Qoymadılar yaşasın...

Qoymadılar yaşasın...
12 mart 2022
# 13:29

Kulis.az Əkrəm Əylislinin Rüstəm İbrahimbəyov haqqında yazısını təqdim edir.

Yaşı səksəni keçənlərin həyatdan getməyi hər kəsə təbii görünür. Ancaq Rüstəm İbrahimbəyovun ölümü mənim üçün xeyli dərəcə də gözlənilməz oldu. Mənə elə gəlirdi ki, bu adam azı doxsan yaşınacan yaşayacaq. Ona görə ki, yaşamağı çox sevirdi və bacarırdı. Həqiqətən, gözəl bir ömür yaşaya bilmişdi. İstədiyi yazını yazmışdı, istədiyi keyfi çəkmişdi... Bir ucu Bakı, bir ucu Moskva... hətta Los-Anclesdə də villası vardı.

Ən çox sevdiyi şəhər Bakı idi. Ən çox xoşladığı xörək cız-bız idi. Bəlkə yüz dəfə bir yerdə yemək yedik, hər dəfə cız-bız sifariş elədi.

Bəlkə də doxsan yaşınacan yaşayacaqdı, ancaq qoymadılar yaşasın. Şərlənməkdə də xərçəng xisləti var: kimini birdən yıxır, kimini də yavaş-yavaş öldürür. Söyüşlər, təhqirlər, bomboz böhtanlar, qıpqırmızı yalanlar... Bit kimi canına daraşan fürsətcil əbləhlərin nadan hücumları, özünü nə qədər tox tutsa da, onu hər dəfə sarsıldırdı, qəlbini incidirdi, ömrünü qısaldırdı. Həmişə hamıdan hörmət görən Rüstəm İbrahimbəyov heç vaxt gözləmədiyi sifarişli hörmətsizlikdən hədsiz əzab çəkirdi, dərin sarsıntılar keçirirdi. Bunu heç kəs bilməsə də, mən bilirdim. Çünki Rüstəm çoxuna ürək qızdırıb deyə bilmədiklərini hərdən mənə deməkdən ehtiyyat eləmirdi.

# 5055 dəfə oxunub

Müəllifin son yazıları

# # #