“Yaşadığım yer” – Vilayət Hacıyevin tərcüməsində YENİ HEKAYƏ

“Yaşadığım yer” – Vilayət Hacıyevin tərcüməsində YENİ HEKAYƏ
11 may 2017
# 17:30

Kulis.az tanınmış tərcüməçi Vilayət Hacıyev tərcüməsində Avstriya yazıçısı İlze Ayxinqerin “Yaşadığım yer” hekayəsini təqdim edir.

İlze Ayxinqer

(Avstriya)

1921-ci ildə Vyanada anadan olmuş yəhudi əsilli İlze Ayxinqer müharibədən sonrakı dövr almandilli ədəbiyyatın ən görkəmli nümayəndələrindəndir. 1948-ci ildə çap etdirdiyi “Ən böyük ümid” romanı böyük uğur qazanmış və bir çox dillərə tərcümə olunmuşdur. İctimai-siyası, psixoloji hekayələrinə, pyeslərinə, esselərinə görə vətəninin, eləcə də Almaniyanın bir çox önəmli mükafatlarına layiq görülən İ.Ayxinqer 2016-cı ildə Vyanada 95 yaşında vəfat etmişdir.

Yaşadığım yer

hekayə

Dünəndən bir mərtəbə aşağıda yaşayıram. Bunu ucadan demək istəmirəm, ancaq aşağıda yaşayıram. Ona görə ucadan demək istəmirəm ki, buraya özüm köçməmişəm. Dünən axşam konsertdən qayıdanda - adətən, şənbə axşamları konsertə gedirəm - giriş qapısını bağlayıb işığın düyməsini basandan sonra pilləkənlərlə yuxarı qalxdım, çünki liftimiz müharibədən sonra işləmir. Heç nədən xəbərsiz dördüncü mərtəbəyə çatanda, ürəyimdən keçirdim: “Kaş çatmış olaydım!” və bircə anlığa liftin böyründəki divara söykəndim. Adətən, dördüncü mərtəbədə yorulduğumu hiss edir və çox vaxt da elə bilirdim ki, beş mərtəbə qalxmışam. Ancaq bu dəfə elə olmadı. Bilirdim ki, hələ bir mərtəbə də qalıb. Ona görə də gözlərimi açıb son pillələri çıxmaq istədim və elə həmin anda da liftdən soldakı qapıda adım yazılmış lövhəni gördüm. Bu nədir, yoxsa çaşmışdım?

Yoxsa, beş mərtəbə qalxmışdım? Mərtəbələri göstərən lövhəyə baxmaq istədim, ancaq elə həmin anda da işıq söndü.

İşığın düyməsi dəhlizin o biri başında olduğu üçün, qaranlıqda qapıma tərəf iki addım atdım və onu açdım. Mənim qapım? Əgər adım üstündə yazılmışdısa, kimin qapısı olmalı idi? Yəqin, beş mərtəbə qalxmışdım...

Qapı da o dəqiqə açıldı, çətinlik çəkmədim. İşığın düyməsini tapıb basdım, dəhliz işıqlandı və gördüm ki, öz mənzilimdəyəm. Hər şey yerində idi: çoxdan dəyişilməli olan qırmızımtıl divar kağızı, yana çəkilmiş balaca skamya, solda da mətbəxin qapısı. Hər şey qoyub getdiyim kimi qalmışdı.

Axşam yeməyi üçün saxladığım çörək də öz qabında idi. Heç nə dəyişməmişdi. Çörəkdən bir dilim kəsib yeməyə başladım və birdən yadıma düşdü ki, içəri girəndən sonra qapını bağlamadım. Onu bağlamaq üçün təzədən dəhlizə qayıtdım.

İçəridən ümumi dəhlizə düşən işıqda mərtəbələri göstərən lövhəni gördüm. Orada dördüncü mərtəbə yazılmışdı. Tez dəhlizə qaçıb onun işığını yandırdım, diqqətlə lövhəyə baxdım. Qonşu qapılardakı lövhələri də oxudum. Onların üstündə indiyə qədər məndən bir mərtəbə aşağıda yaşayan adamların adı yazılmışdı. İstədim pilləkənlərlə yuxarı qalxım, bu vaxta qədər qonşuluğumda yaşayan adamların yanında indi kimin yaşadığını dəqiq öyrənim, bilim ki, indiyəcən məndən alt mərtəbədə yaşayan həkim doğrudanmı mənim mənzilimdə qalır... Ancaq qəflətən özümü elə zəif hiss etdim ki, qayıdıb yerimdə uzandım...

Həmin andan gözümə yuxu getmir, sabah məni nə gözlədiyi barədə düşünürəm. Hərdən az qalır durub yuxarı mərtəbəyə qalxam, nə baş verdiyini dəqiq biləm. Ancaq özümü çox zəif hiss edirəm və bir də qorxuram ki, orada işığı yandıranda kimsə oyanar, bayıra çıxıb kimi axtardığımı soruşar. Bu vaxta qədər qonşu olduğum adamlardan kiminsə nə axtardığımı soruşacağından elə qorxuram ki, yerimdən tərpənmirəm, halbuki gündüz oraya getməyin daha çətin olduğunu bilirəm.

Yan otaqda qalan tələbənin necə nəfəs aldığını eşidirəm. Gəmiçilik fakültəsində oxuyur və dərindən, aram-aram nəfəs alır. Heç nədən xəbəri yoxdur, mənimsə gözümə yuxu getmir. Bilmirəm, sabah ondan nəsə soruşum, ya yox... Evdən az-az çıxır, yəqin mən konsertə gedəndə də burada olub. Hər halda, bilməlidir... Bəlkə, qulluqçu qızdan soruşum?!

Yox, heç birindən heç nə soruşan deyiləm. Əgər onlar məndən heç nə soruşmurlarsa, mən niyə soruşmalıyam? Axı kiminsə yanına gedib necə deyə bilərdim: “Bəlkə, siz biləsiniz, mən doğrudanmı dünən bir mərtəbə yuxarıda yaşayırdım?” Bəs o nə cavab verər? Ümid bircə ona qalır ki, sabah kimsə məndən soruşsun: “Bağışlayın, siz dünən bir mərtəbə yuxarıda yaşamırdınız?” Ancaq qulluqçunu yaxşı tanıyıram, heç vaxt soruşmayacaq. Eləcə də, əvvəlki qonşularım... Hamısına yaxış bələdəm, heç biri soruşan deyil. İndi əlac bircə ona qalır ki, özümü elə aparım, guya ömrüm boyu bir mərtəbə aşağıda yaşamışam. Fikirləşirəm ki, görəsən konsertə getməsəydim necə olardı?! Ancaq bu sual da o biriləri kimi mənasızdır. Çalışıram ki, yatım...

İndi isə zirzəmidə yaşayıram. Ancaq bunun bir üstünlüyü var ki, qulluqçu kömür gətirmək üçün aşağı düşəsi olmur, çünki böyrümüzdədir və o da bundan çox razıdır. Şübhələnirəm ki, razı olduğu üçün də heç nə soruşmur. Onsuz da gördüyü təmizlik işləri yarıtmazdır, burada da lap pis oldu. Ancaq ondan tələb etmək etmək də olmazdı ki, hər saatdan bir mebelin üstünü basan kömür tozunu silsin. Razı qaldığını sir-sifətindən görürəm. Tələbə də hər gün fit çala-çala zirzəminin pillələri ilə yuxarı qalxır, axşam geri qayıdır. Gecələr də necə dərindən, aram-aram nəfəs aldığını eşidirəm. İstəyirdim ki, bir dəfə özü ilə qız gətirsin, o da görsün ki, zirzəmidə yaşayır, ancaq gətirmir ki gətirmir.

Onsuz da heç kəs heç nə soruşan deyil. Kömür gətirən səs-küylü fəhlələr onu zirzəminin sağ-soluna boşaldırlar, pillələrdə onlarla rastlaşanda da papaqlarını çıxarıb salam verirlər. Çox vaxt da kisələri götürüb dayanır, mənim keçib getməyimi gözləyirlər. Dalandar da mənə mehribanlıqla salam verir. Əvvəlcə mənə elə gəldi ki, son vaxtlar daha da mehribanlaşıb, ancaq sonra başa düşdüm ki, belə deyil, zirzəmidən çıxan adama bəzən hamı mehriban görünür.

Küçədə dayanıb paltomun kömür tozunu çırpıram, ancaq yenə də izi qalır. Bu mənim həm də qış paltomdur, rəngi də qaradır. Tramvaya minəndə də çox təəccüblənirəm ki, konduktor mənimlə başqa sərnişinlər kimi rəftar edir, heç kəs də məndən aralı durmağa çalışmır. Özüm özümdən soruşuram ki, görəsən çirkarxda yaşasaydım necə olardı? Yavaş-yavaş özümü daxilən buna da hazırlayıram.

Zirzəmidə yaşayandan bəri, bəzən axşamlar konsertə gedirəm. Ən çox da şənbə günləri. O biri günlərdə də gedirdim. Axı xeyli vaxt heç yerə çıxmadım, axırda da gəlib zirzəmiyə düşdüm. Əvvəllər aşağı düşməkdə özümü günahkar saydığıma, onu çox şeylə bağladığıma indi çox təəccüblənirəm. Onda öz-özümə deyirdim: “Əgər konsertə və ya bir qədəh şərab içməyə getməsəydim...” İndi isə elə fikirləşmirəm. Zirzəmidə yaşamağa başlayandan bəri sakitləşmişəm, həvəsim olanda, şərab içməyə də gedirəm. Çirkarxın boğuq havasından qorxmaq da mənasızdır. Axı, onsuz da qorxulası çox şey var... Bütün günü evdə otursam da, küçəyə çıxmasam da, günlərin bir günü çirkarxda yaşayası olardım...

Özümdən soruşuram: “Görəsən qulluqçu buna nə deyərdi?” Hər halda, içərinin havasını tez-tez dəyişməkdən canı qurtarardı. Tələbə də fit çala-şala lüklərdən yuxarı çıxar, sonra da qayıdıb gələrdi. Bəs konsert? Bəs şərab? Bəs birdən tələbə evə qız gətirmək istəsə necə olacaq?

Görəsən çirkarxdakı otaqlarım da bu otaqlar kimi olacaq? İndiyə qədər hamısı olduğu kimi qalmışdı, ancaq deyilənə görə, çirkarxda ev olmur...

Necə ola bilər ki, otaqlar, mətbəx, tələbənin otağı yerin dərinliyinə düşsün?

Ancaq indiyə kimi heç nə dəyişməyib. Qırmızımtıl divar kağızı, sandıq, mətbəxin qapısı, divardakı şəkillər, kitabla dolu rəflər, çörək qabı, pəncərənin pərdələri - hamısı öz yerindədir.

Yeri gəlmişkən, pəncərələrin özü bir az dəyişib. İndiyə qədər çox vaxt mətbəxdə olurdum və onun pəncərələri çölə baxır, özünə də dəmir barmaqlıq vurulub. Buna görə dalandarın yanına getməyin mənası yox idi.

Görünən mənzərədən də heç danışmağa dəyməzdi. Haqlı olaraq deyərdi ki, mənzərə mənzilə aid deyil, otaqlar böyüklüyünə görə kirayə verilir, mənzərəyə görə yox... Deyərdi ki, hara baxmaq öz işindir.

Ona görə də dalandarın yanına getmirəm, mehribanlığı bəsimdir.

İstəsəm bircə məsələyə etirazımı bildirərdim ki, pəncərələr balacalaşıb, yarısı qalıb. O da deyərdi ki, zirzəmidə başqa cür alınmır. Söz tapa bilməzdim. Deyəmməzdim ki, mən buna öyrəşməmişəm, indiyə kimi beşinci mərtəbədə yaşamışam. Gərək dördüncü mərtəbəyə düşəndə şikayət edəydim. İndi isə çox gecdir...

# 1186 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #