“Cavidi hələ də bağışlaya bilmirlər”

“Cavidi hələ də bağışlaya bilmirlər”
26 oktyabr 2013
# 16:43

Kamal Abdullanın literaturşina ilə bağlı Kulis.Az-a yekun müsahibəsini təqdim edirik.

Kamal müəllim, sizinlə “Mən öz İtaka adama hökmən qayıdacağam” adlı son söhbətdə bir sıra ədəbi problemlərə toxunduq. Bunların arasında sovet ədəbiyyatının mahiyyəti, ədəbiyyatda bütləşdirmə, kitab mədəniyyəti, kitab oxumaq metodu və prinsipləri, yazıçı və cəmiyyət, üslub və üslubçuluq, “literaturşina” kimi anlayış və mahiyyətlər söhbətin mövzusu oldu. Bir çox qələm adamı bu barədə öz fikirlərini saytımıza yazdı. Söhbətin bir istiqaməti xüsusi diqqətə səbəb oldu.

- "Literaturşina"nın bu qədər çox polemikaya səbəb olacağını düşünürdünüzmü?

- Düşünmürdüm. Nə sənin, nə də mənim polemika açmaq niyyətimiz yox idi. Biz sadəcə olaraq, ürəyimizdən keçənləri bölüşdük. Görünür, başqalarının da ürəyindən keçirmiş. Kimi fikrini qoydu ortaya, kimi də ürəyinin kirini, pasını… Bilirsən, deyəsən, məni yavaş-yavaş o fikrə gətirmək istəyirlər ki, bu biri tərəfdəkilərlə danışmağa, ürək açmağa, ürək qızdırmağa dəyməz. İmzalı imzasıyla yazdı, gizlənən kommentlərdə gizləndi. Bu, xüsusilə, "Oxu zalı"na aiddir. Məsələ, mahiyyət yenə bəzi halda qaldı kənarda, başlandı mənim yazdıqlarım, mənim barəmdə yazanlar, məni çap edənlər (açıq, gizlı şəkildə) saf-çürük edilməyə. Çürüyünü çıxardana qədər getdilər. Nahaqdan demirdim ki, "Oxu zalı" ədəbi təxribat yuvasıdır. Bir vaxt orda deyirdilər ki, məni tərifləyənlər xor düzəldiblər (başa düşmürdülər ki, məni yox, o adamları təhqir edirlər), indi isə özləri məni pisləyənlərdən xor düzəldiblər. Bihudə işdi, dirijor ki, bir dirijor deyil, karvan gedir, gedəcək…

Amma mən optimistəm. Mən bu polemikaya dönmüş müzakirədə daha çox ağıllı, düşüncəli və düşündürücü məqamlar gördüm, amma həm də dediyim kimi paslı, diletant fikirlərlə üz-üzə gəldim. Bir daha əmin oldum ki, bizdə normal fikir mübadiləsi – mövzu ilə bağlı sakit, "ləzzətli" ədəbi söhbət eləmək çətin olsa da, mümkün məsələdi. Hardan alasan hər addımda gözəl yazıçı və gözəl ədəbiyyatşünas mahiyyətlərini özündə ideal şəkildə birləşdirən Elçini?! Təəssüf ki, onun kimilər yeganə, nadir nüsxələrdir. İndi neyləməli, biz buyuq! Hamısına təşəkkür edirəm.

- "Literatuşina" termini, belə məlum oldu ki, çox beyinləri məşğul etməkdədi…

- Hə, kimlərisə, deyəsən, "ağrıtdı"… Əslində, mən bu iki bir-birindən uzaq düşmüş cərəyanı birləşdirməyə çaba göstərdim. Mənim səmimiyyətimə şübhə edib bunu anlamayanlar üçün belə bir misal çəkim. İşlədiyim yerdə yaradılan Yaradıcılıq fakültəsi göz qabağındadır.

Bu müsahibədə də mən nəyin nə olduğuna son instansiyada qiymət vermək fikrindən uzağam. Sadəcə, fikir bölüşürəm. Əslində, "literaturşina" nədir sualının cavabı kitabdan, ya da başqa hardansa gəlmə də deyil. Yenə təkrar edirəm, "həyatdan gələnlər" dediyimiz ədəbiyyat adamları arasında da kifayət qədər yüksək intellektə malik olanlar var. Digər tərəfdən, "kitabdan gələnlər"in içində də fəhmi, duyğusu, səmimi hisləri ilə seçilənlər istisna deyil. Bəs o zaman literaturşina nədir? Bax, əzizim Qan Turalı, bu literaturşina dediyimiz, məncə, hər ikisinə aiddir, hər ikisinin zay məhsuludur. Dostum, gözəl ədəbiyyatşünas Cəlil Nağıyev deyən kimi literaturşina pis ədəbiyyat deməkdir. Vəssəlam.

- Bəzi polemikaya qoşulanlar ədəbiyyatdangəlmə və həyatdan gəlmə polemikasının köhnəlmiş olduğunu deyirlər. Orxan Pamukun "Saf və düşüncəli romançı" kitabı məhz bu mövzuya həsr olunub…

- Yenə deyirəm, biz barrikadaların dərinləşməsinə yox, aradan götürülməsinə çalışmalıyıq. Hər iki tərəf bir-birinə çox şey verə bilər. Buna işarə Kəramətin, Cavidin, Kənanın, Şərifin yazılarında oldu. Sadəcə, ittihamlardan qaçmaq, yarlıklardan imtina etmək, şəxsi münasibətlərdən yuxarıda dayanmağı bacarmaq lazımdır. Orxan Pamukun adını çəkdiyin kitabını isə mən oxumamışam.

- Şərif Ağayar polemikaya qoşularaq deyir ki, cəmiyyətin kiminsə xeyirxahlığının ümidinə qoyduğu ailələrin problemi ilə yaxından uğraşırkən axşam evdə "Dəvə yağışı" adlı mifik hekayə yazır Kamal Abdulla… Gözümüzün önündə bu qədər hadisələr ola-ola kitabdan gəlmək hansı zərurətdən doğur? Bax, Kamal Abdulla ilə razılaşmadığım məqam budur. Bunu Şərif deyir. Siz, əsasən, tarixi və fəlsəfi mövzuda yazırsınız. Müasir gerçəkliyə soyuq yanaşmanız doğrumudur?

- Birinci, Şərifin Ezop dilini anlamadım, səmimi desəm, anlamaq istəmədim, amma hər ehtimal, ona da məsləhət görərdim ki, kimə nə etdiyini o saat yadından çıxarsın, etdiyini hekayəyə, şerə çevirməsin. İkinci, məsələni bu qədərinə də primitivləşdirməyək. Şərifə cavabı qismən Başkeçid verdi, Dədə Qorqudla bağlı. Əgər ehtiyac olarsa, Şərifin özüylə bunu çözməyə hazıram. Amma insaf da yaxşı şeydi, bir az dərindən düşünsək, axı hətta "Dəvə yağışı"nı da sadəcə mifik bir mətn kimi görmərik. Sadəcə, düşünmək lazımdı. Təxminən belə bir suala gəlib çatanacan. Bir tənqidçi o sualı vermişdi: Göydən yerə dəvə nə zaman yağa bilər?

- Nə zaman yağa bilər, Kamal müəllim?

- Daha siz lap ağ elədiz. Mən həmi yazım, həmi də sizə bütün kodlarımı verim? Dədə Qorqudla bağlı Başkeçidin ehtiyatla verdiyi kod kifayət deyil? Bəs mən buna görə deyirəm, kitabdan qaçmaq lazım deyil, kitabla dostluq eləmək lazımdı…

- Şərif belə bir fikir də deyir. "Nəyə görəsə həqiqəti demək istəmirsən və ya deyə bilmirsən, bu səbəbdən mistikanın içində gizlənib adını intellektual ədəbiyyat qoyursan. Cavid kimi yerə enməməkdə israrlısan. Bu, usta cinayətdir. Hər an cinayətkarı yaxalamaq olmur. Onun keşiyini Borxes çəkir, müdafiəsini Coys təmin edir."

- Bax, bariz nümunə budur. Ağıl var, amma intellekt ağıl qədər deyil. Bilirsənmi, axı "kitabdan gəlir" deyəndə bu o demək deyil ki, kimsə yazdığının süjetini oxuduğu kitablardan götürür. Və yaxud, yuxusundan yazan da eyni şəkildə "kənddən" gələ bilər. Həyatdakı məşəqqəti görüb ondan yazan da, yazmayan da eyni yoldan-kitab yolundan yəni, intellektual yoldan gələ bilər. Kitab mədəniyyəti – yazı mədəniyyəti deyilən bir şey var. Bu uzun bir məsələdi. Uzun, incə bir yol lazımdı anlatmağa…

Cavidə gəlincə. Nəsə axır vaxtlar Cavidə əzablı ölümünü də çox görmək istəyənlər ortaya çıxıb. O gün adını çəkmək istəmədiyim bir ağzıgöyçək yazır ki, Cavidin öz dövründə iqtidarla gözəl əlaqələri olub. Bu gün də Şərif belə deyir. Bəli, Cavid əfəndi Vaqif kimi, Sabir kimi yerdə əlləşmirdi. O, göylərdən israrla düşmək istəmirdi. Hərə öz məkanında dahi idi. Bunu, nəhayət, anlamaq lazımdır. Ya da bununla barışmaq lazımdır. Lağa qalsa o qədər şeyə lağ eləmək olar ki…

Cavidin yerə enməməkdə israrını o zaman da ona bağışlamamışdılar. Bu gün də Şərif və başqaları bunu bağışlaya bilmir. Əlbəttə, onlara görə Cavid cinayətkardır, əlbəttə, Cavid günahkardır! Bu adamlara nə demək olar?

Yalnız onu deyə bilərəm ki, Cavid öz inadkarlığı ilə Azərbaycan ədəbiyyatının semiotik bütövlüyünü qorudu. "Aşağı" var idi, Cavid "Yuxarı"nı qurdu. Daha nə demək olar?! Yəqin onu demək olar ki, mən Cavidə bu cür münasibətdə olan adamlarla bir yerdə 60-70- 80 il bundan əvvəl yaşamağa ehtiyat edərdim. Mənim də Şərif Ağayarla barışmadığım məqam budur. Ona agah deyil, bilmir, o barrikada həvəskarıdı, mən isə bilirəm, biz bir-birimizi inkar etmirik, tamamlayırıq. Şərif, Cavid, Mirmehdi, Cəlil, Kənan Hacı, Rəbiqə, Qismət, Rasim Qaraca, sənin özün… özünüzdən xəbərsiz, Anarı da tamamlayır, İsa Hüseynovu da tamamlayır, Elçini də, Ramizi də, Vaqif və Yusif Səmədoğluları da, Əkrəm Əylislini də, Mövludu da, Rüstəm Behrudini də tamamlayırsınız. Onlar da sizi tamamlayır. Azərbaycan ədəbiyyatı bütövlük üstündə qurulub.

- Yenə də Şəriflə bağlı olacaq sualım. Etiraz etmirsiz?

- Yox, niyə ki?!

- Şərif yazır: "Azərbaycan aqrar ölkə olub. Bizdə şəhər mədəniyyəti neft sənayesi ilə başlayıb ki, orada gah ingilislər, gah ruslar at oynadıblar. Bakıda yalançı rusdilli elita yaradılıb. Hansı ki, ana dilində danışmağı özlərinə sığışdırmayıblar. Belə bir vaxtda dilimizə yiyə duran, onu ədəbiyyatın bazasına çevirən indi bəyənmədiyimiz Süleyman Rəhimovlar, Əli Vəliyevlər, Mirzə İbrahimovlar, Səməd Vurğunlar, İsa Hüseynovlar, Sabir Əhmədlilər olub. Kamal müəllimin böyük zəhmətlə araşdırıb alim adını aldığı Azərbaycan dilinin sintaksisini bu "kənd uşaqları" yaradıblar." Şərifin bu fikrinə münasibətinizi bilmək istərdim.

- Sənin sitat gətirdiyin cümlə xeyli samballı, hətta bazburutlu görünür, amma təəssüf ki, bəs deyincə səhvi var. “Yalançı rusdilli elita”, “ədəbiyyatın bazası”, “neft sənayesi və şəhər mədəniyyəti”, “indi bəyənmədiyimiz” kimi qeyri-dəqiq və qeyri-doğru ibarələr bir yana, amma bir səhvi xüsusi deyəcəm. Yazır ki, "Azərbaycan dilinin sintaksisini bu kənd uşaqları (yəni, yuxarıda adı çəkilənlər) yaradıblar." Qətiyyən! Əzizi-mən, Azərbaycan dilinin sintaksisini ilk növbədə Azərbaycan xalqı yaradıb. Dədə Qorqud yaradıb. Axundov yaradıb, Vəzirov, Zərdabi yaradıb, Hacıbəyov, Haqverdiyev, Mİrzə Cəlil yaradıb. Sən sadaladığın adamlar onu qoruyublar. Hərəsi öz bildiyi kimi. Eşq olsun onlara. Yaradanlara və qoruyanlara! Bilirsənmi, sintaksis bir az başqa məsələdi. Nasir üçün əsas olan sintaksisdir, qalan hər şey təfərrüatdır. Zarafat eləmirəm. Mətnə and olsun ki, zarafat eləmirəm.

Amma bununla yanaşı, Şərifin bu cümləyə fəhmilə qoyduğu, silueti fırlanıb görünən mənanı başa düşürəm və qəbyl edirəm. Folkner deyirdi ki, "Hay-küy və hiddət" mənim ən çox sevdiyim əsərdir. Çünki o mənim ən gözəl, ən möhtəşəm məğlubiyyətimdir. Nəzərdə tuturdu ki, qarşısına qoyduğu niyyətlə əldə edilən mətn bir-birindən çox uzaq məsafədədi. Bu fikri, maraqlıdır ki, cümləyə də aid etmək olarmış. Bu cümlə də Şərifin çox gözəl və möhtəşəm məğlubiyyətidir.

- Polemikada Natiq Məmmədli də iştirak etdi. Onun yazısında Ekonun adı hallandı. Belə dedi ki, ya da kinayəli şəkildə belə çıxdı ki, Siz özünüzü Eko ilə müqayisə etməyi sevirsiniz… "Oxu zalını"nın təqdimatında da buna işarə var idi. Özünüzü Eko sayırsınızmı? Ümumiyyətlə, kiminləsə eyniləşdirilmək sizə xoş gəlirmi?

- Bir neçə adam var. Hərdən zühur edib tutuquşu kimi eyni şeyi təkrarlayırlar. Mən bunu bir dəfə yox, iki dəfə yox, dəfələrlə demişəm ki, mən özümü heç kimə oxşatmamışam. Nə Ekoya, nə Borxesə, nə də bir başqasına. Onlara mən ustad kimi baxıram. Yaxası bənövşəli xüsusi ağıllılar üçün isə növbəti dəfə bir də deyirəm. Mən, şəxsən özümü heç kimə oxşatmamışam. Bunu başqaları edib. Bunu ədəbiyyatımızın dostu gözəl şair, publisist, jurnalist İrfan Ülkü edib. Özü də Türkiyədə çıxan "Ortadoğu" qəzetində edib. Sonra "Cümhuriyyət" qəzetinin "Kitab" əlavəsində və başqa qəzetlərdə yenə də mən yox, başqaları bunu ediblər.

Bəzi adamlar xarab olmuş patefon kimi elə hey deyib durur ki, guya mən özüm özümü kiməsə bənzədirəm. Belə deyil. Mənə bu adamların əllaməçiliyinin bir ziyanı yoxdur. Onların hər belə yalanından sonra oxucular maraqlanıb kitablarımı daha çox alırlar. Satışa ancaq xeyri var. Amma bu şəkildə axı bu adamlar İrfan Ülkünün ruhuna sataşırlar. Bu isə onların öz vicdan…ının əlamətidi. Rəhmətə getmiş bir adamı bu cür öz cılızlığına yapışdırmaq cəhdi qəbahətdi.

- Bəzi saytların kommentlərində “Yarımçıq əlyazma”nın ingilis dilində çap etmiş SBPRA nəşriyyatı haqda yazırlar ki, guya məhkəməyə düşüb, nüfuzlu deyil. Eyni zamanda bu kitaba önsöz yazmış professor haqda da yazırlar ki, o, professor deyil, dosentdir və hətta bundan qəhərlənənlər olur və s. və i.a.

“Oxu zalı”nda getmişdi o kommentlər. Biri qəhərlənirdi ki, sən demə, mən fəxr edirəm kitaba önsöz yazmış şəxsin professorluğu ilə, o isə dosentmiş. Belə deyil. Mənim üçün hər şeydən əvvəl o, alimdir. Qəhərlənməyə isə, əzizi-mən, o qədər şey var ki. Mən nəinki mənim barəmdə professor, ya dosent, hətta tələbə də yazanda fəxr edirəm. M. Statkyeviç isə bir müddət Medison Universitetinin müqayisəli ədəbiyyat departamentinin rəhbəri (“full” professor ranqında) olub. İndi də associate professor ranqında o departamentdə çalışır. Bu adam Sorbonna məzunudur, qədim yunan, latın, fransız, alman, polyak dillərini mükəmməl bilir. Bu və başqa məziyyətləri barədə kim maraqlanırsa “Amerika professorlarının reytinq” saytına girib orada öz səhifəsi olan professor Maks Statkyeviç barədə (www.ratemуprofessors.com) məlumat ala bilər. İstər professor, istər dosent olsun, istər heç biri olmasın, bunun məsələyə dəxli var?! Heç bununçün də qəhərlənərlər?! Vallah, dəyməz. Özünüzü ələ alın. Xaricdə nazir müavininə “cənab nazir”, dosentə professor, başqan müavininə başqan demək insanın qabiliyyət, mərifət ucalığıdır. Sizdə niyə olmasın?

Nəşriyyatla bağlı. Bir neçə nəşriyyat romanı çap etmək istədi, böyük məbləğ müqabilində. Razı ola biməzdim. İki nəşriyyat mənim ədəbi agentimə kitabı çap etməyə hazır olduqlarını bildirdi. Onlardan birini – SBPRA–nı seçdim. Kitab çap olundu. Bu gün kitab “Amazon”da və digər internet şəbəkələrdə satılır, satışdan müqaviləyə əsasən artıq qonarar alıram. Məhkəməyə gəlincə. Nəşriyyat böyük təsərrüfatdır. Mən bilmirəm, bəlkə bu nəşriyyatın kiminləsə məhkəməlik işi olub – bu məni maraqlandırmır. Oralarda hər hansı bir kiçik anlaşılmazlıq da məhkəmə yolu ilə həll olunur. Daha bizdə olan kimi hədyan-hədyan danışanlara hələ ki dözmürlər. Qərəz, Amazon və başqa internet mağazalar şəbəkələri hər nəşriyyatın məhsulunu satmırlar. Kitab həmçinin Avropanın, yəqin ki, Amerikanın kitab mağazalarında satılır və alınır. Yaxın gələcəkdə Londonda prezentasiyası da olacaq. Getmək istəyənlər xəbər versin. ( Təklif təkcə tərifləyənlərə deyil, romanı və nəşri şərləyənlərə də aiddir!)

Qan Turalının yekun sözü

Əslində “literaturşina məsələsi” ilk dəfədir ki, Azərbaycan ədəbiyyatında bu qədər geniş müzakirə edildi. Müsahibə və ondan doğan polemika ilə əslində Azərbaycan ədəbiyyatının əsas ideya istiqamətinin müzakirəsiydi. Hər il verilən Nobellərə baxıb xiffət çəkən Azərbaycan xalqının, onun yazıçılarının əsas problemi də bəlkə budur: Torpağa bağlılıq, amma kitaba soyuqluq, folklora sevgi, dünyanın mədəni irsinə biganəlik, həyata qibtə, kağıza paxıllıq, istedada təzim, savada təpik!

Heç kim yazıçıları xalqı, onun etnoqrafik, milli elementlərini, folklorunu unutmağa, ona arxa çevirməyə səsləmir. Ədəbiyyat formaca milli hadisə olduğunu hamı etiraf edir. Lakin onun məzmunca bəşəriliyi də faktdır və bu bəşəriliyi təmin etmək üçün müasir dünya ədəbi və fəlsəfi fikrini düzgün öyrənmək lazımdır.

Biz ancaq istedad hesabına böyük əsərlər yazmağın mümkün olmadığını dedikdə heç də istedadsız bir insanın da texniki baxımdan savadlılığı müqabilində şedevr yaradacağını da düşünmürük. Məsələ də elə bu vəhdətdədir, məhz bu vəhdət böyük ədəbiyyatın açarıdır. Kamal Abdulla da bunu deyir, Şərif Ağayar da, Qan Turalı da, Cavid Zeynallı da...

Qalır bütün bu söhbətlərin dəyirmi masada cilalanıb manifestləşməsi...

Müsahibə və polemikası

Kamal Abdulla: “Mən öz İtaka adama hökmən qayıdacağam” MÜSAHİBƏ

Şərif Ağayar: Kamal Abdulla ilə kənd söhbəti

Kənan Hacı: Kamal Abdulla öz sirrini açmır...

Cəlil Cavanşir: “Kitabdangələn”lərin ədəbiyyata dəxli varmı?

Mo Yan nə deyir?

Cavid Zeynallı: Aqrar istedad, yarımçıq intellekt

Natiq Məmmədli: ““Literaturşina” bənövşənin yanındakı broyler toyuğudu”

Qan Turalı: “Yaxşı yazıçılar yaxşı oxuculardan çıxır”

Etimad Başkeçid: Üslubçuluq son sığınacaq yeri kimi

Azad Qaradərəli: Biz şeir bülbülləriyik

Mətanət Vahid: Mütaliəsiz yazıçı uğur qazanırsa deməli bəxti gətirib

Mirmehdi Ağaoğlu: "Röya ədəbiyyatdangəlmədirmi?"

Kəramət: Hər yer ədəbiyyatdır

# 5546 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #