"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi
10 oktyabr 2024
# 12:00

Kulis.az Həmid Herisçi ilə "10-cu Bakı Beynəlxalq Kitab Sərgisi" haqqında müsahibəni və yeni şeirlərini təqdim edir.

Həmid bəy, “10-cu Bakı Beynəlxalq Kitab Sərgisi” necə, uğurluydumu? Bir pillə irəliləyiş varmıydı ötən illə müqayisədə?

Sərgidə nəşriyyatlarla Mədəniyyət Nazirliyinin eyni mövqeyini hiss etdim.

Nəydi bu ümumi lal razılaşma? Sirr deyilsə.

Sirr deyil. İstəyirdilər yazıçı həm də satıcı olsun.

Siz fərqli mövqedəsizmi?

Bilirsiz, mənim oxucularım çoxdu. Alıcılarım isə az. Görünür, piar sahəsində əlavə səylərim olmalıdır. Bazar yazarı deyiləm.

Bəs necə yazarsız?

Saytların yazarıyam. Oxucularımın sayı çox sıfırlıdır orda. Bu rəqəmləri, bu kütləni bazara, sərgiyə yönləndirmək, görünür, artıq marketoloq istedadı da istəyir məndən.

“Axın.az” saytında təşkilatçılara qarşı ittihamlarınız...

Deyirsiz sərtdi?

Bir də təkrarlayardınızmı o tənqidinizi?

Tənqid yox, təkliflər vardı orda. Misal üçün, bax bu cür zarafatcıl rəy sorğuları olmalıydı sərgidə. Sorğu-sual vərəqçələrini qısa, aydın, azca yumorlu görmək istəyərdim.

Təxminən bu cür:

1. Kimin kitabını kimin başına çırpardız?

2. Kimin kitabı çantanı ağırlaşdırır, kiminki yüngülləşdirir?

3. Padşahın piyada getdiyi ünvana, qoltuğunuza hansı müəllifin kitabıyla gedərdiz?

4. Kimin kitabından bir səhifə cırıb təyinatını tam dəyişdirərdiz?

5. Kimin kitabıyla yatardız, yuxuya gedərdiz?

6. Kimin kitabı yuxu dərmanıdır?

7. Kimin kitabı karvalolu əvəzləyə bilər?

8. Stolüstü kitabla stulüstü kitabların fərqi?

9. Məşdibad indi sağ olsa, hansı kitabın vərəqləri arasında öz pullarını saxlardı? Yəni hansı kitab həm də pul cüzdanını, bank müəssisələrini əvəzləyə bilər bu sərgidə?

Kim etməliydi bunu?

Könüllülər. Əfsus. Könüllülərin sərgidə olmaması onu müasirlik brendindən, trendindən uzaqlaşdırdı. Uzaqlaşdırırdı.

Daha nələr əskikdi sərgidə?

Sərgi, sanki, qəzet dövründə qalıb. Qacetlər dövrünə, yəni müasirliyə keçə bilmir. Qəzetlərdən qacetlərə keçid alınmadı sərgidə.

Sizcə, müasir kitab sərgisi necə olmalıdır?

Virtual sərgi real sərgini üstələməlidir. “10-cu Bakı Beynəlxalq Sərgisi”ndə bu tam tərsinəydi. Baş-ayaqdı.

Sizi qalstuklu görüblər sərgidə. “Parlaq imzalar” stendindəki görüş afişanızda, “Qanun” nəşriyyatının hazırladığı imza gününüzdə qalstukluyduz. Ancaq mətbuata açıqlamalarınızda demişdiz ki, “Qalstuksuz şou indi günün tələbidir. Bəziləri isə hələ də qalstuklu dövründədirlər”.

Gözünüz itidir. Maşallah. Sərgidə yerdəyişmə olmalıydı biz qalstuklu olmalıydıq, rəsmilər qalstuksuz. Qalstuk təşəbbüsüm buna xidmət edirdi. Ancaq... Yaxşısı budur, sözü verək poeziyaya. Sərgi zamanı, sərgidə yazdığım şeirləri sizə - “Kulis”ə təqdim edirəm. Çünki sərgidə anladım ki, hələ ki, sayt yazarıyam. Sərgi yazarı deyiləm hələ.

Siz onlayn rejimdə çalışan, canlı ədəbiyyat sərgiləyən sərgi havasındasız, deyəsən. İcazənizlə, “10-cu Bakı Beynəlxalq Kitab Sərgisi”ndə yazdığınız şerləri sərgiləyək. Paylaşaq.

Əsl sərgini belə görürəm. Canlı rejimdə.

“X LADY”

Hə... striptiz klubdamı?

Youtubdamı?

Səni lümlüt gördüm?

Başqasıyla cüt gördüm,

Həyat süjetini çox şit gördüm

Lap axırda...

Bizim nağılda?

Uşaqlıqda gördüyün

hər köhnə, unudulmaz film,

naxışları itmiş hər kilim

öz axırını, son naxışını

mütləq sənə yazdıracaq.

Bəlkə, hələ pozduracaq...

Həyat bir gün mütləq öz süjetindən

kənara sıçrayacaq

Bahalı qolf kluba gedib burulan yolda

Bankomatdan azca solda.

Niyə, qara eynəyin gözündən sürüşdü?

Niyə, qəfil baxışlarımız görüşdü

Bu filmə, bu qədim kilimə,

Qiymətlərdəki endirimə

Baxdığımız zaman?

Heç... Mən indi

“X men” brendi reklamçısıyam, sən “X lady”

Mən indi Dartanyanam, sən Miledi

Gəl dəyişək bütün romanların, yalanların

Şit süjetini..

QIRMIZI LUMİZİN

Bərkgedən bir avtohərracda,

sonra, öz bəxtindən küsmüş, son ümidlərini üşütmüş,

müştərisinə bir qədəh araq süzmüş,

kasıb sərnişinini yarı yolda düşürtmüş

köhnə bir qarajda,

narın qumlu, bahalı,

şəhərdən xeyli aralı

özündənrazı bir plyajda,

sən də vardın orda qırımız plaşda!!!

gördüm satışa çıxarıblar,

fotosessiyada bol tirajlayıblar

bir vaxt içində sevişdiyimiz qırmızı avtomobilini...

Sənin də fotolarını çox çəkmişdilər,

Ancaq hələlik gizləmişdilər,

qiymətini çox qaldırmışdılar, endirmişdilər,

qulağına nəsə demişdilər...

bu bahalı çimərlikdə...

Orda kütlə tez əriyir...

Hamı çox tez qalır ikilikdə.

Yaxud...

Tam təklikdə...

həəəə... silibsən,

tam itiribsən

bu avtomobildəki sevgi izlərimizi

siqaretimlə yandırdığım bütün yerləri…

səni qucaqlayarkən ikiəlli,

sürtmüşdüm bu avtomobilin böyürlərini…

Güzgüsündən şeytanmı, ceyranmı

təvirini asmışdın?

Mən, axıracan bunu anlamamışdım.

Əyləcə, həmişə, vaxtındamı

pəncəni basmışdın?

Yoxsa həmişə son nöqtəsinədək uzatmışdın

yolundakı təhlükəni?

Necə sildim o silinməz ləkəni?

Hələ demirəm sənədləri...

Yol müfəttişini görəndə

əl atırdın cibə.

Gedib girirdin ən bahalı cipə.

Ən axırda bir FM radio təranəsində

Tapardın öz istədiyini...

Sevgini.

O vaxt həmişə itirərdin məni...

Musiqiyə titrədərdin incə çənəni...

Cavabsız buraxardın bütün telefon zənglərini.

Bütün bu mənzərələri

görəcəkmi

avtohərracdakı təzə müştəri?

RƏNGLƏR

Ağa avtomobillərindən savayı.

Məhəlləmizdə nə varsa kirliydi.

Yaşadığım bina da

Rəngsizdi, pintiydi,

kirliydi yaman.

Bələdıyyə axır qərar verdi

Binanı rəngləsin.

Rəngsaz fəhlə birinci fırçasını divara yaxan kimi

Damdan yıxılıb ağzı üstə yerə dəydi.

Bu cür də rəngləndi binamız axır ki.

Qan rənginə.

Kaş rənglənməyəydi.

Rəngini dəyişməyəydi.

Qalaydı öz rəngində.

Öz həmişəki kədərində.

NAPOLEON TORTU

Bakıda,

bütün SSRİ-də olduğu kimi,

dahi Fransa imperatoru Napoleon Ponapartın ölməz ruhuyla,

Şipşirin “Napoleon” tortu vasitəsiylə görüşmək təhlükəsi vardı hamı üçün.

Amma...

Amma, şükür, mən bu bayağı, şit tanışlıqdan anamın dayısı Surxay Qeydaroviç vasitəsiylə öz xəstə canımı qurtardım.

Soyuq qış günlərinin birində anam, Surxay dayıgildən qayıdarkən:

- Al. Oxu. Surxay əmi göndərib, – sözlərinin müşayəti ilə, akademik Tarlenin qalın “Napoleon” kitabını qonaq otağımızdakı dəyirmi masa üzərinə atdı.

Kitab 1941-ci ildə, Hitlerin Moskvaya lap yaxınlaşdığı vaxt nəşr edilmişdi.

Canında o dövrün hərarəti, nəbzi, gərginliyi, müharibə nəfəsi duyulmaqdaydı.

Surxay bu kitabı, görünür, elə o vaxtlar, 1941-ci ilin soyuq, təhlükəli oktyabr ayında almışdı.

Müharibə dövrünün qara çörək qırıntıları vardı, yadımdadı,

Bu kitabın sap-sarı səhifələri arasında.

Surxaya o gərgin, əsəbi günləri tablamağa, görünür, həmin o kitab kömək eləmişdi.

Anama “Napoleon” tortunu hədiyyə etmişdi o,

mənə akademik Tarlenin eyniadlı kitabını.

Anam, hamı kimi, eyniadlı tort vasitəsi ilə Napoleon ruhuyla təmasa keçmişdi.

Mən...

Mən isə o kitabın köməyi ilə...

BƏXTSİZ

ANS telekanalını lap təzəcə bağlamışdılar.

Yayın istisi səbrimi, nəfəsimi lap kəssə də...

Küçəni keçib qarşıdakı köşkdən...

Bu vaxt qəfil bir kişi yolumu kəsdi:

- ANS-ə sürücü düzəlt məni. Xəcalatından...

Sözlərinin axırını day dinləmədim.

Yazığa uzun-uzadı baxdım elə hey.

Dünyanın ən bəxtsiz, şanssızlarındandı.

Mənlə yolu kəsişmişdi.

Çox qorxdum bu görüşdən.

Gözlərim uzaq üfüqlərdəki Xəzəri axtardı.

Qarşımdakı reklam lövhəsi köməyimə gəldi bu vaxt.

“The Best” restoranı mənə tam yeni dad və həyat vəd edirdi.

Çııxış nöqtəsi ancaq bu ünvandan keçirdi deyəsən.

ÖMÜR KİTABI

Notarial kontora gəldim.

Həyat yoldaşıma etibarnamə verməliydim.

- Neçə illiyə yazaq etibarnaməni?

Məntiqi sual məni təəccübləndirdi.

Fikirləşdim öz-özümə - neçə il ömrüm qalıb axı?

Hansı rəqəmi deyim?

Elə bil gələcək ömrümün

dəqiq uzunluğu bu cavabımdan asılıydı.

- Otuz il. - Notariat işçişi cavabımı yubatdığımı görüb

əvəzimə danışdı.

Elə bil otuz il ömür yazdı gələcəyimə.

Möhürlədi qərarını.

Rüsum da ödədim.

Həyat mənə

öz uzaq üfüqlərini

çox yaxınlaşdırdı.

MALAKANLAR

Malakanlar, bu dini xuliqanlar,

Amerikanlıların diliylə danışsaq,

sonuncu moqikanlar...

Altıqanadlı, altıbarmaqlı Serafim mələyini

Axtarırdılar

Qafqazda.

Altıbarmaqlı Şeşpər babanın ocağını,

Pirini tapınca Qəbələdə...

Sakitləşdilər azca.

Danışdılar Şeşpər babayla həm rusca...

Həm türkcə...

İvanovka kəndini saldılar bu görüş yerində.

Sonralar, sovetin burdan bütün Şərqi güddüyü

Nəhəng hərbi radarlar da

Altı antenalıydı.

GƏLİRƏM

Biri var idi, biri yox idi, Allahdan başqa heç kim yox idi.

Bir bosketbolçu vardı, bir voleybolçu, bir də həndbolçu.

Üçü də indi yoxdular...

Bu foto, göydəki Ay kimidi.

Görünən tərəfi də var, görünməyən də.

Ayın görünən tərəfində bizik - mən, xanım əmməm Zinət, əri Aslan kişi.

Görünməyən tərəfdə isə...

Görünməyən tərəfdə isə 1981-88-ci illərdə, Təbrizdə əli silahlı həlak olmuş doğmaca bibioğlanlarım, Zinətin üç oğlu - Səyavuş, Nadir, Musa.

Yəni, üstdə, üzdə, bizik - guya dirilər...

Altımızda isə onlar - guya ölülər.

Qısası, tam fotoda altı nəfərik guya... Dirilərlə ölülərin birgə çəkdirdiyi nadir foto.

Ağır fotodu.

Təbrizdə, Vadeyi-rəhmət məzarlığındayıq guya...

Bir neçə şəhidimiz də Tehranda, Behişti Zəhradadı...

Bəzi digərlərinin heç cansız cəsədi, ölüsü tapılıb ki, məzarları da olsun, hə?..

Hələ, necə deyərlər "qeybdədirlər"... Zühur da edə bilərlər...

Bir də gördün...

Atam da, rəhmətlik, bu cür "qeybi"lərdəndi bir müddət...

1958-də "zühur" edənədək...

Eh...

Yoxxx... biz Herisçilər, day, ağlamırıq... çoxdan ağlamırıq... Keçib ey o fəqan, o nalə anları...

Uzatmayaq bu qəmli söhbəti.

Nadir, Musa, Səyavuş da mənim kimi solaxay idilər. Təbriz bosketbol, voleybol, həndbol yığmalarının vurucu oyunçularıydılar.

Start sol zərbəni, məhz onlar vururdu.

Ölüm öncəsi, oyun öncəsi, - fərqi nədi? - pıçıldarmışlar Allaha: "Şirlər gərək pəncə vura şir ilə, saxlamaq olmaz şiri zəncir ilə"...

Allahım, bu fədai duasın məndən əskiltmə.

Qanınız yerdə qalmayacaq.

Bibimin göz yaşları da.

XAN TOXTAMIŞ

Məlhəmlərin əfsanəsi,

özündən şəfalı olur bəzən.

***

bərk xəstəydim uşaqlıqda.

Həyat məni uzaq Belorusiyanın Qrodno vilayətinə,

Lida şəhərinə atdı.

Orda bir müddət müalicə alıb, əlaçı tələbə kimi Ümümittifaq Yarışmalarına qatılsam da...

ürəyimi bir cavabsız, lal sual didib parçalayırdı -

"Buralarda nə itim azıb? Nəyin ucbatından mən bu uzaq, tam yad coğrafiyaya düşmüşəm?"

Lidadan Bakıya göndərdiyim qısa teleqramlar çox kədərliydi.

***

Lidada o vaxt çox məşhur bir türkəçarə həkim vardı -

mən kimi xəstələri labüd ölümdən geri qaytarmağı bacarırdı.

Danışdığı əfsanəmi məni diriltdi?

Yoxsamı hazırladığı məlhəm?

Deyərdi ki, çoxlarını, hətta bir qədim tatar şahzadəsini də,

700 il əvvəl, oxşar məlhəmlə Əzrayılın iti caynaqlarından məhz burda - Lidada qurtarıblar.

Sən demə uzaq qohumum - Qızıl Orda hökmdarı Toxtamış

Axsaq Teymura məğlub olduqdan sonra məhz bu şəhərdə -

Lidada müalicə almışdı.

Qədim Qızıl Orda əfsanələrində, özümü tapdım sanki.

Toxtadım.

Oldum növbəti xan Toxtamış.

***

Bütün real mənzərələrdə - küçə gölməçələrində parlayan əksimdə,

bütün divarlarda əks olunan kölgələrimdə özümü xan Toxtamışa oxşadırdım.

Latın dilində belələrinə "Revenant" da deyirmişlər.

Bax beləcənə

uzaq Lida şəhərində öz tale dramaturgiyamı tapınca,

Dirildim.

Toxtadım.

Xan Toxtamışın həyatını təkrarladım.

Bir film kimi.

***

Məlhəmlərin əfsanəsi,

özündən şəfalı olur bəzən.

Söz müalicəvidi.

Otlar yox.

İKİ SEYİD (REP)

Əvvəl, lap əvvəl

əllərində qara tüstülü məşəl

Seyidcəfərlə Mircəfər

Girdilər Azərbaycan tarixinə.

Banalda

Fərqliydilər guya.

Fatalda

Eyni... bir adam idilər.

Həm realda, həm xəyalda,

Həm gizli parolda

Kölgələri də, adları da eyniydi

Ölkə, əvvəl bu cür birləşdi

Tarixi jurnalda.

Realda

Seyid Cəfər 1313-cü ilin

Səfər ayının 13-də doğulmuşdu.

Nəhsdi, tərsdi rəqəmləri.

Kənd münəccimi Rəhim kişi dedi:

- 7 il tərəzi qurun evdə bayram günü.

Tərəzinin bir gözünə balaca Cəfəri qoyun

Digər gözünə ehsanlıq buğda, arpa... Şirniyyat.

Xata-bala sovuşar.

İnşallah.

Bir gün o tərəzinin bir gözünə

Tale

Atamı da qoydu...

Məni də...

Gözəl bir filmin

İlk kadrlarıydı

Bu səhnə...

Fatalda.

Banalda.

Xəyalda.

Realda.

Bəladaaaaaa!!!

ŞANS

Çayxanada, başı bədəninə ağırlıq edən bir müştəridən eşitmişəm:

"Öz kölgəndən ayrılmaq çətindi.

Mümkün deyil.

Gərək boşanasan öz kölgəndən".

Sonrakı vacib xırdalıqları unutmuşam indi.

Heyif.

Kölgəmdən ayrılmaq şansı qapımdayı.

Şansımı buraxdım.

TURİSTİK MARŞRUT

Köhnə dostlarımın çoxu
Haqqın yolunu tapıblar indi
Bələdçi işləyirlər turistlərə.
Deyəsən çox kiçildi
daraldı
həyatımızdakı dairə.
Bəlkə mən də
Bələdçi işləyim xaricilərə?
Deyim: əvvəl kitabları,
Sonra, təbii, kitabxanaçı qızı sevdim.
Son finalda nəyim varsa
itirdim.
Yetimlədim.
Bir nəğmə qaldı mənə o günlərdən-adı “Sevgilim”...
İndi neynim?
Neynim?
Sonra əlavə edim:
Rəhmətlik atam bir gün, Xaqani Şirvani qəsidələrini vərəqləyir,
Bakı qala divarlarını Şirvanşah Mənuçehr inşa etdiyini öyrənir,
Girişir
İşərişəhər qala divarlarına...
Turistlərə bunu sakitcə söyləyim...
Sonra xeyli fikirləşim.
Sözümü yox...
özümü bir sətirdən digərinə keçirdim...
Əlavə edim:
Yaxınlaşır Qoşaqala qapılarına.
Sonra divardakı bir nöqtəni göstərim...
Gizli mətləbimi
bildirməyim
Axıracan deməyim.
Vəziyyəti gərginləşdirim.
Bir xeylim danışıb dinməyim...
Qulağımdakı küləyi diqqətlə dinləyim.
Gözlərimdə özümü gizlədim.
Axır deyim:
Qala bürclərinin biri qəfil dağılıb sökülür öz-özünə.
İçindən daş kitabə aşkarlanır.
Kitabədə yazılıbmış-“Bu divarları Şirvanşah Mənuçehr inşa edib”.
Sənədləşdirilib
Dediklərim...
Budu mənim
kəşfül-kəramətim.

# 3058 dəfə oxunub

Oxşar xəbərlər

Tale yolunun yolçusu - Nəriman Əbdülrəhmanlı

Tale yolunun yolçusu - Nəriman Əbdülrəhmanlı

15:00 9 noyabr 2024
Postmoderndə modernizmin əl izi: Oğuz Atay və Kafka - Elnarə Qaragözova

Postmoderndə modernizmin əl izi: Oğuz Atay və Kafka - Elnarə Qaragözova

15:30 8 noyabr 2024
Son güllənin rekviyemi - Tural Turanın şeiri

Son güllənin rekviyemi - Tural Turanın şeiri

15:02 8 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı - Aqşin Yenisey

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı - Aqşin Yenisey

13:20 7 noyabr 2024
Sevgilisinin evində xidmətçi işləyən qadının faciəsi

Sevgilisinin evində xidmətçi işləyən qadının faciəsi

12:20 5 noyabr 2024
Məhəmməd Füzulini dərk etmək məqamı

Məhəmməd Füzulini dərk etmək məqamı

15:49 3 noyabr 2024
#
#
# # #