Nobel mükafatı laureatı Joze Saramaqo 16 Noyabr 1922-ci ildə Lissabon yaxınlığındakı Azinaqa qəsəbəsində kasıb kəndli ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Lissabonda alan sənətkar sonra texniki rəssamlıqdan redaktorluğa və tərcüməçiliyə qədər bir çox işdə işləmiş, “Diario” qəzetində mədəniyyət redaktoru olmuşdur.
O, siyasi şərhlər yazmış, bu şərhlər bəzən alqışlanmış, bəzən isə tənqidi reaksiyalara səbəb olmuşdur. Portuqaliya Yazıçılar Birliyinin idarə heyətində çalışan sənətkar 1976-cı ildən sonra özünü tamamilə kitablarına həsr etmişdir. Onun ilk əsəri olan “Günah diyarı” (Terra do Pecado ) 1947-ci ildə nəşr olunmuşdur. Portuqaliya oxucusu Per Lagerkvist, Kollet, Mopassan, Andre Bonnard, Tolstoy, Şarl Bodler, Hegel, Raymond Bayer və bir çox görkəmli söz ustalarının əsərlərilə məhz onun tərcümə fəaliyyəti nəticəsində tanış olmuşdur. Müxtəlif illərdə onun “Mümkün şeirlər” (1966), “Bəlkə də, bu sevincdir” (1970), “Bu və o dünyadan” (1971) şeir topluları nəşr edilir. Bir müddətdən sonra onun “Gecə”, “Torpaqdan ucalanlar”, “Baltazar və Blimunda”, “Lissabon mühasirəsinin tarixi”, “İsanın incili”, “İn Nomine Dei”, “Təxirə salınmış ölüm” və s. kimi əsərləri işıq üzü görür. Saramaqo heç gözləmədiyi bir vaxtda 1998-ci ildə Nobel mükafatına layiq görülür.
Onun “İsanın incili” romanı son vaxtların ən qalmaqallı əsərlərindəndir. Əsərdə yer alan ironik fikirlər çoxlarının mənfi reaksiyasına səbəb olmuşdur. O yazılarında, durğu işarəsi olaraq sadəcə nöqtə və vergüldən istifadə etmişdir. Sənətkarın dili olduqca sadədir, bu da oxucunu ona bağlayan əsas səbəblərdən biridir. Saramaqo 87 yaşında vəfat etmişdir. Onun “İsanın incili” romanı mənəvi baxımdan dərin düşüncələri əks etdirən nadir sənət nümunəsidir.
Romanda uzun əsrlər boyu davam edən dini müzakirələr, gizli tarixə fərqli baxış ədəbi boyalarla bir rəssam ustalığı ilə təsvir edilmişdir. Kimiləri əsəri alqışlamış, kimiləri isə ona kölgə salacaq fikirlərlə çıxış etmişdir. Saramaqo insanların fərqli fikirləri atəşinə hədəf olmuş, öz ölkəsində belə çətinliklərlə qarşılaşmışdır. Amma bu çətinliklərə baxmayaraq sənətkar illər sonra olsa belə layiq olduğu dəyəri və etibarı qazanmışdır. “İsanın incili” əsəri bədii xüsusiyyətləri və orijinal üslubu ilə diqqət çəkməyi bacarmışdır.
Hətta bu roman illər sonra belə bəzi sirləri ortaya çıxardacaq gücdə olan bir əsərdir. Saramaqo bu əsərdə xristian dinini özünə xas ədəbi üslubla təsvir etmişdir. Bilindiyi kimi, İsa və onun nəsli barəsində həm din adamları, həm tarixçilər, həm də ədəbiyyatçılar müxtəlif fikirlərlə çıxış etmişlər. Bəziləri İsanın insani tərəflərini müdafiə etmiş (J.Saramaqo, Den Broun), kimiləri isə onu tanrılaşdırmağa səy göstərmişlər (Kilsələr).
İsanın obrazının yaradıldığı əsərlərdə İsa, Məryəm, Kilsə, İsanın həvariləri ilə birlikdə Allah və şeytan (İblis) kimi surətlərə də yer verilmişdir. Tədqiqatımıza kömək edən əsərlərə diqqət etdikdə görürük ki, onlar həm bədii, həm dini, həm də tarixi baxımdan reallıqlarla zəngindir. Bu həqiqətlər oxucuya cazibədar gəlir və həmin dövrü anlamaq baxımından onlarda maraq oyadır. Tarixin bütün dövrlərində dini-fantastik, fanatik düşüncə tərzini əks etdirən romanlar və tədqiqatlar olmuşdur.
Bilindiyi kimi, bəzi cahil insanlar tərəfindən qəbul olunan fanatiklik və elmi rədd səyləri çox pis nəticələr doğurmuşdur. “İsanın İncilin”də Saramaqo bu düşüncələrlə birlikdə onlara aydınlıq gətirmək üçün yollar axtarmışdır. Bu əsərdə İsa tanrılıqdan uzaqlaşdırılıb bütün gerçəkliyi ilə təsvir edilmişdir. Əsərdə Allah və İsa arasında gedən dialoqlarda Tanrı anlayışına fərqli şəkildə yanaşılmışdır.
J.Saramaqonun bu əsərində İblis daha müdrik və yaxşı təsvir edilmişdir. İblisin mənfi tərəflərinə işıq tutan bəzi hissələr xaric, bu surət oxucuda nifrət hissi yaratmır. Digər İblis obrazı yaradan müəlliflərdən fərqli olaraq məşhur Azərbaycan dramaturqu Hüseyn Cavidin yaratdığı İblis surəti də J. Saramaqo İblisinə bənzəyir. Hər iki İblis surəti sonda qismən də olsa yumşaldılır. Bunu etməkdə sənətkarların məqsədi insanların diqqətini öz nəfslərinin köləsi olmaq məsələsinə yönəltməkdir.
H.Cavid klassik Azərbaycan ədəbiyyatının ənənələrini davam etdirən və bu ənənələrə öz orijinal qələmi ilə naxış vuran böyük ədəbi simadır. XX əsr Azərbaycan romantizmi onun adı ilə bağlıdır. Cavid Azərbaycan dramının mövzu sərhədlərini genişləndirmiş, tragik xarakterin, romantik qəhrəmanın və dramın yeni tiplərini yaratmışdı. 1912-1918-ci illərdə iki böyük faciə yaradan sənətkar insanlığı faciəyə, uçuruma sürükləyən mühitin rəsmini söz vasitəsilə təsvir etmişdir. Cavid kimi yaratdığı qəhrəmanlar da həqiqət axtarışındadırlar.
H.Cavidin 1918-ci ildə qələmə aldığı “İblis” faciəsi ən gözəl və diqqət çəkən əsərlərindəndir. Bu əsər bir çox tədqiqatçı tərəfindən araşdırılmışdır. Az sözlə fikrin təməlini oxucuya çatdırmağı bacaran H.Cavid bəşəri sevgini, bəşəri yaxşılığı ustalıqla izah etmişdir. Əsərin qəhrəmanları özünə xas düşüncələri ilə oxucuda dərin təsir buraxır. Bu əsərdə Cavid müharibənin əsl səbəbləri ilə birlikdə, insanların nəfslərinin köləsi olmaları nəticəsində başlarına gələcək fəlakətləri də qələmə almışdır. Cavidin “İblis” faciəsi bəşəri, qlobal bir problemə diqqət çəkmək məqsədi ilə yazılsa da, o bu əsərdə fərqli düşüncələrə də yer vermişdir.
Biz eyni fikirlərə J.Saramaqonun “İsanın incili” əsərində də rast gəlirik. H.Cavidin orijinallığı odur ki, onun, hələ 1918-ci ildə yazdığı, təsvir etdiyi gerçəkləri J.Saramaqo və digər sənətkarlar sonralar qələmə almışlar. Bu, Cavidin böyüklüyünün sübutudur, 1918-ci ildə Cavid qələmi ilə təsvir olunan mövzu illər keçməsinə baxmayaraq öz dəyərini və müasirliyini qoruya bilmişdir. Həmişə ədəbiyyatsevərlərin diqqətini cəlb edən H.Cavidin əsərləri öz mistik təbiəti, dinə müasir yanaşması və bununla birlikdə keçmişə hörməti baxımından özünəməxsusluğu ilə seçilmişdir. Onun yaratdığı “İblis” əsəri bunun ən bariz nümunəsidir. H.Cavidin “İblis” əsərində iblisin insanlara görünmək üçün müxtəlif yolları mövcuddur:
Xilqətdəki hər məsələ, hər nöqteyi-mövhum,
Hər fəlsəfə, hər məzhəbü məslək mənə məlum,
Bəzən olaram bir çoban, azadə bir insan,
Bəzən olaram zülmü fəsad aşiqi sultan
Bu parçada izah edildiyi kimi, İblis insanlara çatmaq üçün müxtəlif yollar axtarır, bəzən çoban, bəzən sadə insan, bəzən isə fəsadlıqlar aşiqi olan bir sultan qiyafəsinə bürünür.
J.Saramaqonun “İsanın incili” əsərində də iblis H.Cavidin “İblis” əsərində İblisin özünü mədh edərkən söylədiyi kimi “çoban” qiyafəsində təsvir edilmişdir. Çobanlıq İblisin insanlara yaxınlaşmaq üçün büründüyü kimliklərdən biri olaraq göstərilmişdir.
“Öz əllərimlə xəmir yoğurdum, ancaq yerin dərinliyində yanan ocaqda bişirdim çörəyi və onu sənə gətirdim”.
Məryəm o dəqiqə anladı ki, həmin çoban kimdir.
J.Saramaqonun “İsanın incili” əsərində İsanın anası Məryəm əvvəl İblisi mələk sanmışdı. Lakin törətdiyi əməllərdən çıxardığı nəticələrə diqqət etdikdən sonra Məryəm onun İblis olduğunu anladı. İblis ilk əvvəl dilənçi qılığında İsanın anasının (İsanın) ziyarətinə gəlmişdi. İsanın doğumu gerçəkləşdikdən sonra isə İblis təkrar mağaraya onları ziyarətə gəlmişdi. Bu dəfə də iblis Çoban qiyafəsində görünmüşdü İsanın anasına. İsa böyüyüb evi tərk etdiyi zaman o yenə həmin çobana rast gəlmiş (İsa bu vaxt Çoban barəsində heç nə bilmirdi) və onun yanında işə başlamışdı. Bir gün Tanrıya dua etmədiyi üçün İsa Çobandan uzaqlaşmağa qərar verir, bu zaman onlar arasında belə bir söhbət gerçəkləşir:
İsa : Mən gedirəm, Tanrıya təşəkkür və dua etməyən biriylə daha yaşaya bilmərəm.
Çoban: Mən yəhudi deyiləm, başqa dinin ayinlərini icra edə bilmərəm.
İsa: Tanrı təkdir!
Çoban: Ah bəli, əgər tanrı varsa, bəlkə də təkdir. Amma iki dənə olsa, daha yaxşı olardı. Biri canavar, digəri quzu üçün, biri öldürən, digəri ölənlər üçün, biri məhkum üçün, digəri cəllad üçün.
J.Saramaqonun “İsanın incili” əsərindən alınmış bu dialoqda iki fərqli düşüncə mövcuddur. H.Caviddə də İblisin Elxanın düşüncələrinə qarşılıq olaraq verdiyi cavabda bu cür bənzərliklər mövcuddur.
Elxan:
İstəməz artıq həyəcan,
Yerdə qoymaz qanı ədalətli Yaradan.
İblis:
( lağlağı bir qəhqəhəylə )
Bəli, əzsən də, əzilsən də, bəli,
Yenə adildir o müdhiş qüvvət!
“Mifologiyaya uyğun olaraq allahın ədalət pərdəsi altında etdiklərində ədalətsizlik, zülm, zülmət görən iblis yer üzünü səyyah kimi qarış-qarış dolaşır, qadir qüvvənin qoyduğu qayda-qanunu uyğunsuz, biçimsiz görür”
Hər iki əsərdə sənətkar İblis obrazından istifadə edərək insanlığın cavablaya bilmədiyi bəzi sualları və problemləri ortaya atır. Bu problemləri xeyirin (tanrı, mələk) və şərin (İblis) dili ilə müzakirə edir. Xeyir və Şər anlayışı ədəbiyyatda və dində ən çox müraciət olunan mövzular arasındadır. Zərdüştün “Avesta”, Nitşenin “Zərdüşt belə buyurdu” və. s kimi əsərlərdə də şər ruhlar, insanı pislik etməyə yönləndirən ünsürlərdən müxtəlif adlarla bəhs olunmuşdur.
Hüseyn Cavid özünün “İblis” əsərində Zərdüştün adını çəkməklə onun xeyir və şər konsepsiyasına diqqət çəkmək istəyir. İblis Ariflə söhbətlərinin birində deyir:
Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası
Həp atəşə tapdırmaq idi zümreyi-nası.
Yalnız bunu dərk etdi o əllameyi-məşhur,
Yalnız o böyük baş şu kəşflə məğrur...
Saramaqonun da yaratdığı obrazlar H.Caviddə olduğu kimi dərin psixoloji vəziyyətlər yaşayarkən, məntiqli olmağa çalışmaqla birlikdə nəfsləriylə mübarizə aparırlar. Saramaqodan fərqli olaraq Cavid Tanrını deyil, nəfslərinin köləsi olmuş insanları ittiham edir.
İblis:
(bir guşədə ağsaqqal abid qiyafətində görünür, yarımqəhqəhə ilə)
İnsandakı nəfsi-şumə daim
İblis olur, ancaq olsa hakim.
Hər iki əsər fantastik surətlərlə zəngin olsa da, H.Cavid “İblis” əsərində bəşəri problemləri daha real təsvir etmişdir. Saramaqonun əsərində diqqətimizi çəkən hekayələrdə insanlar fanatikcəsinə inanclarının köləsi halına düşürsə, Cavidin “İblis”ində insanlar bu köləliyə son vermənin bir yolunu tapır. Saramaqo “İsanın İncili” əsərində müxtəlif fanatiklikləri ironik bir dillə tənqid etsə də, onlara aydınlıq gətirə bilmir. Dövrləri müqayisə etsək görərik ki, Cavidin təhlilləri daha orijinal, çıxardığı nəticələr isə daha qətidir. Saramaqo İsanın kilsə tərəfindən müqəddəsləşdirilməsinə sözün gücüylə gülmüşdür. Əsərdə qeyd edildiyi kimi, İsa insan olaraq doğulsa da, heç kim İsanı insan olaraq qəbul etmək istəmir və onun insan olaraq yaşayışı ilə maraqlanmır. Maqdalalı Məryəm (Mariya Maqdalina) İsanın dünyəvi hisslərinin olmasının, İsanın Tanrının oğlu olmadığının bir sübutu olaraq çox güclü bir dəlildir. Bu sübut haqqında Den Braun özünün “Da Vinçi Şifrəsi” əsərində də danışmış və buna öz münasibətini bildirmişdir: “Konstantin Məsihi rəsmi olaraq Tanrının oğlu olaraq qəbul etməklə onu insan dünyası xaricində var olan bir ilahi gücə, ilahi bir varlığa çevirdi”
“İsanın incili” əsərində daxili inanclar və sarsılmaz kilsə gerçəklərinə ciddi zərbə vurulur. Cavid də eyni üsuldan istifadə etmiş, qəbul olunmuş bəzi fikirlərin iç üzünü açmaqdan çəkinməmiş, sözlər ilə təhlükəli oyun oynamışdır. Saramaqo hadisələri və həqiqətləri müdhiş ironik bir şəkildə şərh edir, hər paraqrafda qarşılaşdığımız ironik şərhlər ilə insanı gülümsədir. O “İsanın İncili” əsəri ilə dörd rəsmi versiyası olan bir din kitabının (İncil - Matta, Mark, Luka, Yəhya) qeyri-rəsmi və qəbul edilməyən bir şərhini ortaya qoymuş sənətkar olmaqla bərabər, bu şərhlərini real həyatla çox gözəl sintez şəklində izah və isbat edə bilmişdir. Saramaqo fanatik düşüncələrə məntiq qatan bir sənətkardır. Onun bu romanında da İsanın doğumuna, çoban qılığına girən şeytan ilə qarşılaşdığı hissəyə qədər, həyəcanlı hadisələr baş vermir. Anasının ona hamilə ikən yaşadığı hadisələrdə yaşlılar şurası məntiq axtarmaqdadır.
Cavidin “İblis” əsərində də eyni vəziyyət yaşanmaqdadır. İblisin ortaya çıxması ilə hadisələr canlılıq qazanır. Həyəcan, təəssüf, məğlubiyyət və zəfərlər bir-birini əvəz edir. Cavidin bu əsərində xeyir və şər daima yarış içindədirlər, bəzən xeyir qiyafəsinə bürünmüş şər yanılma və məğlubiyyətlərə səbəb olur. Saramaqonun yaratdığı İblis surətinin ağıllı söz oyunlarını, daha əvvəllər yaradan dahi dramaturq H.Cavidin “İblis” faciəsi bu tərzdə əsərlər yaradan sənətkarların əsərlərindən heç də geridə qalmır. H.Cavidin “İblis” əsərində bəzi yerlərdə, məsələn; İblisin Arif və Arifin sevdiyi qadın Rənanı qurtarmaq bəhanəsiylə onları daha pis bir sona hazırlamaq məqsədi ilə oynadığı oyuna, yaxşılıq bəzəyi verdiyi səhnədə Şeytanın az qala yaxşılıq mələyinə çevrildiyini görürük:
Arif:
( İblisin ayaqlarına bağlanar və son dərəcə həyəcanlı )
Bir Xıdırmı, ya mələkmisin?
Yalnız bunu bilmək istəyirəm mən
Eyni vəziyyətlər və eyni yanılmalar Göte, Bulqakov, Lermantov və Saramaqo kimi məşhurların əsərlərində də görülməkdədir. Bu sənətkarların hamısında qəhrəmanlar əvvəl şər ruhları pisləsələr də, bir müddət sonra nəfslərinin toruna düşərək xeyirlə, şəri ayırd edə bilmirlər. Bu səhnələrdə əsər qəhrəmanlarının psixoloji məğlubiyyəti müşahidə edilir. Yuxarıdakı misralardan göründüyü kimi, Cavid qəhrəmanı Arifin də bəzən ağlını qarışdıran İblis, öz məqsədi üçün hər şeyi edir.
Faust dünyəvi nemətlərə yenidən alışmağa başlarkən Mefistofel sevinir, Lermontovun Demonu zəfərini qeyd edir, Bulqakovun Volandı Margaritanı onun qanlı mərasiminə ev sahibliyi etməyə məcbur edir, Saramaqonun İblisi öz rolunu çox gözəl oynayır, Cavid İblisi isə həqiqəti anlayıb onu lənətləyən insana:
İblis nədir?
-Cümlə xəyanətlərə bais ...
Ya hər kəsə xain olan insan nədir?
- İblis! ...
söyləyərək qəhqəhələrlə yer altına çəkilir.
Nəticə olaraq qeyd edə bilərik ki, müxtəlif dünya sənətkarlarından və onların yaradıcılığından heç də geri qalmayan H.Cavidin yaradıcılığı, sənətkarlığı təqdirəlayiqdir. O həm dünyanın, həm də Vətəninin ən ağır günlərində sözün gücü ilə şərlə mübarizə aparmış və bu mübarizədən qalib çıxmışdır. Onun əsərləri dünya miqyasında tanınmağa layiqdir.
ƏDƏBİYYAT
1. Dan Brown. Da Vinçi Şifresi. İstanbul: Altın Kitaplar Yayın evi, 2003, 295 s.
2. Hüseyn Cavid. Əsərləri. Beş cilddə, III cild. Bakı: Lider, 2005, 304 s.
3. İsmayılov Ə. Dünya romantizm ənənələri və Hüseyn Cavid. Bakı: Yazıçı, 1983, 220 s.
4. Joze Saramaqo. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2010, 800 s.
5. http://en.wikiquote.org/wiki/Jos%C3%A9_Saramago
6. http://www.nytimes.com/2010/06/19/books/19saramago.html?pagewanted=all&_r=0
Nərgiz İsmayılova
AMEA Naxçıvan Bölməsi