Vətəninə xəyanət etmiş yazıçı

Vətəninə xəyanət etmiş yazıçı
13 mart 2013
# 13:11

Lui Ferdinant Selin. 1894-1961-ci illərdə yaşamış fransız yazıçısıdır. Faicəvi bir ömür sürmüşdür. 1932-ci ildə qələmə aldığı “Gecənin sonuna səyahət” romanı yazıçıya məşhurluq gətirmiş, bir çox dillərə çevrilmişdi.

Sonrlalar yazıçı siyasi düşüncələrinə görə təqib olunur. Onu antisemitizm və rasizmdə günahlandırırlar. İkinci Dünya Müharibəsindən sonra yazıçı alman faşistləri ilə əlbir olmaqda, kollaborasionizmdə ittiham olunur. Selin əvvəlcə Almaniyaya, daha sonra Danimarkaya mühacirət etməyə məcbur olur. Yazıçı Danimarkada məhkəmə qərarı ilə həbs olunsa da daha sonra həbs qərarı sürgünlə əvəz olunur.

Selin 1951-ci ildə amnistiya qərarı ilə Fransaya geri dönür, Paris ətrafında məskunlaşır. İxtisasca həkim olan Selin buradakı kasıblara həkimlik edərək yoxsulluq içində ömür sürür. Dostlarının da üz döndərdiyi yazıçı nəinki öz keçmişinə görə peşmançılıq hissi keçirmir, əvvəlki düşüncələrində qalaraq Xolokostu belə inkar edirdi.

Selinin müasir ədəbiyyata çox böyük təsiri olmuşdur. Henri Miller, Ezra Pound, Uilyam Berrouz, Çarlz Bukovski kimi yazarlar ondan təsirləniblər.

Kulis.Az Lui Ferdinant Selinin məqaləsini təqdim edir.

1894-cü il 27 mayda Kurbevuada doğuldum. Anam 74 yaşında qan qusaraq səfalət içində öldü. Zərgər idi, işlər pisləşən kimi dükanı bağlayıb anasının yanına alverlə məşğul olmağa getdi. Kor oldu. Ailəm həmişə ağır zəhmətlə dolanırdı, sanki lənətlənmişdik. Atam məmur idi. Ədəbiyyata marağı vardı, gecə səhərə qədər stolunda yazardı. Bir-birinə tikdiyi 80.000 səhifə kağızı vardı. Siqaret də çəkməzdi, çox da yatmazdı. Elə də çox yeyib-içməzdi. Elə çalışırdı.

Sonra Parisin başqa bir küçəsinə köçdüm. O zamanlar küçələr qazlı lampaları ilə işıqlandırılırdı. Axşamlar küçədəki 360 lampadan sadəcə 4-ü yanırdı. Həmişə də qaz qoxuyurdu hər tərəf.

Bir qaz lampasında böyüdüm mən.

Qoxulara qarşı hissiyyatım o zamandan yaranıb. Anamı sevirdimmi? Bu sualı heç vaxt özümə verməmişəm. Hər şey keçər, hər şey yemək problem üzərində qurulur, deyil mi? Mən bu cür xatırlayıram. Ağlımda qalan tək bir şey var, evdə sadəcə tək pəncərədə qaz lampası yanardı, çünki başqası yox idi. Digər lampa həmişə boş idi. Yemək dərdində idik. Evdə həmişə makaron yeyirdik. Niyə makaron? Çünki ucuz idi. Ət, balıq heç ağlımızdan keçmirdi. Makaron və ancaq makaron! Yazıq anam, əlindən gəldiyi qədər makaron bişirməyə çalışardı. Bir parça yağ ilə makaron bişirərdi.

Makaron və çörək şorbası ilə böyüdüm mən.

Anam məni Luis deyə çağırardı. “Varlılar olmasaydı yeməyə bir şey tapmazdıq” –deyərdi. Varlılar olmasaydı biz nə yeyərdik? “Varlıların da öhdəlikləri var”-deyərdi. Anam varlılara həsəd aparardı. Təmir etdiyi qızıl boyunbağılardan boynuna taxmaq ağlından belə keçməzdi. Onlar müştəriləri üçün idi. Həmişə mənim dükanda bir işimin olmasını arzu edərdi. Həyatdan heç ləzzət ala bilmədi. Son ana kimi işlədi. Bu xüsusiyyətlərinə görə ondan təsirlənmədim deyə bilmərəm.

Atam 1932-ci ildə “Gecənin sonuna səyahət” əsərim nəşr olunmamışdan əvvəl öldü. Onsuz oxusaydı da sevməyəcəkdi. Qısqana bilərdi, hətta. Məni bir yazıçı olaraq dəyərləndirmirdi, zatən mən özüm də özümü yazar olaraq görmədim heç vaxt. Ən azından bu məsələdə eyni fikirdəydik.

Anam isə kitabların narahatçılıq, problem yaradacağını düşünürdü. İşin axırı pis bitəcək deyə qorxurdu. Bu baxımdan gələcəyi görürdü. Heç vaxt da kitablarımı oxumadı. Oxumaqla arası yox idi. Deyəsən o öləndə həbsxanada idim? Xeyir, elə Kopenhagenə çatanda ölüm xəbərini almışdım. Bərbad bir səfər, rəzillik və onun ölümü, mükəmməl bir ansambldır, deyil mi?

Təbiəti ilk dəfə bir qəbiristanlıqda kəşf etdim. Nənəm öləndə qəbirüstünə getmişdim. Ölümdən qorxmuram, bütün olanlardan sonra heç qorxmuram, içimdə bir rahatlıq var. “Gecənin sonuna səyahət”i yazarkən hələ yaşamaq üçün səbəblərim vardı. Bu gün isə heç vecimə də deyil. Bu yaxınlarda özümü hamının gözü qabağında öldürə də bilərəm, kamera qarşısında lap yaxşı olardı.

Amma o zaman xəyallarım vardı, daha doğrusu yaşamaq üçün səbəblərim vardı. Həmişə həkim olmağı, dərmanlarla işləməyi istəyirdim. Yaradıcı insanları sevirəm, dağıdıcıları deyil. Sadəcə özünəməxsus tərzləri olanlarla maraqlanıram, əks halda diqqətimi çəkmirlər. Amma bu da çox nadir hallarda olur. Hər tərəf hekayə ilə doludu. Küçələr hekayə ilə doludu, hər yerdə hekayə görürəm. Polis bölmələri, məhkəmələr hekayələrlə doludu. Sizin həyatlarınız hekayələrlə doludu. Hekayə hər kəsdə var, minlərlə hekayə var. Hər nəsildə sadəcə bir-iki nəfər özünəməxsus tərzi olan yazar var. Digərləri bərbad təkrarçıdı. Elə hey kimisə təkrar edirlər. Yaxşı bir hekayə seçib danışırlar.

Burda qəribə bir şey görə bilmirəm. Yazarlığı atıb bəlkə tənqidçi olum? Bütün qüvvəmi səfərbər etdim, çünki böyük bir ilham qaynağım var, ölüm. Həyatını riskə atmırsansa heç bir şey deyilsən. Əvəzini ödəməlisən! Havayı etdiklərin gözdən qaçar, hətta daha da betər olar. İndi sadəcə müftəxor yazarlar var.

Bizim yaşıdlardan üç adamın yazar olduğunu düşünürdüm: Morand (Pol Morand (1888-1976), yazıçı-esseist), Ramyu (Şarl Ferdinant Ramyu, (1878-1947), fransızca yazan Usveçrə yazıçısı) və Barbüs (Anri Barbüs (1873-1935), yazıçı). Onlarda hiss var idi. Bacardılar. Digərləri bacara bilmədi.

Həyatımda ən xoşbəxt anlar hansılardı? O qədər də çox olmadığını etiraf etməliyəm. Sevincək bir adam deyiləm mən. Öləndə xoşbəxt olacağımı düşünürəm. İşin əsli budur. Məktəb vaxtından belə pessimistəm mən. İnsan mizantrop varlıqdır. Heç nəyə ümidim yoxdur. Mümkün olduğu qədər əziyyətsiz ölmək istəyirəm. Sadəcə bu! Doğurdan da əziyyətə qarşı o qədər də ac deyiləm.

Tanrıya inanmıram. Xeyir, heç inanmıram. Pozitivistəm mən. Sizə Tanrıya inanmaqdan daha yaxşı bir seçim təklif edə bilmərəm. Amma tamamilə mistikəm. Tanrıya gələndə isə, mənimlə eyni şeylərə maraq göstərmir. Ancaq mistikəm.

İnsanların davranışları ilə, pislikləriylə maraqlanmıram. İnsanlar maraq dairəmdə deyil. Mən təbii ki, obyektlərlə maraqlanıram. Həyatı olduqca kefli bir şey kimi qəbul etsək təbii ki, orda eşq də vardır. Bayağılıq da… Amma mən, məsələn kommunal, bayağı olan bir şeydən xoşlanmıram.

İndi ölsəm, son düşündüyüm: “Sağ olun və təşəkkür edirəm!” olar. Bu işə yarayar. Pis olmağınızı istəmərəm, özünüzə diqqət edin bəs edər. Özümə görə o qədər də narahat deyiləm. Eqoistliyim yoxdur. Dünya onsuz da həddindən artıq eqoistdi, elə deyilmi?

# 2768 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #