Azərbaycanlılara qarşı qəbuledilməz zorakılıq! - Rusiyada nə baş verir?

Azərbaycanlılara qarşı qəbuledilməz zorakılıq! - Rusiyada nə baş verir?
28 iyun 2025
# 12:57

Kulis.az Nadir Yalçının iyunun 27-də Yekaterinburqda baş verən faciə ilə bağlı yazısını təqdim edir.

Ruscadan dilimizə ən gözəl tərcümə əsərlərini ərsəyə gətirənlərdən biri, 30 ildir Azərbaycan mətbuatına, ədəbiyyatına xidmət edən, yorulmadan, usanmadan gənc nəsil jurnalist-yazıçı-şairlərin püxtələşməsində müstəsna rol oynayan, heç kimin toyuğuna “kış” deməyən, sakit, əmin həyat sürən “525-ci qəzet”in baş redaktor müavini, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynlinin ailəsinə 100 illərdir Azərbaycana qənim kəsilən ruslar divan tutub, müsibət peydahlayıb.

Məlumat üçün qısa arayış; Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 9 nəfər saxlanılıb.

Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri — Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərovun isə Rusiya vətəndaşıdır. Əslən Ağdam rayonundan olan Səfərov qardaşları restoran biznesi ilə məşğul olublar. Yekaterinburqda yerləşən “Kaspi” restoranı onlara məxsus olub.
Rəsmi təsdiqlənməyən məlumata görə, Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb 2001-ci ildə Ağdam rayonundan olan Yunis adlı şəxsin qətl hadisəsi olub.

Bir şəxsin, bir ailənin yox, bir nəslin, obanın faciəsinə səbəb olan bu qandonduran hadisənin təfərrüatları tam aydın olmasa da, bəllidir ki, FSB 2001-ci ildə öldürülən ağdamlı Yunisin təəssübünü çəkməyib. Ümumiyyətlə, Rusiya heç vaxt heç bir azərbaycanlının təəssübünü çəkəcək nəcibliyə sahib olmayıb. Heç buna ehtiyac da yoxdu, özümüz öz təəssübümüzü çəkdik, 2020-ci ilin payızındakı kimi… Bəs 24 il sonra bir cinayəti mahnı edib illərdir dırnaqları ilə torpaq qazan zəhmətkeş ailəyə, onların timsalında bütün azərbaycanlılara gözdağı vermək hardan yada düşdü?!

Seyfəddin Hüseynli açıqlamasında bildirib ki, qardaşı Ziyəddin Səfərov Rusiyada Azərbaycan diasporası naminə fəaliyyət göstərib. Yek söz demək çətindi, amma bu “əməliyyat”ın vəhşilik dərəcəsi imkan verir ki, xüsusi ambisiyaların, maraqların, sifarişin olduğu barədə bizdə şübhələr yaransın.

Rusiya regional İstintaq Komitəsi və DİN-i məsələ ilə bağlı üstüörtülü məlumat yayıb. Kim bilir, bəlkə də, AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri kimi bu məsələ barədə də aydın açıqlama əldə edə bilməyəcəyik. Təəssüf ki, qonşuluqdakı Rusiya müxtəlif hakimiyyətlər, adlar altında bütün dövrlərdə buna bənzər və miqyası bundan çox-çox böyük olan fəlakətlər törədib. 7 ay ərzində iki hadisə isə bir az çox oldu. Səmimi desəm, Aktaudakı fəlakət miqyasında olmasa da, onun acısını yaşatdı ağdamlı qardaşların başına gələn hadisə…

Azərbaycanın qələm adamlarının sosial hesabındakı çağırışları və APA-nın əldə etdiyi özəl məlumatlarla gündəmə gələn bu məsələyə Azərbaycan hökumətinin də reaksiyası yubanmadı. Ziyalıların bir-birindən kopyalayıb paylaşdığı mətnlə aşağı-yuxarı eyni olan Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik. Bəli, məhz bəyanatda da belə yazılıb: “Qəbuledilməz zorakılıq”.

Məsələnin emosianal tərəfi o qədər dərindir ki, yazıya köçürməyə adamın əli gəlmir. Amma Seyfəddin Hüseynlinin açıqlamalarını oxuduqca bir az da hiddətlənir və ağrılarının kodlarını, rüşeymlərini, keçmişin qaysaq bağlamayan yaralarını yada salır insan. Hesab edin ki, bir böyük ailəyə 20 Yanvar faciəsi yaşadıblar. 20 Yanvar Bakının faciəsi idisə, 27 iyun azərbaycanlılardan ibarət böyük ailənin faciəsi oldu. Bir oxşar tərəfi var: ikisini də rus törədib…

"Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik. Mən qardaşlarımı yaxşı tanıyıram tərbiyələrini də, mənəviyyatlarını da. Onlar oradakı ən nümunəvi azərbaycanlılardandır. Hətta biri 37 ildir ki, Rusiya vətəndaşıdır və Azərbaycan diasporunun çox ləyaqətli, nüfuzlu üzvüdür”, — Seyfəddin müəllim deyib.

Hələ işğaldan azad olan torpaqlarından doymayan, doyunca oraları gəzməyən ailə 2 tabut aparacaq Qarabağa.

Bu ağır gündə Seyfəddin Hüseynliyə və parça-parça olan ailəsinə təmkin arzulayıram…

P.S. Bu xəbəri İstanbulda eşitdim. 30 ildir Seyfəddin Hüseynli ilə çiyin-çiyinə işləyən Əməkdar jurnalist Yusif Rzayevə gecə mesaj yazdım. Dedi, yoldayam, Seyfəddinin yanına gedirəm… Sonra yenə düşündüm, görəsən, Seyfəddin müəllim bir də əvvəlki şövqlə yazıları redaktə edə biləcək?.. Adamları belə-belə məhv edirlər…

# 462 dəfə oxunub

Oxşar xəbərlər

Nadir İsrafilov dünyasını dəyişdi

Nadir İsrafilov dünyasını dəyişdi

15:58 28 iyun 2025
Çinli rejissor «Sakit Don»u  səhnələşdirəcək

Çinli rejissor «Sakit Don»u səhnələşdirəcək

15:50 28 iyun 2025
Stiven Spilberq: Təqaüdə çıxmaq fikrim yoxdur...

Stiven Spilberq: Təqaüdə çıxmaq fikrim yoxdur...

15:30 28 iyun 2025
“Türk kinosunun Sultan”ı  80 yaşında

“Türk kinosunun Sultan”ı 80 yaşında

14:27 28 iyun 2025
"Bu, sadəcə bir ailənin faciəsi deyil!" - Rusiyada azərbaycanlılara qarşı faşizmin səbəbi nədir?

"Bu, sadəcə bir ailənin faciəsi deyil!" - Rusiyada azərbaycanlılara qarşı faşizmin səbəbi nədir?

13:52 28 iyun 2025
"Bütün kişiləri döyüb apardılar" - Səfərovlar ailəsinə sübh tezdən edilən basqının təfərrüatları

"Bütün kişiləri döyüb apardılar" - Səfərovlar ailəsinə sübh tezdən edilən basqının təfərrüatları

13:52 28 iyun 2025
#
#
# # #