Əgər evliliyə inanırsansa, bu roman səni sarsıdacaq!

Əgər evliliyə inanırsansa, bu roman səni sarsıdacaq!
19 iyun 2025
# 12:26

Kulis.az Gülzar Məmmədovanın ""Suzan Defter": itirilmiş, yorğun və parçalanmış həyatlar" yazısını təqdim edir.

Ayfer Tunç çağdaş türk ədəbiyyatının tanınmış yazıçılarından biridir. "Kapak Kızı", "Bir Deliler Evinin Yalan Yanlış Anlatılan Kısa Tarihi", "Yeşil Peri Gecesi", "Dünya Ağrısı", "Aziz Bey Hadisesi", "?şıklar Delidir ya da Yazı Tura", "Osman", "Kuru Kız", "Suzan Defter" romanları ilə ədəbiyyat sahəsinə geniş təsir bağışlayan yazıçı, hekayələri ilə də tanınır.

Tunç "Suzan Defter" romanını gündəlik üslubunda yazaraq hadisələri fərqli bir mövqedən diqqətə çatdırır. Bəhs olunan gündəliklər Ekmel və Deryaya məxsusdur. Bununla belə, gündəliklərin düzülüşü romanı maraqlı hala gətirən ən mühüm cəhətlərdən biridir. Kitabda səhifənin bir tərəfində Ekmel bəyin gündəliyindən bir hissə, qarşı tərəfdə isə Deryanın gündəliyindən bir hissə təqdim olunub. Müəllifin böyük diqqət və qayğı ilə yaratdığı bu texnika romanın sonuna qədər davam edir. Əsər əvvəlcə oxucuları texniki cəhətdən təəccübləndirsə də, sonrakı səhifələrdə vəziyyət qavranılır və iki gündəlik zehinlərdə bütövlük qazanır.

Suzan Defter Ayfer Tunç | Can Yayınları

Əsərdə iki rəvayətçi var; Ekmel bəy və Derya. Onlar hekayədə iştirak etdikləri üçün romanın həm nəql edənləri, həm də qəhrəmanıdırlar. Gündəliklərində hər iki qəhrəman öz həyat hekayələri ilə yanaşı, bir-birləri haqqında təəssüratlarını da danışırlar.

Romanda Ekmel bəylə Deryanın bədbəxt həyatlarından bəhs edilir. Lakin müəllif hər iki qəhrəmanın bədbəxtliyinin səbəblərini keçmişi ilə əlaqələndirir. Bu səbəbdən tez-tez onların uşaqlıq illərinə, valideynlərinin bir-biri ilə münasibətlərinə, ailə münasibətlərinə, evliliklərinə qayıdır. Birinci hekayə Ekmelə aiddir. Bu hekayədə o, uşaqlıq illərində yaşadığı problemləri, valideynləri ilə münasibətlərini, evliliyini, incikliklərini, bədbəxtliklərini ifadə edir. İkinci hekayə Deryaya aiddir. Ailəsindən, xüsusən də, qardaşı ilə olan problemlərindən, Suzandan, məyusluqlarından, tənhalığından da danışır.

Romanda, hekayənin yalnız müəyyən bir zamana həsr edilmədiyi görünür. Sözügedən hər iki rəvayətçinin tez-tez geriyə qayıtması və keçmişdə yaşadıqları problemləri dilə gətirmələri zaman məfhumunun pozulmasına səbəb olur. Zaman məfhumunun tez-tez geri dönüşlərlə kəsilməsi isə əsərdə diqqəti cəlb edən mühüm texniki xüsusiyyətlərdən biridir. Ona görə də "Suzan Defter" bu nöqteyi-nəzərdən adi roman üslubuna uyğun gəlmir.

Ayfer Tunç, demək olar ki, bütün romanlarında qəhrəmanlarının keçmiş həyatına və ailə həyatına geniş yer verir. "Suzan Defter"də Ekmel və Deryanın yaşadıqları psixoloji problemlərdə keçmişin, xüsusən də ailənin böyük payı olduğu düşünülür. Bu səbəbdən də müəllif bəhs olunan hər iki qəhrəmanın ailələrini, babalarını, nənələrini, atalarını, analarını və həyat yoldaşlarını geniş təsvir edir.

Romanın ilk rəvayətçisi Ekmel bəy ağsaçlı, təsirli, qəşəng və yaraşıqlı bir insan kimi təsvir olunur. O, hüquqşünasdır və iyirmi yeddi ildən sonra ofisini bağlamaqla karyerasını bitirir. Ailə üzvləri baba, ana, ata və iki böyük qardaşdan ibarətdir. Ailənin ən böyüyü babadır. Əsərdə onun iri dişlərinin olduğu bildirilsə də, zahiri görkəmi haqqında başqa bir məlumat verilmir.

Pəncərənin qabağında oturub bütün gün gülmədən, danışmadan çölü seyr edir. Ona görə də Ekmel bəy babasını evin ağır və yersiz bir parçası kimi görür. Tənbəl xasiyyətli bu qoca, doxsan iki yaşında intihar edərək həyatına son qoyur. Baba nəvəsinin gözündə lazımsızlığın simvoludur. Doğrudan da, gündəliyinin bir yerində "Babamın babası hiçliğin öyle üstüne basardı ki, canımızı acıtırdı" - deyərək o, babanın evdə ziddiyyətli və mənfi xüsusiyyətləri ilə seçilən bir insan olduğunu göstərir. Hekayədə nəvənin babası haqqında verdiyi bu detalda iki obrazın oxşarlığına işarə edir. Gündəliyində "Sabah pencerenin önünde oturdum. Genç hiçler geçiyordu caddeden. Onları izledim, yürürken birbirlerine omuz atıyorlar, ikide bir durup gülüyorlardı" cümləsində onun da babası kimi saatlarla pəncərənin qabağında oturduğu, yoldan keçənləri bir "heç nə kimi" gördüyü, həyatı da babasınınkı kimi "...acı bile vermeyen upuzun bir sıkıntıdan ibaret" olduğu başa düşülür. Bu qeyri-adi hal, susqunluq və heç kimlə danışmamaq istəyi baba ilə nəvənin oxşarlığını ortaya qoyur. Çünki nəvə də babası kimi sakit və narahatdır.

Deryanın zahiri görünüşü ilə bağlı məlumat Ekmel bəyin gündəliyindən əldə edilir. O, "...Otuzlu yaşlarının son evresinde, güzel denemeyecek bir kadındır", uzun boynu, nazik qövslü burnu var, bir az əyilmiş oturur. Gənc qadının ailəsi atası, nənəsi və böyük qardaşından ibarətdir. Ailənin ən böyüyü nənədir. Nəvəsinin gündəliyində "Ketum, sert (...), dalgın, huzursuz, mağrur, öfkeli" biri kimi təsvir edilir. Yaşlı qadının otağından həmişə "Ölümü çağrıştıran, gençliği solduran bir koku[nun]" gəlməsi Dəryaya ölümü xatırladır.

Ekmel bəyin babası və Deryanın nənəsi romanda ilk mənfi obrazlar kimi görünür. Çünki bu qocaların hər ikisi nəvələrinin gözündə ətrafa zülmət yaymaqla yanaşı, həm də ölümü xatırladır və gəncliyi soldurur. Odur ki, məqsədsiz, içinə qapanmış və sərt təbiətə malik olan baba və nənə, romanda bədbəxtliyin köklərinə işarə edir. Tunç bu yolla Ekmel və Deryanın həyatlarındakı bədbəxtlik və tənhalıqlarına işıq salır.

Ekmelin gündəliklərindəki ikinci mənfi şəxs onun anasıdır. Onun gözündə ana qəddardır. Gündəliyinin bir yerində anasını "Tunçtan dökülmüş melek heykeli[ne]" oxşadır. Qəhrəmanın bu metaforaları ananın soyuq şəxsiyyətini ortaya qoyur. Ananın övladları ilə bu soyuq münasibəti, əslində, Ekmelin ən mühüm problemlərindən biridir. Çünki o, ana sevgisi və məhəbbəti olmadan böyüyüb. Bunu gündəliyində "Annemin bağrını tanımadım desem yeridir" cümləsi ilə ifadə edir. Ana və oğul arasında uzaq münasibət olsa da, Ekmel anasının ölümündən sonra böyük bir boşluğa düşür. Qəlbindəki bu dərin ağrını "Yine de öldüğünde asitli bir acı dolaştı içimde. Sanki çırılçıplak sahneye çıkmıştım. Artık bana dileyen dilediği kötülüğü yapabilir, öylesine savunmasız ve yalnızım" cümlələri ilə ifadə edir. Anasızlıq, ana sevgisinin olmaması Ekmel bəydə sağalmayan dərin bir yaraya çevrilir və o, bu əskikliyi həyatında daima hiss edir. Gündəlikdə çəkilən bu mənfi ana profili Ekmel bəyin psixoloji və mənəvi böhranlarının başlanğıc nöqtəsi sayıla bilər.

Derya gündəliyində anasının adını çox çəkmir. Çünki anası vəfat edəndə onun altı yaşı var idi və ana sevgisinin, məhəbbətinin nə olduğunu bilmədiyinə görə də anasını heç kimlə əvəz etmir. Dəryada anasızlığın Ekmel bəydə olduğu kimi dərin yara açmadığı görünür.

Cənab Ekmel atası ilə həyatında ikinci məhvi yaşayır. O, gündəliyində atası ilə anası arasındakı soyuq münasibətdən bəhs edir. Onun sözlərinə görə, atası həyatında əks qütbünü tapa bilməyən birisidir və buna görə də evliliyində bədbəxtdir. Əslində, həyatının heç olduğunu və heç olaraq qalacağını çox erkən dərk etməsi zaman-zaman qəzəb tutulmalarına səbəb olur. Atadakı bu qəzəb, bədbəxt bir evliliyin təzahürü kimi görünür. Həyat yoldaşından hörmət və sevgi görmədiyi üçün özünə ikinci həyat qurur və dəfələrlə həyat yoldaşına xəyanət edir. Atanın qəzəbi və bədbəxtliyi evin digər üzvlərində də özünü göstərir. Avtoritar rəftarları, sıxıntıları, bədbəxtliyi Ekmelə mənfi təsir etsə də, atanın övladlarına münasibətinin ananınkı qədər sərt olmadığı diqqət çəkir. Onun yeganə narahatlığı həyat yoldaşı ilə bağlıdır. Çünki həyat yoldaşından hörmət və sevgi görmür.

Deryanın da ata problemi var, amma Ekmel bəydən fərqli olaraq o, atasını nifrətlə xatırlayır. "...kaba bir adamdı, sevgisini göstermekten hiç hoşlanmazdı" cümlələri ilə təsvir olunan ata, həyat yoldaşını itirdikdən sonra evdən uzaqlaşır və özünə başqa həyat qurur. Nadir hallarda gecələr evə baş çəkir və uşaqlarının bütün qayğılarını anasına həvalə edir. Gənc qadının gündəliyində atası ilə bağlı bu məlumat da ata-qız arasındakı soyuq və uzaq münasibətləri ortaya qoyur.

Ayfer Tunç: Soyutlama yeteneğinin gelişimi seyretmekten değil okumaktan  geçiyor – Nilay Örnek

Ekmel bəy gündəliyinə iki qardaşını da daxil edir. Onlar da ailədaxili bu problemlərə görə bədbəxtdirlər. Məsələn, böyük qardaşı onun gözündə qəbul edilmiş ümidsizlik, kiçik qardaşı isə qeyri-müəyyəndir. Bu qısa məlumat ailədəki bədbəxtliyin bütün fərdlərə təsir etdiyini göstərir.

Derya gündəliyində qardaşının da adını çəkir. Lakin onun qardaş profili Ekmel bəyin çəkdiyi qardaş profillərindən kəskin şəkildə fərqlənir. Ata sevgisindən məhrum böyüyən Derya, qardaşını özünə ata əvəzi olaraq görür və onu, həyatının sevgisi kimi müəyyənləşdirir. Bu fikrini "Abim babamdı. O her şeyi bilirdi. Ben hiçbir şey bilmezdim" cümlələri ilə ifadə edir. Onu böyük qardaşına yönəldən ən böyük səbəb atasızlığıdır. Suzanın həyatlarına daxil olması ilə bacı-qardaş arasında münasibətlər zamanla pisləşir. Beləliklə, gənc qadın ilk xəyanət hissini qardaşından yaşayır. Deryanın dediyinə görə, qardaşı Suzanı daha çox sevərək ona xəyanət edib. Hətta qardaşının Türkmənistanda olarkən sevgilisi Suzana daha çox məktub yazmasından inciyir. Hər halda, o, Suzanı özünə rəqib görür və Suzanın qardaşına olan böyük sevgisini qısqanır. Bu fikrini "...Benimmiş gibi anlattıklarımın benim olmaması içimi yakıyor" - deyərək ortaya qoyur. Derya özünü Ekmel bəyə Suzan kimi təqdim edir və onun sevgi hekayəsini sanki öz hekayəsi kimi danışır. Ancaq bir müddət sonra bu vəziyyətdən çox narahat olduğunu hiss edir. Qəhrəmanın içindəki boşluq həm sevgisizlikdən, həm də atası ilə əvəz etdiyi qardaşını bölüşmək istəməməsindən qaynaqlanır.

Suzanın bacı-qardaşın həyatına girməsindən sonra hər şey alt-üst olur və buna görə də aralarındakı sevgi üçə bölünür. Gündəliyinin bir yerində Derya "Biz üç kişiydik; oysa aşk iki kişiliktir" - deyir. Amma bu vəziyyətdən ən böyük itkini Derya görür. "...Suzan'sa abimin değil, benim hayatıma girmiş meğer. Hala hayaleti dolanıyor içimde" - deyərək Suzanın həyatında yaratdığı böyük dağıntını dilə gətirir. Gənc qadın keçmişi xatırladıqca daha da yorulur və eyni problemləri bir daha yaşamamaq üçün əvvəlcə qardaşından, sonra ətrafından uzaqlaşır, tənhalaşır və həyatdan küsür. Deryanın bu tənhalığını gündəlikdə keçən "Bütün gün yağmur yağdı durdu. Fırtına vardı. (...). Battaniyeye sarındım. Pencerenin önünde oturdum. Yalnızlıktan ağladım" cümlələrindən anlamaq mümkündür.

Cənab Ekmelin keçmişindəki acı xatirələrdən biri də bazar günləridir. Gündəliyində "Pazar günleri, hayatın intikam günleri[ydi]"- deyir.

"Evimizde en şaşırtıcı kavgalar pazar günleri patlardı, ev halkının ortak fanusu içinde birbirini aralıksız solumasıyla. Birbirimizin soluğunu ve tenini, en gevşek halini, yumuşak karnını, acıyacak yanını, sert çehresini, aptal anlarını, hesaplı bakışlarını pazar günleri görürdük. Pazar günleri birbirimizi topluca görürdük. Uzadıkça gerginleşen kahvaltıların ardından babamın anneme dair ümitlerinin yorgunluğuna bağlı olarak seyri değişen günlerdi. Babam, durduk yere kalkın, giyinin gezmeye gidiyoruz diye tuttururdu. Ben sevinerek koşarken giyinmeye, annemin küçümseyen bakışlarıyla dizlerim tutulurdu".

Bazar günləri ilə bağlı bu nizam Ekmelin evliliyində də davam edir. "Evliliğimin pazar günleri diğerinin aynıydı" - deyərək həyatında dəyişməz döngəni vurğulayır. İndi həyatında bazar günlərini xatırladan hər şeydən uzaq durur. O, bazar günlərində səhər yeməyini, bazar günü qəzetlərini və ailə ziyarətlərini aradan qaldırır. Ancaq pəncərədən bayıra baxanda şəhərin səssizliyi ona günlərdən bazar olduğunu həmişə xatırladır.

Romanda Ekmel bəylə Derya da bədbəxt evlilikləri ilə diqqət çəkirlər. Ekmel bəy gündəliyində həyat yoldaşı ilə arasında sevgi olmadığını, həyat yoldaşının ona dəyər vermədiyini və bu səbəbdən evliliklərinin zamanla korlandığını qeyd edir. Sevgi olmayan evdə heç bir şeyin dəyəri yoxdur; insanlar və əşyalar öz əhəmiyyətini itirir və hər şey getdikcə dəyərsizləşir. Ekmelin qızı Bilge də bu bədbəxt evliliyin məhsulu olaraq dünyaya gəlib. Gündəliyin sətirləri arasında o, atasının gözündə dəyərsiz bir varlıq kimi təsvir edilir. Gündəliyində bunu "Niye Bilge koydum ki adını? Zararsız bir çiçek adı koysaydım keşke: Nergis, Çiğdem, Fulya, hatta Gül" cümləsindən də anlaşıldığı kimi, ata qızının adı ilə tamamlanan xasiyyətindən narazıdır.

Ata ilə qızı arasındakı bu soyuqluq Ekmellə anası arasındakı qırılan münasibətə bənzəyir. Ekmel bəyin özü də bədbəxt bir evliliyin məhsuludur. O da ailə qurub və bu bədbəxt evliliyindən öz təbirincə, "eybəcər" bir övlad dünyaya gəlib.

Ekmel kimi Deryanın da evliliyi bədbəxt olub. Sonradan əri Cihanla evlənmənin səhv olduğunu anlayır, "...evden giden ben olayım, enkazı ona devredeyim. Boşluğun acısını o çeksin" - deyərək yaşadığı evi tərk edir, hər şeydə olduğu kimi, sevgiyə də inamını itirir, getdikcə tənhalaşır və içinə qapanır.

Göründüyü kimi, romanda Ekmel və Derya bədbəxtlikləri ilə seçilirlər. Şübhə yoxdur ki, bu qəhrəmanların hər ikisinin bədbəxtliyinin təməlində bədbəxt uşaqlıq, bədbəxt valideynlər və bədbəxt evliliklər dayanır. Bu bədbəxt, özünə qapalı ruh halı onları həm cəmiyyətdən uzaqlaşdırdı, həm də evlərinə qapanmağa məcbur etdi. Ekmel bəyin fikrincə, ev ana bətnidir, ən etibarlı yerdir. Belə olan halda Ekmel bəyin evə qapanmasını anasına həsrət, anasının yanına qayıtmaq arzusu kimi də anlamaq olar.

Cənab Ekmel gündəliyində həyatın nə olduğu ilə bağlı özünə suallar verir. "Düşündüm, BİR HAYAT NEDİR? Başlar ve biter, BİR HAYAT NEDİR? Acı ve tatlıdır, unutulur hepsi, BİR HAYAT NEDİR? Emin olmasam da 'hayat bir iz bırakmaktır' diyebilirim. Mezar taşı bir iz sayılır mı, emin değilim. Razı olan için mezar taşı bir izdir. Ben razı değilim. Gerçi elimden ne gelir?" cümlələri onun həyatda bir iz buraxmaq istədiyini, lakin bunu bacarmadığını göstərir. Görünən odur ki, Ekmel bəy yaşadığı dövrdən uzaq, gələcəyə ümidsizdir. Keçmiş də, gələcək də onda parçalanmışdır. Bu parçalanmanın mənbəyinin ilk növbədə onun ailəsi olduğu anlaşılır. Valideynləri arasındakı problemlər, anasının ailə münasibətlərindəki soyuqluğu və qəzəbli bir ata, Ekmel bəydə sağalmaz yaralar açıb. "Annem evimizi ev yapmamıştı" cümləsindən də anlaşıldığı kimi, ananın üzərinə düşən vəzifələri yerinə yetirmədiyi və bütün ailənin bu səbəbdən dağıldığı görünür.

Ekmel bəy gündəliyinə ölümdən bəhs etməklə başlayır. Bu başlanğıc onun ruhi vəziyyəti haqqında mühüm məlumatlar verir. O, özündən və həyatından razı deyil.

Derya da Ekmel bəy kimi həyatdan küsmüşdür. Anasını itirməsi, daha sonra atasının evdən uzaqlaşması ilə böyük dağıntılar yaşayan gənc qadın, yeganə dayağı olan qardaşına bağlansa da, Suzanın həyatlarına daxil olması ilə aralarındakı münasibət korlanmış və qopmuşdur. Zaman keçdikcə ətrafı ilə əlaqəsini kəsir və evdə təcrid olunur. O da Ekmel bəy kimi özünü həyatdan bezmiş hiss edir. Ölüm, kədər, ümidsizlik və məqsədsizlik də Deryanın ruh halının qabarıq xüsusiyyətləridir.

Əsərdə bu iki yaralı təsadüfən qarşılaşır. Ailələri, uşaqlıq və gənclik illəri, evlilikləri, indiki həyatları, problemləri oxşardır. Ekmel bəy tənhalıqdan bezmiş, danışmağa adam tapmaq bəhanəsi ilə evini satışa çıxarır. Bu münasibətlə özünə uyğun dost axtarır. Evə zəng edənlərdən biri də Deryadır. Onu da tənhalıq bürüyür, əslində ev almayacaq, danışıb tənhalığından qurtulmaq istəyir; onlar Ekmel bəylə satılıq ev vasitəsilə tanış olurlar. Bu, "Kendine benzeyen bir damla arayan ve bir türlü suya karışamayan iki yağ damlası[nın]", iki tənha adamın görüşüdür.

Nəticə

Bütün bu misallar və hər iki personajın gündəliklərində tez-tez keçmişdən, ailə üzvlərindən bəhs etməsi onların problemlərinin mənbəyinin uşaqlıq illərində, ümumiyyətlə valideynləri ilə münasibətlərində olduğunu göstərir. Klassik psixologiyanın banisi Freydin fikrincə, psixi pozğunluqların və bəzi depressiyaların səbəbləri, insanın öz şüuraltına basdırdığı və ya şüursuzluğuna itələdiyi xatirələrlə bağlıdır. Bu səbəbdən Freyd analizlərində xəstənin keçmişinə, xüsusilə uşaqlıq illərinə gedir və valideynləri ilə münasibətinə diqqət yetirir. "Suzan Defter"də, hər iki obrazın bədbəxtliyinin, ümidsizliyinin, tənhalığının, cəmiyyətdən qopmasının kökündə "bədbəxt ailə həyatı", avtoritar atalar, ana və ya ata sevgisindən məhrum olmaq kimi problemlər dayanır. Bədbəxtlik babadan, atadan və ya anadan uşaqlara miras qalan dəyişməz tale kimidir. Uşağın həyatı onun böyüdüyü sosial mühitlə eyni ardıcıllıqla davam edir. Ekmel və Derya misallarında da göründüyü kimi, keçmiş gələcəyi qurur. Tunçun romanı, bədbəxt insanların qalereyasına bənzəyir, bədbəxtlik isə onlara keçmişdən qalan mirasdır.

# 111 dəfə oxunub

Oxşar xəbərlər

Ölüm yox olsaydı, nə baş verərdi? - Fərid Hüseyn

Ölüm yox olsaydı, nə baş verərdi? - Fərid Hüseyn

09:00 18 iyun 2025
...Tanrıdan yazılantək

...Tanrıdan yazılantək

15:42 17 iyun 2025
"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:00 17 iyun 2025
Ceyms Coys oxumaq niyə qorxuludur? - Qismət

Ceyms Coys oxumaq niyə qorxuludur? - Qismət

11:12 16 iyun 2025
Allahı öldürən filosof - Fəxri Uğurlu

Allahı öldürən filosof - Fəxri Uğurlu

09:00 13 iyun 2025
"Bu hekayə alınmayıb..." - Furqanın yeni hekayəsi haqqında

"Bu hekayə alınmayıb..." - Furqanın yeni hekayəsi haqqında

11:00 11 iyun 2025
#
#
# # #