Güzgüdə özündən başqa heç nə görməyənlər - Onlar niyə sevməyi bacarmır?

Güzgüdə özündən başqa heç nə görməyənlər - Onlar niyə sevməyi bacarmır?
17 iyul 2026
# 10:00

Kulis.az Şahanə Müşfiqin "Kral niyə uduzur?" yazısını təqdim edir.

"İnsan böyüyür, amma uşaqlığı heç vaxt böyümür".

Bu fikir türkiyəli tanınmış psixiatr-yazar Gülsərən Budayıcıoğlunun yaradıcılığının, demək olar ki, bütün əsərlərinin görünməyən sütunudur. O, romanlarında hadisələrdən daha çox yaralar haqqında danışır. Çünki yaxşı bilir ki, insanı bugünkü davranışları ilə mühakimə etmək asandır. Çətin olan həmin davranışların kökünü tapmaqdır.

Onun ən məşhur romanlarından biri olan "Kral kaybederse" də məhz belə bir axtarışın romanıdır. Ötən il Türkiyənin televiziya kanallarından birində serial kimi də yayımlanan və çox böyük maraq toplayan əsər ilk baxışda bir kişinin hekayəsinə bənzəyir. Gözəl, güclü, zəngin, qadınların heyran olduğu, məğlub olmağı ağlına belə gətirməyən bir adam... Amma hadisələr irəlilədikcə anlayırsan ki, müəllif bir insanın deyil, bir maskanın taleyini yazıb.

Çünki bəzən ən gur alqışlar ən böyük tənhalığın səsini boğmaq üçündür.

Xüsusən müasir dövrümüzdə "narsist" sözünü çox eşidirik. Elə rahatlıqla işlədirik ki, sanki hər özünəinamlı insan narsistdir. Halbuki narsizm güzgüdə özünü seyr etmək deyil. Güzgüdən başqa heç nə görə bilməməkdir. Dünyanı yalnız öz əksindən ibarət sanmaqdır.

Biz narsisti özünü sevən insan kimi təsəvvür edirik. Əslində isə narsist özünü sevən yox, özünü sevməyi bacarmayan insandır. O, daxilindəki boşluğu başqalarının heyranlığı ilə doldurmağa çalışır. Alqış onun üçün ehtiyacdır. Tərif nəfəs kimidir. Diqqət isə yaşamaq vasitəsidir.

Belə insanlar sevgini də sevmirlər. Onlar sevginin onlarda yaratdığı hissi sevirlər, heyranlıq tələb edirlər. Qarşısındakı insanı yox, onun heyran baxışlarını istəyirlər. Çünki sevgi bərabərlik istəyir, heyranlıq isə üstünlük. Elə buna görə də onların münasibətlərində "biz" sözü heç vaxt yaranmır. Həmişə "mən" qalib gəlir.

Bəlkə də bu səbəbdən narsistlər heç vaxt həqiqi münasibət qura bilmirlər. Onlar insanları sevmirlər, onlardan istifadə edirlər. Qarşılarındakı adamı öz daxili boşluqlarını gizlədən güzgüyə çevirirlər. Güzgü qırılan gün isə dünya dağılır.

Buy in Baku Kral Kaybederse Gülseren Budayıcıoğlu isbn 9786256162006 —  Alinino.az

***

Ən təhlükəlisi odur ki, narsizm həmişə yüksək özünəinam kimi görünmür. Bəzən o, inciməkdə, tənqidi qəbul edə bilməməkdə, hər uğursuzluğa görə başqalarını günahlandırmaqda, daim haqlı olduğunu düşünməkdə üzə çıxır. Belə insanlar üçün məğlubiyyət sadəcə uduzmaq deyil, şəxsiyyətlərinin dağılması deməkdir. Elə buna görə də "kral"ın itirdiyi təkcə sevgisi olmur. O, özünün yaratdığı saxta obrazı da itirir.

Müəllif isə oxucuya mühüm bir mesaj verir: narsistlər doğulmur, formalaşırlar. Həddindən artıq idealizə edilən, yaxud əksinə, sevgidən məhrum böyüyən uşaqlar bəzən gələcəkdə özlərini yalnız başqalarının heyranlığı ilə dəyərli hiss edirlər. Uşaqlıqda yaranan boşluq böyüklükdə alqışlarla doldurulmağa çalışılır. Amma alqışın ömrü qısadır.

***

Həyat qəribə dramaturqdur. O, insanı ən çox güvəndiyi yerdən sınayır.

Bir gün gözəllik solur, sərvət azalır, insanlar üzünü başqa istiqamətə çevirirlər. Məhz elə həmin gün "kral" anlayır ki, taxt dediyi şey əslində insanların baxışlarından hörülmüş kövrək bir kürsü imiş.

Budayıcıoğlu psixiatrdır. Bəlkə də buna görə onun qəhrəmanları günahkar təsiri bağışlamırlar. Onlar yaralı görünürlər. Kənan da elədir. Onun təkəbbürü əslində qalın divardır. O divarın arxasında isə illərlə gizlədilmiş bir uşaq dayanıb. Bir vaxtlar kifayət qədər görülməyən, kifayət qədər sevilməyən, bəlkə də həmişə nəyisə sübut etməyə məcbur qalan bir uşaq.

Əsəri oxuyarkən elə bilirsən ki, qarşında hər şeyə sahib olan bir adam dayanıb. Gözəllik, uğur, sərvət, qadınların heyranlığı... Kənan həyatın bütün uduşlarını əldə etmiş kimi görünür. Amma Budayıcıoğlu oxucunu aldadır. O, əvvəlcə bizə tacı göstərir, sonra isə tacın altında gizlənən başı. O zaman anlayırsan ki, ən ağır yük bəzən məhz tacın özüdür.

Romanın ən təsirli tərəfi budur ki, müəllif onu mühakimə etmir. Oxucunu da buna çağırmır. Əksinə, qəhrəmanın təkəbbürünün arxasında gizlənən qorxunu göstərir. Onun məğlub olmaqdan niyə bu qədər qorxduğunu anlamağa çalışır. Çünki insan bəzən başqalarından yox, uşaqlığında eşitmədiyi bir cümlədən qaçır.

"Sən olduğun kimi dəyərlisən..."

Bu cümləni vaxtında eşitməyənlər ömür boyu onu başqa insanların gözlərində axtarırlar.

Bəlkə də buna görə yaşadığımız dövr narsizmi qidalandıran ən münbit zamandır. Sosial şəbəkələr bizə özümüz olmağı yox, özümüzü təqdim etməyi öyrədir. Hər paylaşım görünmək üçündür. Hər bəyənmə kiçik bir təsdiqdir. Hər izləyici sanki insanın dəyərini ölçən rəqəmə çevrilib.

Biz artıq necə yaşadığımızdan çox, necə göründüyümüzlə maraqlanırıq. Halbuki həyat vitrindən ibarət deyil. İnsan ən çox heç kimin görmədiyi anlarda kimdirsə, odur.

G. Budayıcıoğlunun romanı məni ən çox buna görə düşündürdü. Kənan yalnız öz hekayəsinin qəhrəmanı deyil. O, hər şeyə sahib olub özünü itirən insanların simvoludur. Xaricdən güclü, daxildən kövrək insanların simvolu…

***

Fikrimcə, romanın adı da təsadüfi seçilməyib: "Kral kaybederse..."

Əslində, həyatın ən böyük qanunu da elə budur. Hamı nə vaxtsa uduzacaq. Kiminsə şöhrəti bitəcək, kiminsə gözəlliyi solacaq, kiminsə vəzifəsi əlindən alınacaq. Heç bir tac əbədi deyil. Amma bəlkə də insanın əsl böyüklüyü heç vaxt uduzmamaqda yox, uduzanda da özünü itirməməkdədir. Çünki həqiqi krallar taxtdan düşəndə yox olmurlar. Axı onları kral edən oturduqları taxt deyil, daxili keyfiyyətləridir…

Ən qəribəsi isə budur ki, hamımızın içində bir az Kənan yaşayır. Hamımız bəyənilmək, sevilmək istəyirik. Hamımız uğur qazananda alqış eşitməkdən zövq alırıq. Problem bunlarda deyil. Problem alqış kəsilən kimi öz dəyərimizi də itirdiyimizi düşünməkdədir.

Yalnız sağlam əqidəli insanlar sevgini heyranlıqdan üstün tuturlar. Çünki heyranlıq insanı yüksəldə bilər, onu ayaqda saxlayan isə ancaq sevgidir.

Günümüzdə “narsizim” sözü hər kəsin dilində ən sevimli kəlmə çevrilmişkən, bəlkə də hamımızın bir anlıq durub özümüzə verməli olduğumuz bir sual var: Biz doğrudanmı sevilmək istəyirik, yoxsa sadəcə heyran olunmaq?!

# 74 dəfə oxunub

Oxşar xəbərlər

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

12:00 16 iyul 2026
Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

15:19 15 iyul 2026
“Çılpaq şəkildə, tamamilə dəhşətli hala düşmüşdüm” - Məktəbli qız niyə özünə nifrət edirdi?

“Çılpaq şəkildə, tamamilə dəhşətli hala düşmüşdüm” - Məktəbli qız niyə özünə nifrət edirdi?

12:00 15 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər