“Mən tükənmişəm, Seyran” Kənar adamın faciəsi

“Mən tükənmişəm, Seyran” <span style="color:red  ;">Kənar adamın faciəsi
2 aprel 2016
# 12:52

Kulis.Az Seyran Səxavətin “Qaçaqaç” romanından bir parça Kənar adam hissəsini təqdim edir.

Əgər mən “Qaçaqaç” romanının ikinci kitabındakı “Kənar adam”

hissəsini “Fələk qırmancı” romanını oxuyandan sonra yazsaydım,

bu fəsli Qan Turalıya həsr edərdim…

Müəllif

Rauf Soltanı tanıdığım, tapdığım gün yadımda qalmayıb, heç itirdiyim günü də xatırlamıram. Görünür, bu o qədər də vacib deyil, əsas odur ki, tapmışam və itirmişəm. Yerdə qalanlar isə bu ikisinin arasındadı...

İndi isə yerdə qalanlar barədə...

Rauf Soltan məndən bir-iki yaş balaca idi. Saatlıda anadan olub, orta məktəbi rus dilində bitirib. Atası Soltan Saaltı rayonunun səhiyyə şöbəsinin müdiri olub. Əslən Şəkidən olan anası isə sıravi həkim idi. Ailədə neçə uşaq olduqlarından xəbərim olmasa da, bilirdim ki, tək uşaq deyil. Hündür və sarışın idi. İri addımlarla yeriməyi xoşlayırdı ki, bu da ona xüsusi ləngər verirdi. Uzun saçlarını həmişə arxaya darayırdı. Mən ona deyəndə ki, saçlarını Mayakovski kimi darayırsan, gülürdü, başa düşmək olmurdu ki, bu bənzətmə xoşuna gəlir, yoxsa tərsinədi. Bir dəfə yarıciddi, yarızarafat ondan soruşdum:

– Rauf, Mayakovski ilə qohumluğun-zadın yoxdu ki?

Rişxəndlə gülüb dedi:

– Qəfil adamdan elə şey soruşursan ki, lap bişmiş toyuğun hırtıldamağı gəlir.

– Burda hırtıldamalı nə var ki?

– Niyə yoxdu? Var, – bir az əvvəlki gülüşünü təkrar elədi, – Mayakovski hara, Saatlı hara? Mayakovski ee, – rişxənd elədi, – bəs, sənin Yeseninlə qohumluğun var? – üzümə baxdı.

– Var, – dedim, – Yesenin mənim babamın birinci arvadının bacısı ilə iki ay nişanlı olub, sonra nişanı qaytarıb.

– Nə qədər boş-boş danışırsan sən... həvəs var ee səndə... – Rauf kimi dedi.

Mən də əl çəkməyib özüm kimi dedim.

– İnanmırsan?

– Əlbət ki, inanmıram!

– İstəyirsən gedək Axundov kitabxanasına, mən sənə sübut eliyim, – dedim, əl çəkmirdim.

– Həvəs var də səndə...

Bununla da Raufun Mayakovski, mənimsə Yeseninlə qohumluq əlaqələrimiz haqda söhbətə yekun vuruldu.

Rauf Soltanı, Azərbaycan Politexnik İnstitutunun hansı fakültəsininsə üçüncü kursundan mitilini atmışdılar bayıra – qovmuşdular. Əlbəttə ki, əlaçı olduğuna görə yox, ümumiyyətlə oxumadığına və dərsə getmədiyinə görə – bu, texniki məsələdi; əsas səbəb isə onun mərkəzi mətbuatda bir-birinin ardınca çap olunub ədəbi ictimaiyyətin diqqətini cəlb eliyən gözəl şeirləri oldu. O, qısa bir müddətdə tanınandan sonra poeziyanın ətəyindən yapışıb institutun daşını elə yerə atdı ki, özü də tapa bilmədi, heç axtarmadı da deyəsən...

Mən "Ədəbiyyat və incəsənət" qəzetində işləyəndə – Zevin küçəsi dörddə tez-tez yanıma gəlirdi. Hətta bu gəliş o qədər mütəmadi oldu ki, elə bil mənim yanıma yox, işə gəlib-gedirdi.

Bir dəfə ona dedim:

– Rauf, onsuz da gəlib-gedirsən, başqa yazılar da yaz, bir az pul qazan də...

– Heylə olar?

– Niyə olmur, – dedim.

– Qazanaq də... – yenə naməlum əsgərin qəbrinə oxşayan gülüş...

– Bax, elə indi get rus dramasına, burdan beş addımlıqdı. Orda "Komandorun addımları" adlı pyesin tamaşasını hazırlayırlar. Özün də rus məktəbini qurtarmısan.

Qızğın məşqlər gedir, bir şey yaz gətir çap eliyək, pulunu al də...

Durub getməyindən belə başa düşdüm ki, dediyim ağlına batıb. Səhəri gün yazını gətirdi, çap elədik, qonorarını aldı – on beş manat; yeddi kilo yarım donmuş ətin puluydu. Fikirləşdim ki, həvəslənər də, ancaq belə olmadı, bu, onun birinci – axırıncı işi oldu – bir də yazmadı, mən də məcbur eləmədim.

Rauf Soltan səliqə-səhman adamı deyildi, ancaq savadına, dünyagörüşünə, əxlaqına və paklığına söz ola bilməzdi. Özü də çox istiqanlı idi. Zahirən kirli görünsə də, daxilən çox şəffaf, təmiz idi, necə deyərlər sünbülündən su damırdı və əksəriyyət, bu damcıları görmürdü. Mən isə çox yaxın olduğumuza görə nəinki görürdüm, hətta bu damcıların səsini eşidirdim. Hərdən mənə deyən də olurdu ki:

– Nə tapmısan ee. bu Raufda?

Mən cavab verirdim:

– Mən Raufda heç nə tapmamışam, mən Raufun özünü tapmışam.

Bu sözdən sonra mübahisə eləyən olanda deyirdim:

– Get tullanmağının dalınca!

O da gedirdi; ancaq bilmirdim tullanmağa gedir, yoxsa başqa yerə.

Onun içində heç kəsə lazım olmayan bir ağayanalıq, bəyzadəlik vardı, gözü-könlü tox adam idi. Bu dünya adamı olmaqdan çox, məclis adamı idi, çünki dünyada darıxırdı, ancaq məclisdə yox; dünyada özünə yer tapa bilmirdi, ancaq məclisdə həmişə yeri vardı. Şəhərdə eyni məkanda gəzib dolanırdı; Nizami heykəlinin yanında peyda olurdu, "Azərbaycan" kino-teatrının sol böyründən ötüb dənizkənarı bulvara gedirdi, orda çox duruş gətirmirdi, beş-on dəqiqə ləngiyəndən sonra həmin marşrutla geri qayıdırdı. O qədər uzaq məsafə olmasa da, Natəvanın heykəlinin yanına çatanda artıq tək deyildi – yanında kimsə olurdu, tanışları çox idi. İlin heç bir fəslində başında papaq görən olmayıb. Onun əynindəki boz, keçmişi bahalı, qalın palto da Raufu tanıyan gündən yadımdadır. O qədər də nimdaş görünməyən bu paltonun içində, Raufun özü də o qədər nimdaş görünmürdü, bəlkə də bir-birini tamamlayırdı. Əgər o, təzə-tər görünsəydi paltonun yarımnimdaşlığı, palto təzə olsaydı Raufun yarımnimdaşlığı adamın gözünə girərdi. Bu mənada, ikisi də bir-birinə oxşayırdı – oxşarların isə fərqi heç vaxt ortada olmur, bilinmir.

Onun cəmisi bir, ya iki kəstyumu vardı – onlar da doğulduğu Muğan torpağı kimi bomboz idi və paltosu ilə yaşıd olardı. O, sizə məlum olan Rauf Soltan marşrutu ilə bozara-bozara gəzirdi. Bu yol zahirən oxşamasa da, mahiyyətcə dairəviydi, dairənin isə sonu olmur; milyon il bu yolu tapdasan da qurtaran deyil. Bax bu mənada göyərçin yumurtası boyda dairəvi yolu dünyanın ən uzağı, əlçatmazı, ünyetməzi hesab eləmək olar.

Rauf Soltan adamların qəlbinə dəymək barədə dünyanın ən bacarıqsız insanlarından biriydi. Yer üzündə o cür insanlar az olduğuna görə, əgər belə demək mümkündürsə, onlara "milli azlıq" da demək olardı. Həmişə dözürdü və günlərin bir günü, içində yığılanları adamın sifətinə çırpmağı da vardı. O, adətən boğaza yığılanda, içindəkilər ağzından töküləndə, yəni dolub-daşanda belə eləyirdi. Başqa çarəsi də yox idi: ürəyini boşaldırdı ki, təzədən yığmağa yeri olsun – bu cür şeyləri cibə yığmaq olmur axı... çünki təyinatı başqadı...

Bir-iki dəfə onun yaşadığı evə getməyə cəhd eləsəm də nəticəsi olmayıb və mən də bu fikrimdən vaz keçmişəm. Hər halda o, bunu bəxtəvərlikdən eləmirdi, hətta mənə elə gəlirdi ki, nədənsə utanır, narahat olur...

Onun gözündəki kədər dupduru olsa da, dibi görünmürdü – dibsiz dərə deyilirsə, dibsiz kədər də deyə bilərik. O, gözündəki kədərlə o qədər doğmalaşmışdı ki, bəlkə də onsuz ölərdi. Görmə qabiliyyəti son dərəcə zəif olan adamlar yerindən eynəksiz tərpənə bilmədiyi kimi, Rauf Soltan da doğmalaşdığı kədərini eynək kimi çıxarsaydı, daha doğrusu çıxara bilsəydi, bir addım da ata bilməzdi. Bunu duymaq çox ağırdı; baxmayaraq ki, bu kədər zahirən bir cüt gilənar kimi görünürdü...

Bir gün ikilikdə möhkəm və mərhəm bir söhbətimiz oldu. Mən çox istəyirdim ki, o həyatını dəyişsin – özü dəyişsin, çünki özündən başqa heç kəsin Rauf Soltana gücü çatmazdı. Mənə xeyli vəd verdi və bu vədin içində iynənin ulduzu boyda ümid də görmüşdüm. İndi bu ümidi böyütmək qalırdı – heç olmasa gilənar boyda olsun. Və mənə verdiyi iynənin ulduzu boyda ümid də, Allahdan olan kimi böyüyürdü; hələlik onu gözlə görmək mümkün deyildi, ancaq duymaq olurdu. Gözlə görmək üçünsə çox həssas bir mikroskop lazım idi. Bütün bunlara baxmayaraq ona inandım. İnanmaq məsələsində mənim istəyimin rolu daha böyük idi, nəinki onun; Rauf Soltana qalsaydı çətin ki...

Doxsan doqquz faiz Allaha, bir faiz də Rauf Soltana arxayın olub Bakı–Moskva təyyarəsinə mindim. Onun beş-on şerini də özümlə götürmüşdüm – rus dilinə sətri tərcümələr idi, özü eləmişdi. İl yadımda qalmasa da, o vaxtlar idi ki, Moskvadakı Maksim Qorki adına Dünya Ədəbiyyatı institutunun rektoru Yevgeni Sidorov idi. O, sonralar müstəqillik dövründə Rusiya Federasiyasının Mədəniyyət naziri də işlədi. Onunla münasibətimiz çox yaxşı idi, hətta bəzi məsələlərdə açıq-saçıq söhbətimiz də olurdu. Sidorov məni Moskva soyuqluğundan uzaq bir istiqanlılıqla qarşıladı və bu, gözlənilməz deyildi. Ümumiyyətlə Moskvadakı ziyalı həmkarlarımız bizi görəndə sevinirdilər. Bu sevincin kökündə iki məsələ dayanırdı. Birincisi: pak, təmənnasız dostluq; ikincisi: Mərkəzi Ədiblər evinin məşhur restoranı. Sidorovla münasibətimiz birinciyə aid olsa da, ikincisiz də keçinmirdik, bizə belə xoş idi.

O, Raufun şeirlərini oxuyandan sonra dedi:

– On je velikiy poet! – üzümə baxıb gülümsədi, – naverno on je velikiy durak.

– Tak toçno, tovariş general. – dedim.

Sidorov şeirləri oxumamışdan ona Rauf haqqında ətraflı demişdim. Ona görə də onun yuxarıda dediyini qəribçiliyə salmayın.

Hələ Bakıda Raufla belə qərara gəlmişdik ki, o, qiyabi şöbədə oxuyacaq. Məlumatı olmayanlara deyim ki, bu instituta qəbul olmaq üçün birinci yaradıcılıq müsabiqəsindən keçirsən, sonra da, səhv eləmirəmsə diktant yazırsan, vəssalam. Burda qardaş respublikalardan, o cümlədən dünyanın müxtəlif ölkələrindən gəlib təhsil alırdılar. Yəni, əgər babat balıqsansa, bu dəryada böyüyə bilərsən. SSRİ-nin paytaxtı Moskva idisə, müxtəlif dildən-dindən olan on mindən artıq Sovet şair-yazıçısının paytaxtı elə Moskvadakı Mərkəzi Ədiblər evinin restoranı idi. Orda Sovet Ədəbiyyatının istənilən ölçüdəki korifeylərinə, nəhənglərinə rast gələ bilərdin. Bu restorana ancaq SSRİ yazıçılar ittifaqının üzvlərini və onlarla birgə gələn qonaqları buraxırdılar. Bura məşhur aktyorlar, müğənnilər və s. də gəlirdi və yuxarıda dediyim kimi, hansı bir yazıçının, şairinsə qonağı qismində. Burda tanışlıq keçmirdi, istəyirsən lap ordu generalı ol; ancaq bizim üzvlük vəsiqəmiz keçirdi, bu da bizə çox ləzzət verirdi və özümüzü ordu generalından da üstün hesab eliyirdik.

Moskvaya gəlməmişdən qabaq Raufla onun əsas problemi – ailə məsələsi ilə bağlı da ciddi söhbətimiz olmuşdu. Xeyli çənə döyəndən sonra konkret bir qərara da gəlmişdik. Qadın yazıçılarımızdan birinin layihə institutunda işləyən uzaq bir qohumu vardı. Hər cəhətdən Raufa uyğun gəlirdi, savadlı və müasir qadın idi. Hətta ora qədər maraqlanmışdım ki, o qadın Raufdan uşaq doğa bilər, yoxsa yox: cavab müsbət idi. Raufdan da cəmisi ay yarım böyük idi. Beşmərtəbə tərəfdəki iki otaqlı mənzilində tək yaşayırdı və demək olardı ki, heç kəsi yox idi. Bir gün dördümüz də mənim maşınıma minib Saray kəndindəki restorana getdik. Səmimi söhbətimiz oldu. Bir-birlərini bəyənmişdilər. Qərara gəldik ki, Raufun qəbul imtahanından çıxmağını gözləyək, sonra da təxminən səksən-yüz nəfərlik bir məclis eliyib bu işi xətm eliyək. Qadın yazıçı ordaca söz verdi ki, Rauf instituta girən kimi onu "Gənclik" nəşriyyatında işə də düzəldəcək – redaktor. İkilikdə isə onunla belə bir gizli sövdələşmə olmuşdu: Rauf özü kimi istəsə, mən isə bütün qohumlarımı və ərkim keçən dostlarımın hamısını yığıram, ona sadə bir toy eliyirik, toydan qalan pulların da hamısını veririk təzə bəyə ki, ailə həyatına başlayanda ürəkli olsun – mayalansın. Sonra da baş-başa verib dolanarlar. İdeya müəllifi özüm olduğuma görə demirəm, Raufun vəziyyətində bu, ən gözəl variant idi; ali ədəbiyyat təhsili, həyat yoldaşı, mənzil, iş, yaşamaq, yaratmaq. Yerdə nə qalır ki? Hə, bir də Raufu Nizami heykəlindən başlayan o dairəvi marşurutundan uzaqlaşdırmaq – araq iyi verən bu marşrutun hər addımında yüz qramlıq təhlükə gizlənirdi... Və bu yüz qramlıq təhlükə növbəti addımların birində onun ayağının altında mina kimi partlayıb hər şeyi məhv edə bilərdi.

Raufla çox yeyib-içmişik. Uzun illər davam eliyən bu məclislərdə onu bir dəfə də sərxoş görməmişəm, həmişə ağlı başında, təmkini yerində, səmimiyyəti göz qabağında olub. İçki dilinə dəyməyən günlərdə nə qədər söhbətcil idisə, içəndə də elə o qədər, yəni qədərində danışardı. Qadınlara biganə deyildi, qırx ərşin quyunun dibində olsaydı, yenə gözəllik onun nəzərindən yayına bilməzdi, oğrun, ismətli baxışları ilə bu gözəlliyi qarşılayıb ləyaqətlə də yola salandan sonra üzünə qonan təbəssümlə, elə bil ki, yaradana minnətdarlıq eləyib səbbini almaq üçün, yalnız özünün eşidə biləcəyi iki kəlməni pıçıldayırdı:

– Şükür Allaha!

Hiss eliyirdim ki, onun, gözəlliklə əvvəlcədən danışılmamış qəfil, gözlənilməz qarşılaşmasından sonra halı dəyişirdi, əgər kişi xeylağı haqqında belə demək mümkündürsə, özü də gözəlliyə qovuşub sərxoş olurdu. Bax, onun belə sərxoş olduğunun dəfələrlə şahidi olmuşam. Bu vəziyyətdə o, uzun müddət susurdu. Raufun gözəlliyə münasibəti belə idi. Ancaq mənim uşaqlıq dostum, "Qaçaqaç" romanımda sizlərlə yaxından tanış elədiyim, illər fərqinə baxmayaraq Raufu mənim qədər çox istəyən Zeynal isə şəhərdə gəzdiyimiz yerdə gözəl qadın görəndə deyərdi:

– Off! Nə qəşəng şeydi ee!

Təbii ki, Zeynal bu sözləri yalnız özünün, Raufun və mənim eşidə biləcəyim səslə dilinə gətirərdi. Mənə elə gəlirdi ki, Zeynal gözəl qadına münasibətini belə emosional səviyyədə ifadə etməsəydi səbbi alınmazdı.

Zeynalın gözəlliyə belə qiymət verdiyini eşidəndə Rauf hər dəfə dilinə gətirə biləcəyi bircə kəlməni yuya biləcək bir ərklə ona deyirdi:

– Nadansan...

– Nadan niyə oluram əə, şair? – Zeynal sözün altından çıxmaq istəyirdi.

– Gözəlliyə belə qiymət vermək olmaz... – Rauf rişxəndlə gülümsəyirdi.

– Niyə ee? – Zeynal əl çəkmirdi.

– Ona görə ki, gözəl qadın, bütün gözəlliklərin ən gözəli, ən dirisidi.

– Noolsun ki?.. – Zeynal arxasını yerə vurmaq istəmirdi.

– Ay nadan, – ərk yenə böyük idi, – o olsun ki, gözəlliyə gərək gözəl yanaşasan... gözəlliyə gözəl yanaşmayanda gözəllik ürkür... ürkütmək olmaz.

– Ürksün dana... noolar ki? – Zeynal soruşdu.

– Gözəllik ürkəndə zədələnir...

– Düz deyirsən, qardaş. – Zeynal razılaşıb onun üzündən öpsə də, bu adətini tərgitmirdi, yenə oxşar vəziyyətdə özünü özü kimi aparırdı, bəzi vaxtlarda isə bir az da irəli gedirdi, "of" sözündəki "f" hərflərinin sayını istədiyi qədər çoxaldırdı.

Rauf da özünü özü kimi aparırdı, adətini tərgitmirdi:

– Nadansan... – deyirdi.

Mənə isə hər ikisinin fikrinə hörmətlə yanaşmaq qalırdı və payıma da qane olurdum.

Üçümüz bir yerdə tez-tez olurduq və it əl-ayağı yemiş kimi şəhərin küçələrini ölçməkdən yorulmurduq. Pulumuz olanda restoranda otururduq, olmayanda ya bizə, ya da Zeynalgilə gedirdik, Raufgilə "xodumuz" yox idi – daha doğrusu "Raufgil" deyilən anlayışın özü yox idi; goru var idi ki, kəfəni də ola?..

Üçümüzdən birimiz olmayanda məclisimiz suyu sovrulmuş dəyirmandı və bir az da hündür, enlikürək, qoluzorlu, ancaq ayağının biri o birindən gödək çolaq bir kişiyə oxşayırdı. Bərkə düşsə üçümüzə sacayaq da demək olardı ki, ayağının biri olmayanda dik dura bilmirdi, yıxılıb böyrü üstə qalırdı. Biz də hamı kimi yıxılmaq istəmirdik... özü də böyrü üstə. Belə bir qarğış da var:

– Səni görüm elə bir böyrü üstdə qalasan!

İnsan da bir böyrü üstündən o biri böyrü üstünə sevrilə bilmirsə kimə lazımdı ki? Allaha ağır getsə də, iynədən-zaddan vurdurun ağrısı kəssin, ya da ki...

Bir balaca Raufun, Zeynalın və Seyranın münasibətlərinin dərinliyinə baş vurduq, əgər nəfəsiniz tıncıqdısa qalxaq üzə.

Yenə o ev idi, yenə üçümüz... Zeynal gildə ayrıca otaqda əyləşmişdik. Stolumuzun təkcə bir küncü üçümüzün cibindən zəngin idi. Zeynalın anası Mehriban xanım heç vaxt bizi öz balalarından seçməyib; hətta ifrata varıb deyə bilərəm ki, bəzən bizi dəyişik salırdı – bu, yalnız ayrı-seçkilik olmayanda belə olur, yoxsa analar övladlarını gözübağlı, qoxusundan tanıyırlar...

Zeynal Tuğlu şakəri ilə qaçana-tutana macal vermirdi, bütün tostları özü deyirdi. Əslində nə Raufun, nə də mənim tost deməyə həvəsimiz yox idi; hərdən bizə elə gəlirdi ki, bütün tostları deyib qurtarmışıq – bu da, elə günlərdən biri idi. Bizim bu ovqatda olmağımız isə Zeynala sərf eləyirdi, ona böyük meydan verilmişdi, o da, böyük şövqlə burda at oynadırdı. Mən onun qədər tost demək həvəsini bütün ömrüm boyu heç yerdə görmədim, deyəsən o tosta şifahi xalq ədəbiyyatının bir qolu kimi yanaşır, onu daha da inkişaf elətdirmək istəyirdi və sizə deyim ki, bəzi hallarda buna nail də olurdu.

Dostluq haqqında dediyi tostun axırını belə yekunlaşdırırdı:

– Nə atom bombası, nə hidrogen bombasını böyük bir kəşf hesab eləmirəm. – Bəşəriyyətin ən böyük kəşfi dostluqdur.

Hansı mənadasa, Zeynalın bu sözlərini Azərbaycan folklorunu zənginləşdirən bir töhfə kimi qəbul etsək o, özünü çox xoşbəxt hesab eliyərdi.

Məclisin qaymaqlayan vaxtı idi. Çöldə-bayırda oturanda əksər halda Zeynal Raufa qarmaq atırdı, düşdü məzələnirdi, düşməyəndə isə reallıqla barışıb başqa məqam gözləyirdi. Bu dəfə Zeynal ilk dəfə öz evlərində ona ilişən kimi Rauf ehtiyatsızlıqdan onun qarmağına keçdi. Zeynal uzun illərin təcrübəsindən keçib cilalanmış Qarabağ stilində bu Muğanlı balası ilə onun dözəcəyi yerə qədər məzə qılandan sonra, qarmağı onun xirtdəyindən çıxarıb atdı dəryaya ki, Rauf bilməsə də, xaliq biləcək. Rauf özü də bizə qoşulub gözləri yaşarana qədər güldü. Ancaq Zeynalın ürəyi bununla da soyumadı, dedi:

– Rauf, sənin bir şeirin var ee: "Xəlvətcə bir gülün öpdüm üzündən, bülbüllər eşitsə qırğın düşəcək..."

Şeirlə bağlı söhbət Raufun ən yaralı yeri olduğuna görə məclisimizin ruhuna uyğun gəlməyən ciddi bir görkəm aldı, dedi:

– Hə, var.... noolsun ki?

– Onu dərindən başa düşməmişəm, nə deməkdi?

– Nəyi başa düşməmisən?

– Mənasını... – Zeynal bərk durmuşdu.

– "Xəlvətcə bir gülün öpdüm üzündən, bülbüllər eşitsə qırğın düşəcək..." Mənası elə budu.

– Yenə başa düşmədim, – Zeynal dedi.

– Nadansan də... nəyi başa düşmədin?

– Yaxşıdı ee... gül də qəşəngdi, bülbül də... ancaq məni oxucu kimi bir şey maraqlandırır ki, gülün üzündən öpürsən, yaxşı eliyirsən... ancaq de görüm niyə xəlvətcə öpürsən? Kişiliyin çatmır, basmarlayasan, yoxsa kimnənsə qorxursan?

Rauf mənə baxıb başını bulayandan sonra Zeynala işarə eləyib dedi:

– Nadandı də...

İşə qarışmalı oldum:

– Zeynal...

Rauf sözümü kəsdi:

– Zeynal yox, nadan.

– Bəlkə heç mənim onu elə çağırmağıma razı deyil, – dedim.

– Razılaşın də... – Rauf dedi.

– Zeynal müəllim, mənim sizə nadan deyə müraciət etməyimə etirazınız varmı?

– Sözünü de...

– Ay nadan, – dedim, – məsələ belədi, klassik ədəbiyyatımızda gül bülbülün məşuqəsi kimi qəbul olunub – yəni gülün yiyəsi var, sənin dilində desək gülün əri var, dul deyil. İndi özün o para beynini işə sal; Rauf ona görə gülün üzündən xəlvətcə öpür ki, görüb eliyən olmasın, yoxsa qan düşər, axı bu, namus məsələsidi... Belə şeylərin üstündə tutub adamın...

– Ağzın cırallar? – Zeynal sözümü kəsib soruşdu.

– Yoox, bir az da pis... – dedim.

– Həəə... – Zeynal gözlərini döyə-döyə süni bir "fikrə getmə" mərasiminə qoşulub axdı, – indi başa düşdüm, Rauf düz fikirləşib; belə şeylərə görə tutub adamı... sən ürəyində tutduğun kimi eliyərlər.

– Nadan, – Rauf istehza ilə dedi.

– Təşəkkür eliyirəm, şair... – Zeynal onu cavabsız qoymadı.

Zeynal araq süzüb növbəti tostu demək istəyəndə, onun hələ dilinə gətirmədiyi sözünü bəri başdan kəsdim:

– Zeynal, sən nənəyin goru, qoy bir söz deyim.

– Tost? – üzümə baxdı, əlindəki arağı yerə qoydu.

– Yox, başqa şey deyirəm. Gör Rauf nə gözəl deyib ee...

Ay nazənin qızlar, ay gözəl qızlar,

Siz bu oğlanların həyatısınız.

İkiniz bir yerdə Füzuli beyti,

Dördünüz bir yerdə bayatısınız.

– Əladan əla! – Zeynal vəcdə gəldi, – o veriliş var ee, "klassik irsimizdən" – lap ona oxşayır. Ancaq burda da müəyyən boşluqlar var, var...

Rauf cavab vermək istəyirdi ki, mən onu qabaqladım:

– Nə boşluq var əə, burda? – Səsimi az-maz qaldırdım da, – nə boşluqdu o heylə? – dedim.

– Sizin heç biriniz onu mənim kimi duya bilməzsiniz, siz ancaq yaza bilirsiniz. Qulaq asın, ağlınıza batacaq, – bəri başdan boynumuza qoyurdu.

– Yaxşı, de görək, – dilləndim.

– Bax, – üzünü mənən tutub Rauf göstərdi, – bu gədə yazır ki, "Ay nazənin qızlar, ay gözəl qızlar, siz bu oğlanların həyatısınız". Burda neçə oğlandı, neçə qız? Gərək sayını göstərəydi – bəlkə heç oğlanların sayıynan qızlarınkı düz gəlmiyəcək, bu, birinci boşluq...

– Nadandı də, – Rauf dilləndi.

– Rauf, sən qulaq as, – mən dedim, – hə, davam elə.

Zeynal Raufun dediyini saya salmadı:

– Hə... – dedi, – sonra deyir ki, "İkiniz bir yerdə Füzuli beyti" – bu yaxşıdı... bəs üçü bir yerdə nədi? Onu yazmayıb – bu da boşluqdu. Axırda da deyir ki, " Dördünüz bir yerdə bayatısınız". Bu da yaxşıdı. Onda haqlı olaraq sual olunur: bəs, beşi bir yerdə nədi? Yaxşı, bunlar boşluq deyilsə, bəs nədi? Şair bu kupletin üstündə hələ çox işləməlidi. İndi qandınız? – Növbə ilə ikimizin də üzünə baxsa da birimiz cavab verdik:

– Nadandı də... – Rauf öz həmişəki yerində idi.

– Yaxşı, Zeynal, Raufun yaradıcılığında mükəmməl bir şeir yoxdu? – soruşdum.

– Yox, – dedi, – mükəmməl şeir yox, ancaq mükəmməl iki misra tapmışam.

– O hansıdı? – soruşdum.

– Ermənilər Şuşanı alanda bir şeir yazmışdı ee, axırda deyir ki, "Kaş elə Məhəmməd Qacar alaydı, İlahi gör kimlər aldı Şuşanı?!" Bu iki misra mükəmməlvaridi...

– Nadandı də... – Yenə Rauf.

– Zeynal, – dedim. Onun evlərində bizim üçün açdığı süfrəni nəzərdən keçirdim, – de görüm, mən əliaçıq oğlanam.

– Əliaçıq olmağına əliaçıqsan, – dedi, – ancaq ovcunda bir şey yoxdu...

– Bəs Rauf?

O sağ əlini Raufun çiyninə qoyub özünə tərəf çəkdi, üzündən maç eləyib dedi:

– Pul barədə Rauf, müharibədə iki qolunu da itirmiş naməlum əsgərə oxşayır; qolları olmayanın əlinin açıq olub-olmaması barədə heç nə deyə bilmərəm – mən vicdanlı adamam! – Üzümə baxdı, – bəlkə sən bu düşük-düşük suallarından əl çəkəsən? İmkanın var?

– Var, – dedim.

– Bilirəm də, sən imkanlı adamsan, – istehza ilə dedi və badəsini götürüb çox uzun bir tost dedi, İxtizavrlardan, Dinazavrlardan başlayıb Rauf Soltanda qurtardı:

– Rauf Soltan əsl şairdi! Rauf hamımızın əzizidi, mənim də qardaşımdı.

– Bəs mənim nəyimdi? – dilimi saxlamadım.

– Sənin də bajındı.

Qəhqəhələrimiz dalğalanıb o biri otaqlara yayıldı.

Rauf dedi:

– Nadandı də...

Bu dəfə mən Zeynalın təəssübkeşi kimi işə qarışdım:

– Rauf, niyə heylə deyirsən?

– Görmürsən bunu? Başıma qapaz vurub, ətəyimə qoz tökür? – Rauf üzümə baxıb güldü.

– Saatlıda qoz bitmir ki? – Zeynal soruşdu.

– Yox, – Rauf qısaca dedi.

– Qoz... yaxşı şeydi, əlinə düşsə ye, bala...

– Saatlıda qoz bitmir! Saatlıda Rauf Soltan bitir, – bunu da mən dedim, şair məmnun oldu.

Biz üçlük bir-birimizdən incimirdik. Məclislərimiz də həmişə bu səpgidə keçirdi. Sözümüz bir-birimizin boğazından yüz qram araq kimi çox rahat keçirdi – bundan sonra inciməyə yer qalmır axı... Hətta bir dəfə Zeynal yarı zarafat, yarı ciddi belə bil söz də demişdi:

– Bizim bu üçlüyümüz Cabbar Qaryağdı üçlüyü kimi bir şeydi – noolsun ki, çalıb-oxumuruq, biz elədiklərimizi də onlar eliyə bilməz.

O vaxt mən, musiqiçilərin dili ilə desək, Zeynala ayaq verib ondan soruşdum:

– Yəqin ki, Cabbar Qaryağdı sən olarsan də?..

– Buna şübhən var ki? – O, üzümə baxdı, – bəli, Tuğlu Məşədi Həmzə bəyin nəvəsi Zeynal, – əlini qabağa verdiyi sinəsinə çırpdı, – Cabbar Qaryağdı, sən tarçalan, – sonra da çönüb Raufa istehza dolu bir təbəssümlə nəzər saldı, – bu, da kamança – Saşa Oqanazeşvili, – dedi, – Rauf, Saatlıda kamança çalan olub heeç?

Rauf da onun bu sözünü ciddi qəbul etmədən, qeyri-təyinatı üzrə cavab verdi:

– Nadandı də...

Bax, belə...

Rauf o sözü çox işlədirdi – nadan da çox idi axı... Özü də burda söhbət Zeynal kimisindən getmir ha, o, könüllü nadan idi, qəsdən özünü elə aparırdı ki, Raufdan o sözü eşitsin. Səbəbini mən duysam da, özü daha dəqiq bilirdi. Bəlkə buna, dünyanı yola vermək kimi də baxmaq olardı...

***

Bakı meşələr qoynunda yerləşməsə də, yayın istisi maşınların səsinə, tüstüsünə qarışıb cırcırama kimi zümzümə eləyirdi. Xüsusilə günün duran vaxtı bu zümzümə daha aydın eşidilirdi. Bu "nəğməyə" qulaq asmağa məhkum olunmuş şəhəri qan-tər yuyub aparırdı...

Uşaqlarım rayonda, atamgildə idi. Vaqif əmilərinin Köndələnçay vadisindəki qədim dəyirmanın yanında tüstülənən kababxanasında yeyib-içir, ördək balaları kimi sudan çıxmaq bilmirdilər. Ailəm rayonda olanda çox arxayın olurdum. Necə ki, doğulduğum Füzuli rayonu, külli-Qarabağ yerində olanda Bakıda arxayın-arxayın gəzirdim...

Bu gün Rauf Soltan işin axırında yanıma gəldi. Gözümə bir təhər dəyirdi.:

– Neyliyək? – dedi.

– Gedək bizə.

– Yox...

– Niyə? – soruşdum.

– Utanıram, – dedi, – gündə-günaşırı...

– Əvvəla, – dedim, – qələt eliyirsən utanırsan... ora sənin öz evindi...

– Yox, yox, – sözümü kəsdi, – üzüm gəlmir.

– Əvvəlanı dedim, qoy dalını da deyim də...

– Yaxşı, de, – könülsüz, yorğun-yorğun üzümə baxdı.

Mən yenə əvvəldən başladım:

– Əvvəla... dedim də bayaq... ikincisi də evdə təkəm.

– Onda gedək, – Rauf tələsik dedi, – bəs uşaqlar hardadı?

– Rayona gediblər, istirahət eliyirlər... Sabirabada...

O, qəhqəhə çəkib güldü:

– Yox, – dedi, – yəqin Füzulidədilər.

– Əlbət ki, Füzulidədilər, uşaqlarımdan bezməmişəm ki...

Redaksiyadan çıxıb maşınıma oturanda Rauf dedi:

– Bir şey götürək?

– Nə? – Özümü qanmazlığa vurdum.

– Araqdan-zaddan də... – dedi.

– Hə... Araqdan-zaddan... başa düşdüm...

– Mən ala bilərəm, – Rauf üzümə baxdı.

– Sağ ol, – dedim, – evdə hər şey var.

– Yolüstü Zeynalı da götürək də, – Rauf təklif elədi.

– Olmaz, – dedim.

– Niyə?

– Zəhləm gedir onnan... son vaxtlar çox yekə-yekə danışır ee...

– Nə danışır ki? – Rauf təəccübləndi.

– Nə danışırsa başının "razmerindən" böyük danışır, – əlimi yüngülvari sükana çırpdım, – bəsdi də, nə qədər olar ee...

– Rauf yarı inandı, yarı yox. Mən bunu açıq-aşkar onun sir-sifətindən oxudum. Zeynalgilin evinin yanına qədər susdu, ora çatan kimi dedi:

– Bəlkə onu amnistiyaya salasan, – Rauf ümidlə üzümə baxdı.

– Mümkün deyil!

– Axı, niyə ee, onsuz nə ləzzəti?

– Ona görə ki, Zeynalın atası Daşkəsəndə yoxlamadadı.

– Bunun məsələyə nə dəxli var ki? – Rauf soruşdu.

– O dəxli var ki, Zeynala zəng eliyib deyib ki, dur gəl bura... Zeynal, – qeyri-iradi saatıma baxdım, – indi dədəsi ilə Daşkəsəndə oturub bulaq başında, dədə-bala bir-birinə tost deyillər, bildin?

– Bildim ee... ancaq bunu əvvəldən adam kimi demək olmazdı?

– Olardı...

– Bəs, niyə ürəyimi qırırsan?

– Adam elə hər kəlməbaşı da adam olmaq istəmir də... adam olmaqdan istirahət eləmək lazımdı hərdən-birdən. Rauf, Rauf, düş burdan bir təndir çörəyi al. –

Maşını saxladım.

– Limonad da alım?

– Yox, evdə var...

– Pivə nə təhər?

– Var... tez ol... ancaq çörək...

Rauf "Azərbaycan" qəzetinin arasına qoyulmuş uzunsov qaynar təndir çörəyini arxa oturacağa qoyub yanımda əyləşdi.

Maşından düşəndə dedim:

– Çörəyi götür də... Ömründə bir dəfə də sən bizə əli dolu...

Rauf mənim də, Zeynalın da ona bu cür ilişməyimizə çoxdan öyrəşmişdi; imanım allah amanatı, bəlkə də ilişməyəndə darıxıb bunu bizim bir soyuqluğumuz kimi qəbul eləyirdi. Biz də, hər dəfə, belə məqamdan sonra onun məhz hansı təbəssümlə cavab verəcəyini əzbərləmişdik...

– İçəridə oturaq, yoxsa balkonda? – Soruşdum, – kondisioneri də yandırım...

– Yox, balkon yaxşıdı... – dedi.

– İsti olmaz ki?

– Yox, yox kölgədi də, gün gedib, – dedi.

– Sənə nə var ee, – dedim, – isti ölkələrdə böyümüş adamsan, Saatlı, Sabirabad, ətrafınız da ki, İmişli, Kürdəmir, Hacıqabul... Hayıf deyil biz tərəflər...

Eyvanımızın uzunluğu on iki metr idi. Evdə nə vardısa hərəsindən bir az eyvandakı stolun üstünə düzdüm, süfrə də salmışdım. Mənim şeyləri içəridən daşımağım yarım saata qədər vaxtımızı götürüb naməlum səmtə apardı. Stola nəzər salıb əlimdəki bir cüt büllur füjeri yerbəyer eliyə-eliyə dedim:

– Ehtiyatlı ol ha... arvadın cehizidi...

– Qorxma, – dedi, – ayrı vaxtı bizi bəyənmirsən... Muğanlı qızının cehizinə bax ee... Sabirabadlı balasıdı də...

– Elə boşqabları da o gətirib, "Madonna"dı... Evdə olmayanda çıxardıb işlədirəm, – dedim.

– Ay vicdansız, niyə elə deyirsən? Elə mən hər dəfə sizə gələndə Almaz bacı bu qablarda bizə yemək verməyib?

Mən stola bir də nəzər salıb dedim:

– Nə çatmır?

Stolda yüz dənə çatışmayan şey də ola bilərdi, məsələn duz, əl dəsmalı, – ancaq

Rauf dedi:

– Araq.

– Vay! – İki əlimlə başımı tutdum.

– Noolub?

– Gərək bayaqdan arağı xaladennikə qoyaydıq, qaynardı, – dedim.

Rauf tez-tələsik belə bir səmərələşdirici təklif verdi:

– Tez suyun altında islat, qoy marazilkaya.

– Eliyim də... – deyib içəri keçdim, qayıdıb əlimdəki arağı ona uzatdım, – gör nə təhərdi?

Araq buz kimi idi, özü də tərləmişdi. Rauf dedi:

– Sən dəhşətsən də...

– Dəhşət mən deyiləm ee, sənsən... iyirmi ildi bir yerdəyik, mənim stilimə alışmırsan də... Heç vaxt da öyrəşə bilməyəzsən...

– Niyə ki?

– Çünki sən Muğan stilindəsən, mən Qarabağ... Başqa-başqa şeylərdi, – dedim.

– Bu, necə olur ki? – Rauf ciddi-cəhdlə soruşdu.

– Sənə deyim də... Hesab elə ki, Qarabağ stili ingilis dilindədi, Muğan stili özbək dilində...

Rauf güldü getdi özündən. Mən də ona mane olmadım, əksinə, susmağımla şərait yaratdım ki, doyunca gülsün, əvvəl-axır toxdayacaqdı də... Gendən ona baxanda elə xoşbəxt görünürdü ki, heç olmayan kimi...

Gözlədiyim kimi o toxdadı, bir suiçim saat susdu, bayaqkı Raufdan əsər-əlamət

qalmayanda dedi:

– Seyran, sənnən işim var, – dedi, – vacib, yanına da ona görə gəlmişdim.

– Eşidirəm, – dedim, – qardaşın sənin qulluğunda hazırdı.

– Ancaq bəri başdan bir xahişim var, – üzümə baxdı, mənə tanış gələn kədər az qalırdı onun gözlərinin bir cüt qarasını, bir cüt gözmuncuğu kimi partlatsın.

– Buyur, buyur, – dedim.

Mən də özümü yığışdırmışdım, ancaq ağlıma heç nə gəlmirdi, elə bil beynim kütləşmişdi.

– Bir xahişim var, – Rauf gözlərindəki bir cüt kədəri qaldırıb dedi. – Xahiş eliyirəm axıra qədər sözümü kəsmə, qulaq as, sonra nə istəyirsən deyərsən.

Razılaşdıq. Hələ süfrəyə əl vurmamışdıq.

– Qısaca deyim, yoxsa...

– Ürəyin necə istəyirsə, – dedim və fikirləşib tapmaq istəyirdim ki, birdən-birə buna nə oldu. Sən demə birdən-birə deyilmiş... uzun illərin yığıntısı...

– Ürəyim qurban sənə, – dedim, – necə kefindi elə də de... – ancaq başqa vaxt, başqa ovqat olsaydı deyərdim ki, qısa elə... Yemək soyuyur, araq qızır, əl vurmamışıq... Ancaq bu vəziyyətdə ona qıymadım və ölsəm də qıymazdım.

Rauf bir siqaret yandırıb dalbadal qüllablayandan sonra dedi:

– Seyran, mən Moskvaya getməyəcəm, evlənməyəcəm də...

Səbəbini soruşmadım. Onu da demədim ki, Moskvaya gedib o boyda kişiyə ağız açmışam, qadın yazıçımızla məsləhət eləmişik, dördümüz bir yerdə Saray kəndinin restoranında əyləşib qərara gəlmişik, toy barədə ikimizin gizli sövdələşməmiz var

– Nəsə ehtiyac duymadım.

– Seyran, mənim heç kimim yoxdu...

Mən sözümün üstündə durmadım, daha doğrusu bu məqamda dura bilmədim, susmağı bacarmadım:

Elə demə, – dedim, – qardaşların var rayonda, Zeynal var, mən varam, sən özün varsan.

– Qardaşlarım da, Zeynal da, sən də çox azsınız, çox... Özüm də azam... Heç özüm də özümün deyiləm. Ağlım kəsənnən həmişə özümə çox uzaqdan baxmışam, yad bir adam kimi... Ən yaxşı halda özümə adını yadıma sala bilmədiyim köhnə bir tanışım kimi baxmışam, aralıdan... Həmişə istəsəm də, heç vaxt özümlə üzbəüz gəlməmişəm... özümə həsrətəm... bu həsrətdən ürəyim qubar bağlayıb... O bağlını Allah da aça bilməz... istəməz. Özüm istəməyəndən sonra Allah niyə istəməlidi ki?.. Məni Allah da istəmir. Allah istədiklərinə nə isə eləmək istəyər. Mən çoxdan tükənmişəm, yavaş-yavaş, damla-damla. Son damlam yadıma da gəlmir. Nə vaxt düşdü, harda düşdü. Mən sevilmək üçün yox, sevmək üçün var olmuşam. Həm sevmək, həm sevilmək heç kəsin qisməti deyil. Həmişə ikisindən biri olur. Ya da, heç birisi olmur. Nə sevirsən, nə də səni sevən var. Bu, dünyanın duyulan, görünən cəhənnəmidi. Səni sevirlərsə öyrəşirsən ki, hamı səni sevməlidi! Sən sevirsənsə öyrəşirlər ki, sən hamını sevməlisən. Burda heç vaxt bərabərlik, ədalət olmur. Bu, insanın xislətindən qopub gələn bir qarşısıalınmazdır. İnsanı sevib qarşılığını görməyənlər qurbandı – müqəddəsdi. Buna o qədər inanıram ki, elə bilirəm öləndə onları şəhidlər xiyabanında dəfn eləmək olar. Mən tükənmişəm, Sizlər, hamınız azsınız, azalırsınız. Boş bidon kimi danqıldayıram. Siz azlar məni heç nə ilə doldura bilməzsiniz. İçim qupqurudu, cadar-cadardı. Siz bunu eləməyin, özünüz də azsınız, tükənərsiniz...

O, susurdu və susmağı daha ağır və vahiməli idi. Məni də özünə qoşmuşdu. Hamının dilli-dilavər adam kimi tanıdığı Seyranın da boğazı Rauf Soltanın içi kimi qupquru quruyub, cadar-cadar olmuşdu. Azərbaycan dilində nə qədər söz vardısa biri də yadıma düşmürdü. Mübaliğə hesab etməsəydim deyərdim ki, on ilə bərabər on dəqiqə yaşadım – elə bil ki, qədim üslubda tikilmiş möhtəşəm bir qalada təklənmişdim və bu qalanın içindən yuxarı baxanda Allah da görünmürdü, o ki, qalmışdı Rauf Soltan ola. Deyəsən, heç o da məni görmürdü, onunla birgə olduğuma inanmadığından təklənmişdi. Ancaq mənə baxanda, ona bir az asan olardı, çünki o çoxdan təklənmişdi – nimdaş bir tənhalıq. Birdən Rauf Soltan necə hönkürdüsə o sükut da, o qala da, o tənhalıq da, bu tənhalıq da – hamısı darmadağın olub başımıza töküldü və ikimiz də bir müddət dağıntılar altında qaldıq.

Onun gözləri gilənar rəngində damcılayırdı, özü tükənsə də nəm çəkmiş kədəri tükənməmişdi. Elə bil gözündəki bir cüt gilənarı əzib dənəsini çıxartmışdılar...

Heç vaxt inanmazdım ki, Rauf nə vaxtsa ağlamağı, özü də belə hönkürtü ilə, özünə sığışdırar, çünki vüqarlı adamdı.

Dilim hələ açılmasa da ayaqlarım işlək vəziyyətdə idi. Güc-bəla ilə ayağa qalxıb onun yanına keçdim, böyründə oturub qucaqladım. Gendən baxan olsaydı bizi heykəl hesab eliyərdi. Heykəllər bərk qucaqlaşmışdı. Adama elə gəlirdi ki, bu heykəllər yüz il də bundan sonra yağışın, qarın, küləyin qabağında döyəclənə-döyəclənə belə qala bilərdi. Kim qucaqlaşan heykəllər görməmişdisə, bu da sizə...

Heykəllərdən biri, yəni mən ayağa durub, o biri heykəlin – yəni Rauf Soltanın kürəyini bir-iki dəfə şappıldadandan sonra dedim:

– Balkon isti deyilmiş...

– Mən dedim də sənə balkon yaxşıdı, – o biri heykəl də dilləndi, əlbəttə ki, Rauf Soltan.

Sözlər dilimizi tərpətdi, dilimiz də bütün varlığımızı silkələyib ikimizə də can verdi, bizi heykəllikdən çıxardıb həmişəki Rauf elədi, Seyran elədi – yenə Söz...

Rauf diqqət mərkəzində olmağı xoşlamadığına görə, heç vaxt buna cəhd eləməyib. Bunun iki əsas səbəbindən biri o idi ki, diqqət mərkəzində olanda özünü azad hiss eləmirdi, bu da, ona ağırlıq gətirirdi və o, bu yükü daşımaq istəmirdi. İkinci səbəb: ona elə gəlirdi ki, diqqət mərkəzində olmaq şəhərin mərkəzində, adamların gur yerində lüt-anadangəlmə gəzmək kimi bir şeydi. Baxmayaraq ki, adamlar ömrü boyu şəhərin mərkəzinə, ordan da diqqət mərkəzinə can atıblar və bu, hər yerdə, hər kəs tərəfindən təbii qarşılanır – Rauf Soltan belə deyildi. Elə adamlar da var ki, anası onu doğum evində yox, diqqət mərkəzi deyilən mücərrəd "məkanda" doğub, taleləri belə gətirib. Və o cür adamlar diqqət mərkəzindən bircə millimetr kənarlaşan kimi havaları çatmır, boğulurlar – elə bil ki, astma xəstəliyinə tutulublar. Bu mənada Rauf Soltan mərkəzşünas deyildi...

Bizim xislətimizdə isə hər şey Rauf Soltanın tərsinədi – bütün xalq gözünü mərkəzə zilləyib. Əgər sən orda deyilsənsə səni heç kəs görməyəcək. Görsələr də, ya səni ikinci, üçüncü, dördüncü növ adam hesab eliyəcəklər, ya da ümumiyyətlə görməzliyə vuracaqlar – bu, həyatımızın bütün sahələrində belədi. Bəs ona görə də mərkəz həmişə basabas olur də – istəyir şəhər mərkəzi olsun, istəyir diqqət mərkəzi.

Bu mənada, Azərbaycan xalqının, yoxsa ki, Rauf Soltanın haqlı olduğunu deyə bilmərəm. Çünki, bu çox qəliz məsələdi...

Rauf şəhərin kənarında, hələ Patamdartın dəbdə olmayan və ucqar yer sayılan vaxtı orda, bir rus qadınının evində kirayədə yaşayırdı. Yazıçılar İttifaqına ancaq qonorar almağa gəlirdi ki, bu da, nadir hallarda olurdu. Məsələn, mən onu heç vaxt Yazıçılar İttifaqındakı tədbirlərdə görməmişdim. Bu mənada o, Yazıçılar İttifaqının da kənarında idi. Bu adam ilk şeirləri çap olunanda qısa müddətli olsa da, ədəbiyyatın diqqət mərkəzinə düşdü və tezliklə də ordan uzaqlaşıb ədəbiyyatın kənarında məskunlaşdı; baxmayaraq ki, əvvəlkindən də gözəl şeirlər yazırdı. Küçədə beş-altı adamla birlikdə gəzəndə də, dəstənin kənarında gedirdi, heç vaxt onu ortada, yaxud ortaya yaxın görə bilməzdin. Şəhərdə rast gəldiyi tanışlarının da hamısına kənardan salam verər, keçib gedərdi. O, hər şeyə kənardan baxırdı; "kənardan baxana hər şey asan görünür" deyiminin Raufa dəxli yox idi – yəni heç nə ona asan görünmürdü, əksinə. Sadaladıqlarım bütün bu "kənarlar" mərkəzindəki tənhalığı yalnız dəniz kənarında, o da zahirən pozulurdu. Onunla bir-iki dəfə dəniz gəzintisinə çıxmışdıq; gəmi Nargin adasının yaxınlığında dövrə vurub geri qayıdanda gözlərini şəhərə zilləyirdi – o, Bakıya kənardan baxmağı xoşlayırdı. Gəmi sahilə yan alan kimi bərk darıxırdı – niyəsi bu günə qədər mənim üçün sirri-xudadı, bəlkə heç özünə də məlum deyildi. O, şəhərdən kənara çıxanda pəncərə kimi açılırdı...

Bütün bunları nəzərə alaraq, Rauf Soltana Kənar Adam da demək olardı...

İndi isə qayıdaq, mənim eyvanımda quş yuvası kimi əl dəyməmiş süfrəmizə. Yeməklər də, əl yandıran təndir çörəyi də buza dönmüşdü. Məclisimizin soyuqluğu onların da canına hopmuşdu. Pəncərə şüşəsi kimi tərləmiş arağın "bədənində" şəffaf şırımlar açılmışdı. Rauf özündən çox kənara çıxsa da, yavaş-yavaş geri qayıdıb özünə oxşaya-oxşaya bərpa olunurdu. Təxminən yarım saat əvvəl, o ağır söhbətdən sonra Rauf Soltan, Rauf Soltanın solğun "kserokopiyası" idi. İndi isə onun cizgiləri yavaş-yavaş zühr eləyirdi; o, Rauf Soltana çevrilirdi, adət etmədiyimiz çevriliş... Mənim aləmimdə bu, dövlət çevrilişi kimi bir şey idi... Dövlət çevrilişi xasiyyətcə kütləvi olduğuna görə hamıya aiddi, hamının bundan xəbəri olur; bu cür çevriliş isə xasiyyətcə fərdi olduğuna görə, onu heç kəs görmür, bir kimsə ondan xəbər tuta bilmir...

– Arağı aç də... – ərklə dedim.

Arağı özüm də açıb süzə bilərdim, ancaq Raufu buyurdum; nəsə bu məqamda mənə elə gəldi ki, belə yaxşıdı.

– Zeynalın sağlığına... – Rauf badəni havaya qaldırdı, – o, səni dəhşət çox istəyir. Hərdən səni belə istədiyinə görə ona yazığım da gəlir, gizlətmirəm. O, sənsiz özünü yarımcan hesab eləyir, yarımçıq. Sən onun varlığının bərabər hüquqlu tam yarısısan. Bilirsən necə? Sənsiz o Zeynal deyil – Zey-di.

– O "Zey" olanda mən də Nal oluram hə?.. Çox sağ ol, vallah...

– Yenə başlama də... – Sifətində tənbəl bir təbəssüm doğuldu, – özün yaxşı bilirsən axı, mən nə deyirəm.

– O, – dedim, – Zey deyil ee, Zəydi, Zəy... Zəynaldı – zəhər tuluğu... – Hələ heç vaxt belə süni narazılıq eləməmişdim, özüm hiss eləyirdim.

Mən onunla əngə vermək istəyirdim, ancaq görəndə ki, onun bundan artığına gücü çatmır, tez təslim olub dedim:

– Çox sağ ol, Rauf, zarafat eliyirdim – əla sağlıqdı. Zeynal qardaşımızdı, – bu qardaşlığa Raufu da şərik elədim, – onun haqqında bundan gözəl sağlıq demək qeyri-mümkündü.

Bayaqkı tənbəl təbəssüm yenə onun yorğun sifətində peyda oldu. Mən diqqətlə ona baxanda bir şey gördüm: tənbəl təbəssüm yorğun sifətə necə yaraşarmış, İlahi?! Nə qədər ağır olsa da, bu, beləydi...

İkinci badəni Raufun sağlığına qaldırdım; üçüncü badəni Rauf mənim sağlığıma dedi. Sonra ailə üzvlərimin, qardaş-bacılarımın – lap axırda isə bizim tayfanın topasının sağlığına badə qaldırdı. Və bütün bunların hamısını bircə şüşə arağa yerləşdirdiyinə görə ona çox minnətdaram...

Gecə səssiz-küysüz, oğrun-oğrun yan-yörəmizdən ötüb keçirdi. Rauf da gecəyə qoşulub getmək istəyəndə dedim:

– Gecdi, yıxıl yat burda, bu vaxt heç dəyirmandan da getməzlər... hara gedirsən?!

Razılaşdı. Sizə deyim ki, bu razılaşma birinci dəfə deyildi və ən çox yay aylarına təsadüf edirdi – mən tək olan vaxta.

Səhəri dirigözlü açdıq. Dünyada elə bir şey qalmadı ki, ondan danışmayaq. Rauf həmişəkindən daha maraqlı danışırdı – həssas, sərrast, müdrik. Elə bil ki, çevrilişdən sonra ona nəsə olmuşdu... yaxud olacaqdı... Varlığında nə vardısa qoymuşdu ortalığa. Raufun söhbətlərindəki ciddilik canıma necə hopmuşdusa, bu müddətdə zarafat eləmək, həmişəki atmacaları ortalığa atmaq həvəsim qalmamışdı. Bütün bu söhbətlərin içində bir vida çaları da tez-tez gözümə dəyirdi və məni bərk qorxudurdu. Ancaq sonra inandım ki, burda əlvidalıq bir şey yoxdu – rahatlandım.

Axşamdan başlayıb gecəni tapdalaya-tapdalaya səhərin açılan gözünə yetişdiyimiz o gün, bizim dostluq, mərhəmlik münasibətlərimizin tarixçəsində ən uzunu, ən maraqlısı idi. Həm də ən müqəddəsi imiş – mən bundan gec xəbər tutmuşdum...

Günorta olsa da özümüz üçün səhər yeməyi hazırlamışdım. Ailəmizdə bu tərkibdə olan yeməyə "Moskovski zavtrak" deyirdik: sosiska, xardal, sarısı dağılmamış qayğanaq – "qlazok", bir də yüz qram konyak. Rauf mənim təkidimlə hamama

girib çıxmışdı, qurulanırdı.

Biz səhər yeməyinin axırına çıxanda, günorta saat dördün yarısı idi. Raufu nə qədər dilə tutdum ki, gedək dənizə, hava da istidi – razı olmadı:

– İyirmi ildən artıqdı Bakıdayam, bir dəfə də dənizdə çimməmişəm, – xoşlamıram...

– Bəs nəyi xoşlayırsan? – soruşdum.

– Dəniz kənarında dayanıb saatlarla ona tamaşa eləməyi.

– Gedək də, mən çimərəm, sən də tamaşa eliyərsən...

– Yox, – dedi, – dənizə gərək tək baxasan.

Ondan əlim üzülən kimi dedim:

– Axşam evdəyəm, darıxsan gələrsən.

Gülümsədi. Onun darıxmadığı gün olur ki?..

Qapını onun arxasınca bağlayıb yola açılan pəncərənin qabağına keçdim. Siqaret yandırdım. Rauf özünəməxsus iri addımlarla, ləngərlənə-ləngərlənə gedirdi. Mən onun dalınca baxa-baxa qalmışdım. Ancaq o, bir dəfə də çönüb geri baxmadı – mən bunu elə istəyirdim ki..."

Rauf Soltan döngəni burulan kimi şəhərin burulğanına düşüb yoxa çıxdı. Mən siqareti kötüyünə qədər sümürüb qonaq otağındakı divanın üstünə tirrəndim...

***

Raufu kimdən soruşurdumsa gördüm deyən olmurdu; Adil Rəsuldan, Kələntər Kələntərlidən, "Novbahar"ın bufetindən, az qala Xurşid Banu Natəvanın, Nizaminin heykəlindən. Elə bil bir parça yağlı əppək olub göyə çəkilmişdi...

Ürəyim buz kimi olduğuna görə narahat da deyildim, ancaq darıxırdım axı... Zeynal da məndən soruşurdu. Patamdartdakı rus qadınının da evini tanımırdım. Heç vaxt nə taleyindən, nə də sağlamlığından şikayət eləməmişdi.

Mənim onun arxasınca baxa-baxa qaldığım vaxtdan qırx gün keçmişdi; dəqiq hesablamışdım – iyulun onu, indi də avqustun iyirmisidi. Arada, bir neçə gün başım qarışıq oldu, sonra da Malyorka–Barselona marşrutu ilə İspaniya səfərinə yollandım – on beş günlük. Qayıdıb Bakıda iyirmi gün qalandan sonra Bakı–Moskva–London–Paris səyahəti məni qoynuna aldı. Bu şəhərlərdə də Raufu tez-tez yadıma salırdım, yenə ürəyim buz kimi idi. Hətta ona hansı hədiyyəni alacağımı götür-qoy eliyirdim.

Avropa səfərindən qayıdan günün səhəri Zeynalla Atatürk parkındakı "Billur" kafesində görüşdük. Bir az yeyib-içəndən sonra soruşdum:

– Zeynal, Raufdan nə xəbər var?

– Xəbər var.

– Nə yaxşı, nə yaxşı, ay Zeynal, Allah səni sevindirsin, – dedim. – Onu da çağıraydın də...

– Rauf ölüb... – deyib başını aşağı saldı.

– Nə vaxt?

– İyulun on biri... qırxı-zadı çoxdan çıxıb, – Zeynalın gözləri doldu.

– Bəs hardan bildin?

– Onun bir yerlisi vardı ee, Səməndər, pasportstol işləyirdi, o dedi.

– Bəs onu harda gördün?

– Azərbaycan kino-teatrının qabağında rastıma çıxdı, dedim əə, Səməndər, bu Rauf çoxdandı görünmür. Dedi bəs xəbərin yoxdu... belə-belə...

Zeynalla baş-başa verib heyfsləndik, ağrıdıq, göynədik. Düşdüyümüz vəziyyətdə Dünyanın ən aciz adamına çevrildik – dost itkisi qədər adamı acizləşdirən heç nə tanımıram – axı bu, itkinin yaşı cavandı. Mənim Rauf Soltan itkimə baxanda, Zeynalın itkisi nisbətən köhnəlmişdi. Ancaq itkinin təzəsi, köhnəsi olmur ha...

Qərara gəldik ki, şənbə günü tezdən gedək Saatlıya, elə Zeynal da məni gözləyirmiş. Ancaq orda heç kəsi tanımırdıq – tanıyarıq də...

Beşinci gün Zeynal zəng elədi ki, papam Göyçayda yoxlamadadı, mən təcili ora gedəsi oldum, gedim qayıdım sonra gedərik.

– Yaxşı, – dedim, deyəsən başımdan elədim.

Mən fikrimdə Saatlının hələ adını bilmədiyim qəbristanlığında idim, bircə özümün ora gedib çıxmağım qalırdı və Zeynalı gözləyə bilməzdim.

Saatlı rayon prokurorluğunun qabağında maşından düşən kimi bir polis qaça-qaça gəldi ki, burda saxlamaq olmaz.

– Prokuror yerindədi? – Onun qadağasına məhəl qoymadım.

– Bəli, bəli, buyurun... – dedi.

İkinci mərtəbəyə qalxıb prokuror, köhnə tanışım olan Mobil İsmayılova gəlişimin məqsədini danışdım. O, bir-iki yerə zəng eliyəndən yarım saat sonra Raufun adını bilməyib üzünü görmədiyim qardaşı gəldi. Biz mənim maşınıma oturub Soltanlı kəndinin qəbristanlığına yollandıq. Raufun yoxluğu varlığıma qarışıb içimdə arzuolunmaz, nəm torpaq kimi ağır bir hava yaratmışdı. Bu havada yaşamaq çətin idi. Mənə elə gəlirdi ki, içimdə kibrit çalan olsaydı partlayardım, Raufun qardaşına da xəsarət yetirərdim. Təngnəfəs olmuşdum. Bu, qan təzyiqi yüksək olan adamın, birdən-birə dağ kəndində məskunlaşmasına da oxşayırdı. Ancaq sizə məlum olan içimdə nöqtə boyda olsa da, güclü bir inam vardı ki, Raufun qəbrini görən kimi səbbim alınacaq – torpağın üzü soyuq olar deyiblər.

Qəbristanlığın olmayan girəcəyinə çatanda mən Raufun qardaşına dedim:

– Düş qabağa.

O, dinməz-söyləməzin biri idi; bəlkə də mənə elə gəlirdi. Adama boy verən qurumuş çör-çöpü aralaya-aralaya keçib qəbristanlığın bir kənarına çatan kimi dayanıb üzümə baxdı:

– Budu, – dedi.

Həmişə başıdaşlı olan Raufun baş daşı yox idi – onun baş daşı bir əl enində olan taxta idi – baş taxtası. Elə bil malakan bağçasının hasarından bir taxtanı qopardıb, qəbrin baş tərəfinə pərçimləyib eliyəndən sonra üstünə də kibrit dənəsi naziklikdə sarı məftillə yazmışdılar: Rauf Soltan, vəssalam! Nə doğulduğu, nə də öldüyü ili "yazmamışdılar".

Yaşadığı ev heç vaxt insan bədəninə qəbr qədər yaxın ola bilməz. Ola bilər ki, insan yüz il bir evdə yaşasın və heç vaxt onun bədəni evin divarlarına toxunmasın.

Bu mənada qəbr, həm də insanın bədənidi...

Raufun bədənini ot basmışdı. Qəbrin nimdaş, boz rəngi adamın gözünü bozardırdı. Elə bil Rauf həmişə əyninə geyindiyi nimdaş, boz paltosunu üstünə örtmüşdü – deyirlər ki, ölülər ilin bütün fəsillərində üşüyür.

Raufun boz, nimdaş qəbri, Raufun boz, nimdaş paltosunu əyninə geyinmişdi. – bircə dik qalxıb Rauf kimi yol ölçməyi qalırdı...

Raufun boz, nimdaş qəbri qəbristanlığın kənarında idi, ona kənar qəbr demək olardı...

Rauf Soltan doğulduğu gündən kənar adam olub...

Raufla söhbət eləməyə başladım:

– Necəsən Rauf?

– Ölü kimiyəm...

– Darıxmırsan?

– Ölülər darıxmır...

– Səni niyə qəbristanlığın kənarında dəfn eləyiblər?

– Belə vəsiyyət eləmişdim.

– Bağışla, gec gəldim...

– Tez gəlsəydin də heç nə eliyə bilməyəcəkdin – belə yaxşıdı.

– Soyuqlamış adama oxşayırsan?

– Ölülərə soyuq dəymir, narahat olma.

– Orda şeir yazmaq olur?

– "Kənar adam" poeması yazmışam.

– Yaxşıdı?

– Ən yaxşı əsərimdi. Rauf Soltanın əziz olmayan xatirəsinə həsr eləmişəm.

– Çap elətdirəzsən?

– Burda nəşriyyat olmur. Dünən axşam ölülərlə görüşüm vardı, oxudum,

alqışladılar.

– Ölülər alqışlaya bilirlər?

– Onların alqışı ağlamaqdı, qəbristanlığı su basmışdı.

– Qəbristanlıq yaş deyil axı...

– Bura Muğandı, hər şeyi qurudur...

– İstəyirsən gedək dənizə.

– Ölülər çimmir.

– Bir azdan qayıdıram Bakıya, sözün, tapşırığın.

– Beşmərtəbə yaxınlığında yaşayan o qadına ölü salamı deyərsən.

– Catdıraram.

– O, məni bağışlayan kimi mən onun əfvini o dəqiqə burda hiss eliyəcəm. Çalış ki, məni bağışlasın... torpağın altında gecəm-gündüzüm yoxdu.

– Başqa kimə sözün var?

– Ondan başqa heç kəsin qarşısında günahım yoxdu...

Raufun qardaşı ancaq mən dediklərimi eşidirdi və doğmasının səsini eşidə bilməzdi. O, mənə birtəhər baxırdı, elə bil uşaq xoflanmışdı...

Başımla gəldiyimiz tərəfə işarə eləyib dedim:

– Oralardan bir molla tap gətir.

– Bu qəbristanlıqda molla olmur, – dedi.

Bu cəngəllikdə xırda bir daş tapmaq, mənə həyatda özünü tapmaq qədər çətin göründü. Cibimdən bahalı dəmir alışqanı çıxardıb Raufun baş taxtasına yaxınlaşdım, bir-iki dəfə tıqqıldatdım, ancaq o, heç nə eşitmədi. Ölülər ancaq iki daşın toqquşmasından çıxan səsi eşidirlər...

Qəbristanlığı soyunub maşının yanına gəldik:

– Otur gedək, – dedim.

O, xofun burulğanında burula-burula dedi:

– Siz gedin, kənddə işim var...

Uşaq mənim Raufla söhbətimdən əməlli-başlı xoflanmışdı. Mən siqaret yandırıb otuz, otuz beş yaşlı bu uşağa nəzər salanda gördüm ki, o, Raufun ölkəmizdəki yüzlərlə filialından biridi...

Ağrıya-ağrıya maşına minib, göynəyə-göynəyə Bakıya üz tutdum. Rauf Soltanla evimizdəki son görüşümüzü xatırladım – gördüm. Siz də xatırlayırsınızsa bu son görüşün sonluğu belə idi:

"Qapını onun arxasınca bağlayıb yola açılan pəncərənin qabağına keçdim. Siqaret yandırdım. Rauf özünəməxsus iri addımlarla, ləngərlənə-ləngərlənə gedirdi. Mən onun dalınca baxa-baxa qalmışdım. Ancaq o, bir dəfə də çönüb geri baxmadı – mən bunu elə istəyirdim ki...

Rauf Soltan döngəni burulan kimi şəhərin burulğanına düşüb yoxa çıxdı. Mən siqareti kötüyünə qədər sümürüb qonaq otağındakı divanın üstünə tirrəndim..."

Rauf Soltan mənim dalımca baxa-baxa qalmışdı. Mən bir dəfə də çönüb geri baxmadım. O, bunu elə istəyirdi ki...

8 dekabr 2014 – 14 yanvar 2015-ci il

# 2748 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #