Qan Turalının Anarla söhbəti aranı qatdı

Qan Turalının Anarla söhbəti aranı qatdı
12 dekabr 2012
# 15:40

Ədəbi mühitdəki yeni canlanma yenə də AYB sədrinin adı ilə bağlı oldu. Yəni hər iki tərəfin mübahisəsi yeni yazılmış hansısa güclü, sanballı bir əsərlə bağlı deyil, yenə də Anar və onun gənc yazarlarla münasibəti üzərində baş verdi. Bu dəfə isə Anardan aldığı müsahibə ilə səssizliyi pozan "Kulis.az" saytının baş redaktoru, yazıçı Qan Turalı oldu. Sözügedən müsahibənin həmkarları arasında yanlış anlaşılacağını əvvəlcədən yəqin edən gənc yazıçı, onu çapa verməzdən əvvəl, öz köşəsində məsələyə belə aydınlıq gətirdi:


"İndi bu müsahibədən sonra mənim haqqımda min cür böhtan havada uçuşacaq. Məni təslimçilikdə, ədəbiyyata xəyanət etməkdə günahlandıracaqlar. Amma mən özümə, etdiyim hərəkətin doğruluğuna əminəm. Ədəbiyyatın insanları birləşdirdiyinə inanıram. Hər cür ədavətə rəğmən insanların bir masa ətrafında otura biləcəklərinə inanıram. Bu müsahibənin, bu görüşün ədəbiyyatımızın bu günü üçün əhəmiyyət daşıdığını anlayıram. Sülhün bərqərar olması üçün mən əlimi daşın altına qoyuram. Ədəbiyyatda estetik davalar hər zaman olub, amma mən davaları ancaq estetik kontekstdə saxlamaq üçün yaşlı nəslə sülh təklif edirəm. Sülh göyərçinləri daşlanarlar, amma yırtıcıya çevrilməzlər".

Həmkarları ilə söhbətimizdən isə aydın oldu ki, əslində Qan Turalı narahatlığında haqlı imiş.


Azad Yazarlar Ocağının sədri Rasim Qaraca "Şərq"ə açıqlamasında kəskin danışdı: "Məncə, Qan Turalının ədəbiyyata xəyanət haqqında danışması hələ tezdir, bundan ötrü ən az Anar qədər təcrübəsi olmalıdır. Qan Turalının bu davranışı ən yaxşı halda təslimçilikdir, artıq sovetlərdə qalmış köhnə simaları diriltmək, dolayısıyla yeni ədəbi gücləri aşağılamaq, onları gözdən salmaqdır. Şəxsən mənim haqqımda Anarın "istedadlıdır" deməsinə ehtiyacım yoxdur. Qan Turalı fərqində olmalıdır ki, indi durum dəyişib, Anarın ehtiyacı var mənim onun haqqında "istedadlıdır" deməyimə. Bəli, mən təsdiq edirəm, Anar ədəbiyyatı manipulyasiya etməkdə istedadlıdır... Qan Turalı "qurtaraq bu davaları" deyir, təəssüf ki, bu günə qədər başa düşməyib, bizim davamız şəxsi deyil, ictimai davadır. Ədəbiyyatı hələ də Sovet üsulları ilə idarə edən bir düşüncə ilə bizim davamız heç bir zaman qurtara bilməz. Yazıçılar Birliyi Yazıçılar İttifaqının varisi olaraq 37-ci il hadisələrinə görə Azərbaycan xalqından üzr istəməyənə qədər bu təşkilatla və 25 il sədrlik kürsüsündən əl çəkməyən bir insanla heç bir dialoqumuz ola bilməz".


Şair, köşə yazarı Murad Köhnəqala isə müsahibəni müsbət qarşıladığını dilə gətirdi: "Yaxşı qiymətləndirirəm. Bilirsinizmi, ümumiyyətlə, ədəbiyyatdakı qovğalar estetika üzərində qurulmalıdır. Yəni zövqlər üzərində qurulmalıdır, şəxsi münasibətlər önə çəkilməməlidir. Heç kim bir-biri ilə düşmənçilik etməməlidir. Məsələn, mən məni tənqid edən adamla düşmən olmamalıyam. Yəni Qan Turalı tərəfindən barışıq addımı atılması, hər halda, Anar müəllim ağsaqqaldır da. Qan Turalının bir gənc yazar kimi ona əl uzatmağı, Anarın da o əli geri qaytarmamağını xoş bir şey kimi qarşıladım. Məsələn, mən çox arzulayardım ki, indiki iqtidarla onun siyasi müxalifəti də hansısa bir "dəyirmi masa" arxasında otursunlar və hansısa problemi çözsünlər. Həmçinin də AYB-də belə şey olsun. Düzdü, AYB-yə müxalif qurumu - Azad Yazarlar Ocağını şəxsən mən yaratmışdım. Amma mənim də bunu yaratmaqda məqsədim düşmənçilik yox, rəqabət olub. Yəni AYB-nin müəyyən işləri var idi ki, biz onlarla razılaşmırdıq. Tutaq ki, biz onun ədəbi orqanlarının zəif çıxmasını və digər bu kimi şeyləri pisləyirdik. Amma Qan Turalının Anarla bir masada oturmağı və çay içməsini, doğrudan da müsbət qarşılayıram. Çünki mən özüm də AYB üzvləri ilə oturub-dururam. Məsələn, Elxan Zal, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu və digərləri ilə görüşürəm. Yəni düşmən-filan deyilik. Dostlarımızın çoxu AYB üzvüdür. O demək deyil ki, onlar bizim düşmənlərimizdir. Sadəcə olaraq, yenə də deyirəm ki, burada estetika fərqliliyi var və onun üzərində isə düşmənçilik etmək düzgün deyil".


Gənc şair Elnur Astanbəyli isə bu məsələyə ciddi yanaşmadığını dilə gətirdi: "Qan Turalı ədəbiyyatın yanından keçmir ki, ədəbiyyata xəyanət də eləsin. O, sadəcə olaraq zamanında doğruları yaza bilən bir publisist idi. Mən Qan Turalının ədəbiyyatla əlaqəsi olduğunu düşünmürəm. Ona görə də yazdıqlarının ədəbiyyata xəyanət olması filan, bu, o qədər qeyri-ciddi söhbətdir. Turalı ümumiyyətlə, istedadı olmayan adamdır. Onun publisistik fəaliyyəti olub, amma onun ədəbi fəaliyyətinin nədən ibarət olduğunu mən bilmirəm. Ədəbiyyata dəxli olmayan adamın ədəbiyyata xəyanət etməsi çox gülməlidir. O, müəyyən bir müddət diqqət çəkmiş publisistdir. Onun bu gün aldığı hansısa bir müsahibənin də ədəbiyyata xəyanət kimi göstərilməsi çox gülüncdür. Ciddi münasibətə dəymir".


Şair Aqşin Yeniseyin münasibəti daha fərqli oldu: "Mənim düşüncəmə görə, Turalın Anarla müsahibəsi və yaxud da barışdırıcılıq, nə bilim qovuşduruculuq, ayrılıqların vüsala yetməsi bir az həll olunmuş məsələdir. Anar da bilir ki, qeyri-səmimidir, Qan Turalı da bilir ki, onlar bir-birlərinə münasibətdə qeyri-səmimidirlər. Anarın da Turalıdan, Seymur Baycandan zəhləsi gedir, Turalın da Anardan zəhləsi gedir. Ədəbiyyat insanları barışdırmır. Ədəbiyyat insanları ayırır, fərdlərə bölür. Sonra onlar özləri bilərlər, barışarlar, yoxsa barışmazlar. Ədəbiyyatın dünyada birləşdirə biləcəyi insanlar olsaydı, yazıçılar xoşbəxt həyat yaşayardılar. Amma yazıçıların həyatı bədbəxtlik, kasıbçılıq, yoxsulluq, niskinlik içində keçib. Ədəbiyyat insanı xilas etsəydi, elə ən yaxşı şair ən yaxşı həyatı yaşayardı da. Ədəbiyyatın belə bir missiyası yoxdur. Ədəbiyyat sadəcə həqiqəti üzə çıxarır. Və məlum olur ki, həqiqət insanlara necə bərbad, biabırçı fəlakətlər gətirirmiş. Düşünmürəm ki, Anar və Qan Turalının barışığı Azərbaycan ədəbiyyatına yeni bir ab-hava gətirəcək. Müsahibə hələ çap olunmamış, Qan Turalı götürüb yazır ki, mən bilirəm ki, ədəbiyyata xəyanət etmişəm. Bundan artıq nə demək olar? Bəribaşdan bunu boynuna alır, çünki o bilir ki, nə edib. Qabaqdangəlmişlik edir. Ona görə də indidən zəmin hazırlayır ki, Aqşin, Seymur Baycan, Firudin Allahverdi, yəni gənc ədəbiyyat adamları onsuz da bu sözü ona deyəcəklər. Anarla bu söhbət qurtarıb da. Anarla, nə bilim, Rüstəm İbrahimbəyovla, Əkrəm Əylisli ilə gənclik, müasir ədəbiyyat bu adamlarla qurtarıb. Sən təzədən onların qapısına niyə gedirsən? Mən nə Anarın, nə Qan Turalının səmimiliyinə inanıram. Anar göstərmək istəyir ki, mən gəncliklə barışdım, bu yalandır, belə bir şey yoxdur. Qan Turalı isə öz günahlarını və yaxud da bilmirəm başqa nə ideyası var, yumaq üçün Anarın qapısına gedir. Anar özü bir neçə dəfə gəncliyə müraciət edib ki, mənim tövbə qapım gəncliyin üzünə həmişə açıqdır. Və Turalı da Azərbaycan gəncliyinin içində yeganə gənc oldu ki, o qapıdan keçdi. Yəni Beyrəyin qılıncının altından keçdi. "Qan Turalı" ola bilmədi. Anarın "Dədə Qorqud"a əlavə etdiyi qəhrəmanı ola bilmədi. Keçdi Beyrəyin qılıncının altından, indi gedəcək qamışlığa, Qaraca Çoban da od vurub yandıracaq. Vəziyyət belə olacaq".

Gənc şair Qismət isə hesab edir ki, bu, adi bir müsahibədir və onu başqa cür qiymətləndirmək düzgün deyil: "Turalın özünün də yazıda qeyd etdiyi kimi, əslində, o, Anar müəllimlə belə bir müsahibə fikrində olmasa da, ümumi söhbət içində təklif əvvəldən Turalın özündən gəlmişdi. Çay içmək və çay süfrəsi arxasında ədəbiyyatdan söhbət etmək. Amma təəssüf ki, o vaxt müəyyən səbəblərdən bu alınmadı. Amma indi Turalın narahatlıqla ifadə etdiyi şeyi təxminən başa düşürəm. Bizdə belə şeylər birmənalı qarşılanmır. Amma mən fikirləşirəm ki, bu, olduqca maraqlı bir söhbətdir. Bu gün hələ bir hissəsi çap olunub və çox maraqlı bir söhbət alınıb. Burada ədəbiyyata xəyanət etmək, yaxud da öz mövqeyindən dönmək və s. kimi ittihamlar önəmsiz və yersizdir. Bu, çox normal bir şeydir. Tural "Kulis.az" saytının baş redaktorudur. İntellekti, savadı da hamıya məlumdur və onun gedib Anarla söhbət etməyində, belə deyək də, iki maraqlı adamın bir-biri ilə söhbətində heç bir başqa şey axtarmaq lazım deyil. Təki, belə deyək də, aralarında zaman-zaman inciklik, küsülülük, atışmalar olan adamlar rahatlıqla gəlib bir süfrə arxasında söhbət edə bilsinlər".

İzolda Ağayeva; “Şərq” qəzeti

# 2380 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #