İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?
28 iyun 2025
# 10:00

Kulis.az Məcid Rəşadətoğlunun "Xalq yazıçısı İmran Qasımovun Naxçıvanla bağlılığı..." yazısını təqdim edir.

Ötən günlərdə ikicildlik Naxçıvan Ensiklopediyasını vərəqləyərkən maraqlı bir fakta rast gəldim. Bildiyiniz kimi, bu cür nəşrlərdə, əsasən, ensiklopedik məlumatlara – regionun tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə və tanınmış şəxslərinə dair dəqiq faktlara yer verilir. Elə həmin kitabda da Naxçıvanda dünyaya gəlmiş, həyatının müəyyən bir dövrü Naxçıvanla bağlı olmuş görkəmli şəxsiyyətlər haqqında informasiyalar oxuculara sadə və anlaşılan dildə təqdim olunub. Kitabın tarixi şəxsiyyətlərə həsr olunmuş bölməsində gözüm tanış bir ada – Xalq yazıçısı İmran Qasımovun adına və fotosuna sataşdı. Düzü, bu məqam məni bir qədər təəccübləndirdi. Çünki bildiyimə görə, “Uzaq sahillərdə” povestinin müəllifi olan İmran Qasımov Bakıda doğulmuş, orada təhsil almış və həyatının böyük bir hissəsini paytaxtda keçirmişdi. Atası Haşim kişi də Bakıda dünyaya gəlmiş, öz dövrünün savadlı mühəndislərindən, ziyalılarından biri olmuşdur. Həm atanın, həm də oğulun tərcümeyi-halında onların Naxçıvanla birbaşa bağlılığından geniş bəhs olunmur. Bu sual məni düşündürdü: “Bəs görəsən, İmran Qasımovun həyatı və yaradıcılıq yoluna Naxçıvan Ensiklopediyasında nə səbəbə yer verilib? Onun Naxçıvanla nə kimi bağlılığı var?”

Bu məsələni aydınlaşdırmaq üçün məlumatı 20 mindən çox izləyicisi olan “Naxçıvanlılar” qrupunda və şəxsi sosial şəbəkə hesabımda paylaşdım. İctimaiyyətə belə bir çağırış etdim ki, İmran Qasımovun Naxçıvanla əlaqəsinə dair dəqiq biliyi olan ədəbiyyatşünaslar, tədqiqatçılar, ziyalılar bu məlumatları bizimlə bölüşsünlər. Qısa zamanda paylaşım geniş marağa səbəb oldu. Maraq doğuran faktlar və dəyərli fikirlər yazıldı. Nəticədə çox maraqlı bir tarixi məqamı gündəmə gətirmiş olduq. Məlum oldu ki, İmran Qasımovun Naxçıvanla bağlılığı o dünyaya gəlməmişdən bir neçə nəsil əvvələ – yazıçının ata-baba kökünə gedib çıxır...

İmran Qasımov, əslində, məşhur Qasımovlar nəslindəndir. Bu nəslin ən tanınmış nümayəndələri XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakının tikinti sahəsində silinməz iz qoymuş “Qasımov qardaşları və K” şirkətinin qurucuları olmuşlar. Qasımov qardaşları Bakıda İsmailiyyə Sarayı, Səadət Sarayı, Yeni Avropa oteli, Mitrofanovun sarayı və digər monumental binaların inşasında böyük xidmətlər göstərmişlər. Eyni zamanda, mesenat Musa Nağıyevin sifarişi ilə inşa olunmuş bir çox binaların da tikintisini həyata keçirmişlər. Tədqiqatçı Fuad Axundovun araşdırmalarına görə, o dövrdə İstiqlaliyyət və 28 May küçələrində tikilən binaların demək olar ki, hamısını bu qardaşlar inşa etmişdir.

Onlar təkcə tikinti ilə deyil, həm də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuş, maarifçiliyə diqqət göstərmiş, cəmiyyətə töhfə verməyə çalışmışlar. Qasımov qardaşlarının atası Hacı Məmməd Əli Molla Qasım oğlu isə Naxçıvanın Ordubad rayonunda xalça yununun rənglənməsi ilə məşğul olan bir emalatxananın sahibi olub. Deməli, bu ailənin Naxçıvanla bağlılığı da elə buradan başlanır. Daha sonra qardaşlar Bakıya köçərək burada peşəkar fəaliyyətə başlayıblar və zamanla Naxçıvanla birbaşa əlaqələri zəifləyib...

Böyük qardaş Hacı Qasımov 1867-ci ildə anadan olub. Bakıya gəlib xarratlıqla məşğul olub. Qısa müddətdə ətrafına peşəkar ustalar toplayıb və tikinti arteli yaradıb. Daha sonra qardaşları ilə birlikdə tam tikinti işlərini həyata keçirən şirkət qurub. Sifarişçilər layihə ilə tanış olduqdan sonra ödəniş edib və təyin olunmuş vaxtda hazır işi təhvil alıblar. Şirkət tikinti materiallarının alınması və çatdırılması, tikinti işlərinin aparılması, fasadların bədii tərtibatı, apartamentlərin hazırlanması və digər sahələrdə tam məsuliyyəti üzərinə götürüb. Sonralar qardaşlar Bakıda parket zavodu da açıblar.

Ortancıl qardaş Əli Qasımov 1873-cü ildə anadan olub. O, qurulan şirkətdə maliyyə məsələlərinə nəzarət edib.

Kiçik qardaş İmran Qasımov isə həm tikinti işlərində uğur qazanıb, həm də incəsənətə və teatra böyük maraq göstərib. Azərbaycanın ilk aktyorlarından biri olub. 1907-ci ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə ilk milli Azərbaycan operası olan “Leyli və Məcnun”un məşqləri Qasımovların evinin üçüncü mərtəbəsindəki geniş zalda keçirilib. 25 yanvar 1908-ci ildə opera ilk dəfə səhnəyə qoyulanda İmran Qasımov iki rolda çıxış edib – Leylinin atası Fəttah və Məcnunun dostu Zeyd. “Kəngərlinski” səhnə adı ilə tanınıb. Azərbaycan, rus və fransız dillərini bilib. Xeyriyyəçi kimi tanınıb, bir çox aktyorların ailəsinə maddi dəstək verib.

İstiqlaliyyət və Murtuza Muxtarov küçələrinin kəsişməsindəki tanınmış kitab mağazası yandıqdan sonra onun təmirini öz üzərinə götürüb və mağazaya qiymətli kitablar da alıb. 1914-cü ildə Saədət Sarayının podratçısı olan İmran Qasımov binanın eyvanındakı cəngavər heykəlini yerləşdirərkən yerə yıxılıb və həyatını itirib. Onun həyat yoldaşı Rübabə xanım bu faciəyə tab gətirə bilməyib, iki həftə sonra intihar edib...

25 noyabr 1918-ci ildə böyük qardaş Hacı Qasımovun nəvəsi dünyaya gəlib. Hacı Qasımov dünyasını dəyişmiş qardaşının xatirəsini yaşatmaq üçün nəvəsinə İmran adını verib. Bu ailədə dünyaya göz açan balaca İmran Qasımov sonradan Azərbaycanın tanınmış dramaturqu, kinossenaristi, Xalq yazıçısı kimi tanınıb, SSRİ Dövlət Mükafatı və “Lenin” ordeni laureatı olub. Bəli, bu şəxsiyyət haqqında danışdığımız Azərbaycan SSR Xalq yazıçısı İmran Qasımovdur. O, Azərbaycan ədəbiyyatına onlarla maraqlı povest və pyeslər verib. Bunlara “Uzaq sahillərdə”, “Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir”, “İnsan məskən salır” , “Arzu”, “Xəzər üzərində şəfəq” və digər əsərləri misal göstərə bilərik. Bununla yanaşı, İmran Qasımov həm də savadlı və peşəkar ssenarist kimi tanınıb. Yeni horizont (film, 1940), Sovqat (film, 1942), Əbədi odlar ölkəsi (film, 1945), Bakıdan Göy-gölədək (film, 1947), Axşam konserti (film, 1948) və digər ekran əsərləri də İmran Qasımovun ssenarisi əsasında ərsəyə gəlib. Bununla belə, İmran Qasımov uzun illər Azərbaycan Yazıçılar Birliyinin (o zaman ittifaq idi – M.R) birinci katibi olub. O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim kimi tanınıb, tez-tez xarici ölkələrə səfərə çıxıb, müxtəlif görüşlər, böyük xalqlar, maraqlı adamlar haqqında xatirələr yazıb...

Azərbaycan SSR Xalq yazıçısı İmran Qasımov 1981-ci ildə dünyasını dəyişib və I Fəxri xiyabanda dəfn olunub...

# 375 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, sadəcə bir ailənin faciəsi deyil!" - Rusiyada azərbaycanlılara qarşı faşizmin səbəbi nədir?

"Bu, sadəcə bir ailənin faciəsi deyil!" - Rusiyada azərbaycanlılara qarşı faşizmin səbəbi nədir?

13:52 28 iyun 2025
"Bütün kişiləri döyüb apardılar" - Səfərovlar ailəsinə sübh tezdən edilən basqının təfərrüatları

"Bütün kişiləri döyüb apardılar" - Səfərovlar ailəsinə sübh tezdən edilən basqının təfərrüatları

13:52 28 iyun 2025
Azərbaycanlılara qarşı qəbuledilməz zorakılıq! - Rusiyada nə baş verir?

Azərbaycanlılara qarşı qəbuledilməz zorakılıq! - Rusiyada nə baş verir?

12:57 28 iyun 2025
Səlim Babullaoğlu  Rusiyanın yazıçılar birliklərinə müraciət edib - Yekaterinburqdakı əməliyyatla  bağlı

Səlim Babullaoğlu Rusiyanın yazıçılar birliklərinə müraciət edib - Yekaterinburqdakı əməliyyatla bağlı

12:48 28 iyun 2025
Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə - Rusiyanın rəsmi açıqlaması

Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə - Rusiyanın rəsmi açıqlaması

11:16 28 iyun 2025
“Ana Kür”ün ifaçısı 100 yaşında...

“Ana Kür”ün ifaçısı 100 yaşında...

11:00 28 iyun 2025
#
#
# # #