İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri
16 iyul 2026
# 12:00

Kulis.az Əvəz Qurbanlının "Alınmayan gül üçün elegiya" adlı yazısını təqdim edir.

(Mübariz Örənin "Qum adası" hekayəsi haqqında qeydlər)

Elə əsərlər var ki, onların təsir gücü hadisələrin dramatizmi ilə deyil, müəllifin adi həyat faktlarının arxasında gizlənən mənəvi həqiqətləri görə bilməsi ilə ölçülür. Yazıçı Mübariz Örənin "Qum adası" hekayəsi də bu qəbildəndir.

Əslində, bu hekayəni bir neçə il əvvəl oxumuşdum. Gündəlik həyatın adi görünən hadisələri içində gizlənən dərin mənəvi-psixoloji qat diqqətimi cəlb etmişdi. Düşünmüşdüm ki, bu hekayə haqqında fikirlərimi yazaram. Bir neçə gün əvvəl müəllifin doğum günü münasibətilə "Qum adası" Kulis.az-da dərc olunanda yadıma düşdü ki, haçansa bu hekayə haqqında yazmaq istəmişdim.

***

Əvvəlcə qeyd edim ki, "Qum adası" başlığı da elə mətnin özü qədər düşündürücüdür. Bu ad zamanın aşındırdığı dostluğun, qum üzərindəki izlər kimi silinən yaddaşın, insanın getdikcə öz tənhalığında qalmasının simvolu kimi oxuna bilər. Xəzərdə eyni adlı adanın mövcudluğu isə bu metaforanın real coğrafi əsasının da ola biləcəyini düşündürür.

Hekayə sakit başlayır: tələbə yoldaşları illər sonra görüşüb vəfat etmiş dostlarının məzarını ziyarətə gedirlər. İlk baxışdan hər şey adi görünür: nə süni dramatizm var, nə də oxucunu zorla kövrəltmək cəhdi. Əslində, hekayənin əsas mövzusu dostların görüşü və ya ölümün yaratdığı hüzn deyil. Bu məzar ziyarəti sağ qalan dostları illər sonra öz keçmişləri və vicdanları ilə üz-üzə gətirir.

Məncə, əsərin ilk uğuru ondadır ki, müəllif oxucunu hadisələrin içinə səs-küysüz çəkə bilir. Səməd Vurğun bağında görüş, taksi ilə avtobus arasında tərəddüd, sürücünün oxutduğu meyxana, yolüstü söhbətlər - bunların hamısı adi həyatda rast gəldiyimiz tanış mənzərələridir. Məhz bu adi fon sonradan baş verəcək mənəvi sarsıntını daha inandırıcı edir.

Yusif hekayənin ən maraqlı obrazıdır. Maraqlıdır ona görə ki, mətndə ən az görünən adam elə odur. Oxucu onun haqqında cəmi bir neçə şey öyrənir: şirin dilli, yaraşıqlı, dost məclislərinin yaraşığı idi. Bununla belə, bütün hadisələr onun ətrafında cərəyan edir.

Hekayənin psixoloji yükü qəbiristanlıq səhnəsindən sonra başlayır. Adətən belə mövzulu əsərlərdə müəllif emosional təsiri məhz məzar başında yaratmağa çalışır. "Qum adası"nda isə qəbir ziyarəti sadəcə başlanğıcdır. Əsl qarşıdurma kafedə baş verir. Qədəhlər qaldırılır, tələbəlik illəri xatırlanır, zarafatlar edilir. Amma söhbət getdikcə seyrəlir: dostlar anlayırlar ki, onları birləşdirən yalnız xatirələrdir. Maraqlıdır ki, müəllif bu yadlaşmanı uzun-uzadı izahlarla yox, sükut vasitəsilə göstərir. Elə məhz bu sükut hekayənin ən təsirli dialoquna çevrilir.

Hekayədə heç bir detal təsadüfi deyil; əksinə, hər biri ümumi süjet və əsərin ideyası ilə sıx əlaqəlidir. Məsələn, sürücünün oxutduğu meyxanada səslənən “küləklə dostluq eləyir” ifadəsi ilk baxışda mövzu ilə əlaqəsiz görünsə də, hekayəni bütövlükdə oxuduqda bu detalın da xüsusi məna daşıdığı aydınlaşır. Müəllif burada “küləkləmək” ifadəsinin xalq dilindəki çalarını xatırladan incə bir assosiasiya yaradır: külək qumu necə sovurub izləri itirirsə, boş vədlər və içdən gəlməyən sözlər də insan münasibətlərindəki həqiqi bağları zamanla aşındıra bilir. Yusifin məzarının ziyarəti zamanı üzə çıxan həqiqət də məhz budur.

Müəllif nostaljini hekayənin mənəvi-psixoloji qatını dərinləşdirən mühüm bədii vasitəyə çevirə bilir. Keçmişin cızbızxanası, tələbəlik illərinin söhbətləri, köhnə Bakı xatirələri bugünkü boşluğun fonunu yaradır. Lakin məhz burada acı həqiqət ortaya çıxır: keçmişi üçün darıxan insan çox vaxt fərqində olmur ki, o, keçmişi yox, keçmişdəki özünü axtarır. Hekayənin qəhrəmanları da əslində cızbızı xatırlarkən, itirdikləri gəncliyi, sədaqəti, inamı və əvvəlki yaxın münasibətləri axtarırlar. Müəllif bunu açıq şəkildə ifadə etməsə də, mətn boyu oxucuya hiss etdirə bilir.

Hekayədə dövrün sosial reallıqları da incə bədii detallar vasitəsilə əksini tapır. Filologiya fakültəsini bitirmiş üç dostdan biri alim olur, biri zooparkda kassir işləyir, digəri isə məişət tullantıları parkında texnikdir. “Filçi”, “Dilçi” və “Zibilçi” kimi ironik ləqəblər ilk baxışda təbəssüm doğursa da, bu təbəssümün arxasında bütöv bir nəslin taleyi görünür. Sovet dövrünün son illərində böyük ümidlərlə ali məktəb bitirən bir nəslin həyatının gözlənilməz məcraya yönəlməsi müəllif tərəfindən bir neçə cümlə ilə ümumiləşdirilir. Bu baxımdan hekayə üç dostun timsalında bütöv bir nəslin mənəvi bioqrafiyası kimi də oxunur.

Mətndə xüsusi diqqətə layiq epizodlardan biri də kafedə əyləşmiş gənclərin dostluq haqqında mübahisəsidir. İlk baxışda əsas süjet xəttindən kənar görünən bu səhnədə müəllif çox incə paralel qurur: yəqin ki, bu üç dost da vaxtilə həmin gənclər kimi dostluq haqqında qəti hökmlər verən, sədaqət və etibarı yüksək ideallar kimi qəbul edən insanlardı; indi isə həyat həmin qətiyyəti çoxdan sınaqdan keçirib. Bu səhnə gənclik idealları ilə həyatın sərt həqiqətləri arasındakı məsafəni daha aydın göstərir.

Hekayənin ən diqqətçəkən xüsusiyyətlərindən biri də onun təbii təhkiyə dilidir: süni poetik ifadələr axtarılmır, danışıq dilinin imkanlarından məharətlə istifadə edilir. Bununla belə, mətndə yaddaqalan bədii tapıntılar da az deyil. “Qətiyyət pendir kimi ovxalandı töküldü” cümləsi obrazlı düşüncənin uğurlu nümunəsidir. Eləcə də “Divardakı saat qapını göstərirdi” ifadəsi həm məkanın ovqatını, həm də qəhrəmanların daxili vəziyyətini bir cümlədə ifadə edə bilir. Bu cür detallar müəllifin dili hiss etmək bacarığından xəbər verir.

Bununla belə, hekayədə müzakirəyə açıq bəzi məqamlar da var. Məsələn, kafe sahibinin monoloqu ideya baxımından təsirli olsa da, bəzi məqamlarda müəllif mövqeyinin daha açıq şəkildə ifadəsinə yaxınlaşır. Hekayənin ümumi poetikası daha çox hadisələri və obrazların davranışlarını göstərmək üzərində qurulduğu halda, bu hissədə fikrin bir qədər daha açıq təqdim edildiyi hiss olunur. Həmçinin bəzi nostalji təsvirlərin daha geniş işlənməsi əsərin emosional qatını və ritmini daha da gücləndirə bilərdi. Lakin bu məqamlar əsərin ümumi bədii təsirini və dəyərini azaldan ciddi qüsurlar kimi qiymətləndirilə bilməz.

“Qum adası” oxucunu göz yaşına kökləyən sentimental hekayələrdən deyil. Onun təsir gücü məhz təmkinindədir. Bu əsərdə müəllif nə dostluğu ideallaşdırır, nə də qəhrəmanlarını ittiham edir. O göstərir ki, dostluq təkcə bir yerdə yeyib-içmək, gənclik xatirələrini bölüşməklə olmur. Dostluq həm də insanın yoxluğunda onun ailəsini, övladlarını, xatirəsini unutmamaqdır.

Hekayənin son cümləsi də məhz buna görə uzun müddət oxucunun yaddaşından silinmir: “Amma gərək gül də alaydıq...”. Bu, gecikmiş bir peşmanlığın etirafıdır. Daha doğrusu, insan münasibətlərinin acı həqiqətlərindən birinin ifadəsidir: vaxtında edilməyən yaxşılığın əvəzi olmur. Məhz bu səbəbdən “Qum adası” adi bir həyat hadisəsini ümumbəşəri mənaya yüksəldə bilir və insanı başqalarının yox, öz vicdanı haqqında düşünməyə vadar edir. Yaxşı ədəbiyyatın gücü də məhz oxucunu belə daxili suallar qarşısında qoymasındadır.

# 100 dəfə oxunub

Oxşar xəbərlər

Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

15:19 15 iyul 2026
“Çılpaq şəkildə, tamamilə dəhşətli hala düşmüşdüm” - Məktəbli qız niyə özünə nifrət edirdi?

“Çılpaq şəkildə, tamamilə dəhşətli hala düşmüşdüm” - Məktəbli qız niyə özünə nifrət edirdi?

12:00 15 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər