Yuzif Vəzir necə böyük yazıçıdan vətən xaininə çevrildi?

Yuzif Vəzir necə böyük yazıçıdan vətən xaininə çevrildi?
18 fevral 2013
# 08:00

Kulis.az “37” layihəsində tənqidçi Hidayət Əfəndiyevin Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” romanı haqqında yazdığı bir-birinə zidd iki məqaləni təqdim edir.

Məqalələrdən biri “Ədəbiyyat qəzeti”nin 1936-cı il 7 noyabr tarixli sayında dərc edilmiş “Nəsrimiz yüksək keyfiyyət yollarında” adlanır. Bu yazıda Çəmənzəminli yaradıcılığı yüksək qiymətləndirilir.

İkinci yazı isə təxminən 5 ay sonra dərc olunmuşdur. “Kommunist” qəzetinin 10 aprel 1937-ci il tarixli sayında dərc edilmiş bu “Ədəbiyyatda kontrrevolyusioner sarsaqlama əleyhinə” yazısında Yusif Vəzirin eyni adlı romanı olduqca kəskin şəkildə tənqid olunur.

“Nəsrimiz yüksək keyfiyyət yollarında”

(İxtisarla)

Partiyamızın 1932-ci il aprel qərarı Azərbaycan sovet bədii nəsri qarşısında tamamilə yeni perspektivlər açdı. Nəsrimiz yeni bir inkişaf pilləsinə qalxdı.

Partiya özünün tarixi aprel qərarı ilə ədəbiyyat hərəkatımızın istiqamətini doğrultdu. Bu qərar Azərbaycan sovet nəsrinin inkişafı üçün tamamilə yeni imkanlar yaratdı. Nəsrimizin qarşısında geniş üfüqlər açdı. Ədəbiyyat mühitinin havası dəyişdi. Köhnə yazıçılara qarşı olan yanlış münasibət kökündən dəyişdi. Sosializm işinə ürəkdən xidmət etmək istəyən köhnə yazıçılar öz talantlarını, öz bacarıqlarını, öz intereslərini dövrün tələblərinə bağlamağa çalışaraq möhkəm addımlarla sovet platformasına doğru yönəldilər. Geniş ədəbi lövhələr yaradıcılığı, böyük problematik roman və tarixi roman janrı nəsrimizdə bu qərardan sonra özünə geniş inkişaf sahəsi tapmışdır.

Bizim Ordubadi, Çəmənzəminli kibi bacarıqlı yazıçılarımızın tarixi roman janrına girişmələri bu müsbət hadisəyə canlı misal ola bilər. Bu cəhətdən Ordubadinin tarixi tema üzərindəki təcrübəsi çox xarakterikdir. Çünki Ordubadi özünü tarixi tema yolunda yenidən qurmuş və bu tema vasitəsilə sovet nəsrinin ilk sıralarına keçmişdir. Buna görə də onun “Dumanlı Təbriz” əsərinin müvəffəqiyyəti heç bir cəhətdən, heç bir dərəcədə təsadüfi deyil. İstər “Dumanlı Təbriz”in ikinci və üçüncü hissəsi və istərsə “Gizli Bakı” və hökümət müsabiqəsində mükafatlandırılmış “Döyüşən şəhər” Ordubadinin bu yolda hələ daha böyük müvəffəqiyyətlər əldə edəcəyinə ümidlər verir.

Çəmənzəminlnin “Qızlar bulağı” və “Studentlər” əsərinin bu son ildə çapdan çıxmış ikinci hissəsi də tarixi janr yolunda atılmış müvəffəqiyyətli addımlardan biridir. Bu əsərlərin canlı tarixi materialı üzərində oxucu keçmişi dərk edir. Hal-hazırın və gələcəyin mahiyyətini düşünməyə başlayır. Çəmənzəminli yeni sovet temasında hələ böyük əsərlər verməmişdirsə də onun son dövr yaradıcılığında bu yola doğru müəyyən bir hərəkət hiss olunur.

Yeni sovet temasında bizim mürəkkəb həyatımızın dərin münasibətlərini açıb göstərə bilmək üçün sovet həyatını dərindən öyrənmək bu gün belə bizim yazıçılarımız qarşısında ciddi və məsuliyyətli bir vəzifə kibi durmaqdadır.

P.S. Məqalənin ardında Mir Cəlalın “Dirilən adam”, Əbülhəsənin “Dünya qopur”, Sabit Rəhmanın “Vəfasız”, Mehdi Hüseynin “Kin”, Ənvər Məmmədxanlının “Bakı gecələri” əsərlərinin yüksək bədii keyfiyyətlərindən bəhs olunur.

“Ədəbiyyatda kontrrevolyusioner sarsaqlama əleyhinə”

Sovet yazıçısı üçün öz əsərində milyonlarla işçi və yoxsul kəndli kütlələrinin revolyusiya uğrunda mübarizəsini əks etdirmək və revolyusion mübarizə təcrübəsi üzərində yüz minlərlə oxucu kütlələrinin şüurunu tərbiyələndirməkdən daha şərəfli bir vəzifə düşünmək doğrudan da çətindir.

Professional revolyusionerlərin və revolyusiya başçılarının necə, hansı şəraitdə yetişməsini, bəşəriyyətin azadlıq yolunda qəhrəmancasına çarpışan bolşevik nəslinin necə yarandığını, hansı sınaqlardan keçərək bərkidiyini göstərmək yazıçı qarşısında mübarizə və qəhrəmanlıq sevinci pafosu ilə dolu yeni bir aləm aça bilər.

Revolyusion fəaliyyət dövründə qorxu bilməyən mərd oğulların obrazlarını yaratmaq yazıçılarımız üçün bu gün belə ən aktual, ən ciddi və maraqlı bir tema olaraq qalmaqdadır. Bu tema üzərində yazıçı özünü imtahandan keçirərək öz yenidən qurulmasını real bir şəraitə sala bilər. Bu tema yazıçının sayıqlığını artırar, hadisələri daha yüksək şüur pilləsində mənalandırmağa, ictimai varlığı daha dərindən duymağa və anlamağa doğru apararaq, ədəbiyyatımızda yeni səhifələr aça bilər.

Ancaq bizdə bəzi yazıçılar var ki, bu temanın ciddiliyinə və əsl mahiyyətinə göz yumaraq, bu temadan başqa yolda istifadə etmişlər. Bu yazıçılar haman temadan revolyusion hadisələri təhrif etmək, Lenin partiyasının qəhrəman fəaliyyətini ört-basdır etmək, revolyusiya rəhbərlərinin rolunu əhəmiyyətdən salmaq və yaxud açıqdan-açığa inkar etmək yolunda istifadə etmişlər. Bu kibi yazıçıların ən tipik nümayəndəsi yazıçı Yusif Vəzirdir (Çəmənzəminli).

Yusif Vəzir özünün “Studentlər” əsərində (Azərnəşr. 1935-ci il) Oktyabr sosialist revolyusiyasına, bu revolyusiyanı yaradan qəhrəman rus proletarlarına və revolyusiya hərəkatının Lenin və Stalin kibi dahi rəhbərlərinə sağlam dünyagörüşü ilə yanaşmamış, daha doğrusu, bunları bizə düşmən cəbhədən qiymətləndirməyə çalışmışdır. Yusif Vəzir öz əsərində 1917-ci il hadisələrinə, kəskin sinfi mübarizəyə və vətəndaş müharibəsi şəraitində revolyusiyanın qalibiyyətinə qarşı siyasi duyğusuzluq və korluq göstərərək, revolyusiyanın hərəkətverici qüvvələrini aça bilməmiş, işçi sinfi və əməkçi kəndli kütlələrinin rolunu başdan-başa təhrif etmiş, bolşevik təşkilatının fəaliyyətini və Leninin revolyusiyadakı rəhbərliyini açıqdan-açığa inkar etmişdir.

Yusif Vəzirə görə revolyusiya hər şeydən əvvəl başsız, başçısı olmayan, heç bir siyasi məqsəd təqib etməyən, heç bir siyasi mərkəzlə bağlı olmayan özbaşına bir hərəkat və yaxud özünün dediyi kibi, anarxiyadır. Yusif Vəzir öz əsərində dünyanı sarsıdan bu revolyusiyada Leninin və Stalinin dahiyanə rəhbərliyini qəti surətdə qeyd etməmişdir. Yazıçıya görə Lenin bu hərəkatda özünün yalnız bir çıxışı ilə məşhurdur.

Yusif Vəzirə görə bolşeviklər partiyası və Oktyabr sosialist revolyusiyasının yaranmasında mübarizə və qəhrəmanlıq xarüqələri göstərən sadiq bolşeviklər, mübarizənin qızğın vaxtında xarici ölkələrə qaçıblarmış...

Yazıçı sadədil oxucuları inandırmağa çalışır ki, Leninin bolşevik təşkilatına və revolyusion mübarizəyə dəvət etdiyi işçi və kəndlilərdə heç bir şüur və iradə olmamışdır. Onlar revolyusiya “axınına” başıpozuq, düşüncəsiz, qeyri-iradi bir halda qoşulmuşlar. Bu xüsusda Yusif Vəzir çox açıq yazır: “Artıq proletariat Rusiyanın hər tərəfindən baş qaldıraraq Leninə “ləbbeyk” (???) deməyə başlamışdı... Odur ki, milyonlarla əlitüfəngli kəndlilər də cəbhədən Leninə “ləbbeyk” deyirdi... Velikoruslardan başqa Rusiyada yaşayan bütün xalqlar da Leninə “ləbbeyk” deyirdi”. (səh. 66-67)

Bu görüşlərin məntiqi ilə yazıçı bolşevik partiyasının orqanı olan “Pravda” qəzetinin də revolyusion mübarizədə mühüm rolu olmadığını iddia edir. Bu qəzet yazıçının fikrincə, işçi və əməkçi kütlələrini revolyusion mübarizəni təşkil etməkdə ancaq müəyyən dairələrdə təsir yaratmışdır. Yazıçı yazır: “Bolşeviklərin naşiri-əfkarı olan “Pravda” qəzeti müəyyən dairələrdə böyük təsir buraxırdı”. (səh. 66)

Heç də təsadüfi deyil ki, Yusif Vəzir revolyusiyada siniflər mübarizəsini qəbul etmir, onun rəyincə, revolyusiyaya hərəkət verən qüvvələr iki qütbə toplaşmışdır. Bunlardan biri hürriyyətə (?) tərəfdar olanlar, o biri isə onun əleyhinə olanlar idi.

Nə üçün yazıçı bu revolyusiyada Lenin bolşevik partiyasının adını çəkmir? Yusif Vəzir “Sudentlər” əsərində yalnız Rusiyadakı sinfi mübarizəni və revolyusion hərəkatı deyil, bəlkə Zaqafqaziya bolşevizm tarixini və revolyusiya hərəkatını da başdan-başa inkar və təhrif edir. Bu əsərdə müəllif mövqeyini açıq-aşkar yazmayır. Daha incə və aldadıcı metoda əl atır. Kontrevolyusion səfsəfələri öz qəhrəmanlarının dili ilə ifadə edərək oxuculardan pərdələnməyə çalışır. Ancaq ən sadəlövh və təcrübəsiz oxucu belə əsəri oxuyarkən bu “qəhrəmanların” arxasından müəllifin riyakar simasını görməyə bilməyir.

Doğrudan da müəllif öz qəhrəmanı Rüstəmbəyə dərin rəğbət bəsləyir. Müəllif Rüstəmbəyin heç bir fikrinə qarşı əks tezis qoymayır. Əksinə, əsərin süjetinin daxili inkişafının məntiqi ilə hər yerdə Rüstəmbəyin fikirlərini təsdiq və təsbit etməyə çalışır.

Yusif Vəzirin qəhrəmanı Rüstəmbəy kimdir və həyatında hansı məqsədləri təqib edir? Qısaca deyəsi olsaq, Rüstəmbəy patentli bir burjua ziyalısıdır, revolyusiyanın amansız düşmənidir, qatı millətçidir. O, “hürriyyət” istəyir. Ancaq hürriyyətdən öz qara və mürtəce məqsədləri yolunda istifadə etmək istəyir. Rüstəmbəy revolyusiyadan istifadə edərək öz həmfikirləri – müsavatçılar, türk kontrrevolyusionerləri ilə birlikdə türk-tatar aləmini milli birliyə çağırmaq idealı daşıyır. Rüstəmbəy əsər boyunca revolyusiya əleyhinə propoqanda aparır.

Açıq demək lazımdır ki, bu əsərdə yalnız Rüstəmbəy deyil, əsərin bütün “qəhrəmanları” sinfi düşmən və kontrrevolyusion lagerdən danışırlar. Demək olar ki, “Studentlər” əsəri haman bu tiplərin hamısının bir ağızdan revolyusiya əleyhinə, böyük Oktyabrı yaratmış rus xalqı əleyhinə mübarizə tribunasına çevrilmişdir.

Əsərin əsas tiplərindən olan Tatyana Kiyev küçələrində qızıl bayraqlar və şüarlarla nümayişə çıxmış revolyusionerlər dəstəsinə təsadüf edir. “Yaşasın azadlıq!” deyə bağıran bu dəstəyə istehza ilə baxaraq öz oynaşı Rüstəmbəyə müraciət edir və düşmən fikirləri ifadə edir.

Əsərin üçüncü “qəhrəmanı” Zaqorin bu fikri daha da dərinləşdirir və siyasiləşdirir. “İngiltərədə hürriyyət yoxmu? Orada hürriyyətlə bərabər bir kral da var. Bizdə hürriyyəti çarlığın ləğvində görürlər. Halbuki bizim ölkə çarsız yaşaya bilməz! Mujikə bir qorxu lazımdır, onsuz o, ölkəni xaraba qoyar”. (səh 51)

Bu əsər Yusif Vəzirin öz yaradıcılığında hələ bu günə qədər kontrrevolyusioner-müsavat ideyalarına nə dərəcədə sadiq qaldığını aydın göstərir.

Bu əsərin redaktorluğunu edən M. K. Ələkbərli yoldaşın belə kontrrevolyusion və antisovet bir kitabı geniş kütlə arasına heç bir dəyişiklik etmədən buraxması da çox təəccüblüdür. Redaktor buna cavab verməlidir.

Bu sətirləri yazan da vaxtilə bir məqaləsində “Studentlər” əsərini qətiyyən oxumadan, yanlış olaraq müvəffəqiyyətli bir əsər kibi qiymətləndirmişdir.

Bədii ədəbiyyatı sosializm quruluşunun bu günkü yüksək tələbləri xidmətinə vermək üçün hər şeydən əvvəl ədəbiyyat mühitinin havasını dəyişməli, siyasi sayıqlığı artırmalı, xaltura və ədəbi braka qarşı amansız mübarizə açmalıdır.

# 3175 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #