Uşaqların sevimli yazıçısı - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

Uşaqların sevimli yazıçısı  - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?
23 oktyabr 2025
# 16:30

23 oktyabr tanınmış italyan yazıçı və pedaqoq Canni Rodarinin doğum günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

İtalyan uşaq ədəbiyyatının ən parlaq simalarından biri olan Canni Rodari 1920-ci il oktyabrın 23-də İtaliyanın Omegna şəhərində, sadə bir çörəkçi ailəsində dünyaya gəlib.

Uşaqlıq illəri yoxsulluq və çətinliklərlə keçsə də, bu illər onun təxəyyülünü, müşahidə qabiliyyətini və insanlara olan sevgisini formalaşdırıb.

Hələ 10 yaşı tamam olmamış atasını itirən balaca Canni anası Maddalena Ariokki və qardaşları Mario və Çezare ilə birlikdə kəndə köçməli olur.

Maddi sıxıntılara baxmayaraq, Rodarinin qəlbində kitab və söz sevgisi erkən yaşlardan kök salır.

Yetkinlik dövründə o, müəllimlik və jurnalistika ilə məşğul olur, lakin qəlbi uşaqların dünyasına, onların saf və yaradıcı təfəkkürünə meyil edir.

1948-ci ildə jurnalist kimi çalışarkən uşaqlar üçün hekayələr yazmağa başlayır və bu addım onun həyatını dəyişir. 1951-ci ildə çap etdirdiyi “Şən şeirlər kitabçası” onun uşaq ədəbiyyatında ilk ciddi uğuru olur.

Amma Rodarinin adı ədəbiyyata “Çippolinonun macəraları” romanı ilə yazılıb. Soğan oğlan Çippolino obrazı təkcə italyan uşaqlarının deyil, dünyanın bir çox ölkələrində oxucuların sevimlisinə çevrilir.

Ədalət, dostluq və azadlıq kimi dəyərləri sadə, yumor dolu və cazibədar bir dildə çatdıran bu əsər sonradan həm cizgi filmində, həm də bədii filmdə öz ekran təcəssümünü tapır.

Rodari sadəcə yazıçı deyildi – o, uşaqlara düşünməyi, sual verməyi və təsəvvür etməyi öyrədən bir pedaqoq idi. “Celsomino yalançılar ölkəsində” kimi əsərlərində də o, gerçək və uydurma dünyalar arasında sərhədi yumşaldaraq oxucunu düşünməyə, fantaziyasını sərbəst buraxmağa dəvət edirdi. Onun fikrincə, uşaq təxəyyülü bəşəriyyətin ən güclü yaradıcılıq qaynağıdır.

1970-ci ildə Canni Rodari uşaq ədəbiyyatına verdiyi töhfələrə görə dünyanın ən nüfuzlu mükafatlarından biri olan, uşaq ədəbiyyatının “Nobel”i sayılan Hans Kristian Andersen mükafatına layiq görülür.

Bu mükafat onun yaratdığı nağıl dünyasının universallığını və humanist dəyərlərini bir daha təsdiqlədi və ona beynəlxalq şöhrət qazandırdı, əsərləri dünyanın bir çox dillərinə - o cümlədən azərbaycancaya tərcümə edildi.

Rodarinin şəxsi həyatı da sadə və səmimi idi. O, həyat yoldaşı Mariya Tereza Ferretti ilə mehriban bir ailə qurur, qızı Poalanı böyüdür.

Canni Rodari yalnız ədəbiyyatla deyil, həm də dövrünün ictimai və siyasi hadisələri ilə yaxından maraqlanan bir şəxs idi. Gənclik illərində Marks, Engels, Lenin, Trotski və Stalinin əsərlərini oxuyaraq, dünyaya tənqidi baxmağı öyrənmişdi.

Rodari 1939-cu ildə Milan Universitetində təhsil alsa da, sonra təhsilini yarımçıq qoymalı oldu. İkinci Dünya müharibəsinin dəhşətləri içində yaşadı, lakin səhhətinə görə hərbi xidmətə çağırılmadı. O illərdə bir iş tapa bilmədiyinə görə məcburiyyət qarşısında dövlətin rəsmi ideologiyasını təmsil edən nasist partiyasına üzv oldu və kiçik bir məmur kimi işləməyə başladı.

Lakin bu, onun həqiqi baxışlarını əks etdirmirdi. Qardaşı Çezarenin faşistlər tərəfindən həbs olunması və yaxın dostlarının ölümü Rodarini dərin sarsıntıya salıb.

1944-cü ildə o, İtaliya Kommunist Partiyasına qoşulub və İtaliya Müqavimət Hərəkatının fəal üzvünə çevrilib. Əslində, o, artıq 1940-cı illərdən etibarən bu ideoloji cəbhənin tərəfində idi. Faşist partiyasına üzvlüyü isə sadəcə həyatını qorumaq üçün atdığı məcburi addım idi.

Rodarinin ümumilikdə 40-a yaxın kitabı olduğu bildirilir, lakin bəzi mənbələrdə bu rəqəm 25 ilə 60 arasında dəyişir. Bunun səbəbi, yazıçının bəzi hekayələrinin ayrıca kitab kimi nəşr olunması və ya genişləndirilib yenidən çap edilməsidir.

Rodari üçün yazmaq sadəcə bir sənət deyildi – bu, həyat tərzi idi. Onun fantaziyası sonsuz, dili oynaq və düşündürücü idi.

1979-cu ildə Rusiyaya səfəri zamanı səhhəti pisləşib və 14 aprel 1980-ci ildə əməliyyat zamanı dünyasını dəyişib.

Yazıçı uşaqlara və böyüklərə xəyal gücünün, azad düşüncənin və ümidin gücünü öyrədən onlarla möhtəşəm əsər miras buraxıb.

Bu gün Canni Rodarinin əsərləri hələ də oxunur, səhnələşdirilir və yeni nəsillərə ilham verir.

Onun yazdıqları bizə xatırladır ki, fantaziya sadəcə uşaq oyunları üçün deyil — o, dünyanı daha gözəl görməyin və daha ədalətli qurmağın yoludur.

# 200 dəfə oxunub

Oxşar xəbərlər

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

16:37 23 oktyabr 2025
İmpressionizmlə kubizm arasında... - Pikasso niyə  “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

İmpressionizmlə kubizm arasında... - Pikasso niyə “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

16:22 22 oktyabr 2025
Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

13:30 22 oktyabr 2025
"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr  Nobel mükafatından niyə imtina edib?

"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr Nobel mükafatından niyə imtina edib?

11:30 22 oktyabr 2025
Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

15:30 21 oktyabr 2025
"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

17:00 20 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər