaxan”dan etibarən jurnalistika ilə məşğul oluram. İncəsənət universitetini bitirən hər hansı bir şəxs də televiziyada aparıcı ola bilər. Mən isə sırf xəbərçiliklə məşğul oluram. Xəbərçilik də sırf jurnalistikadır.

- “ATV Səhər” verilişi haqda danışmağını istərdim...

- “ATV Səhər”-in formatı xəbər formatıdır. Veriliş subyektiv, şəxsi mövqeyi olan və başqalarının da bununla əvvəlcədən razılaşmayacağını dərk edərək danışan adamın müəllif verilişidir. Format əvvəlcədən özü-özünü bildirir. Mənim dediyim hökm deyil, mən həddindən artıq obyektiv olmağa da çalışmıram. Bu mənim subyektiv fikrimdir. Mən bunu deyirəm, mənimlə razılaşanlara da, razılaşmayanlara da təşəkkür edə bilərəm. Bu veriliş məsələlərə siyasi elmlər üzrə ekspert olmayan, iqtisadçı olmayan, idman şərhçisi olmayan, adi jurnalist, öz dünya görüşü olan, öz münasibəti olan Turan İbrahimovun münasibətidir. Verilişin formatı budur. Bu formatı biz fikirləşməmişik. Azərbaycanda ilk dəfə bu formatı mən tətbiq etməyə başlamışam. Bu təcrübə özünü doğrultduqdan, bütün zərbələri üzərinə aldıqdan, cəmiyyətdə qəbul olunduqdan sonra digər kanallar da eyni formata keçdilər. “Günəbaxan”da da hər şeyin danışıla biləcəyi bir veriliş hazırlamışdıq. Sonra bütün kanallar bu formata keçdi. Üç saat yarımlıq verilişdə səhvli və səhvsiz, düzgün anlaşılan və düzgün anlaşılmayan, olduğu kimi, səmimi, bunu elədim. Fikir versəniz, alternativ verilişlər yaranır. Mənə yaxın olduğu formata görə bunu etmişəm. Mən deyəndə deyirdilər ki, bu Azərbaycanda qəbul olmaz. Səhər-səhər hamı müğənnilərin göbək rəqsinə baxmağa öyrəşibdi. Nə xəbər e? Sübut olundu ki, ən yüngülündən tutmuş ən ağırına kimi olduğu kimi versən insanlar baxır, özü də ən yüksək səviyyədə.

# 9690 dəfə oxunub

Müəllifin son yazıları

# # #