Qızılgülün ünvanı – Əkrəm Əylislidən yeni hekayə

Əkrəm Əylisli, yazıçı

Əkrəm Əylisli, yazıçı

29 mart 2022
# 09:00

Kulis.az “Hekayə günü” layihəsindən Əkrəm Əylislinin “Qızılgülün ünvanı” adlı yeni hekayəsini təqdim edir.

(fentezi)

Ayxan Ayvazın Nizami Kino Mərkəzindən reportajını oxuyanlar üçün

1.

Bakının mərkəzindəki binalardan birinin üzü dənizə baxan mənzillərinin birində yaşlı və tənha bir qadın, ümidsiz-işıqsız gözlərilə, Nizami Kino Mərkəzində keçirilən dəfn mərasiminə planşetdə tamaşa eləyirdi.

Tənha qadın aşağıda – zalda oturanların bir qismini ilk dəfə görsə də, yuxarıda – tribunada dayananların hamısını çoxdan və yaxşı tanıyırdı. Və qəribəlik burasındaydı ki, bir vaxt ona kifayət qədər yaxın olan o adamların varlığı qadının ürəyinə – nə isti, nə soyuq – heç bir təsir eləmirdi. Onun içini göynədən, varlığını yoxluğa döndərən buydu ki, bir vaxt ona ən yaxın olan insan indi ondan bir dünya uzaqdaydı.

Orda – o matəm mərasimində indi o, kiminsə yadına düşürmü, görəsən?.. Yox, düşmür və heç vaxt düşməyəcək. Görünür, insan öldüyü gün ölmür. O vaxt ölür ki, daha onu heç kəs xatırlamır.

Birdən ağlına yerləşən bu fikir qadının bütün varlığından bir qara yel kimi əsib keçdi. Bədənini buz kimi soyutdu, boğazını qupquru qurutdu. Yorğun, çaşqın gözlərilə zaldakı tanış simaları, bəlkə, yüzüncü dəfə, bir daha nəzərdən keçirdi və bu dəfə tam əmin oldu ki, özünün ailə üzvlərini çıxmaq şərtilə, o zalda mərhum üçün əziz ola biləcək adam azdır.

Məsələn, Flora Kərimova o vida mərasiminə, görəsən, niyə gəlməmişdi? Axı indi tabutda uzanan o rəhmətlik Floranın səsinin atəşin aludəsiydi və bunu Flora da yəqin ki, bilməmiş deyildi. Rəhmətliyin əsl dostlarının arasında neçə-neçə medalsız, ordensiz, fəxri adsız artist, xanəndə, rəssam vardı. Onları o zalda görməkdən mərhumun ruhu, sözsüz ki, şad olardı. Və əgər RUH deyilən şey doğrudan da vardısa, heç ola bilərmi ki, o RUH bir vaxt çox sevdiyi bir qadını bu gün özünün ən yaxın adamlarının arasında görmək istəməsin?..

Mərhumun bir vaxt çox sevdiyi qadın bu səhər özünü asanca inandıra bilmişdi ki, o yaxın adamların arasında olmağa onun da kifayət qədər haqqı var. Cənazənin Bakıya gətirilməyindən xəbər tutan kimi gedib gül dükanından 12 dənə seçmə qızılgül almışdı: sevildiyi, sevdiyi illərin sayı qədər!

Sevginin doğulmağı asan, ölməyi çətin olur. Bəlkə də, o 12 illik sevginin həmişəlik ölməməyi üçün bir gün onlar, sözü bir yerə qoyub, dostcasına ayrılmışdılar. Sonralar, az-az görüşsələr də, onun ad gününə bir dəstə gül göndərməyi rəhmətlik heç vaxt unutmamışdı. Və ola bilər ki, bir də buna görə o 12 qızılgülü mərhumun tabutunun üstünə qoymaq üçün bu saat tənha qadının ürəyi əsim-əsim əsirdi: o 12 qızılgülün o tabutun üstündə olmağı ilə sanki onların 12 illik sevgisi, nəhayət, öz təsdiqini tapıb, həmişəlik tarixə yazılacaqdı.

Tribunadakılar mərhumun Vətən qarşısındakı böyük xidmətlərindən, onun orta əsr cəngavərlərinin həsəd apara biləcəyi heyrətamiz igidliklərindən, sahilində ev tikdirdiyi Dəniz-Əjdahanın onu udmaq üçün göstərdiyi uğursuz səylərdən, rəhmətliyin 1990-cı ilin 20 yanvarında Bakıda baş verən qanlı cinayətləri necə böyük məharətlə dünya ictimaiyyətinin nəzərinə çatdırmağından coşqun həvəslə danışırdılar.

“Biz onunla bir yerdə üç şeyə qarşı həmişə mübarizə aparmışıq: karyerizmə, yaltaqlığa, qorxaqlığa qarşı”.

Bu yerdə tənha qadının, özündən xəbərsiz, dodaqları qaçdı.

– Yerin məlum, Fuadik, – dedi, – gör sənin sevimli personajların bu gün necə qan eləyir!

“Fuadik” deyəndə tənha qadın teatrda uzun illər bir yerdə çalışdığı – həmkarı, dostu və sirdaşı Fuad Poladovu nəzərdə tuturdu: bu yerdə Fuadı yada salmamaq sadəcə mümkün deyildi. Əgər sağ olsaydı və o vida mərasimində iştirak eləsəydi, o sözləri eşidəndən sonra, Fuad hökmən güləcəkdi, ucadan qəhqəhə çəkib güləcəkdi.

Fuad Poladovun ən yaralı yeri məhz o üç şey idi: yaltaqlıq, qorxaqlıq, karyeristlik... Heyf ondan, heyf Fuaddan! İndi hardaydı onun kimi təmiz adam?!

Onların dostluğuna şübhə ilə yanaşanlar da az olmamışdı. Ancaq Fuadı yaxından tanıyanlar onun əxlaqda, məişətdə də bənzərsiz insan olduğunu, evindəki xanımından savayı heç bir qadına heç vaxt məhəl qoymadığını çoxdan bilirdi. Əliaçıq, qəlbiaçıq. Bu adam dost üçün, tanış üçün hər şeyindən keçməyə hazır idi. Dərdi bölüşməyə, ürəyi boşaltmağa da ondan münasib adam çətin tapılardı.

Fuad sağ olsaydı əgər, özünü bu gün necə aparardı, görəsən?.. O matəm mərasiminə gedərdimi, getməzdimi? Onun o tabutun üstünə gül qoymaq istəyinə gülərdimi, gülməzdimi?..

Tənha qadın doyunca ağlamaq istəyirdi. Amma ağlaya bilmirdi. Gör nə vaxtdan bəriydi ki, o, bir damcı göz yaşına həsrət idi. Depressiya həqiqətən amansızmış. İnsanın sevinməyinə qənim kəsilməyi bir yana dursun, onu ağlamaq istəyindən də zalımcasına məhrum eləyirdi.

Gül masanın üstündəydi. Hələ heç suya da qoyulmamışdı. Və qadın nəhayət inandı ki, bu gül o tabutu heç vaxt görməyəcək. O tabut olan yerdə onun nə özünü, nə gülünü gözləyən var. İnandı ki, onun bu səhər gül dükanından aldığı qızılgülün real ömrü çoxdan bitib. O ömür uzaqda, çox uzaqda – 12 ilin o tayındakı dünyada qalıb.

Mərhumun bir vaxt ona bağışladığı qızılgüllərin hələ də solmadığına dünyanı inandırmaq üçün indi onun bircə yolu qalırdı: gözləmək. Dəfn bitənəcən, axşam düşənəcən, Fəxri Xiyabandan əl-ayaq kəsilənəcən gözləmək.

2.

İndi o qaranlıq düşmüşdü, Fəxri Xiyabandan əl-ayaq kəsilmişdi. Ölkənin möhtəşəm Qəbiristanlığının, sulanıb-süpürülmüş, geniş xiyabanları boyunca orda-burda zəif işıq yanırdı və uzaqdan əsgər şinelinə bənzəyən boz şinelli bir adam o başdakı fənərlərdən birinin zəif işığında, qollarını arxasında cütləyib, arxayın, ağayana var-gəl eləyirdi.

O adam Hacıbala Abutalıbov olmalıydı, çünkü keçmiş şəhər merinin, vəzifədən çıxandan sonra, məhz burda işləmək niyyətində olduğunu məmləkətdə, məmə deyəndən pəpə yeyənəcən, hamı bilirdi.

Hekayətimizin məlum qadın qəhrəmanı o adama yaxınlaşıb, üstünə gül qoymaq istədiyi qəbirin yerini ondan soruşmaq fikrindəydi və bir də baxıb gördü ki, həmin adamın özü, iri addımlarla, ona tərəf gəlir.

Üzündə tibbi maska, gözündə qara eynək vardı. Hacıbala Abutalıbov deyildi. Hər kim idisə, olduqca zəhmli adama oxşayırdı.

– Bu gün ölənin məzarına gəlmisən? – Vahiməli, qart səslə soruşdu.

– O, bu gün ölməyib axı. Martın 10-da Moskvada ölüb. Bu gün martın on altısıdır.

– Xeyir, bu gün ölüb. Məhz bu gün: 2022-ci ilin mart ayının on altısında. –Hacıbalaya əsla oxşamayan zəhmli, qart səsli kişi onun qəbir üstünə qoymağa gətirdiyi qızılgülə gözücü nəzər salıb, az qala var səsilə bağırdı: – Rüsvayçılıq! Dəhşət! Rəzalət! Bəs sizin o qniloy intelliqensiyanız fiziki ölümlə mənəvi ölümün fərqini nə vaxt dərk edəcək... Di, yaxşı, dalımca gəl.

İki dəfə ölən adamın qəbrinin yanına çatanacan dinib-danışmadılar. Əsl yuxu möcüzəsi də elə orda – o qəbirin yanında baş verdi. Keçmiş merə oxşamayan zəhmli kişi maskasını, eynəyini çıxarıb Fuad Poladova çevriləndə hekayətimizin qadın qəhrəmanı az qaldı huşunu itirsin.

– Fuadik, moy doroqoy, sən burda neynirsən?!

– Mən buranın ağasıyam da, bəs bilmirsən? – Bunu Fuad Poladov öz səsilə dedi.

– Heç dəyişməmisən, Fuadik. Köhnə xasiyyətində qalmısan.

– İndi mən burda işləyirəm də, inanmırsan? O vaxtdan burda işə düzəlmişəm. Əla işdi. Gecələr Hacıbala müəllimin öz-özüynən nərd oynamağa başı qarışanda buranın dəyərli sakinləriynən yaxşı söhbətlərimiz olur. Hamısı razıdı məndən. Nə desəm, dinməz-söyləməz təsdiqləyirlər. Dediyimə heç kəs etiraz eləmir. De görüm, sən necəsən, KUKUŞKA?

Bu nəydi – yuxuydu, yoxsa nağıldı!.. Biri vardı, biri yoxdu, dünyada “Kukuşka” adlı bir gözəl film vardı. Bir vaxt onlar o filmə bir yerdə baxmışdılar. Filmdən son dərəcə təsirlənmişdilər. Hətta kövrəlib ağlamışdılar. O, elə o vaxtdan, Fuad üçün “Kukuşka” olmuşdu.

Bu sözü eşidəndə onun ürəyi yerindən oynadı. Fuad Poladov ürəkdolusu ah çəkdi.

– Sən otur, doyunca ağla – dedi. – Sən ağlayıb qurtaranacan mən orda Hacıbala müəllimlə bir stəkan Ordubad çayı içib qayıdıram.

– Sən Allah getmə, Fuadik. Bu gün məni tək qoyma, qurban olum. Mən onsuz da ağlaya bilmirəm. Məndə ağlamağa göz yaşı qalmayıb.

– Yaxşı, getmirəm, qorxma. – Fuad Poladov bir də dərindən ah çəkib, gözlərini mərhumun məzarına zillədi. – Bu, niyə belə elədi, Kukuşka?

– Neynədi ki?

– Bundan artıq neynəyə bilərdi? Özü şərait yaratdı ki, onun matəm mərasimində saxta nitqlər söyləsinlər. Cəngavər belə gəldi, muşketyor belə getdi. Üstəlik, Xəzər dənizi də gecə yatıb, səhər əjdaha oldu. Sözə bax: “O, dənizi sevirdi. Ona görə evini lap dənizin yanında tikdirdi. Dəniz ona hücum edirdi, onu götürüb aparmaq istəyirdi. O isə buna dözürdü. Və bir gün dəniz məğlub oldu”.

– Kişi cəsarətli söz deyib də. Niyə hər şeyə qulp qoyursan?

– Məni əsəbiləşdirmə, Kukuşka. Sən ki, bunların cəsarətinə çoxdan bələdsən. Yazığın az qala dərisini soyurdular, nə tez yadından çıxdı. Məmləkətin əli qələm tutan mövsümü patriotlarının hamısı bir ağızdan bu təzə cəngavərin–muşketyorun üstünə saytlardan, qəzetlərdən hər gün çirkab püskürürdülər, zəhər yağdırırdılar. O zaman bəs harda qalmışdı bunların cəsarəti! O vaxt bunlar niyə kar olmuşdu, kor olmuşdu? Niyə heç birinin səsi çıxmırdı? İndi – ordan icazə gələndən sonra hamısı, bir günün içində, cəsarətli olub, muşketyorluqdan, cəngavərlikdən danışır. Gor nə qədər cəsarətli olublar ki, onlara o icazəni verənin şəxsən özünü dənizdən sahilə hücum çəkən qara-qorxunc dalğalara bənzəməkdən də ehtiyat eləmirlər. Bunların heç biri heç kəs üçün işıq yandıran deyil, Kukuşka. Harda işıq yandırılsa, ora həvəslə cumanlardır.

– Sən həmişə maksimalist olmusan, Fuadik. Yenə maksimalistliyində qalmısan.

– Mən heç vaxt maksimalist-zad olmamışam. Həmişə adi həqiqətləri demişəm. Deyir: Klinton, Conson, Bayden, İngiltərənin kraliçası Yelizaveta və Bəhreyn kralı Həməd ibn İsa Əl Xəlifə mənim daimi oxucularımdır. Yazdığım 77 romanın 7-si Şoyqunun çox sevdiyi əsərlərdir. Rusiyanın sabiq Prezidenti və Baş Naziri Dmitri Medvedev mənim hər əsərimi səbirsizliklə gözləyir. Deyirdim, bəlkə ağlı çatar, heç olmasa matəm mərasimində özünü reklam eləməz. Ancaq gördün necə reklam elədi: “Xatırlayıram ki, 1990-cı ildə mərhum məndən 10 nüsxə “Qara yanvar” kitabımı istəmişdi. O kitabda olan dəhşətli şəkilləri Fransa və ABŞ ictimaiyyətinə göstərmək niyyətində idi... Bir dəfə mənə dedi ki, ləyaqətlə yaşasan, dəfninə ləyaqətli adamlar gələcək”. Sözə bax: ləyaqət, sən demə, yalnız o tribunadakı adamlardaymış və indi tabutda uyuyan o rəhmətliyin bütün işi-gücü onun kitablarını dünyada təbliğ etməkdən ibarət imiş. Bu boyda saxtalığa necə dözəsən? Bu yerdə Şeyx Nəsrullaha necə rəhmət verməyəsən? Bu adam pandemiyadan danışanda da özünü reklam eləməyi yaddan çıxarmır. Çünki bilir işini. Bilir ki, Şoyqunun hansı kitabları sevdiyini gedib ondan heç kəs soruşmayacaq və o ölü də tabutundan dikəlib deməyəcək ki, mumla, gop eləmə, elə şey heç vaxt olmayıb! – Fuad Poladov özünün “firmenni” təbəssümü ilə yazıq-yazıq gülümsədi. – İndi dur gedək, Kukuşka, daha burda durmağın mənası yoxdur.

“Kukuşka” yorulmuşdu, tamam heysizləmişdi.

– Sən get, çayını iç, Fuadik, – dedi. – Mən bir az ağlamaq istəyirəm.

3.

Yuxudan ağlaya-ağlaya ayıldı. Gördü ki, gözlərinin yaşı oturduğu kreslonun və söykəndiyi balıncın bir tərəfini əməllicə isladıb.

Gördüyü yuxunun təfsilatı huşunda qalmamışdı. Hələlik yadına düşən boz şinelli Fuad Poladovun Fəxri Xiyabanda ağa kimi gəzinməyi, bir də uzaq, unudulmaz günlərin “Kukuşka” əhvalatıydı.

Nə qədər yatdığını bilmirdi. Ancaq aşkar hiss eləyirdi ki, xeyli dincəlib, rahatlanıb. Ovqatı durulmuşdu, zehni açılmışdı. İnana bilmirdi ki, insan bir dəfə ağlamaqla bu qədər yüngülləşə bilər.

Axşamın erkən vədəsiydi. Otağa qaranlıq çökməkdə idi.

Durub işığı yandırdı.

Güldana su töküb, gülü suya qoydu.

Sabah o gül mütləq Fuadın qəbrinin üstündə olacaqdı. Bu fikir onun ağlına haçan gəlmişdi: yatandamı, yatmazdan əvvəlmi?..

Bunu ayırd eləməyə zoru çatmadı.

# 9952 dəfə oxunub

Müəllifin son yazıları

# # #