“Çılpaq şəkildə, tamamilə dəhşətli hala düşmüşdüm” - Məktəbli qız niyə özünə nifrət edirdi?

“Çılpaq şəkildə, tamamilə dəhşətli hala düşmüşdüm” - Məktəbli qız niyə özünə nifrət edirdi?
15 iyul 2026
# 12:00

Kulis.az Əli Çağlanın Osamu Dazainin “Məktəbli qız” povesti haqqında qeydlərini təqdim edir.

Mübahisəli həyatı və şəxsiyyəti olan Osamu Dazai özünün yaşadığı depressiv təcrübələrini etiraf xarakterli yazı üslubunda ifadə etməsi ilə tanınır. Amma “Məktəbli qız” povestində Dazai eyni qayğıları və həmin xətt üzrə qurulan fikirləri daha yüngül bir çalarla araşdırır; o, özünəməxsus dünyagörüşünü özünü qəribə hiss edən bir yeniyetmə qızın daxili monoloqu vasitəsilə ifadə edir. 1939-cu ildə nəşr olunan “Məktəbli qız” povesti Osamu Dazainin, demək olar ki, yazıçılıq bünövrəsini bərkidir. Hələ sonralar “İnsanlığımı itirərkən” və “Batan günəş” kimi şah əsərləri onu ədəbiyyatın uğur qülləsinə çatdıracaqdı.

Otuz yaşlı bir kişinin yeniyetmə qız haqqında yazması qeyri-adi deyil. Ancaq həmin kişinin yeniyetmə qızın düşüncə aləminə bu qədər iti müşahidə və dərin anlayışla nüfuz etməsi heç də hər kişi yazıçının işi deyil.

Romandan zövq almaq üçün müəllifin keçmişini bilmək həmişə zəruri görünmür, ancaq müəllifin keçmişindən xəbərdar olmaq da əsərə başqa cür əldə olunması qeyri-mümkün olan dərinlik və məna qatır. Bunun Dazaiyə də aid olması şübhəsizdir. O, bir çox cəhətdən həm öz müasirlərinin, həm də yaşadığı dövrdəki gənc nəslin hisslərini təcəssüm etdirə bilirdi. Bir sıra müəlliflər bilmədikləri şeylər barədə yazmağa inadla cəhd göstərirlər. Digərləri isə öz bildiklərinə və duyğularına söykənir, nəticədə düşüncə və hisslərinin həqiqi ifadəsinə çevrilən əsərlər yaradırlar. Bu ikinci hal qələmə aldığı “Məktəbli qız” povesti haqqında yazdığım əziz Osamu Dazai üçün tamamilə keçərlidir. Bütün bunları Dazainin həyatı və başqa əsərləri kontekstində nəzərə aldıqda, bu obrazın Dazainin öz əksini daşıdığı görünür. Yeniyetmə qız depressiyadadır; kitabın ilk cümləsində də deyildiyi kimi, o, yuxudan oyanmaqdan və günün ağırlığı ilə üzləşməkdən qorxur. Həyat barədə fərqli baxışları ucbatından dünyadan gizlənməyə məcbur olan, başqalarının əyləncəsi üçün özünü bir kukla və ya robot kimi aparan insanın halını əks etdirir. Atasının ölümü ilə barışmaq yükünü daşıyır.

Aydındır ki, baş qəhrəman da, yazıçının özü kimi, mənsub olduğu sosial təbəqədə öz yerini müəyyənləşdirməkdə çətinlik çəkən bir insandır. Həyatının rahatlığına və sosial mövqeyinin verdiyi dəbdəbəyə qarşı narazılıq hiss edən Dazai nə valideynləri, nə də öz bacı-qardaşları ilə yaxşı münasibət qura bilməmişdi. O, hətta Yaponiya Kommunist Partiyasının üzvü idi; bu partiyanın idealları, şübhəsiz, Dazainin mənsub olduğu təbəqəni öz yüksək mövqeyindən endirməyi nəzərdə tuturdu. Özünü cəzalandırmağa bənzəyən bu davranışlar Dazainin həyatının daimi xüsusiyyəti idi. Povestdəki məktəbli qız da Dazai kimi yalnız öz sosial təbəqəsi ilə deyil, həm də duyğuları ilə ziddiyyət içərisində görünür. Bu duyğular çox vaxt ondan gözlənilən rəftarlarla qarşı-qarşıya qalır. Povest boyunca o, hisslərinin tam əksi olan bu süni rəftar formalarını mənimsəməyə çalışır. O da yazıçının özü kimi imtiyazı bir lənət sayır.

“...mən xəbər tutana qədər o imtiyazım yoxa çıxmışdı və çılpaq şəkildə, tamamilə dəhşətli bir hala düşmüşdüm”.

Bu obraz Dazainin özünü mətnə daxil etməsi, başqalarının yanında öz eqosunu və həqiqi xarakterini gizlətmək üçün dözməli olduğu sıxıntılarla əlaqəli görünür. O, bunu etməyə məcbur qaldığı üçün ondan gözləntiləri olan, lakin öz gözləntilərinə uyğun gəlməyən insanlara qarşı xüsusi qəzəb hiss edir.

Povestdə bir yapon məktəbli qızın cəmi bir gün ərzində yaşadıqları və ağlına gələn düşüncələri yer alır. Səhər çağı gözlərini açdığı andan – “Səhərlər işgəncədir” dediyi yerdən – ta son “Gecən xeyrə qalsın” sözünədək oxucu sanki qızın sadəcə ölümünü gözləyir: qız intihar edəcək, yoxsa yazıçı onu sağ buraxacaq?

Məktəbli qız isə yeniyetməliyin özünəməxsus narahatlıqları içərisində öz məyusluqlarından, qayğılarından və güvənsizliklərindən danışır; bu duyğular depressiya və laqeydlik çalarları ilə müşayiət olunur. Bununla belə, gün boyunca ətrafında dəyər verə biləcəyi kiçik şeyləri gördükcə, onun varlığı həqiqi sevinc duyğusuna da bürünür.

Süjeti hər hansı bir dərinliklə təsvir etməyə çalışsaq, bu, faydasız bir məşğuliyyət olacaq. Çünki povest qəhrəmanın müharibə və atasının ölümü kimi hadisələrdən danışması ilə başlayan, ancaq daha sonra kiçik bir təfərrüata ilişib başqa istiqamətə yönələn, onun ruh dünyasına nəzər salmağa imkan yaradan şüur axını formasında – gündəlikdən götürülmüş uzun bir qeyd təsiri bağışlayan bir günün həyatı kimi qurulmuşdur. Dazai bizi yeniyetmə baş qəhrəmanın bir günlük həyatında seyrə çıxarır, onu addım-addım gəzdirir və ən az gözlədiyimiz məqamlarda xırda təfərrüatları mətnə daxil edir. Nəql edən qız yaşlı qadın kimi düşündüyü üçün özünü qınayır, ancaq az sonra öz yaşından iki dəfə böyük bir insanın sahib ola biləcəyi dərəcədə özünü dərindən dərk etmə qabiliyyəti nümayiş etdirir.

Baş qəhrəman böyümək istəyir, ancaq eyni zamanda uşaqlığa yapışıb ondan qopmaq da istəmir. O, həm özünə arxayın, həm də özünə nifrət edən bir xarakterdir. Kədərə qarşı mübarizə apararaq və vəfat etmiş atasının həsrətini çəkərək yuxudan oyanır. Geyinir, səhər yeməyi yeyir, məktəbə yollanmazdan əvvəl bağçadan bir neçə alaq otu yolur. Gün ərzində həyat, böyüməyin çətinlikləri və anlaşılmamaq haqqında fikirləşir; anasına qarşı ikili hisslərlə çarpışır. Məktəbdən evə qayıdır, ailə üzvləri və qonaqlarla vaxt keçirir, şam edir, çimir. Bütün bunlar gənc məktəbli qızın həyatında adi bir gündən başqa bir şey deyil.

“Məktəbli qız” povesti Dazainin insan şüurunun daxili iş prinsiplərini təsvir etməkdə dərin müşahidə qabiliyyətini və peşəkarlığını nümayiş etdirir. Məktəbli qızın düşüncələri uşağa bənzər coşqun etirazlardan kədərli düşüncələrə doğru süzülür və bu keçidlər təbii, cəlbedici, incə bir yüngüllüklə təqdim olunur. Narahatlıq, əhvalın tez-tez dəyişməsi və özünəqapanıq düşüncələr çox vaxt özlərini anlaşılmamış hesab edən yeniyetmələr üçün səciyyəvidir. Hətta qızın psixi durumundan onun dissosiativ kimlik pozuntusu yaşadığını da sezmək olur.

“Təcrübəsizliyim ucbatından, əgər kitablarımı əlimdən alsalar, tamamilə məhv olaram. Kitablarda yazılanlara bu dərəcədə bağlıyam. Bir kitab oxuyuram və ona bütün varlığımla bağlanıram; ona etibar edirəm, ona bənzəyirəm və onu həyatımın bir parçasına çevirməyə çalışıram; sonra başqa bir kitab oxuyuram və dərhal ona cəzb olunuram”.

Amma oxucunu Osamu Dazainin bu yığcam əsərinə cəlb edən əsas məsələ qəhrəmanın hərəkətlərindən daha çox, onun yeniyetmə olmasına baxmayaraq sahib olduğu dərin düşüncəsi və mülahizələridir. Bu qızın obrazında yazıçının öz hisslərini aydın görmək olur. Qızın müəyyən düşüncələri var; o, fərqliliyini ifadə etməyə çalışır, ancaq bu, ailəsi tərəfindən anlaşıla bilmir. Buna görə də fikirlərini öz içində saxlayır. Bununla belə, özünəməxsus düşüncələrinə baxmayaraq, o, son dərəcə utancaq bir insandır. O, həmçinin davamlı şəkildə özünü təhlil etmək vəziyyətindədir. Uğursuzluq və məyusluq saydığı hər bir hərəkət yaddaşına yazılır və utanc mənbəyinə çevrilir. Hətta qatarda qapının yanındakı oturacaq bir kişi tərəfindən utanmadan əlindən alınanda belə, baş qəhrəman həmin kişinin yersiz rəftarını qeyd etdikdən sonra günahın bir hissəsini də öz üzərinə götürməyi bacarır.

“Amma sonra fikirləşdim ki, ikimizdən hansımız həyasız idik? Yəqin ki, mən!”

Bu povest İkinci Dünya Müharibəsi ərəfəsində, vətənpərvərlik duyğularının və əhalinin yaşadığı çətinliklərin hökm sürdüyü Tokio şəhərində cərəyan edir. Ancaq əsərin baş qəhrəmanı sanki bu iki situasiyanın heç birindən təsirlənmir.

Povestdə həmin tarixi dövrün mədəni qaydaları, Yaponiyada qızların hələ də görücü üsulu ilə evliliyə yönləndirilməsi əks olunur. Povestdəki yeniyetmə məktəbli qız sevmədiyi yaşlı bir kişi ilə evlənməyə məcbur ediləcəyindən qorxur.

Hər bir rəftarında özünü nə qədər bədbəxt hiss etdiyini, hətta ağlamaq və qəzəblənmək istədiyini bildirməsindən əlavə, onun haqqında iki məqam diqqət çəkir: biri artıq bildiyimiz xüsusiyyətlərlə, digəri isə ailəsinin sevgisini və anlayışını arzulaması ilə bağlıdır. Birinci məqamda məktəbli qız rəsm müəllimi haqqında pis danışır. Ən yaxın rəfiqəsi olan qız barədə danışarkən həmin rəfiqəsinin ona verdiyi dəyəri nəzərə almır. Evə qayıdandan sonra gələn qonaqların arasında çirkin bir qadın görür və onun düşüncəsiz, mədəniyyətsiz qadın olduğunu təsəvvür edir. Ümumilikdə qadınlara qarşı nifrətdən danışır; bu, çox güman ki, yazıçının ifadə etdiyi mizoginiyadır. Bütün bunlardan çıxardığımız nəticə onun insan kimi nə qədər acınacaqlı vəziyyətdə olmasıdır. Həyatında birbaşa yeri olmayan insanlar haqqında belə qəddar fikirlər keçirməkdən özünü saxlaya bilmir.

Dazainin üslubu müşahidəçi, sadə və qəribə dərəcədə cəlbedici, uzun bir poetik nəsri xatırladır. Dazai nəql edən qıza ad vermir; buna görə də o, böyüyən, ailəsi və bütövlükdə cəmiyyət qarşısında öz kimliyini müəyyənləşdirməyə çalışan bütün yeniyetmə və gənc qızların simvoluna çevrilir. Atası öldüyü, bacısı isə evləndiyi üçün anası ondan fərqli bir xarakterə sahib olmasını gözləyir. Çəmənlikdə uzanarkən atası haqqında düşünür, onun məhəbbətini xatırlayır. Kiçik yaşlarında bacısının ona göstərdiyi diqqəti yada salır və artıq həmin diqqəti ala bilmədiyi üçün dözülməz dərəcədə kədərlənir. Anası ondan uşaqlığın sadəlövhlüyünü qoruyub saxlamasını gözləyir, halbuki qız anasının daşıdığı yüklərin hamısını anlayır. Anası ona atasının ölümündən sonra xoşbəxtliyinin də məhv olduğunu izah edir. Qız diqqət və sevgi üçün darıxdığını etiraf edir, bu isə onun bədbəxtliyinin əsas hissəsidir. Sonda anası ona diqqət göstərdikdə qız öz davranışları və düşüncələri üzərində yenidən fikirləşir, bunlardan ötrü özünü bədbəxt hiss edir.

Dazai yapon cəmiyyətinə güzgü tutur və onun qüsurları bir qədər təkəbbürlü, özünəqapanmış bu yeniyetmə qızın gözlərində bütün aydınlığı ilə görünür. Biz onun həm qəribə, həm də cəmiyyətin riyakarlığını və konformizmini dolayı yolla məsxərəyə qoyan düşüncə axınına şahid oluruq. Bu, çox qısa, son dərəcə şəxsi düşüncələrdən ibarət bir povestdir. Lakin Dazainin utanc, özgələşmə və kimlik kimi daha geniş mövzuları burada da açıq şəkildə üzə çıxır. Yaşının az olmasına baxmayaraq, məktəbli qız artıq bir növ ekzistensial yorğunluq keçirir, eyni zamanda öz kimliyini axtarır. O, ətrafındakı və daxilindəki bütün qüsurları dərk etməyə başlayır. Özünü və həyatını başqalarına həsr edən anasının məhəbbətini qazanmağa çalışarkən qəhrəman həm də düşünür: başqalarının gözləntilərinə uyğunlaşmağa və “zahiri görüntünü qorumağa” bu qədər aludə olan bir cəmiyyətdə fərdilik hissini saxlamaq üçün nə etmək lazımdır? Uşaqlıq ideallarına sadiq qalmaq cəhdi sonda, doğrudan da, buna dəyəcəkmi?..

# 75 dəfə oxunub

Oxşar xəbərlər

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər