İki qitəni birləşdirən və ayıran yazıçı – Şərif Ağayar yazır...

İki qitəni birləşdirən və ayıran yazıçı – <span style="color:red;">Şərif Ağayar yazır...
3 fevral 2017
# 20:00

Orxan Pamukun “Qafamda bir tühaflıq” romanı haqqında qeydlər.

Mütəxəssislər hesab edirlər ki, Nobel mükafatı laureatı Orxan Pamuk sonuncu “Qafamda bir tühaflıq” romanı ilə tamam fərqli rakursda göründü. Şübhəsiz, tematik baxımdan bu əsər müəllifin digər romanlarından fərqlənir. Obrazlı desək, yazıçı bu dəfə kameranı əks nöqtədə qurub; həmişə “pəncərədən” həyətə (əslində həyata) baxırdısa, bu dəfə “həyətdən” pəncərəyə baxası oldu… “Bilmədiyi”, “yaşamadığı”, “hiss etmədiyi” bir dünyadan bilənlərdən, yaşayanlardan və hiss edənlərdən daha maraqlı yazdı. Forma baxımından özünü keçməsə də, “Mənim adım qırmızı” və “Qar” romanlarındakı fəndlərin sintezini edərək, əsərə yeni çalar verdi; gah intonasiyası xeyli xəfifləmiş klassik təhkiyə (“Qar”), gah qəhrəmanların monoloqlarının müəllif təhkiyəsini əvəz etməsi (“Mənim adım qırmızı”).

Bəs romandakı tühaflıq (qəribəlik) nədir? Və bu tühaflıq niyə qəhrəmanın qafasında(başında)dır? Hərfi tərcümə etsək, romanın adı belə alınacaq: “Beynimdəki qəribəlik”. Amma məncə, ifadənin anlamı “Özümü qəribə hiss edirəm”dir. Bir məsələ var ki, romanda Mövludun yaşadığı çoxmərtəbəli binadan görünən İstanbulun maketi ilə onun beyni arasında qəribə metafor yaradılıb. Yəni türk dilindəki bu “qafa” sözü “beyin”, “xəyal”, “fikir” anlamında işlənsə də, həm də elə “qafa”nın özüdür və bu mənada romanın adının dilimizə uyğunlaşdırılması çox çətindir (kitabı tərcümə etməkdə olan dostumuz Nəriman Əbdülrəhmanlıya əzm arzulayıram). Əsərin ən böyük “tühaflığı” da elə budur.

Əslində, yaşadığımız, küçə-küçə, ev-ev, bina-bina öyrəşdiyimiz, alışdığımız, sevdiyimiz şəhər həm də qafamızda mövcuddur. Hərənin öz Bakısı, Parisi, İstanbulu var. Məsələn, qəribədir, mən Sumqayıt şəhərini heç vaxt qafamda düz-qoş edə bilmirəm. Hara haradır, şəhər necə yerləşib, hara uzanır, hara sıxılır, hara burulur… Getdiyim ünvanı tapıram, küçələrində rahat gəzirəm, amma beynimdə canlandıra bilmirəm. Mənim qafamda Sumqayıt adlı bir tühaflıq yoxdur. Onun enerjisini, ruhunu tuta bilmirəm. Həm də insan beyninin qırışları, damarları və sinirləri şəhər xəritəsinə bənzəyir…

Mövludun dini “İrşad” qəzetində gördüyü qəbiristanlıq fotosunu yadımıza salaq. Qadını öləndə həmin mənzərəni qəbiristanlıqda görür və dəhşətə gəlir. Yəni kitabdakı İstanbul həm də Mövludun qafasında tühafca yaranan bir məkandır. Bir az da mistikdir, təbii ki. Müəllif burda həm də çox incə postmodern fənd işlətməklə real fotonu təqdim edir, eyni zamanda əsərə vizual mahiyyət verir.

Daha bir tühaflıq əmisi oğlunun oyununa düşən Mövludun aldanaraq, sevdiyi və uzun müddət məktub yazdığı qızı deyil, onun bacısını qaçırması, aldandığını biləndən sonra üstünü vurmamasıdır. Bu tühaflıqlar əsər boyu davam edir – onu aldadan əmisi oğlu Süleymanın dəlicəsinə sevdiyi Samiha axırda Mövluda qismət olur, ən sonda Mövlud anlayır ki, sən demə, xoşbəxtliyi səhvən qaçırdığı Rayihədə imiş… Məncə, burda klassik sevgi və xoşbəxtlik anlayışına ciddi bir istehza var. Səadət həmişə sevgiyə deyil, bəzən də təsadüflərə, taleyə, karmaya bağlı olur.

Əsərdə Pamukun bir çox ədəbi fəndlərindən söhbət açmaq mümkündür və bütün bunları ən incə təfərrüatlaracan göstərmək hardasa romanın yarısı qədər yazıb-pozmaq tələb edir. Ancaq xüsusilə diqqət çəkən ad-işarələrdən söz açmadan keçmək olmur. Sağ kəsimin parlaq nümayəndələrinin adlarına baxaq: Qorqud, Turan, Bozqurd, Süleyman, Hacı Həmid Vural (vur al) və s. Ən ironiklərindən biri Boynuəyri Əbdülrəhmandır. Adamın boza gəzdirməkdən onurğası əyilib, kasıblıqdan qızlarını “satmaqla”, yəni başlıq haqqı almaqla gününü kef-damaqda keçirmək istəyir. Adının mənası isə Allahın quludur. Gün-güzəranı və ümumi həyatının süjeti də onurğasının günündədir. Mövludun (peyğəmbərlərin oxşarı olmasın?) solçu dostuna baxın: Fərhad! Onu xoşbəxt edən qadının adı isə Rayihədir (gözəl ətir). Mövludun atasının da, özünün də başına oyun açan, onları zəlil gününə qoyan, eyni zamanda epizodik yaxşılıqlarla “humanist qohum” obrazı yaradan əmisinin adı isə Həsəndir. Həsən sözünün mənası “gözəllik”dir. Və bu kimin adıdır? O Həsəndən bu Həsənə nələr və necə dəyişdi?

Eynən Bakı kimi İstanbula da müxtəlif səbəblərdən güclü axın var. Şəhər plansız şəkildə böyüyür, məmurlar rüşvət alaraq buna imkan yaradırlar. Və cəlayi-vətən olmuş insanların İstanbul macəraları başlanır: bu macəraların içində faciə də var, dram da, komediya da! Mövlud İstanbulu boza, qatıq, quru plov sata-sata anlayır – adamlarıyla, küçələriylə, polisiylə, bələdiyyəsiylə, oğrusu-qulduru, yaxşısı-yamanıyla…

Əsərlərindən göründüyü kimi, Pamuk bir İstanbul aşiqidir. Hətta onun dünyanın ədəbi coğrafiyasındakı yeri İstanbulun xəritədəki yerinə bənzəyir: bir yanı Avropada, o biri yanı Asiyada. Müxtəlif dinlərin, mədəniyyətlərin qovuşduğu bu böyük şəhəri dünyanın mərkəzi də hesab etmək olar. Öz adaşından fərqli olaraq Pamuk İstanbulu gözü açıq dinləməyi bacarır.

“Qafamda bir tühaflıq” romanında müəllifin 1960-80-ci illər İstanbuluna qəribə bir nostaljisi duyulur. Lap az qala Tuttəpə və Kültəpə camaatını “şəhərin qədim ansamblını pozmaqda” günahlandırır. Amma Mövludun və qadını Rayihənin bura dəxli yoxdur. Onlar ayrılır bu insanlardan. Hətta Mövlud öz bozasıyla əski İstanbulun simvoluna çevrilir.

Orxan Pamuk heç bir romanında Mövlud qədər sevimli obraz yaratmayıb. Eyni zamanda onun Hacı Həmid qədər birmənalı mənfi obrazı da yoxdur, mən bilən. Bircə bu fakta görə “Qafamda bir tühaflıq” romanını postmodernin meydanına buraxmamaq da olar. Məncə, Nobeldən sonra yazıçı ilk dəfə obrazların xarakterləri üzərində modernizmə xas bir dərinliklə işləyib. Hətta kitabda xarakterlərlə bağlı xüsusi cədvəl təqdim edib. Üstəlik, bir zamanlar “Yaşar Kamal ustaddır, ancaq romançı yox, dastançıdır” desə də, özü bu əsəri “modern dastan” adlandırır. Elə İstanbulun özü kimi böyük və müxtəlif mədəniyyətləri qovuşduran (multikulturalist) romanlar yazır. Bu romanında isə həmin mistik, metafizik şəhərə, özü demiş, bozaçının gözüylə baxmaq istəyib. Yoxsul bozaçının (lütfən “boza” sözünün mənasına özünüz baxın) həyatı isə istər-istəməz sosial problemlərin içindədir. Yoxsul adam daha çox görünən, daha çox ictimaidir, eyiblərini, özəl həyatını gizləyə bilmir, həmişə ortalıqdadır – Mövlud kimi. O, təsadüfən saxlamağa qərar verdiyi bığlarıyla bahəm bütün zahiri görünüşü və daxili dünyasıyla Anadoludan şəhərə gələn əsər və film qəhrəmanlarına bənzəyir. Eyni zamanda tam olaraq heç biri deyil. Hətta bir az da Orxan Pamukdur. Baxın, yaşdaşdırlar: Mövlud da 50-ci illərdə doğulub.

Biz müəllifin ölümünü, müəllifin əsərdə müəllif kimi deyil, obraz kimi iştirakını, sənətlə həyat arasından sərhədin qalxmasını və s. çağdaş fəndləri Pamukun başqa kitablarında çox görmüşük. “Qafamda bir tühaflıq”da bu məsələ daha ciddi şəkil alıb – oxucu özünü romanın içində hiss edir. Pamuk buna asanca, adi bir ştrixlə nail ola bilir. Necə deyərlər, almanın düşməsiylə cazibə qanununu tapır. Sadə misal: Samiha oxucuya müraciətlə deyir ki, boşuna həvəslənmə, məni kimin qaçırdığını hətta sənə də söyləmərəm… Açığı, mən bu məqamı oxuyanda diksindim; bir anlıq incidim də Samihadan. Axı o mənə niyə güvənmir? Axı mən də onun pulgir atasının iradəsinə tabe olub, Süleyman kimi hissiz-duyğusuz bir adamla evlənməsini istəmirəm… Beləliklə, Samihanın da məni tanıdığına bir anlıq əmin oluram.

Romanın ciddi özəlliklərindən biri də 60-cı illərdən bu günə qədərki rəngarəng Türkiyə gerçəkliklərini dəqiqliklə, heç nəyə güzəştə getmədən, heç bir şərt altında həqiqəti gözardı etmədən anlatmasıdır. “Qafamda bir tühaflıq”ın timsalında bir daha başa düşürük ki, bədii əsərin həm də öz dövrünün real mənzərəsini dəqiqliklə ifadə etmək gücü olmalıdır. Məsələn, şəxsən mən XX əsrin əvvəllərinin Azərbaycanını tarix kitablarından, salnamələrdən, xatirələrdən, digər sənədli materiallardan daha yaxşı Mirzə Cəlilin hekayələrindən hiss edə bilirəm. Yaxud “Sultan Səncər və qarı” mənzum hekayəsi tariximizə tamada kimi mədhlər yağdıran şair ruhlu sentimental tarixçiləri əbədi olaraq oyundan kənarda saxlayıb.

İdeologiya maddi qazanc üsuluna çevriləndə antiinsani xarakter alır. Romandakı sağçılarla məsələ məlum… Solçuların da çoxu, əslində, Fərhadın şəxsində pul qazana bilməyən sağçılardır. Dostu Fərhad Mövludla söhbətində deyir ki, biz özümüz kapitalist olmağa çalışmırıqmı? Mağaza açıb, pul qazanmaq istəmirikmi? Amma Fərhad əlinə vəzifə keçəndə də kasıb insanları incitmir, varlıların üstünə gedir, böyük oyunlara girir və onun qurbanı olur. Bayaq dediyim kimi, əsl yazıçı dövrü əks etdirmək məsələsində ən çox inanılası şəxsdir. Bu mənada Pamuk bir qələm adamı kimi hər kəsin haqqını böyük ədalət duyğusu ilə verir. Təkcə fərqli ideolojilərə münasibətdə deyil, milli-etnik məsələlərdə də çox obyektivdir. Hər kəslə eyni məsafədə durmağı bacarır. Çağdaş ədəbiyyatda bu, çox ciddi məsələdir. Yoxsa ədəbiyyatın həqiqətləri çoxsaylı fərdi və ya qrup maraqlarının qurbanına çevrilər. /sim-sim.az/

# 1870 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #